(161) “Kafir olub kafir kimi də ölənlərə Allahın, mələklərin və bütün insanların lənəti olsun!”
İnsan iman gətirməkdən boyun qaçıraraq ölənə qədər kafirliyə sitayiş edirsə, törətdiyi cinayətləri üçün peşmançılıq çəkmir və Rəbbinin yoluna qayıtmırsa, onda o, Allahın, mələklərin və bütün insanların lənətinə layiq görülür. Kafirlik belə insanın ayrılmaz keyfiyyətidir və buna görə əbədi lənət onun üçün labüd qismətə çevrilir. Bu onunla izah olunur ki, istənilən hökm, səbəbi qalana qədər öz qüvvəsini saxlayır. Səbəb yox olduqda hökm də öz qüvvəsini itirir.
(162) “Onlar bu lənətin içərisində həmişəlik qalarlar. Onların əzabı yüngülləşdirilməyəcək və onlara möhlət verilməyəcəkdir”.
Cəhənnəm əzabkeşlərinin lənəti və cəzası əbədi olaraq davam edəcək. Onların iztirabı yüngülləşdirilməyəcək – onların dərdi ağrı-acılı və tükənməz olacaqdır. O vaxt heç kim onlara möhnətdən möhlət verməyəcək, çünki insanlara möhlət bu dünya həyatında verilir. Lakin Yerdə həyat bitəcək və onlar öz cinayətlərini doğrulda bilməyəcəklər.
(163) “Sizin ilahınız Tək olan İlahdır. Ondan başqa ilah yoxdur, Mərhəmətlidir, Rəhmlidir”.
Allah – Vahid Rəbdir. İlahi mahiyyət, gözəl adlar, kamil sifətlər və ilahi əməllər təkcə Ona xasdır. Onun nə şəriki, nə Ona bərabər, nə də oxşar olan yoxdur. Kainatda Onunla yanaşı başqa yaradıcılar və ya hökmdarlar yoxdur. Bu isə o deməkdir ki, təkcə Allah ilahiləşdirilməyə və ibadətə layiqdir və heç bir məxluq Onun şəriki ola bilməz.
Onun ilahi sifətlərindən biri də ən geniş mərhəmətliliyidir ki, onu yaradılmışların mərhəməti ilə müqayisə etmək olmaz. O, hər şeyi əhatə edir və bütün varlığa şamildir. Məxluqlar Allahın mərhəməti sayəsində mövcuddurlar. Onun sayəsində onlar əla bəxşişlər əldə edir və bədbəxtliklərdən xilas olurlar. Allah Özünün mərhəməti sayəsində qullarına Onun sifətlərini və səxavətliliyini dərk etməyə imkan verir və həmçinin elçilər göndərir, qullarının ehtiyacı olduğu bütün mənəvi və dünyəvi nemətləri onlara izah edən Kitablar nazil edir.
İnsan qulun əldə etdiyi bu nemətlərin Allahın hədiyyəsi olduğunu və məxluqların bir-birinə müstəqil fayda verə biləcəklərinə qadir olmadıqlarını dərk etdikdə, anlayır ki, ibadətə, onun bütün forma və təzahürlərində təkcə Allah layiqdir. Təkcə Allah layiqdir ki, Onu sevsinlər və Ondan qorxsunlar, Ona ümid bəsləsinlər və təvəkkül etsinlər, Onu ucaltsınlar və Ona ehtiram göstərsinlər və təkcə Onun xatirinə bütün digər ibadət ayinlərini həyata keçirsinlər. O, həm də başa düşür ki, ən böyük zalımlıq və ən pis əməl Qulların Rəbbinə ibadət etmək əvəzinə, qullara ibadət etməsi və ya yerin torpağından yaradılmış məxluqları aləmlərin Hökmdarı ilə bərabər tutması və yaxud asılı və hərtərəfli ehtiyac içində olan varlıqları Əzəmətli və Qüdrətli Yaradana, bütün varlıqların tabe və müti olduğu Hakimə şərik qoşmasıdır.
Bu ayə Yaradanın vahidliyinə dəlalət edir, tövhidin gerçəkliyini təsdiq edir və məxluqların ilahilik keyfiyyətlərini inkar edir. Ondan belə nəticə çıxır ki, bunun xeyrinə ən mühüm sübut – Allahın mərhəmətinin nəticələri kimi hər cür nemətlərin bolluğu və hər cür bəlalardan xilas olmanın mövcudluğudur. Bütün bunlar – Rəbbimiz Allahın vahidliyinin ümumi dəlilidir. Bu sübutlar təfərrüatı ilə növbəti ayədə şərh edilir.
(164) “Həqiqətən də, göylərin və yerin yaradılmasında, gecə ilə gündüzün bir-birilə əvəz olunmasında, insanlara fayda verən şeylərlə yüklənmiş halda dənizdə üzən gəmilərdə, Allahın göydən endirdiyi, onunla da ölmüş torpağı diriltdiyi suda, Onun bütün heyvanatı yer üzünə yaymasında, küləklərin istiqamətinin dəyişdirilməsində və göylə yer arasında ram edilmiş buludlarda, başa düşən insanlar üçün dəlillər vardır”.
Uca Allah buyurur ki, göylər və yer – Allahın dəlilləridir. Bu nəhəng məxluqlar Xaliqin vəhdətinin, Onun ilahiliyinin, hüdudsuz hakimiyyətinin, mərhəmətinin və digər ilahi sifətlərinin şahididir. Lakin bu dəlillərdən faydalanmaq ancaq dərrakəli insanlara nəsib olur və onlar öz təfəkkürünü düzgün istiqamətdə istifadə edirlər. Allah insana nə qədər çox ağıl verirsə, o da bu dəlillərdən bir o qədər çox faydalanır və onların üzərində daha çox düşünür.
O, yüksək səma qübbəsi, onun ölçüləri, kamilliyi və qüsursuzluğu üzərində düşünür. O, qulların xeyri üçün öz yerlərində dayanan Günəşə, Aya, ulduzlara və digər göy cisimlərinə diqqətlə baxır. O, yerin, çoxsaylı nemətlərindən istifadə etməklə, insanların rahat yaşaması üçün yataq olması üzərində fikirləşir. Bu dəlillər təsdiq edir ki, Uca Allah məxluqları Özü yaradır və Özü də onları idarə edir. Onlar Allahın Kainatı yaratdığı ilahi qüdrətinə, ona gözəl və kamil görkəm verdiyi və onda misilsiz nizam yaratdığı ilahi müdrikliyinə və habelə Allahın qullarına onların yaşaması üçün faydalı olan və onların ehtiyac duyduqları nə varsa verdiyi elminə və mərhəmətinə dəlalət edir. Bütün bunlar – təklikdə məxluqları yaradan, Öz qullarının işlərini idarə edən və onların ibadətinə layiq olan Allahın kamilliyinin inandırıcı sübutlarıdır.
Yeni bir dəlil də gecə və gündüzün daima bir-birini əvəz etməsidir. Onlardan biri həmişə digərini dəyişməyə gəlir və özü ilə soyuğu, istiliyi və ya mülayim havanı gətirir. Onlar bir-birini əvəz edir və müddət baxımından, dövri olaraq gah uzanır, gah qısalır. Bunun sayəsində ilin fəsilləri meydana gəlir ki, Adəmin nəsillərinin, heyvanların, ağacların, bitkilərin həyatını və yer üzündə olan nə varsa hamısını nizamlayır. Bütün bunlar ecazkar bir dəqiqliklə və insanların ağlını heyrətə salan xarüqəladə qanunların təsiri altında baş verir ki, bunları hərtərəfli anlamaq hətta ən ağıllı insanlara belə müyəssər olmur. Bu isə, Kainatı təkbaşına Dolandıran İdarəçinin qüdrətinə, elminə, müdrikliyinə, hüdudsuz rəhminə, hərşeyiəhatəedən mərhəmətinə və mütləq hakimiyyətinə sübutdur. Onun qüdrəti və həmçinin Onun hakimiyyətinin və mülkünün əzəməti insanı Ona ibadət etməyə və Onu ilahiləşdirməyə, sevməyə və ucaltmağa, Ondan qorxmağa və Ona ümid bağlamağa, habelə Onun iltifatını qazanmaq üçün can atmağa və Onun məhəbbətinə layiq olmağa, ibadəti təkcə Ona həsr etməyə məcbur edir.
Digər bir dəlil suda üzən gəmilərdir. Allah Öz qullarını üzən vasitələr düzəltməyə ruhlandıraraq, onlara müvafiq qabiliyyət və zəruri olan şeylər vermişdir. Allah su mühitini və küləkləri insanlara ram etdi ki, onlar gəmiləri ilə mülklərini və mallarını daşıya bilsinlər və bununla ehtiyaclarını təmin edərək və həyat tərzini qaydaya salaraq, insanlara böyük fayda verə bilsinlər.
İnsanları gəmilərin hazırlanmasına ruhlandıran, onlara müvafiq qabiliyyət bəxş edən və gəmiləri düzəltmək üçün onları zəruri olan ləvazimatlarla təmin edən kimdir? Dənizi və küləkləri kim onlara ram etdi və gəmilərə dənizlərdə və okeanlarda üzməyə imkan verən kimdir? İnsanları onların malları ilə quruda və suda aparan nəqliyyat vasitələrinin odunu və yanacağını yaradan kimdir?
Bu nemətlər tək bir Yaradanın fəaliyyətinin nəticəsi deyilmi?! Məgər zəif və köməksiz, anasının bətnindən dünyaya gələndə bilik və qabiliyyətlərə malik olmayan insan ancaq sonra öz Rəbbinin mərhəməti sayəsində bütün bunları müstəqil əldə etmirmi?! Ya da bu, bütün varlıq üzərində hökmran olan, heç bir maneə bilməyən, böyüklüyü və qüdrəti qarşısında bütün məxluqların mütiləşdiyi, itaət etdiyi Müdrik və Hərşeyibilən Rəbbin sayəsində baş vermirmi?!
Aciz qul ən yaxşı halda, Allahın əzəmətli niyyətini həyata keçirmək üçün yaratdığı səbəblərdən biri ola bilər. Bu Onun məxluqlara göstərdiyi mərhəmətinin və qayğısının sübutudur və bu, qulları Allahı səmimi qəlblə sevməyə və təkcə Ondan qorxmağa, Ona təvəkkül etməyə, bütün işlərdə Ona itaət etməyə, Onun qarşısında əyilməyə və Ona ehtiram bəsləməyə vadar edir.
Yenə bir dəlil, Allahın buludlardan yağdırdığı yağışdır. Yağış suyunun sayəsində cürbəcür ağaclar, otlar və digər bitkilər yaranır ki, onlarsız başqa məxluqların mövcudluğu mümkün olmazdı. Məgər bu – yağış nazil etməsi və bitkilər becərməsi Allahın qüdrətinin dəlili deyilmi?! Məgər bu – Onun Qullarına qarşı bəslədiyi mərhəmətin və rəhmliliyin dəlili, Onun onlara qayğıkeş münasibətinin və onların öz Yaradıcısına hərtərəfli ehtiyacı olmasının sübutu deyilmi?! Məgər bu, Allahın ölüləri diriltmək və onlara etdikləri əməllərə görə əvəzini vermək hakimiyyəti olmasını təsdiq etmirmi?!
