Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sənayeləşmə və kollektivləşmə

Yeni iqtisadi siyasətə keçid (1921-ci il) nəticəsində ölkə və respublika daxilində nisbi və iqtisadi sabitlik əldə edildi. Nəticədə, bolşevik istəyinə uyğun olmayan iqtisadi və siyasi proseslər başlandı. Sovet hakimiyyəti əsas diqqətini iqtisadiyyatın tənzimlənməsində inzibati üsulların gücləndirilməsinə yönəltdi.
ÜİK(b)P-nin XIV qurultayında (1925-ci il) Yeni iqtisadi siyasət prinsiplərini möhkəmləndirmək kursu təsdiq edilsə də, artan iqtisadi çətinliklər iqtisadiyyatda inzibati metodların tətbiqini labüd etdi.
1926-cı ilin fevralında respublikada sənayeləşdirmə üzrə xüsusi komissiya yaradıldı. Komissiyanın tərkibinə Q.Musabəyov (sədr), H.Sultanov və b. daxil oldu. Respublikanın əlaqədar orqanları Azərbaycan sənayesinin 1926-30-cu illər üçün inkişaf planını hazırladılar. Sənayeləşdirmənin başlanması ərəfəsində heç də bütün sənaye sahələri bərpa edilmədi. Belə ki, neft hasili, dəmir emalı, ipəkçilik sənayesi və s. bərpa işi başa çatdırılmadı.
Artıq 20-ci illərin sonları üçün Azərbaycan sənayesində nəzərə çarpacaq dəyişikliklər var idi. Neft sənayesində mühüm nailiyyətlər əldə edilmişdi. 1928-ci ildə Yeni Qaraçuxur mədəninin istismarı başladı. 1928-ci ildə SSRİ miqyasında ilk dəfə olaraq Bakıda güclü trubalı kerosin-benzin zavodu, sulfat turşusu, karbid və yağ zavodu tikildi.
Maşınqayırma sahəsində də mühüm nailiyyətlər əldə edildi. 1927-ci ildə Leytenant Şmidt (indiki Səttarxan) adına zavodda ilk elektrik poladəritmə sobası işə salındı.
Bu dövrdə, Gəncə Azərbaycanın ikinci sənaye mərkəzinə çevrildi. 1928-ci ildə Gəncədə əyirici toxuculuq kombinatı və pambıqtəmizləmə zavodu işə düşdü, Ucar və Yevlaxda pambıqtəmizləmə zavodları tikildi, Şəki və Xankəndində baramaaçma müəssisələrinin tikintisinə başlandı.
1927-1928-ci illərdə respublikanın elektrikləşdirilməsi sahəsində mühüm nailiyyətlər əldə edildi. Bu dövrdə, Salyan, Füzuli, Nuxa istilik elektrik stansiyalarının tikilişi başa çatdırıldı.

Sənayeləşmə dövründə Azərbaycan xalqı çox ağır çətinliklərlə üzləşməli oldu. Sənayeləşdirməni maliyyələşdirmək üçün dövlət kütlələrin olan-olmaz vəsaitini talan etdi. Bu dövrdə, bir-birinin ardınca keçirilən 3 sənayeləşdirmə istiqrazı xalqın vəziyyətini daha da pisləşdirdi. Fəhlələr bəzən bir, yaxud 2 aylıq əmək haqqını sənayeləşmə fonduna keçirməli olurdular. Sənayeləşdirmə xəttinin həyata keçirilməsi üçün Sovet dövləti günahsız məhkum edilmiş insanların fıziki əməyindən istifadə etməkdən çəkinmirdi.
Ümumiyyətlə, Azərbaycanda sənayeləşmə xətti 2 sahəni neft sənayesini və elektrikləşməni əhatə etdi. Azərbaycan Sovet imperiyasının xammal bazasına çevrildi. Sənayeləşdirmə xətti ağır sənayenin inkişafını nəzərdə tutduğu halda, respublikada yüngül sənaye daha sürətlə inkişaf etmişdi.
Bütün bunlara baxmayaraq sənayeləşmə respublikanın iqtisadiyyatında müsbət dəyişikliklərlə nəticələndi. Belə ki, sənayeləşmə illərində fəhlələrin sayı artıb, 47 min nəfərdən 208 min nəfərə çatdı. Azərbaycan aqrar respublikadan aqrar-sənaye respublikasına çevrildi.

