Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Cənubi Azərbaycanda milli-azadlıq hərəkatı (1917-1920)

1917-ci ildə Rusiyada fevral inqilabı baş verərkən Cənubi Azərbaycan rus qoşunlarının işğalı altında idi. Çarizmin devrilməsi Cənubi Azərbaycanda milli-azadlıq hərəkatının canlanmasına şərait yaratdı. Müharibə dövründə baş verən ümumi iqtisadi böhran və əhalinin vəziyyətinin ağırlaşması, xarici işğalçıların ağalığı və hökumətin ölkəni fəlakətdən xilas etməyə qadir ola bilməməsi İranda, o cümlədən Cənubi Azərbaycanda xalqın narazılığına, tez-tez baş verən həyəcanlara səbəb olmuşdu.
Cənubi Azərbaycanda əhalinin çıxışlarına əsas siyasi orqan - İran Demokrat Partiyasının (İDP) əyalət komitəsi istiqamət verirdi . Azərbaycan əyalət komitəsi bu təşkilatın mətbuat orqanı kimi «Təcəddüd» («Yeniləşmə») qəzetini nəşr etməyə başladı. Qəzetin ilk nömrəsi (fars dilində) 1917-ci il aprelin-9-da çıxdı.
1917-ci il mayın 1-dən başlayaraq Təbrizdə mitinq və nümayişlər keçirilməyə başladı.
1917- ci il avqustun 24-də Təbrizdə İDP-nin əyalət komitəsinin konfransı açıldı. 480 nümayəndə iştirak edirdi. Konfrans Azərbaycan Demokrat Partiyasını (ADP) müstəqil elan etdi. Şeyx Məhəmməd Xiyabani başda olmaqla onun Mərkəzi Komitəsini seçdi. ADP-nin fəaliyyət dairəsi genişləndi. Astara, Miyanə və b. şəhərlərdə, kəndlərdə və Bakıda partiyanın təşkilatları yarandı.
1918- ci ilin noyabrında Türkiyə Cənubi Azərbaycanda yerləşdirdiyi 9-cu ordusunu buradan çıxartdıqdan sonra ingilislər yenidən İranın şimal-qərbini ələ keçirdilər. Vüsuqüddövlənin hökuməti ilə 1919-cu il avqustun 9-da İranı İngiltərədən tam asılı hala salan saziş bağlanması Cənubi Azərbaycanda genişlənən milli-azadlıq hərakatının yeni pilləyə qalxmasına təkan verdi. Əyalətdə ingilis imperialistlərinə və İran hökumətinə qarşı mübarizə şiddətləndi.
1920-ci il aprelin 7-də Təbrizdə üsyan başlandı. Ümumi sayı iki minə yaxın olan süvari və piyada kazak dəstələrindən başqa Təbrizdəki silahlı qüwələrin hamısı üsyana qoşuldu. Üsyana rəhbərlik etmək üçün İctimai İdarə Heyəti (İİH) yaradıldı. Mirzə Tağıxan Rəfət, Zeynalabdin Qiyami və b. ibarət bu heyətə Şeyx Məhəmməd Xiyabani başçılıq edirdi.
Təbrizdə üsyan qalib gəldi. Hakimiyyət İİH-nin əlinə keçdi. Xiyabani İranın daxilindən və xaricindən olunan bir sıra hərbi yardım təkliflərini rədd etdi. Müəyyən hadisələr buna səbəb olmuşdu. Gilandakı hərəkatın xoşagəlməz cəhətləri, Sovet rəhbərlərinin 1920-ci il mayın 18-də yenidən İrana-onun Xəzərsahili limanı Ənzəliyə hərbi hissələr çıxarması Xiyabaninin bolşeviklərə olan inamını qırmışdı. O, bolşevizmi «çarizmin o biri üzü» adlandırdı.