Allah yer üzündə hər növ canlı məxluqlar yerləşdirmişdir və təkcə elə bu Onun qüdrətinin və böyüklüyünün, Onun vahidliyinin və mütləq hakimiyyətinin sübutudur. O, yerdə olan bütün heyvanları insanlara tabe etmişdir ki, onları öz məqsədləri üçün istifadə etsinlər. Onlar heyvanların ətini yeyir, onlardan süd sağır, minik kimi və yaxud mühafizə üçün və digər məqsədlərdən ötrü istifadə edir və onların təyinatı üzərində düşünür və bundan faydalı nəticələr çıxarırlar. Allah bu heyvanları bütün yer üzündə yerləşdirmişdir və O, təkbaşına onları yemləmək barəsində qayğı çəkir və buna görə Uca Allah buyurur: “Yer üzündə elə bir canlı yoxdur ki, onun ruzisini Allah verməsin. Allah onların qərar tutduqları yeri də, qorunub saxlanıldıqları yeri də bilir...” (Hud, 11/6).
Küləklərin dəyişməsi də bir dəlildir. Onlar soyuq və isti, cənub və şimal, şərq və qərb küləkləri adlanır və habelə dünyanın dörd tərəfinin arasındakı başqa istiqamətlərdə əsirlər. Onlar buludları qovur və onları bir yerə toplayır, onları su ilə qidalandıraraq sıxır, onları parça-parça edir və mümkün ola biləcək mənfi nəticələrinin qarşısını alırlar. Bəzən onlar Allahın mərhəmətini daşıyır, bəzən də cəzasını gətirir.
Kim onları bu qaydada idarə edir və başqa məxluqlara xeyir verməyə məcbur edir, çünki bu xeyir olmadan sonuncuların yaşaması sadəcə mümkün olmazdı?! Kim onları heyvanların xeyrinə xidmət göstərməyə, canlı məxluqlara və ağaclara, taxıllara və başqa bitkilərə fayda verməyə məcbur edir? O – Qüdrətli, Müdrik, Rəhmli və Bəsirətli Allahdır. Təkcə O, qullarının Onun qarşısında əyilməsinə, Ona itaət etmələrinə, Onu sevmələrinə, Ona müraciət və ibadət etmələrinə layiqdir!
Yüngül və şəffaf buludlar göy və yer arasında üzərək çoxlu su daşıyırlar və Allah Öz istəyi ilə onların vasitəsilə dərələri-təpələri sulayır. O, suyu insanlara ehtiyacları olduqda nazil edir, bəzən yağışların bolluğu məxluqlara zərər vura bilər, belə hallarda Allah onların qarşısını alır. O, yağışı, Öz Rəhminə əsaslanaraq və qulları haqqında həqiqi qayğı göstərərək nazil edir. Onun hakimiyyəti necə də hüdudsuz və xeyirxahlığı necə də böyükdür!!
Məgər Allahın nemətləri hesabına həzz alan, Onun mərhəməti sayəsində yaşayan və bəxş etdiyi səxavətini günah törətmək üçün istifadə edən qullarının davranışı Allahın qəzəbinə səbəb olan yaramazlıq deyilmi? Allahın belə məxluqlara münasibəti Onun dözümlü, səbirli, hər şeyi bağışlayan, güzəştə gedən olmasına və hüdudsuz xeyirxahlığına dəlil deyilmi? Hər şeydən əvvəl və hər şeyin sonunda Allaha həmd olsun! Gizli və aşkar edilən bütün həmdsənalar yalnız Onadır!
Bütün deyilənlərdən aydın olur ki, əgər ağıllı bir adam bu yaradılmışlar haqqında düşünərsə, onda o, bu qəribə məxluqlara hörmətlə yanaşarsa, onların incəliklərinə və dünyanın yaradılması hikmətinə diqqətlə nəzər salarsa, ona bəlli olar ki, Kainat haqq xatirinə və haqqın vasitəsilə xəlq edilmişdir. O anlayar ki, Kainat özlüyündə, tövhidin gerçəkliyini, Allahın Özü haqqında buyurduqlarını və Allahın elçilərinin Qiyamət günü haqqında xəbər verdiklərini sübut edən dəlillər kitabıdır. O həm də dərk edir ki, yaradılmışlar müstəqil hakimiyyətə malik olmadıqları üçün öz Rəbbindən asılıdırlar və onlar öz Hökmdarının müəyyən etdiyi qədərinə müqavimət göstərmək iqtidarında deyillər. Göy və yer aləmləri bütövlükdə və tamamilə Ona möhtacdır, halbuki O, Öz məxluqlarına qətiyyən ehtiyac duymur. Həqiqətən, Allahdan başqa heç bir ilah və rəbb yoxdur!
(165) “İnsanlardan elələri də vardır ki, Allahdan qeyrilərini Ona tay tutur, onları da Allahı sevdikləri kimi sevirlər. İman gətirənlərin isə Allaha olan sevgisi daha güclüdür. Kaş zülm edənlər əzabı gördükləri zaman bütün qüdrət və qüvvətin Allaha məxsus olduğunu və Allahın şiddətli əzab verdiyini görəydilər”.
Gör bu ayə, Uca Allahın tövhid haqqında xəbər verdiyi, biliyin kamil imana çevrilməsi üçün kifayət edən və qətiyyən şübhə və inamsızlıqla bir araya sığmayan inandırıcı və təkzibolunmaz dəlillərin olduğu əvvəlki ayə ilə necə də gözəl tərzdə əlaqələndirilmişdir! Bu ayədə Allah bildirir ki, bu məsələdə tam aydınlıq olmasına baxmayaraq, insanlar arasında elələri də var ki, Yaradanın yaratdıqlarını Ona bənzədir, onlara ibadət edir, həqiqi məhəbbət bəsləyir, böyük ehtiram göstərir və onların qarşısında mütilik göstərir.
Əgər insan, ona tövhidin gerçəkliyinin təkzibolunmaz dəlilləri sübut edildikdən sonra da yanlış rəftarında davam edirsə, onda o, ya inadkarcasına Allaha müqavimət göstərir, ya da Rəbbin dəlilləri və müxtəlif məxluqatı üzərində düşünməkdən boyun qaçırır. Belə insan öz əməlini heç vəchlə doğrulda bilməz. Bundan başqa, o, ən ağır cəzaya layiqdir.
Bu ayədə Allaha yaradılışda, ruzi nazil edilməsində və Kainatın idarə edilməsində şərik qoşmayan adamlardan bəhs edilir. Lakin onlar Ona ibadətdə şərik qoşurlar – özü də onlar məxluqlara ona görə sitayiş edirlər ki, onları Allaha yaxınlaşdırsınlar. Lakin onların bütləri Allaha şərik və ya bərabər deyillər, məhz buna görə Quran ayəsi açıqlayır ki, onlar özləri o bütləri Allaha şərik qoşurlar. Onlar öz bütlərini ilah adlandırırlar, halbuki bu adlar tamamilə əsassızdır və hər hansı mənadan məhrumdur. Bu barədə Uca Allah buyurur: “Hər kəsin qazandığını qoruyub saxlayan Allah, buna qadir olmayan bütlər kimi ola bilərmi? Müşriklər isə Allaha şəriklər qoşurlar. De: “Onlara ad verin! Yoxsa siz Ona yer üzündə bilmədiyi şeyləri, yaxud boş sözlərimi xəbər verirsiniz?” Doğrusu, kafirlərə öz hiylələri gözəl göstərildi və onlar doğru yoldan çıxarıldılar. Allah kimi azdırsa, onu doğru yola yönəldən olmaz”( Rəd, 13/33).
Yusuf peyğəmbər (ə.) isə demişdir: “Ey mənim zindan yoldaşlarım! Ayrı-ayrı tanrılar yaxşıdır, yoxsa Tək olan, hər şeyə Qalib gələn Allah? Ondan başqa ibadət etdikləriniz sizin və atalarınızın adlandırdığınız adlardan başqa bir şey deyildir. Allah onlara dair heç bir dəlil nazil etməmişdir. Hökm yalnız Allahındır. O, əmr etmişdir ki, yalnız Ona ibadət edəsiniz. Doğru din budur, lakin insanlardan çoxu bunu bilmir” (Yusuf, 12/39-40).
Məxluq Allahla müqayisə edilə bilməz, çünki Allah Yaradandır, qalan bütün varlıqlar isə xəlq edilmişlərdir. Rəbbimiz Allah Ruziverən olduğu halda, yerdə qalanlar ruziyə möhtac olanlardır. Allah zəngindir və heç nəyə ehtiyacı yoxdur, halbuki bütün məxluqlar kasıbdır və köməksizdirlər. O, hərtərəfli kamilliyə malikdir, lakin qullarının bütün keyfiyyətlərində müəyyən nöqsanlar var. O, Təkbaşına xeyir verə və ya zərər vura bilər, halbuki yerdə qalan bütün məxluqlar fayda verməyə, zərər vurmağa və ya öz taleyinə sərəncam çəkməyə qətiyyən qabil deyillər.
Bu bizi əmin edir ki, Allaha şərik qoşanların və ya Ona, istər mələkləri, peyğəmbərləri möminləri, bütləri və ya istərsə digər məxluqları bərabər tutanların etiqadları yanlışdır.
Bax buna görə, Allah Onu, müşriklərin öz bütlərini sevdiyindən, daha çox və güclü sevən möminləri tərifləyir. Möminlərin Allaha bəslədikləri məhəbbət daha səmimi olduğu halda, müşriklər öz bütlərini ancaq Allaha şərik qoşurlar. Digər tərəfdən, möminlər Rəbbi ona görə sevirlər ki, O, həqiqətən, səmimi məhəbbətə layiqdir və Ona bəslənən məhəbbət möminliyin dəlili və xoşbəxtliyin, uğurun rəhnidir, halbuki müşriklər məhəbbətə qətiyyən layiq olmayan və qul üçün ən böyük bədbəxtliyin və fəlakətin rəhni olan bütləri sevirlər.
Məhz buna görə Allah, məxluqları Ona bərabər tutan, qulların Rəbbinin əvəzinə bütlərə səcdə edən, qulların özünə ədalətsiz yanaşan, onları düz yoldan ayıran, onlara zərər vuran zalımları Qiyamət günü öz gözləri ilə görəcəkləri cəzadan qətiyyətlə xəbərdar edir.
Həmin gün onlara yalançı ilahların gücsüzlüyü və köməksizliyi açıq-aşkar məlum olacaqdır. Əslində, onların zənn etdiyi həqiqət qətiyyən dünya həyatında göründüyü kimi olmayacaq. Onlar güman edirdilər ki, bütlər və uydurulmuş tanrıçalar insanları Allaha yaxınlaşdırmağı bacarırlar, lakin onların zənni özünü doğrultmayacaq və səyləri – bəhrəsiz olacaqdır. Onları cəzaya məhkum edəcəklər, tanrıçaları onları əzabdan xilas edə və hətta onlara zərrə qədər fayda verə bilməyəcəklər. Bundan başqa, onların ümidlərini bağladıqları tanrıçalar onlara ancaq zərər verəcəklər.
(166) “O zaman, tabe olunmuş başçılar tabe olunanlardan uzaqlaşacaq, hamısı əzabı görəcək və aralarındakı əlaqələr kəsiləcəkdir”
Qiyamət günü başladıqda, kafirlərin başçıları onların ardıyca gələnlərdən üz döndərəcəklər və onların yerdə yaşadıqları zaman aralarında mövcud olan əlaqələri oradaca kəsiləcəkdir. Bu əlaqələr Allah xatirinə və Allahın hökmünə uyğun olaraq qurulmamışdı. Onlar təməlsiz yalana əsaslanırdı və buna görə də kafirlərin bütün əməlləri yox və puç olacaqdır. Onlar başa düşəcəklər ki, yalan danışırmışlar və dərk edəcəklər ki, faydasını və nəticələrini yaxşı güddükləri əməlləri onlara ancaq təəssüf və peşmançılıq gətirmişdir. Onlar anlayacaqlar ki, onları, heç vaxt çıxa bilməyəcəkləri Cəhənnəmin əbədi sakinləri olmaq gözləyir. Məgər bundan da dəhşətli itki ola bilərmi?