1929-cu ilin may ayında keçirilən SSRİ-nin V Sovetlər qurultayında xalq təsərrüfatının inkişafı üzrə birinci beşillik plan (1928/29-1932/33) qəbul edildi. Əsasən, ağır sənayenin inkişafını nəzərdə tutan bu beşillik plan Azərbaycanda neft, kimya, toxuculuq sənayesinin inkişafını, kənd təsərrüfatının sosialist əsasları üzrə yenidən qurulmasını nəzərdə tuturdu. Beşillik ərzində Azərbaycanda 35 yeni sənaye müəssisəsi işə düşdü, bir sıra sənaye müəssisəsi yenidən quruldu və istehsalı genişləndirildi. Respublikada kimya, tikinti materialları, yüngül, yeyinti və s. sənaye sahələri üzrə yeni obyektlər işə salındı. I beşillikdə nəqliyyat inkişaf etdirildi. Ələt stansiyasından Culfaya 409 km uzunluğunda dəmiryol xəttinin çəkilişi başa çatdırıldı. Hava yolları, aeroportların tikintisinə başlandı.
Beşillik dövründə Azərbaycanın yeni sənaye mərkəzləri Gəncə, Xankəndi, Nuxa və s. inkişaf etməyə başladı.
1920-ci illərin sonu 30-cu illərin əvvəllərində Azərbaycanın inzibati-ərazi quruluşunda da dəyişikliklər baş verdi.
1929-cu ilin aprelində keçirilmiş VI Ümumazərbaycan Sovetlər qurultayının qərarı ilə respublikada 13 qəza ləğv edildi, onun yerinə 8 mahal (Bakı, Quba, Lənkəran, Şirvan, Muğan (Salyan), Zaqatala-Nuxa, Gəncə və Qarabağ) yaradıldı. Lakin 1930-cu il iyulun 23-də SSRİ MİK və XKS «Mahallann ləğv edilməsi haqqında» qərar qəbul etdiyindən mahallar ləğv edildi. Onun yerinə 63 inzibati rayon yaradıldı. Lakin 1932-ci ildə rayonlar böyüdüldü və onlann sayı 47-ə endirildi.

Kollektivləşmə:
Azərbaycanda kollektiv təsərrüfat formalarının inkişafını şərti olaraq 5 mərhələyə bölmək olar:

1921-1922-ci illər: Bu illərdə kollektiv təsərrüfatlar içərisində əsas yeri kommunalar və artellər tuturdu.
1922-1924-cü illər: Yeni iqtisadi siyasət nəticəsində əvvəlcədən tələm-tələsik yaradılmış kommunalar dağıldı. 1924-cü ildə respublikada 1 kommuna və 2 kənd təsərrüfatı arteli yaradıldı.
1924-1926-cı illər: Bu illərdə ən çox yoldaşlıq cəmiyyətləri və nepmanlar yaranır.
1927-ci il: Kəndə təsir forması kimi maşın şirkətlərinin fəaliyyətinə geniş yer verilir.
5. 1928-ci il və sonrakı illər: Bu dövrdə ÜİK(b)P-nin XV (1927-ci il) qurultayının kənd təsərrüfatının kollektivləşdirilməsi haqqında qərarı qəbul edilir və kolxoz hərəkatının inkişafında yeni mərhələ başlayır. Qolçomaqlar üzərinə hücum kəndlərdə siyasi vəziyyəti kəskinləşdirir.
Qolçomaqların bir sinif kimi ləğvi məsələsi İ.V.Stalinin 1929-cu ildə Ümumittifaq aqrar-marksistlərin konfransında etdiyi «SSRİ-də aqrar siyasət məsələsinə dair» nitqində qəti şəkildə irəli sürüldü.
Qolçomaqların bir sinif kimi ləğvi məsələsi partiya qərarlarında ilk dəfə 1930-cu il yanvarın 5-də ÜİK(b)P MK-nın «Kollektivləşmənin sürəti və kolxoz quruculuğuna dövlət tərəfındən yardım edilməsi tədbirləri haqqında»kı qərarında elan olundu.
Qolçomaqlar üç kateqoriyaya bölünürdü:

