B.e.ə. 328-ildə Makedoniyalı İsgəndər Atropatı Midiya satrapı təyin edir. Atropat İsgəndərin hörmətini qazanır və onun ən nüfuzlu sərkərdəsi olan Perdikki ilə qohum olur.
B.e.ə. 323-cü ildə İsgəndər ölür. B.e.ə. 321-ci ildə isə Perdikki öldükdən sonra Atropat tam müstəqil olur və Atropatena dövlətinin əsasını qoyur. Bu dövlət Şimali Azərbaycanın bəzi cənub rayonlarını və Cənubi Azərbaycanı əhatə edirdi.
Atropatena tayfaları bunlar olmuşdur: azərilər, kaddusilər, maqlar, miqlər, kaspilər. Dövlətin paytaxtı Qazaka şəhəri idi.
B.e.ə. 323-cü ildə İsgəndərin ölümündən sonra Suriya (Selevkilər) dövləti meydana gəlmişdir. B.e.ə. 223-cü ildə Suriya hökmdarı Antiox Atropatenanı özündən asılı edir. B.e.ə. 190-cı ildə romalılar Suriyanı məğlub etdikdən sonra Atropatena müstəqil olur. Bundan sonra isə Roma Parfiya dövləti üzərinə hücum edir. Atropatena Roma dövləti ilə yaxınlaşmağa başlayır. Həmçinin onu da qeyd edək ki, b.e.ə. 20-ci ildə Atropatenada hakimiyyətə gələn II Ariobarzan 10 ilə yaxın Romada yaşamışdır. O, Romanın köməkliyi ilə bir müddət Ermənistan hökmdarı olmuşdur. B.e.ə. 20-ci ildə Atropatena Parfiya dövlətinin tərkibinə qatıldı.
Atropatenada Zərdüşt dini hakim olmuşdur. (Zərdüşt peyğəmbərin adı ilə bağlıdır). Zərdüşt peyğəmbər b.e.ə. VII əsrin II yarısında yaşamışdır. Zərdüştlüyün müqəddəs kitabı “Avesta”dır. Makedoniyalı İsgəndər Əhəmənilərin Persopoldakı sarayını b.e.ə. 330-cu ildə yandıranda “Avesta”nın ilkin variantı məhv olmuşdur. Lakin bizə kitabın sasanilər dövründə yığılan hissəsi gəlib çatmışdır. Avropanı “Avesta” əsəri ilə 1771-ci ildə fransız alimi Anketil Düperron tanış etmişdir.
İsgəndər b.e.ə. 331-ci ildə III Daranı məğlub etdikdən sonra b.e.ə. IV əsrin sonu-III əsrin əvvəllərində Alban dövləti yarandı. Dövlət İberiya ilə Xəzər dənizi arasında yerləşirdi. Dövlətin tərkibinə indiki Azərbaycan Respublikası, Dağıstanın cənub rayonları, Gürcüstanın Alazan vadisi daxil idi.
Alban dövlətinin tərkibində 26 müxtəlif dildə danışan tayfalar yaşayırdılar: leqlər, kaddusilər, amardlar, utilər, udinlər (Nic kəndində), xınalıqlar (Quba), buduqlar (Quba) və s. Albaniya dövlətinin paytaxtı Kabalaka (Qəbələ) olmuşdur.
B.e.ə. I əsrdə Roma sərkərdəsi Pompey şərqə yürüş etmiş, Xəzər dənizindən Hindistana keçmək üçün Albaniyaya hücum etmişdir. B.e.ə. 66-cı ildə Kür çayı sahilindəki döyüşdə Pompey qalib gəlir və bundan sonra İberiyaya doğru yürüş edir. Lakin albanlar onları təqib etməyə başlayırlar. B.e.ə. 66-cı ildə Qanıx çayı sahilində yenidən döyüş baş verir. Bu dəfə də Pompey qalib gəlir. Lakin albanlar yenə də təqibi davam etdirirlər. Romalılar işin çətin olduğunu görüb Albaniyadan və İberiyadan əl çəkirlər.
B.e.ə. I əsrin sonlarında da Romanın kiçik hərbi hissəsi yenə Albaniyaya gəlib çıxmışdır. Lakin bizim eranın I və II əsrlərində Roma və Albaniya arasında artıq diplomatik və ticarət əlaqələri yaranmışdır. Bunu Qobustanın daş kitabələri də sübut edir.
Tarix: 26.11.2014 / 17:07 Müəllif: Aziza Baxılıb: 61 Bölmə: Tariximiz ve rayonlarimiz