Bu ona görə baş verəcək ki, müşriklər yalanın ardıyca getmişdilər və ümid edilməsi lazım olmayan bir şeyə ümidlərini bağlamışdılar və güman edilməsi mümkün olmayan bir şeyə güman etmişdilər. Onların özülü əzəldən korlanmışdı və buna görə də onların bütün əməllərinin korlanmış və faydasız olduğu üzə çıxacaqdır. Onlar artıq buna əmin olduqda, onları hədsiz kədər hissi bürüyəcəkdir. Ümidləri darmadağın olacaq, onların öz əməlləri özlərinə dəhşətli zərbə endirəcək. Onların taleyi, özlərinin Haqq Hökmdarına təvəkkül etmiş, Onun xatirinə səmimi qəlblə xeyirxah işlər görmüş və onların ona fayda verəcəyinə bel bağlamış insanların taleyinə qətiyyən bənzəməyəcək. O möminlər haqqı haqq kimi qəbul etmiş, həqiqi xeyirli əməllər etmiş və haqqa sığınmışdılar. Onlar saleh əməllərinin bəhrəsini dadacaq və Allahın dərgahında saysız-hesabsız mükafatlarını tapacaqlar.
Uca Allah buyurur: “Kafirlərin və insanları Allahın yolundan sapdıranların əməllərini Allah puça çıxarmışdır. İman gətirib yaxşı işlər görənlərin, öz Rəbbindən gerçək həqiqət kimi Muhəmmədə nazil edilənə inananların isə Allah günahlarından keçmiş və onların vəziyyətini yaxşılaşdırmışdır. Bu ona görədir ki, kafirlər batilə uymuş, iman gətirənlər isə öz Rəbbindən gələn həqiqətə bağlanmışlar. Beləcə, Allah insanlara onlara aid misallar çəkir” (Muhəmməd, 47/1-3).
(167) “Tabe olanlar deyəcəklər: “Əgər bizim üçün dünyaya dönüş olsaydı, indi onlar bizdən uzaqlaşdıqları kimi biz də onlardan uzaqlaşardıq!” Beləcə, peşman olsunlar deyə Allah onlara özlərinin əməllərini göstərəcək və onlar heç vaxt Cəhənnəm odundan çıxa bilməyəcəklər”.
Öz başçılarının ardıyca gedən kafirlər dünya həyatına qayıtmaq və ardıyca getdikləri başçılarından üz döndərmək istəyərlər. Onlar müşriklikdən əl çəkərək, təkcə Allaha səmimi qəlblə qulluq etmək istəyərlər. Lakin onlar artıq heç nəyə nail ola bilməzlər, çünki insanlara verilmiş möhlətin vaxtı bitmişdir. Bundan başqa, onların sözləri və vədləri yalan olacaqdır, axı əgər onları yer aləminə qaytarsaydılar, onlar yenə də qadağan olunmuş əməllər törədəcəkdilər. Onlar öz əsassız bəyanatlarını üz döndərəcəkləri kafir başçılarına bəslədikləri amansız nifrət üzündən belə söyləyirlər. Bu cinayətkar təbliğatçıların günahı ən ağır olacaq və İblis onlara başçılıq edəcəkdir. Uca Allah buyurur: “İş bitdikdə şeytan deyəcək: “Həqiqətən də, Allah sizə gerçək vəd vermişdi. Mən də sizə vəd vermişdim, lakin vədimə xilaf çıxdım. Mənim sizin üstünüzdə heç bir hökmranlığım yox idi. Mən sizi azğınlığa dəvət etdim, siz də dəvətimi qəbul etdiniz. Buna görə də məni yox, özünüzü qınayın. Nə mən sizin köməyinizə çata bilərəm, nə də siz mənim köməyimə çata bilərsiniz. Heç şübhəsiz ki, mən əvvəllər də sizin məni Allaha şərik qoşmağınızı rədd etmişdim”. Həqiqətən, zalımlar üçün üzücü bir əzab hazırlanmışdır” (İbrahim, 14/22).
(168) “Ey insanlar! Yerdə olan halal və təmiz ruzilərdən yeyin, şeytanın addım izləri ilə getməyin! O, sizin açıq-aşkar düşməninizdir!”
Bu müraciət bütün insanlara – həm möminlərə və həm də kafirlərə ünvanlanmışdır. Allah insanlara mərhəmət göstərərək onlara hər növ taxılı, meyvələri və müxtəlif heyvanların ətini ərzaq kimi istifadə etməyə icazə vermişdir. İcazə verilmiş qaydada əldə edildiyi halda, yəni qəsb edilmədikdə, oğurlanmadıqda, şəriətin pozulmasına gətirən qanunsuz üsulla və yolla mənimsənilmədikdə, Allah onları, halal elan etmişdir. Allah qidalanmaq üçün təkcə təmiz nemətləri yeməyə icazə vermiş və ölmüş heyvan ətini, qanı, donuz ətini və sair iyrənc şeyləri yeməyi haram etmişdir.
Bu ayə onu göstərir ki, yerdə olan bütün nemətlərin qida məhsulu kimi tətbiq olunmasına və ya istifadə edilməsinə, onun əksi sübuta yetirilincəyədək icazə verilir. Qadağan olunmuş şeylərə gəlincəyədək, onlar iki qrupa ayrılır. Onların bir hissəsi özü özlüyündə qadağan edilmişdir. Bunlara yararsız şeylərə, yəni, təmiz nemətlərin birbaşa əksi olanlara aiddir. Digərləri isə dolayısı səbəblərə görə qadağan edilir, çünki onların istifadə edilməsi insanın Allah qarşısında vəzifələrini pozmasını və ya digər məxluqların hüquqlarını tapdalamasını nəzərdə tutur. Bu, icazə verilmişlərə əks olan nə varsa, hamısına aiddir.
Bu ayədən həm də görünür ki, orqanizmin normal fəaliyyəti üçün zəruri olan miqdarda qida qəbul olunması vacibdir və əgər insan bundan imtina edirsə, o, Allahın açıq-aydın hökmünü pozur.
Şərh etdiyimiz hökm qullardan ötrü əsil nemət olduğu üçün, Uca Allah şeytanın izi ilə getməyi, yəni, onun əmrlərini yerinə yetirməyi, Allaha itaətsizlik göstərməyi, kafirlik etməyi, cinayət törətməyi və ədalətsizlik etməyi qadağan etmişdir. Bu qadağaya, bəzi heyvanların müqəddəs elan edilməsi və haram edilmiş ərzaq məhsullarının qəbulu da aiddir.
Şeytan insanlara öz düşmənçilik münasibətini gizlətmir. O, onları azdırmaq üçün onlara pisliklər etməyi əmr edir. O, istəyir ki, insanlar od püskürən Cəhənnəmin sakinləri olsunlar.
Haqq Rəbbimiz insanlara şeytanın izi ilə getməyi qadağan etməklə işini bitmiş hesab etmir, o həm də şeytanın insanlara bəslədiyi amansız nifrəti haqqında xəbər verir ki, bu da onları bu düşməndən qorunmağa məcbur edir. Bundan başqa, Allah izah edir ki, dinin icazə verdiyi nemətlər, dinin qadağan etdiklərindən qat-qat üstündür, çünki o, ancaq zərərli və yaramaz şeyləri qadağan edir. Uca Allah buyurur:
(169) “O sizə pis və iyrənc işlər görməyi və Allaha qarşı bilmədiyiniz şeyləri söyləməyi əmr edir”.
Pis dedikdə, istənilən günah və xətalar nəzərdə tutulur, çünki onlar onu icra edənə ziyan vurur, iyrənc işlərin xatırlanması isə bu halda xüsusinin ümumiyə qoşulmasının nümunəsidir. İyrənc işlər həmçinin günahdır, lakin hər bir ağıllı adam onları çirkin hesab edir. Belə günahlara zinakarlıq, spirtli içkilərin qəbulu, qatillik, böhtan, acgözlük və bir çox başqa şeylər daxildir.
Allaha qarşı bilmədiyi sözü danışmaq, böhtan söyləmək dedikdə, Allahın qanunları və Rəbbin qədəri haqqında istənilən əsassız mülahizələrin yürüdülməsi nəzərdə tutulur. Əgər insan Allahı, O Özünü təsvir etdiyi kimi və Peyğəmbərin (s.ə.s.) Onu təsvir etdiyi kimi, təsvir etmirsə, əgər o, Allahın Özünü səciyyələndirdiyi və ya Peyğəmbərin (s.ə.s.) Onu səciyyələndirdiyi sifətlərini inkar edirsə, onda o, Allaha qarşı bilmədiyi şeyləri söyləyir. Əgər o, güman edirsə ki, Allahla yanaşı digər tanrılar da var və onlar onu Allaha yaxınlaşdırmaq qabiliyyətinə malikdirlər, onda o, bilmədiyi şeyi deyir, Allaha böhtan atır. Əgər o, Allahın hökmləri və qadağanları haqqında inandırıcı olmayan əsaslarla danışırsa, onda o, Allah haqqında bilmədiyi şeyləri deyir. Əgər o, iddia edirsə ki, Allah bəzi məxluqlarını müəyyən məqsədlər üçün yaratmışdır və bu zaman öz sözlərini inkarolunmaz dəlillərlə sübuta yetirmirsə, onda o, yenə də Allaha qarşı bilmədiyi şeyi söyləyir.
Allaha böhtan deməkdən dəhşətli nə ola bilər? Allahın buyurduqlarının və Onun Elçisinin (s.ə.s.) kəlamlarının həqiqi mənasını təhrif etməkdən təhlükəli nə ola bilər? Axı yolunu azmışların çoxu məhz belə rəftar edir, Quran ayələrinin mənasını təhrif edir və sonra da iddia edirlər ki, bu mənanı Öz ayəsinə verən Allahdır.
Allahın adından verilən əsassız bəyanatlar ən ağır günahlardandır. Onlar öz ardıyca digər cinayətləri çəkib gətirir və bu da, şeytanın əlbir olduğu dostları ilə insanları dəvət etdiyi yoldur. Onlar fitnəkarlıqlar törədir, insanları aldadır və onları azdırmaq üçün hər cür imkanlardan istifadə edirlər. Amma bu zaman Uca Allah insanlara ədalətliliyə riayət etməyi, yaxşılıq etməyi və qohumlara köməklik göstərməyi əmr edir və onlara yaramaz və qınanılan əməllər törətməyi, özbaşınalıq etməyi qadağan edir. Qoy hər bir qul hansı çağırışın ardıyca getmək və kimin tərəfində olmaq üzərində düşünsün!
O, ona xeyirxahlıq arzulayan, onu həm bu dünyada və həm də ölümündən sonra xoşbəxtliyə nail olmasına dəvət edən Allahın çağırışına qoşula bilər. Allaha itaət uğur qazanmanın rəhnidir, Ona xidmət etmək insana çox böyük fayda gətirir. O Öz qullarını bütün görülən və görülməyən nemətləri ilə təmin edir, ancaq xeyirli işlər görmək hökmü verərək, təkcə cinayətkarlığı qadağan edir. Amma insan, bəşəriyyətin düşməni olan şeytanın çağırışının ardıyca da gedə bilər, o şeytanın ki, insanlara daima pislik etmək niyyətindədir, insanın bu dünyadakı və Axirətdəki həyatını məhv etmək üçün əlindən gələni edir. Ona itaət etmək mütləq bədbəxtçiliklə, onunla dostluq isə qəti zərərlə nəticələnəcəkdir. O, ancaq günah işlər görməyi və saleh əməllərdən uzaqlaşmağı əmr edir.