Əksinqilabçı, terror aktlarının təşkilatçısı, kolxoz əleyhinə çıxışların təşkilatçısı hesab edilənlərə qarşı həbs və sürgün cəzası tətbiq edilirdi;
İkinci kateqoriyaya daxil edilənlər siyasi idarə xətti ilə başqa yerlərə köçürülməli;
Kolxozlardan kənarda yeni ərazilərə köçürülməli.
Tətbiq edilən cəza tədbirləri SSRİ-nin digər yerlərində olduğu kimi Azərbaycanda da ciddi əks-səda doğurdu.
1930-cu ilin yazında Naxçıvan, Nuxa-Zaqatala bölgəsində qiyam baş verdi. Lakin bu qiyam amansızlıqla yatırıldı. Respublikanın Gəncə, Qarabağ, Quba, Cəbrayıl, Lənkəran, Biləsuvar və s. yerlərində müqavimət dəstələri fəaliyyət göstərirdi.
Ölkədə vəziyyətin ağırlığını görən rəhbərlik çıxış yolu axtardı. 1930-cu il martın 17-də «Kolxoz hərəkatında partiya xəttini əymək hallarına qarşı mübarizə haqqında» partiya qərarı qəbul edildi.
Artıq bu vaxt Şimali Qafqazın dağlıq rayonlarında üsyançılar bəzi aulları ələ keçirib Kislovodskiyə çatmışdılar. İş o yerə çatmışdı ki, Qazaxstandan Stalinin adına daxil olan teleqramda kütləvi çıxışlara qarşı ordu hissələrindən istifadə etməyə icazə istənilirdi.
Belə vəziyyət Azərbaycanda da yarandı. Nuxa-Zaqatalada hərbi hissələr üsyançılara qarşı əməliyyat apardı, 80-ə qədər üsyançı öldürüldü.
Naxçıvanda əhali Sovet hakimiyyətini devirib yerli hökumət yaratdı. Yalnız Sovet qoşunlarının ciddi təzyiqindən sonra Naxçıvanda Sovet hakimiyyəti bərpa edildi.
1930-cu ildə (mart) Gəncə qəzasında hökumət qoşunları ilə xalq arasında toqquşma baş vermiş, günahsız qanlar axıdılmışdı.
Kollektivləşməyə qarşı xalqın ümumi narazılığı İttifaq miqyasında elə bir vəziyyət yaratdı ki, Sovet hökumətinin taleyi hansı xətti götürəcəyindən asılı idi. Elə bu vaxt - 1930-cu il aprelin 2-də MK «Partiya xəttinin əyilməsinə qarşı mübarizə ilə əlaqədar olaraq kolxoz hərəkatının vəzifələri» adlı xüsusi məktub qəbul etdi. Yeridilən siyasətə bəraət qazandırılan bu məktubda hesab edildi ki, baş verənlər partiya xəttini əyənlərin günahı ucbatındandır.
Miqyasına və sayına görə böyük qurbanlarla nəticələnən kollektivləşmə siyasətindən partiya imtina etmədi.


Tarix: 26.11.2014 / 17:21 Müəllif: Aziza Baxılıb: 124 Bölmə: Tariximiz ve rayonlarimiz
loading...