Xiyabani başda olmaqla hərəkatın əsas tələbi İranı demokratik respublikaya çevirməklə onun tərkibində Cənubi Azərbaycana muxtariyyət verilməsindən ibarət idi. İranın əsas Qanununa uyğun olaraq Əyalət Ənciməni yaradılması haqqında müraciəti Tehran qəbul etmədi. Hakimiyyətin yerlərdə demokratların əlinə keçməsinə istinadən üsyan rəhbərliyi iyunun 24-də muxtar hüquqlara və silahlı qüvvələrə malik Milli Hökumət (MH) yaratdı. Xiyabaninin rəis seçildiyi Milli Hökumət iyunun 24-də «Təcəddüd» qəzeti redaksiyası binasından mərkəzi dövlət idarələrinin yerləşdiyi və vəliəhdin iqamətgahı olan binaya - Ala Qapıya köçürüldü.
Yerli icraiyyə orqanı olan Milli Hökumət demokratik respublika qaydalarına əsaslanırdı. Milli Hökumətin tərkibinə ADP-nin üzvlərindən 20 nəfər daxil idi. Onlar əsasən ticarət burjuaziyasının və ya bir qismi Xiyabani kimi ticarət burjuaziyası ilə bağlı olan ziyalı təbəqəsinə mənsub idi.
MH kənd təsərrüfatı, maarif, maliyyə, səhiyyə, ədliyyə, vəqf, hərbi işlər və s. sahələrdə islahatlar və b. tədbirlər həyata keçirməyə başladı, bu sahələr üzrə idarə və nazirliklər yaratdı.
Lakin torpaq məsələsi məhdud şəkildə həll edildi. Layihədə təkcə dövlət torpaqlarının kəndlilər arasında bölünməsi nəzərdə tutulurdu ki, onlar da əkin üçün yararlı olan sahənin yalnız 4 faizini təşkil edirdi. Tolrpağın əsas hissəsi isə mülkədarların, ruhanilərin və qismən ruhani idarələrinin əlində toplanmışdı.
Nə üçün Xiyabani Azərbaycanı «Azadistan» adlandırdı?
Tarixşünaslıqda bu barədə müxtəlif fıkirlər var. Onlardan biri də sosialist inqilabının cənuba doğru irəliləməsi və Qafqazda Azərbaycan Sovet respublikasının təşkilinə qarşı müdafıə mövqeyi tutmaqdır. 1920-ci ildə Təbrizə gəldiyi günün sabahı sentyabrın 8-də Xiyabani ilə görüşən Cəlil Məmmədquluzadə isə «Molla Nəsrəddin» jurnalı səhifələrində üsyan dövründəki Cənubi Azərbaycanı «Azərbaycan cumhuriyyəti» adlandırırdı.
Tehranda Böyük Britaniya nümayəndəliyi isə mərkəzi hökumətin Azadistana (Azərbaycana) hazırladığı silahlı hücum planının təşkilatçısı idi. Sentyabrın 11-də Təbriz üzərinə qəfıl hücum təşkil edildi. Əksinqilabi qüvvələr sentyabrın 12-də Ala Qapını ələ keçirdilər, sentyabrın 14-də isə «Təcəddüd» qəzeti binasını dağıtdılar. Əksinqilabi qüvvələrin sayca üsyançılardan çox olmasına baxmayaraq, üsyançılar sentyabrın 14-dək son damla qanlarına qədər qəhrəmancasına vuruşdular. Sentyabrın 14-də Xiyabani vətənin azadlığı və istiqlalı uğrunda mübarizədə şəhid oldu.
Üsyançılara amansızcasına divan tutuldu. İran irticasının başçısı Müşirüddövlə isə Cənubi Azərbaycanda və İranın müxtəlif yerlərində xalq hərəkatının yatırılmasındakı «xidmətlərinə» görə şah tərəfındən birinci dərəcəli «Taci Kəyan» nişanı ilə təltif edildi.
Beləliklə, Xiyabaninin başçılığı ilə həyata keçirilmiş bu üsyan İrandakı imperialist ağalığına, şahlıq quruluşuna qarşı və azərbaycanlıların öz milli istiqlaliyyəti uğrunda mübarizə tarixində böyük əhəmiyyətə malik oldu. Ş.M.Xiyabaninin siyasi fəaliyyəti, nəzəri-fəlsəfı baxışları Azərbaycan xalqının milli-azadlıq və demokratik hərəkatı tarixində dərin iz buraxmışdır.


Tarix: 26.11.2014 / 17:28 Müəllif: Aziza Baxılıb: 62 Bölmə: Tariximiz ve rayonlarimiz
loading...