(170) “Onlara: “Allahın nazil etdiyinə tabe olun!” – deyildikdə, onlar: “Xeyr, biz atalarımızın tutduğu yolu tutacağıq!” – deyirlər. Bəs ataları bir şey anlamayıb doğru yola yönəlməyiblərsə necə?”
Bu ayədə Uca Allah müşriklərə, Öz Elçisinə (s.ə.s.) nazil etdiyi əhdlərə itaət etmələri hökmünü verdikdə, onların özlərini necə aparmaları barədə xəbər verir. Onlar Rəbbin iradəsinə tabe olmağı rədd edir və bildirirlər ki, öz ata-babalarının getdiyi yolla gedəcəklər. Onlar əcdadlarını kor-koranə təqlid etməklə qane olaraq, Allahın peyğəmbərlərinə iman gətirmək istəmirlər, halbuki onların ata-babaları cahil və yollarını azmış insanlardı. Onlar şübhəli və cəfəng sübutların əsasında həqiqəti rədd edirlər ki, bu da onların ondan üz döndərməsini və onu dərk etmək istəmədiklərini təsdiq edir. Bu həm də onların ədalətsizliyinə sübutdur, çünki əgər onlar doğru yola gəlmək istəsəydilər və xeyirxah niyyətdə olsaydılar, məqsədləri həqiqəti araşdırmaq olardı. Həqiqəti axtarış zamanı müxtəlif müddəaları və nəzər nöqtələrini müqayisə edən hər bir insan haqqı mütləq aşkar edər və əgər o, ədalətli və qərəzsizdirsə, hökmən ona tabe olar.
(171) “Kafirlərin məsəli çığırtı və bağırtıdan başqa bir şey anlamayanları (heyvanları) haylayanın (çobanın) məsəlinə bənzəyir. Onlar kar, lal və kordurlar, haqqı anlamazlar”.
Elçilərə nazil edilmiş əhdləri yerinə yetirməkdən boyun qaçıran, öz at-babalarını kor-koranə təqlid etmək xatirinə onları rədd edən, haqqı anlamaq və ona itaət etmək istəməyən və inadkarlıqla küfrə sitayiş edən kafirlərin halını izah etdikdən sonra, Uca Allah bildirir ki, onlar, çobanın üstlərinə qışqırıb-bağırmasına baxmayaraq onun sözlərini başa düşməyən mal-qaraya bənzərlər. Dəvətçilər kafirləri haqq dinə çağırdıqda onlar özlərini məhz belə aparırlar.
Onlar çağırışı eşidirlər və bu, onları özlərinin bilməməzliyi ilə bəraət qazanmaq imkanından məhrum edir. Lakin onlar o dərəcədə anlamaq qabiliyyətində deyillər ki, bundan faydalana bilsinlər. Onlar kardırlar, çünki həqiqəti başa düşmək və onu qəbul etmək üçün zəruri eşitmə qabiliyyətinə malik deyillər. Onlar kordurlar, çünki ətrafda baş verənlər üzərində düşünmək üçün yaxşı görməyə qabil deyillər. Onlar laldırlar, çünki onlara fayda verə bilən şey haqqında danışa bilmirlər. Bunun səbəbi ondadır ki, onlar ağıllı düşünmək qabiliyyətindən məhrumdurlar və ən axmaq və ən nadan məxluqlardandırlar.
Bir anlığa, doğru yola gəlməyə çağırılan, əxlaqsızlığının qabağı alınan, cəza alacağından xəbərdar edilən, ona xoşbəxtlik, uğur və əmin-amanlıq gətirə bilən əməllər etməyə dəvət edilən, amma bu xeyirxah məsləhətlərə məhəl qoymayan, Allahın hökmlərindən vaz keçən, şüurlu surətdə özünü Cəhənnəm oduna atan, yalan ardıyca düşən və həqiqəti bir kənara atan adamı təsəvvür edin. Məgər ağıllı bir insan bu axmağın ağıldan məhrum olmasına şübhə edərmi? Əgər bununla yanaşı o hələ bir fitnəkarlıqlar da edirsə, ətrafdakıları aldadır, onlara kələk gəlirsə, onda o, ən böyük axmaqlardan biridir.
(172) “Ey iman gətirənlər! Sizə ruzi kimi verdiyimiz pak şeylərdən yeyin və əgər Allaha ibadət edirsinizsə, Ona şükür edin!”
Ancaq möminlərə ünvanlanan bu hökm geniş mənalı ümumi hökmdən sonra nazil edilmişdir, çünki məhz möminlər Allahın hökmlərindən və qadağanlarından faydalanırlar və bunun səbəbi – onların imanıdır. Allah onlara buyurmuşdur ki, Rəbbin Öz məxluqlarına əta etdiyi təmiz nemətləri yesinlər və bu nemətlərdən Ona ibadət etmək və Ona yaxınlaşmaq xatirinə istifadə edərək, göstərdiyi mərhəmətinə görə Ona həmd etsinlər.
Allah oxşar hökmlə Öz elçilərinə də müraciət edərək buyurur: “Ey elçilər! Halal nemətlərdən yeyin və yaxşı işlər görün! Mən, həqiqətən, sizin nə etdiklərinizi bilirəm!” .(Muminun, 23/51)
Bu ayədə yaxşı əməllərin yerinə yetirilməsi vasitəsilə minnətdarlığın bildirilməsi əmr edilmişdir. Bundan başqa, ayədə nemətlər pak adlandırılmamışdır, çünki Allahın möminlərə istifadə etməyə icazə verdiyi nemətlər özlüyündə pis nəticələrə səbəb olmur və onların imanı isə onları hər hansı haram şeyi istifadə etməkdən çəkindirir.
Şərh olunan ayədə xüsusilə qeyd olunur ki, insan Allaha minnətdar olmadıqda, o, tək Ona ibadət etmir; əgər o, Allaha layiqincə minnətdarlığını bildirirsə, onda hökmən təkcə Ona ibadət etməli və Onun hökmlərini yerinə yetirməlidir. Buradan həm də belə çıxır ki, yemək üçün təmiz və icazə verilmiş ərzağın istifadə edilməsi saleh əməllərin yerinə yetirilməsinə və onların Allah tərəfindən qəbul olunmasına kömək edir. Allahın mərhəməti və səxavətini yada saldıqdan sonra Allaha minnətdarlıq etmək barədə xatırlatmaya gəldikdə isə, buradan belə nəticə çıxır ki, Allaha minnətdarlıq etmək mövcud nemətləri qoruyub saxlamağa və hətta onları çoxaltmağa kömək edir, kafirlik və naşükürlük isə insanı ona bəxş edilmiş nemətlərdən məhrum edir və ona yeni nemətlər əldə etməyə imkan vermir.
(173) “O sizə ölü heyvanı, qanı, donuz ətini və Allahdan başqası üçün kəsiləni haram etmişdir. Hər kəs harama meyl etmədən və həddi aşmadan bunlardan yeməyə məcbur olarsa, bu ona günah hesab edilməz. Həqiqətən, Allah Bağışlayandır, Rəhmlidir”.
Halal nemətləri xatırladıqdan sonra Uca Allah yeyilməsi qadağan olunmuş pis şeylər haqqında xəbər verir. Bunlara aşağıdakılar aiddir: ölü əti, yəni, İslam şəriəti əsasında kəsilməmiş hər hansı heyvanın cəmdəyi. Ölü əti natəmizdir və orqanizmə zərər vurur. Özlüyündə belə çirkin olan bu ət müxtəlif xəstəliklərə səbəb olur. Bu ümumi qadağadan ölmüş çəyirtkə və ölü balıq istisnadır. Bunlar ərzaq kimi təmiz və halaldır.
Haram sayılan ərzaq məhsullarına aid olanlardan biri də kəsilmiş heyvanın damarlarından axan qandır. Şərh etdiyimiz ayənin ümumi mənası Quranın digər ayəsi ilə konkretləşdirilir: “De: “Mənə gələn vəhylər içərisində ölü heyvan, axar qan, murdar sayılan donuz əti və Allahdan başqasının adı ilə kəsilmiş murdar heyvanlardan başqa, ... yeməklər içərisində haram buyurulan bir şey görmürəm...” (Ənam, 6/145).
Daş abidələrə, qəbirlərə və ya digər bütlərə qurban kəsilən heyvanların ətinin yeyilməsi də haramdır. Lakin sadalanan ərzaq – qadağan olunmuş yeganə yeyinti məhsulu deyil. Allah onları ona görə xatırladır ki, bəzi murdar məhsulların növlərini göstərib izah etsin. Ümumiyyətlə isə, bundan əvvəl yuxarıda qeyd olunmuş təmiz və halal olmayan nə varsa, hamısının yeyilməsi qadağan edilmişdir.
Yuxarıda sadalananları və digər murdar məhsulları yeməyi qadağan edərkən Uca Allah insanlara Öz lütfünü göstərmiş və onları o məhsulların zərərindən qorumuşdur. Lakin buna baxmayaraq, əgər insan haram edilmiş məhsuldan uzun sürən aclıq nəticəsində, başqa yeyinti məhsullarının olmaması üzündən və ya məcburiyyət qarşısında yeməli olarsa, bu ona günah sayılmır. Bu zaman, halal şeylər yemək imkanı yarandıqda və ya aclığa dözə bildikdə, haram məhsulu yeməyə həvəs göstərməməli, keçinəcəyini təmin etmək üçün kifayət qədərdən artığını yeməklə həddini aşmamalıdır. Belə hallarda haram məhsulların yeyilməsinə görə məsuliyyət insandan götürülür və burada əsas nəzərə alınan Allahın zəruri miqdarda yeyib-içmək haqqında ilkin hökmüdür. Bu isə o deməkdir ki, insana öz həyatını təhlükəyə qoymaq və özünü aclıqla ölümə məhkum etmək qadağandır. O, aclığını təmin etməlidir, əgər o, özünü ölüncəyə qədər ac saxlayarsa, günah işlətmiş olar ki, bu da intihara bərabərdir.
Ən zəruri hallarda haram məhsulların yeyilməsinə icazə verilməsi Uca Allahın Öz qullarına bəslədiyi rəhmindən irəli gəlmişdir və buna görə də Allah bu ayəsini, ayələrin mətninə tamamilə uyğun gələn Öz iki gözəl adı ilə bitirir.
Nəzərə alaraq ki, haram məhsullardan yeməyə icazə verilməsi Allahın Bağışlayan və Rəhmli sifətləri ilə sıx bağlıdır və nəzərə alaraq ki, böhranlı anlarda, xüsusilə, mürəkkəb şərait onu çətinliyə saldıqda insan heç də həmişə bu şəraiti layiqincə dəyərləndirə bilmir, Uca Allah bildirir ki, O, belə şəraitdə səhvə yol verən qullarını bağışlayır.
Bu ayədən çıxan məlum bir qaydaya görə, ən zəruri hallarda bir sıra qadağan olunmuş haram əməllər halal sayılır. Mərhəmətli Allah ən zəruri hallarda insanlara hər hansı qadağan olunmuş hərəkətlər etməyə icazə verir. Hər şeydən əvvəl və hər şeyin sonunda zahirdə də, batində də həmd Ona məxsusdur!
(174) “Şübhəsiz ki, Allahın nazil etdiyi Kitabda olanları gizli saxlayanlar və bununla cüzi miqdarda pul əldə edənlər öz qarınlarına oddan başqa bir şey doldurmurlar. Qiyamət günü Allah onları danışdırmaz və onları təmizə çıxarmaz. Onlar üçün üzücü bir əzab vardır”.
Bu sərt hədə Allahın Öz elçilərinə nazil etdiyi bilikləri gizlədənlərə ünvanlanmışdır. Allah onlarla əhd bağlamışdır ki, insanlara həqiqəti izah etsinlər və vəhyi gizlətməsinlər və əgər onlar bu həqiqəti kənara qoyub, onu keçici maddi nemətlərə dəyişərlərsə, onda qarınlarını odla doldurmuş olarlar. Belə maddi nemətlər ən yaramaz üsullarla, ən qorxunc cinayətlər nəticəsində qazanılır və Allahın intiqamı törədilmiş cinayətlərin növünə həmişə uyğun gəlir.
Qiyamət günü başlandıqda isə, Allah onları dindirməyəcək və qəzəb içində Üzünü onlardan döndərəcək və Allahın bu münasibəti onlar üçün Cəhənnəm cəzasından daha dəhşətli olacaq. Allah onları təmizləməyəcək və onları yaramaz əxlaqdan xilas etməyəcək, onların qəlbində elə bir əməl olmayacaq ki, tərifə və mükafata layiq olsun. Onlar təmizlənməyəcəklər, çünki onlar elə bir əməl etməyiblər ki, buna yol verilsin. O əməllərin ən vacibi Allahın Kitabını rəhbər tutmaq, onun hökmlərini yerinə yetirmək və buna başqalarını dəvət etməkdir.
175) “Onlar doğru yolun əvəzinə azğınlığı, bağışlanmanın isə əvəzinə əzabı satın alan şəxslərdir. Onlar Cəhənnəm oduna necə də səbirlidirlər!”
Onlar Allahın Kitabını arxalarına atıb ondan üz döndərdilər. Onlar azğınlığı haqdan üstün, cəzanısa bağışlanmadan üstün tutdular. Onlar Cəhənnəm odundan başqa heç nəyə layiq deyillər, amma onlar bu cəzaya dözə biləcəklərmi? Onların buna səbri çatacaqmı?!!
(176) “Bu ona görədir ki, Allah Kitabı haqq olaraq nazil etmişdir. Kitab barəsində ixtilaf edənlər isə, əlbəttə, haqdan uzaq bir ziddiyyət içindədirlər”.
Allah haqlı olaraq, doğru yolla getməkdən boyun qaçıraraq azğınlığa üstünlük verənləri həqiqi rəhbərlikdən məhrum edir. Budur Allahın çıxdığı əvəz və bu onunla izah olunur ki, Allah Öz Kitabını gerçək bir həqiqət kimi nazil etmişdir. Həqiqət bir rəhbərlik kimi qəbul edilərsə, mömin xeyirli mükafat almalı, yaramaz isə qəddar intiqama məruz qalmalıdır.
Müqəddəs Kitabın gerçək həqiqət kimi nazil edilməsi haqqındakı bu ayə ona dəlalət edir ki, Allah onu, insanları doğru yola gətirmək, həqiqətlə yalan arasında və doğru yolla azğınlıq arasında fərq qoymaq üçün nazil etmişdir. Əgər insan bu Kitabın mahiyyətini təhrif edirsə, o, ən sərt cəzaya layiqdir. Əgər o, bu Kitab haqqında mübahisə edərək, Vəhyin bir hissəsini qəbul edir və digər hissəsinə inanmaqdan boyun qaçırırsa və ya onun əsil mahiyyətini öz istəklərinə uyğun təhrif edirsə, onda o, həqiqətlə tam mənada razılaşmır.
Belə insanlar həqiqətdən ibarət olan Kitaba müqavimət göstərir, halbuki məhz həqiqət onları onunla razılaşmağa və ona qarşı çıxmamağa borclu edir. Bunun nəticəsində onlar təşvişə düşür və aralarında parçalanma baş verir. Onların taleyi həqiqi Kitab əhlinin qismətindən fərqlənir, sonuncular ona tam iman gətirmişlər və onu həyatın bütün halları üçün öz qanunu etmişlər. Kitab onları birləşdirmişdir və onun sayəsində onlar məhəbbət və razılıq içində yaşayırlar.
Bu ayələr Allahın Kəlamını insanlardan gizlədənlərə qarşı qorxunc bir xəbərdarlıqdır, çünki onlar fani dünya nemətlərini üstün tutaraq Allahın qəzəbini və cəzasını satın alırlar. Allah belə insanların qəlbini günahlardan təmizləmir, onları yaxşı işlər görməyə ruhlandırmır və onların günahlarını da onlara bağışlamır. Bunun səbəbi ondadır ki, onlar azğınlığı haqq yoldan üstün hesab edirlər və buradan da onların, Allahın bağışlamasını cəzası ilə mübadilə etməyə hazır olmaları nəticəsi çıxır. Allah bunu xatırlatdıqdan sonra təəccübünü bildirir ki, kafirlər, onları cəzalandırılmağa məhkum edən cinayətləri şüurlu surətdə törədərək, Cəhənnəm oduna düşmək təhlükəsinə belə səbirlə və sakitcəsinə yanaşırlar. Bundan sonra Allah xəbər verir ki, Müqəddəs Kitab insanları onunla razılaşmağı zəruri edən və onları ixtilaflardan çəkindirən gerçək biliklərdən ibarətdir və bu Kitaba ancaq günahkarlar etiraz edirlər, çünki onlar həqiqətdən sonsuzluğadək uzaqdırlar və onunla düşmənçilik etməyə həmişə hazırdırlar. Bu barədə ən yaxşı bilən Allahdır.
(177) “Yaxşı əməl üzünüzü məşriqə və məğribə tərəf çevirməyiniz deyildir. Lakin yaxşı əməl sahibləri Allaha, Axirət gününə, mələklərə, kitablara, peyğəmbərlərə iman gətirən, sevdiyi malı qohum-əqrəbaya, yetimlərə, kasıblara, müsafirlərə, dilənənlərə və kölələrin azad edilməsinə sərf edən, namaz qılıb zəkat verən, əhd bağladıqda əhdlərini yerinə yetirən, sıxıntı və xəstəlik üz verdikdə, habelə döyüşdə səbir edən şəxslərdir. Onlar imanlarında doğru olanlardır. Müttəqi olanlar da məhz onlardır”.
Qulların etiqadına görə yerinə yetirməli olduqları yaxşı əməllər onların üzlərini şərqə və ya qərbə tərəf çevirmələrində deyil. Bu üsulla onlar həqiqəti çox axtara və bir-biriləri ilə mübahisələr edə bilərlər, ancaq bu onlara yorğunluqdan başqa bir şey gətirməz və sonradan isə didişmələr və ziddiyyətlər törədər. Bu Quran ifadəsi Peyğəmbərin (s.ə.s.) aşağıdakı hədisinə bənzərdir: “Güclü olan, kimisə yerə yıxa bilən deyil, qəzəbləndiyi zaman özünü ələ ala biləndir”. Buna oxşar digər hədislər də mövcuddur.
Mömin insan, bütün kamil sifətlərə malik olan, nöqsanları və qüsuru olmayan Vahid Allaha iman gətirmiş, Allahın Öz Kitabında və Peyğəmbərinin (s.ə.s.) hədislərində təsvir edilmiş Qiyamət gününə və ölümdən sonra baş verəcək bütün hadisələrə iman gətirmiş, Allahın Öz Kitabında və Peyğəmbərinin (s.ə.s.) hədislərində səciyyələndirilmiş mələklərə iman gətirmiş, Allahın Öz elçilərinə nazil etdiyi Səmavi Kitabların, o cümlədən onlardan ən əzəmətlisi olan Müqəddəs Quranın bütün hökm və hekayətlərinə iman gətirmiş, bütövlükdə bütün peyğəmbərlərə və, xüsusilə, Allahın peyğəmbərlərinin ən layiqlisi olan Muhəmməd Peyğəmbərə (s.ə.s.) iman gətirmiş şəxsdir.
Bununla yanaşı mömin adam öz sevdiyi malından sədəqə verməlidir. Mal dedikdə, burada az və ya çoxluğundan asılı olmayaraq istənilən mülkiyyət nəzərdə tutulur. Bu ayədən həm də belə bir nəticə çıxır ki, var-dövlətə bəslənən məhəbbət hər bir insana o dərəcədə xasdır ki, Allahın qulu heç vaxt ondan ayrılmağa hazır olmur. Əgər o, öz malından Uca Allaha yaxınlaşmaq məqsədilə sədəqə verirsə, bu onun, dünyəvi var-dövlətə sevgisindən asılı olmayaraq, imanına dəlalət edir.
İnsan sədəqə verəndə, var-dövlətə olan sevgisinə baxmayaraq, tamamilə sağlam olduğu halda, öz malından əl çəkir, lakin cüzi bir imkana malik olduqda varlanmaq arzusunda olur və kasıblıqdan ehtiyat edir.
Ən yaxşı sədəqələrdən biri kasıbın sədəqəsidir, çünki belə vəziyyətdə insan tamamilə dilənçi gününə düşməkdən qorxaraq malından ayrılmaq istəmir. Eyni şeyi, özünün ən yaxşı malını və ya ona əziz və qiymətli olan şeyi sədəqə verən adan haqqında da demək olar. Bu barədə Uca Allah buyurur: “Sevdiyiniz şeylərdən Allah yolunda xərcləməyincə xeyrə nail olmayacaqsınız. Sizin nə xərclədiyinizi, şübhəsiz ki, Allah bilir” (Ali-İmran, 3/92). Bütün bu sadalanan hallar insanın öz malına olan bağlılığına baxmayaraq, ondan ayrılmaqla verdiyi sədəqələrdir.
Sonra Uca Allah kimin sədəqə almağa haqqı olması, yaxşı və yumşaq davranılmaya daha çox kimin layiq olması barədə xəbər verir.
Sədəqə almağa qohumların haqqı var, çünki insan onların başına bir iş gəldikdə narahat olur, onlar xoşbəxt yaşadıqda isə sevinir. Qohumlar həmişə bir-birilərinə kömək edir, əlaqə saxlayırlar və buna görə də, ən layiqli addım – qohumlara, onların yaxınlığını və ehtiyacını nəzərə alaraq, maddi və mənəvi yardım göstərməkdir.
Sədəqə almağa həmçinin qazanc gətirənləri olmayan və müstəqil surətdə özlərini təmin edə bilməyən yetimlərin haqqı vardır. Bu hökm Uca Allahın Öz qullarına bəslədiyi mərhəmətin təcəssümüdür və Uca Rəbbin Öz qullarına, valideynlərin öz övladlarına etdiklərindən, daha çox rəhm etməsinin sübutudur. Allah Öz qullarına əhd nazil etmişdir və buyurmuşdur ki, valideyndən məhrum olanlara, doğma valideyni olan uşaqlar kimi ehtiyac hiss etməməkləri üçün, maddi yardım göstərsinlər. Allahın verəcəyi əvəzin həmişə edilən əməllərin növünə uyğun gəldiyini nəzərə almaqla, əgər insan yad bir yetimə mərhəmət göstərirsə, onda Allah da, onun övladı yetim qalarsa, ona mərhəmətini göstərər.
Sədəqə almağa kasıbların da haqqı var. Ehtiyac onları aciz və çarəsiz edir. Varlı və təmin olunmuş insanlar onlara qayğı göstərməlidirlər ki, onlar öz ehtiyaclarını tam və ya qismən təmin edə bilsinlər, özü də öz imkanlarına uyğun olaraq yardım etməlidirlər.
Özgə ölkəyə gəlib maddi vəsaitdən məhrum olan müsafirlərin də sədəqə almağa haqqı vardır. Allah Öz qullarını onları zəruri olan hər şeylə təmin etməyə çağırır ki, onlar öz səyahətini davam etdirə bilsinlər, axı çox vaxt səfərə çıxanlar ehtiyac içində olur və böyük məsrəflər çəkməyə məcbur qalırlar.
Sədəqə almağa həmçinin yardım haqqında xahiş etməyə məcbur olanların da haqqı var. Bunlar o şəxslərdir ki, törətdikləri cinayət üçün onlar fidyə verməli və ya dövlətə vergi ödəməlidirlər. Bunlar məscidlərin, mədrəsələrin, məktəblərin, körpülərin, bəndlərin və ya bütün cəmiyyətə xeyir verən digər tikililərin inşaası üçün vəsait toplayanlar ola bilər. Belə adamlar varlı və təmin edilmiş olsalar da, onların yardım almaq haqqı vardır.
Sədəqə kölələrin azad edilməsinə də sərf olunur. Bu, kölənin satın alınaraq sonradan köləlikdən azad edilməsi üçün və yaxud öz sahibi ilə azad edilməsinin fidyə məbləğini müəyyənləşdirmiş köləyə və yaxud da kafirin əsir götürdüyü və ya ədalətsiz hakim tərəfindən həbsə salınmış müsəlmanı azad etmək üçün sədəqə verilə bilər.
Bununla yanaşı, mömin adam namaz qılmalı və zəkat verməlidir. Biz dəfələrlə demişik ki, Allah namazı zəkatla bərabər xatırladır, çünki bu, ibadətin ən layiqli ayinlərindəndir və Allaha yaxınlaşmanın ən yaxşı üsuludur. Bu ibadət ayinləri Allaha qəlblə, bədənlə və mal-mülkü ilə yerinə yetirilən ibadət növlərini birləşdirir. Onlar imanın meyarıdır və həqiqi möminləri böyük dəqiqliklə müəyyən edir.
Mömin insan həmçinin öz vəzifələrini də yerinə yetirməlidir. Bu, Allahın ona həvalə etdiyi vəzifələrə və həm də insanın özünün götürdüyü öhdəliklərə aiddir. Söhbət insanın Rəbbi qarşısındakı vəzifələrindən gedir. Çünki Uca Allah Öz qullarına bu vəzifələri yerinə yetirməyi əmr etmişdir və onlar da onu layiqincə yerinə yetirməyə söz vermişlər. Onlar Allahla əhd bağlamışlar və ona sadiq qalmalıdırlar. Söhbət həm də insanın başqa qullar qarşısında öhdəliklərindən gedir. Bu vəzifələr Allahın qoyduğu hökmlərindən və habelə insanın öz üzərinə götürdüyü andlardan, vədlərdən və digər öhdəliklərdən ibarətdir.
Dindar insan ehtiyac içində olduqda səbir etməlidir. Ehtiyacı olan insan səbir etməyə hərtərəfli kəskin ehtiyac duyur, çünki o, başqalarının qismətinə düşməyən mənəvi və fiziki ağrılara daima dözməli olur.
O, imkanlı insanların ləzzət aldığı nemətlərdən həzz ala bilmədikdə, o və onun uşaqları ac olduqda əziyyət çəkir. O, istədiyini yeməyə imkan tapa bilmədikdə, libasdan məhrum olub, demək olar ki, lüt qaldıqda əziyyət çəkir. O özünün gələcəyi haqqında düşünəndə və ona hazırlaşanda əziyyət çəkir. O, soyuqdan qoruna bilmədikdə əziyyət çəkir. Bu və buna bənzər sınaqlar ehtiyac içində olan insanı səbirli olmağa və Allahın onu mükafatlandıracağına ümid etməyə yönəldir.
Mömin şəxs müxtəlif xəstəliklər keçirdiyi vaxtlarda da səbirli olmalıdır. O, qızdırmaya tutulduqda və ya mədə xorasına mübtəla olduqda, əgər o, bağırsaq pozuntusundan əzab çəkirsə və ya orqanlarının birində bərk ağrılar hiss edirsə, hətta dişinin sızıltısı və ya barmağının ağrısı ona əziyyət verirsə də, yenə onun səbirli olmağa ehtiyacı var, çünki onun bədəni göynəyir və ruhu zəifləyir. Hər hansı xəstəlik insanın qəlbi üçün güclü sınaqdır, xüsusilə o uzun müddət davam etdikdə və buna görə belə hallarda müsəlmanlara səbir etmək və səbrinə görə Allahın onu mükafatlandıracağına ümid bəsləmək hökmü verilmişdir.
Mömin insan vuruşmaq əmri aldığı düşmənlə döyüş zamanı da səbirlilik göstərməlidir. İnsanlara döyüş əməliyyatlarında iştirak etmək çox çətindir, çünki döyüşlər həmişə yaralanma və ya əsir götürülməklə bağlı olduğu üçün onlara olduqca böyük narahatçılıqlar törədir. Buna görə döyüşçülər səbirli olmağa ehtiyac duyurlar və Allahın mükafatlandıracağına bel bağlamalıdırlar. Bunun bir hissəsi, səbirli qullara vəd edilmiş qələbə və yardımdır.
Əgər insan qeyd olunan bu gözəl keyfiyyətləri öz dini etiqadına çevirirsə, əgər o, yuxarıda xatırlanın və hər biri haqq dinin nəticəsi, dəlili və işığı olan saleh əməlləri həyata keçirirsə və əgər o, insanı və onun əxlaqi simasını zinətləndirən sadaladığımız əxlaqi keyfiyyətlərə malikdirsə, onda həmin əməllər və keyfiyyətlər vasitəsilə o, öz dininin doğruluğunu sübuta yetirir. Belə insan təqvalı müsəlmandır və onun təqvalılığı özünü qadağan olunmuş əməllərdən çəkinməsində və Allahın hökmlərini yerinə yetirməsində göstərir.
Bu ayədə xatırlanan əməllər tamamilə bütün saleh əməlləri əhatə edir. Təkcə onu demək kifayətdir ki, bu öhdəliklərin yerinə yetirilməsi dinin bütün hökmlərini özündə əks etdirir və əgər insan onları müntəzəm olaraq layiqincə icra edirsə, onda onun bütün əməllərini düzgün hesab etmək olar. Məhz belə keyfiyyətlərə malik olanlar mömin, həqiqətpərəst və təqvalı müsəlmanlardır. Tamamilə aydındır ki, möminliyinə, doğruçuluğuna və təqvalılığına görə insan həm bu dünyada və həm də ölümündən sonra çox böyük əcrə nail olur. Lakin bu təltifləndirmə haqqında bu ayənin şərhində müfəssəl təsvir etmək yerinə düşmür.
(178) “Ey iman gətirənlər! Öldürülənlərə görə qisas almaq sizə vacib edildi. Azad kəsə görə azad olandan, köləyə görə kölədən, qadına görə qadından qisas alın! Əgər qatil qardaşı (ölənin varisləri) tərəfindən (qanbahası müqabilində) bir şeylə əfv edilsə, onda insafla davranmalı və qanbahası ona müvafiq qaydada ödənilməlidir. Bu, Rəbbiniz tərəfindən bir yüngülləşdirmə və mərhəmətdir. Bundan sonra kim həddi aşsa, onun üçün üzücü bir əzab vardır”.
Burada Uca Allah öldürülənlərə görə ədalətli qisas alma hökmündən ibarət olan mərhəmətini mömin qullarının yadına salır. Bu o deməkdir ki, qatili, o, öz qurbanını öldürdüyü kimi, ədalətin bərpası naminə, onu da eynilə edam etməyə icazə verilir.
Bu hökm bütün möminlərə yönəldilmişdir və bundan belə çıxır ki, onlar hamısı, o cümlədən qatilin qohumları və qatilin özü öldürülənin varisinə, əgər o, əvəz almaq istəyərsə, qatildən qisas almağa kömək göstərməlidirlər. Heç kimin ədalətin bərpa edilməsinə maneçilik törədilməsinə və öldürülənin varisinə onun ölümünə görə qatildən əvəz çıxmasına, cahillik dövrünün cinayətkarlara və bidətçilərə sığınacaq verib gizlədən müşriklərinin və onlara bənzər digərlərinin etdiyi kimi, mane olmağa haqqı yoxdur.
Sonra Uca Allah əvəz çıxma haqqında hökmü daha ətraflı izah edir. Azad adamın öldürülməsinə görə azad adamı öldürmək olar, kişini və ya qadını öldürdüyünə görə kişini, qadını və ya kişini öldürdüyünə görə qadını öldürmək olar. Bu ayənin mətni belədir və burada çıxarılan ilkin nəticələrə deyil, ayənin mətninə üstünlük verilməlidir. İlk baxışda ayədən belə rəy hasil olur ki, qadının öldürülməsinə görə ancaq qadını öldürmək olar, lakin səhih hədislərdən məlum olduğuna görə, kişini də qadının öldürülməsinə görə öldürmək olar.
Bu hökmün ümumi mənasından istisna olanlar: valideynlər, babalar və yüksələn xətlə digər birbaşa qohumlardır. Onlar öz uşaqlarının qatilliyinə görə cəzalandırılmırlar. Bu da səhih hədislərlə təsdiq edilir. Lakin bu, şərh etdiyimiz ayənin mənası ilə ziddiyyət təşkil etmir, çünki onda ədalətlə qisas almaq hökmü əks olunmuşdur, halbuki valideynlərin uşağın öldürülməsinə görə edam edilməsi ədalətsizlikdir. Valideynlərin qəlbi həmişə öz uşaqlarına qarşı mərhəmət və rəhmlə dolu olduğu üçün onların doğmalıq hissiyyatı heç vaxt onlara yol verməz ki, uşaqlarını həyatdan məhrum etsinlər, əlbəttə, bir şərtlə ki, onlar ağıllarını itirməmiş olsunlar və ya uşaq onlara olduqca ağır əziyyətlər vermiş olmasın.
Bu ümumi hökmdən bir istisna da kafirin müsəlman tərəfindən öldürülməsinə görə qisasın nəzərdə tutulmamasıdır. Bu istisna səhih hədislərlə təsdiq edilir. Bu həm də şərh etdiyimiz ayənin mənasına zidd deyil, çünki o, ancaq möminlərə aiddir. Bundan başqa, Allahın düşməninin öldürülməsinə görə müttəqi qulun edam edilməsi ədalətsizlik olardı.
Kölələrə gəldikdə isə, onların öldürülməsinə görə, onların cinsindən və dəyərindən asılı olmayaraq, ancaq kölələri öldürmək olar. Bu ayənin mənasından çıxan nəticə belədir ki, azad insanı kölənin qətl edilməsinə görə öldürmək olmaz, çünki onlar müxtəlif hüquqlara malikdirlər. Qeyd etmək lazımdır ki, bir sıra şəriət alimləri bu ayəyə istinad edərək belə bir nəticəyə gəliblər ki, kişini də qadının qətl edilməsinə görə öldürmək olmaz. Amma öncə biz qeyd etmişdik ki, bu nəticə - yanlış nəticədir.
Ayədən çıxan bir nəticə də belədir ki, qətlə görə qisas alınması haqqında hökm əsasdır, lakin qatilin edam edilməsi qanbahası alınması ilə dəyişdirilə bilər. Əgər öldürülənin varisi və ya onun bəzi qohumları qatili bağışlamağa və qanbahası almağa razılıq versələr, onda qatili edam etmək olmaz və o, öldürülənin qohumlarına əvəz ödəməyə borcludur.
Öldürülənin varisi qatili bağışladıqda ədalətli davranmalı, onu yerinə yetirə bilməyəcəyi öhdəliklə yükləməməlidir. O, fidyə tələb edərkən alicənablıq göstərməli və qatili çıxılmaz vəziyyətə salmamalıdır. Qatil isə ödəniş müddətini uzatmamalı, fidyənin miqdarını aşağı salmamalı, öldürülənin varisini sözü və əməli ilə incitməməlidir. Bağışlanmaya görə minnətdarlıq – fidyənin layiqincə ödənilməsi ilə olmalıdır.
Bu, insanın başqaları qarşısında məsuliyyət daşıdığı bütün hallara aiddir. Ona vurulmuş zərərin ödənilməsinə haqqı olan şəxs haqqını insafla tələb etməlidir, zərəri ödəyən isə öz borcunu layiqincə yerinə yetirməlidir.
Uca Allah xüsusilə qeyd edir ki, öldürülənin varisi və qatil qardaşdırlar və bununla da öldürülənin qohumlarını qatili əfv etməyə və fidyə verməyə razılaşmağa dəvət edir. Ən yaxşısı isə, heç bir əvəz tələb etmədən onlar törədilmiş cinayəti bağışlayırlar. Burada “qardaşlıq” ifadəsi altında möminlərin qardaşlığı nəzərdə tutulur və məlum olur ki, bu halda qatil dindən çıxmır və iman sahibi olan müsəlmanlar üçün qardaş olaraq qalır. Bu isə o deməkdir ki, kafirlik səviyyəsinə qalxmayan bütün günahların törədilməsi insanı dindən çıxartmır, amma imanını zəiflədir.
Buradan belə bir nəticə çıxır ki, öldürülənin varisi və ya onun bəzi qohumları qatili bağışladıqda, onun həyatı təhlükəsizlik haqqına malik olur və heç kimin ona qəsd etmək, toxunmaq ixtiyarı olmur. Qatil bağışlandıqdan sonra kimsə onun həyatına qəsd edərsə, o, Axirət günü əzabverici cəzaya məruz qalacaqdır. Bu dünyada isə öldürülən qatilin qohumları onu öldürəndən əvəz tələb edə bilərlər, çünki o, fidyə verməyə razılaşmış insanı öldürmüşdür. Bu isə, öldürənin edama layiq olması deməkdir.
Bəzi şəriət alimləri hesab edirdilər ki, “əzabverici cəza” dedikdə, məhz edam nəzərdə tutulur. Belə bir şərhdən aydın olur ki, əgər insan bağışlanmış qatili öldürırsə, o hökmən edam edilməlidir və bağışlana bilməz. Lakin birinci şərh daha doğrudur, çünki onun törətdiyi cinayət adi qətldən ağır deyldir.
(179) “Qisasda sizin üçün həyat (əmin-amanlıq) vardır, ey ağıl sahibləri! Bəlkə Allahdan qorxasınız”.
Uca Allah izah edir ki, qisas alma haqqında hökm insanlara böyük fayda verir. O, çoxlarının həyatını xilas edir və bədbəxtləri cinayət törətməkdən çəkindirir, çünki cinayətkar qatilin edam cəzasına məhkum edildiyini bildikdə, o, belə bir cinayət törətməz və əgər qatili başqalarının gözü qarşısında edam etsələr, onda onların çoxu bundan qorxmağa başlayırlar və cinayətlərdən çəkinirlər. Əgər qətl edamla cəzalandırılmırsa, onda cəmiyyət qatillərin törətdiyi bəlanın qarşısını ala bilmir.
Bu, şəriət cəzalarının digər növlərinə də aiddir və onlar nəinki cinayətkarlardan alınan qisas rolunu oynayır, habelə belə oxşar cinayətlərin təkrarlanmasının qarşısını alaraq, Ən Müdrik və Hərşeyibağışlayan Rəbbin hikmətinə dəlalət edir.
Qeyd edilməlidir ki, ayədəki “həyat” sözü qeyri-müəyyən haldadır və nazil edilmiş hökmün vacibliyini və onun böyük faydasını xüsusilə vurğulayır. Lakin bunu layiqincə dərk etmək böyük ağıla və sağlam düşüncəyə malik insanların nəsibidir və buna görə də bu ayə məhz ağıl sahiblərinə yönəldilmiş müraciətdir. Bundan aydın olur ki, Uca Allah Öz qullarının dini hökmlərdə və qanunlarda əks olunmuş hikmət üzərində düşünmələrini istəyir, çünki onlara gətirilən çox böyük fayda Allahın ilahi kamilliyinin, Onun hüdudsuz müdrikliyinin, şöhrətinin, mütləq ədalətinin və hərşeyiəhatəedən rəhminin sübutudur. İnsan bunların üzərində düşünərsə, o, ağıl sahibi adlandırılmağa layiqdir, axı, ağalar Ağası məhz belə insanlara müraciət edir. Təkcə bu, ağıllı və düşünən insanların üstünlüyünü və əzəmətini vurğulamaq üçün kifayətdir.
Rəbb birbaşa onlara təqvalı olmaları üçün müraciət edir, axı insan öz Rəbbini dərk edəndə böyük sirləri, ecazkar müdrikliyi, Allahın dinini və ilahi qanunvericiliyinin kəramətli ayələrini başa düşür və bu onu Allahın iradəsinə tabe olmağa, günahlardan çəkinməyə və itaətsizlikdən qorunmağa məcbur edir. Əgər o, həqiqətən belə davrandıqda, haqlı olaraq müttəqi qullardan birinə çevrilir.
(180) “Sizlərdən birinə ölüm gəldiyi zaman qoyub gedəcəyi varidatdan müvafiq qaydada valideynlərə və yaxın qohumlara vəsiyyət etməsi ona vacib edilmişdir. Bu, müttəqilər üçün bir borcdur”.
Ey möminlər! Əgər siz ölümün yaxınlaşmasını hiss edirsinizsə, əgər sizi ölümcül xəstəlik və ya ciddi təhlükə həyatınızı qorxu altına alırsa və əgər var-dövlətiniz kifayət qədər çoxdursa, siz öz valideynlərinizin və yaxınlarınızın xeyrinə onların vəziyyətini və tələbatını nəzərə almaqla ədalətli vəsiyyətnamə hazırlamağa borclusunuz. Siz ifrata yol verərək, yaxınlarınıza laqeyd yanaşıb, təkcə uzaq qohumlarınızın xeyrinə vəsiyyətnamə tərtib etməyin. Əksinə, siz onların hər birinin tələbatını və qohumluq dərəcəsini nəzərə almalısınız. Bu, Allahdan qorxan iman sahiblərinin vəzifəsidir!
Son ifadə göstərir ki, valideynlərin və yaxın qohumların xeyrinə vəsiyyətnamə tərtib edilməsi vacibdir. Bundan əlavə, Allah bunu müttəqiliyin vacib şərtlərindən biri etmişdir.
Bilmək lazımdır ki, Quranın əksər təfsirçiləri hesab edirlər ki, bu ayə, irsin bölüşdürülməsi haqqında sonradan nazil olan ayə ilə ləğv edilmişdir, hərçənd bəzi şəriət alimləri bu hökmün ancaq valideynlərin və vərəsə olmayan yaxın qohumların xeyrinə yazılmış vəsiyyətnaməyə aid olduğunu bildirirlər. Lakin müqəddəs mətnlərdən heç birində şərh etdiyimiz ayə bu qaydada konkretləşdirilmir və buna görə, ən səhih rəyə uyğun olaraq, Uca Allah əvvəlcə mirası, qəbul olunmuş adət-ənənəyə görə, bütövlükdə valideynlərə və ən yaxın qohumlara vəsiyyət etməyi əmr etmişdir, sonra isə valideynlər və haqqı olan digər qohumlar üçün irsin müəyyən hissəsini təyin etmişdir. Bu hökm, ümumi məna daşıyan ayədən sonra, nazil edilmiş mirasın bölünməsi haqqında ayədə təfərrüatı ilə izah olunmuşdur. Beləliklə, şərh etdiyimiz ayə müxtəlif səbəblərə görə varislik hüququndan məhrum edilmiş valideynlərin və digər qohumların xeyrinə vəsiyyətlə bağlı öz qüvvəsini saxlayır. İnsan belə qohumlarının xeyrinə vəsiyyət etməlidir, çünki onlar onun xeyirxah münasibətinə başqalarından daha çox layiqdirlər. Bu müddəanı bütün müsəlmanlar tamamilə təsdiq edirlər və o, iki əvvəlki şərhi birləşdirməyə kömək edir, çünki onlardan hər biri ayrı-ayrı nəticələrə istinad edir və müqəddəs mətnlər arasında fərq qoyur. Sonuncu rəy müqəddəs mətnlər arasında hədd çəkmir və Quran ayələrinin birləşdirilməsinə imkan verir və əlbəttə, heç bir səhih dəlilə əsaslanmadan onlardan birinin ləğv olunmasını iddia etməkdənsə, mətnləri birləşdirmək baxımından, həmişə yaxşıdır.
(181) “Kim ölənin vəsiyyətini eşitdikdən sonra onu dəyişdirsə, günahı ancaq onu dəyişdirənlərin üzərinə düşər. Şübhəsiz ki, Allah Eşidəndir, Biləndir!”
Vəsiyyət edən öldükdən sonra qəyyumunun vəsiyyətnaməsini dəyişəcəyindən ehtiyat etdikdə, belə ehtiyatkarlıq onu vəsiyyət etməkdən çəkindirə bilər deyə, Uca Allah bəyan edir ki, qəyyum eşidib və onu hansı qaydada həyata keçirmək lazım gəldiyini başa düşdükdən sonra vəsiyyəti dəyişdirərsə, günah, törətdiyi əmələ görə onun üstünə düşəcəkdir, amma vəsiyyət edən öz mükafatını Allahdan alacaqdır.
Allah istənilən səsləri eşidir, vəsiyyətçinin sözlərini də eşidir və onun qəyyum təyin etdiyi şəxsə də nəzarət edir ki, o, ədalətsiz addım atmasın. Allah vəsiyyətçinin niyyətləri və hamisinin atacağı addımları haqqında bilir və əgər o, öz əmlakına düzgün sərəncam çəkməyə səy göstərirsə, onda onun niyyətini gözəl bilən Allah, o, səhv etsə belə, mütləq onu mükafatlandıracaqdır. Bu ayə mirasın bölünməsi həvalə edilmiş himayəçiyə vəsiyyəti təhrif etməməyi barədə ciddi xəbərdarlıqdır, axı Allah onun haqqında məlumata malikdir və onun hərəkətlərinə nəzarət edir, o, Ondan çəkinməlidir!
(182) “Kim də vəsiyyət edənin haqsızlıq etməsindən və ya günah işlətməsindən ehtiyat edib tərəflərin arasını düzəldərsə, ona heç bir günah olmaz. Şübhəsiz ki, Allah Bağışlayandır, Rəhmlidir!”
Bundan əvvəlki ayə ədalətli vəsiyyətə dair hökmdən ibarətdir. Ədalətsiz vəsiyyət isə, tərtib olunması zamanı vəsiyyət edənin özbaşınalıq etməsi və günah işlətməsidir. Bu vaxt tədbirdə iştirak edənlər vəsiyyətçiyə məsləhət görməlidirlər ki, o öz əmlakına daha layiqli və ədalətli qaydada sərəncam çəksin. O, ədalətsizlikdən çəkindirilməlidir. Ədalətsizlik (cənəf) dedikdə, haqdan səhvən uzaqlaşma nəzərdə tutulursa, günah dedikdə, haqdan şüurlu surətdə uzaqlaşma başa düşülməlidir.
Vəsiyyətçi düzgün qərar çıxarmaqdan boyun qaçırarsa, onun təyin etdiyi qəyyumlar onun vəsiyyətini elə təshih etməlidirlər ki, tərəflər razı qalıb bir-biriləri ilə barışsınlar. Eyni zamanda, qəyyumlar varislərə mərhumun ədalətsiz vəsiyyətinin məsuliyyətindən xilas olmaq zəruriyyətini xatırlatmalıdırlar. Belə etdikdə, onlar böyük xeyirxahlıq göstərir və ədalətli vəsiyyəti təhrif edənlərin törətdiyi günaha batmırlar.
Məhz buna görə, sonra Uca Allah yada salır ki, O, insanlara etdikləri səhvi bağışlayır və tövbə edənləri törətdikləri cinayətlərin nəticələrindən xilas edir. O, haqq ilə ona çatacaq şeyin bir hissəsindən öz qardaşının xeyrinə əl çəkənləri bağışlayır, çünki Allah, ətrafındakılara mərhəmət göstərən insanlara, həmişə mərhəmət göstərir. O, ədalətsiz vəsiyyət edən mərhumu da bağışlayır, bir şərtlə ki, onun varisləri mərhumu atdığı yanlış addıma görə məsuliyyətdən xilas etmək məqsədilə, ədaləti bərpa edərək, öz miras paylarının bir hissəsindən başqa qohumlarının xeyrinə əl çəksinlər. O, Öz qullarına Rəhmlidir və onlara da bir-birinə qarşı mərhəmətli və rəhmli olmağı əmr edir.
Bu və bundan əvvəl gələn ayələr qulları vəsiyyət hazırlamağa çağırır və kimin mirasın bir hissəsinə malik olmaq haqqı olduğunu və ədalətli vəsiyyəti təhrif edən himayəçini hansı cəzanın gözlədiyini izah edir.
(183) “Ey iman gətirənlər! Sizdən əvvəlkilərə vacib edildiyi kimi, sizə də oruc tutmaq vacib edildi ki, bəlkə pis əməllərdən çəkinəsiniz”
Ayədə Uca Allah Öz qullarına göstərdiyi mərhəməti olan və onlara nazil etdiyi fərz oruca riayət etmək barədə hökmünü bəyan edir. Bu hökm əvvəlki millətlərə də nazil edilmişdi, çünki oruc bütün zamanlarda insanlara fayda verən əməllər sırasında olmuşdur. Uca Allah müsəlmanları sanki saleh işlər görməkdə və ləyaqətli keyfiyyətlər qazanmaqda digər millətləri ötüb keçməyə səy göstərməyə çağırır və onlara bildirir ki, oruc tutmaq təkcə müsəlmanların payına düşən ağır bir ibadət ayini edilməmişdir.
Sonra Uca Allah möhkəm dini əqidəyə və müttəqiliyə yiyələnməyə yönəldən ən mühüm amillərdən biri olan orucun faydasından bəhs edir, çünki oruc tutan müsəlman Allahın hökmünü yerinə yetirərək haram əməllərdən çəkinir. Oruc bir-neçə səbəbə görə insanın Allahdan qorxmasına müsbət təsir göstərir.
Birincisi, oruc olan adama insanın nəfsinin can atdığı yemək, içmək, cinsi əlaqəyə girmək və başqa əməllərə yol vermək qadağan edilir və əgər o, Allaha yaxınlaşmaq və Onun əcrini qazanmaq ümidi ilə onlardan imtina edirsə, bu onun müttəqiliyinə dəlalət edir.
İkincisi, oruc tutan özünü yadda saxlamağa alışdırır ki, o, həmişə Uca Allahın nəzarəti altındadır. O, nəfsinə xoş gələn və maneəsiz əldə edə biləcəyi ləzzətlərdən şüurlu surətdə imtina edir və o, bunu təkcə Allahın onu müşahidə etdiyinə görə edir.
Üçüncüsü, oruc zamanı şeytanın insan bədənində qanla bərabər hərəkət etdiyi damarlar daralır və onların insana göstərdiyi təsir və onların törətdiyi günahların sayı azalır.
Dördüncüsü, oruc zamanı insan həmişə daha çox xeyirxah əməllər etməyə can atır, əslində elə məhz bu hərəkətlər dindarlığın və təqvalılığın əlamətləridir.
Beşincisi, oruc olan varlı adam aclıq nəticəsində ağrı-acı hiss etdikdə kasıblara və imkansızlara daha fəal yardım etməyə başlayır ki, bu da dindarlığın və təqvalılığın əlamətləridir.
(184) “Müəyyən sayda olan günləri oruc tutmalısınız. Sizlərdən xəstə və ya səfərdə olanlar başqa günlərdə eyni sayda oruc tutmalıdırlar. Buna taqəti olmayanlar isə (buraxdığı hər günün əvəzinə) bir kasıbı yedirtməklə fidyə verməlidirlər. Kim könüllü olaraq yaxşılıq etsə, bu onun üçün daha xeyirli olar. Biləsiniz ki, sizə oruc tutmaq daha xeyirlidir”.
Oruca riayət etməyin vacib bir hökm olduğunu xatırladıqdan sonra, Uca Allah bildirir ki, müsəlmanın orucu qısa və yüngüldür. Bundan başqa, Allah Öz qullarının işini yüngülləşdirərək, xəstələrə və səfərdə olanlara buraxdıqları orucu başqa günlərdə tutmağa yol vermişdir. Xəstəlik və uzaq yola çıxmaq, adətən, insanlar üçün çoxlu çətinliklər törədir və buna görə Allah belə hallarda orucu pozmağa icazə verir. Lakin oruc hər bir mömin üçün olduqca xeyirli ayindir və buna görə Allah, xəstəlik qurtarandan və səfərdən qayıdandan və habelə insan rahat həyata başladıqdan sonra, buraxılmış oruc günlərinin əvəzini tutmağı əmr etmişdir.
Az sayda günlərin xatırlanması ona dəlalət edir ki, müsəlman buraxdığı oruc günlərini əvəz edərkən, ramazan ayında ötürdüyü günlərin sayına bərabər günlər qədər oruc tutmalıdır və eyni zamanda, buraxılmış yarım gün əvəzinə bütöv bir gün oruc olmalıdır. Əvəz edərkən buraxılmış qısa və soyuq gün əvəzinə, bir uzun və isti hava günü və əksinə, oruc tutulmasına icazə verilir.
Sonra Uca Allah oruc tutulmasının əvəzinə hər buraxılmış gün üçün bir kasıbı yedirtməyə imkan vermişdir. Bu hökm, Uca Allah oruc tutmaq hökmünü nazil etməyə başladığı vaxtlarda verilmişdi və qısa müddət qüvvədə qalmışdı. Oruc tutmaq müsəlmanlar üçün o dərəcə də adət edilməyən bir şey idi ki, qəti şəkildə oruc tutmaq hökmü onların çoxu üçün ağır ola bilərdi və buna görə də Müdrik Allah Öz qullarını tədricən daha ağır şərtləri olan ehkamların yerinə yetirilməsi üçün hazırlayırdı və onlara oruc tutmaqla kasıbı yedirtmək arasında müstəqil seçim etməyə yol vermişdi. Eyni zamanda Allah oruc tutmağın müsəlmanlar üçün daha xeyirli olduğunu vurğulayırdı. Sonradan O, oruc tutmağa qabil olan hər kəsin hökmən oruca riayət etməsini əmr etdi və müvəqqəti çətinlik çəkənlərə isə orucu pozmağa və buraxılan günləri əvəz etməyə icazə verdi.
Belə bir rəy mövcuddur ki, bu ayə ancaq yaşlı qocalara və orucluğun ağırlığına dözməyə qabil olmayan insanlara şamil edilir. Belə adamlar buraxılan orucun bağışlanmasının əvəzi kimi, hər buraxılmış gün üçün bir kasıbı yedirtməlidirlər. Bu rəy də səhihdir.
(185) “İnsanlara doğru yolu göstərən, bu yolun və haqqı batildən ayırd edənin açıq-aydın dəlilləri olan Quran ramazan ayında nazil edilmişdir. Sizlərdən bu aya çatan şəxslər həmin ayı oruc tutmalıdırlar. Xəstə və ya səfərdə olanlar isə başqa günlərdə eyni sayda oruc tutmalıdır. Allah sizin üçün çətinlik deyil, asanlıq istəyir. O, istəyir ki, siz müddəti (buraxdığınız günlərin orucunu) tamamlayasınız və sizi doğru yola yönəltdiyinə görə Onu uca tutasınız. Bəlkə şükür edəsiniz”.
Fərz sayılan oruc ramazan ayında tutulan orucdur. Bu əzəmətli ayda Allah insanlara böyük mərhəmət göstərərək, Müqəddəs Quranı nazil etmişdir ki, o, insanlara onların mənəvi və dünyəvi həyatına xeyir gətirən hər şeyə yol göstərir, ən asan şəkildə haqqı izah edir və həqiqəti yalandan, doğru yolu sapıqlıqdan, xoşbəxt möminləri bədbəxt günahkarlardan ayırmağa kömək edir. İstənilən ay, əgər o yaxşı məziyyətə malikdirsə və Allah tərəfindən insanlara belə böyük lütf göstərilməsi məqsədilə seçilmişsə, mübarək ibadət ayinlərini icra etməyə və oruc tutulmasına layiq görülə bilər.
Ramazan ayının üstünlüyünü yada saldıqdan və niyə məhz bu ayın fərz oruc tutulması üçün seçildiyini izah etdikdən sonra, Uca Allah oruc tutmağa qabil olan hər bir sağlam və daimi məskunlaşdığı yerdə yaşayan müsəlmana bu ay ərzində məcburi qaydada oruc tutmaq hökmü vermişdir.
Bu ayə ilə orucun tutulması ilə onun əvəzinin ödənilməsi arasında müstəqil seçmək haqqı olan müsəlmanlara dair bundan əvvəlki hökm ləğv edilir və buna görə, Allah, xəstələrə və səfərdəkilərə orucu dayandırmağa və buraxılmış günləri başqa vaxtda oruc tutmaqla əvəz etməyə icazə verdiyini bir daha təkrarlayır. Allah bunu ona görə təkrarlayır ki, xəstələrə və səfərdə olanlara dair hökmün də ləğv olunması barədə heç kim yanlış zənnə qapılmasın.
Allah insanların çətinliyə düşməsini arzulamır, onların işini asanlaşdırmağı istəyir. O, son dərəcə əlverişli tərzdə Qullarını Onun məmnunluğuna doğru aparan yolunu yüngülləşdirmişdir və buna görə Allahın bütün hökmləri, prinsipcə, sadədir, yorucu deyildir. Allahın hökmlərinin yerinə yetirilməsinə maneə törədən sədlər yarandıqda və onların icrasını çətinləşdirdikdə, Uca Allah bu hökmləri daha da yüngülləşdirir və yaxud Öz qullarını bu vəzifələri yerinə yetirməkdən ümumiyyətlə azad edir. Bu Quran cümləsini bütün təfərrüatı ilə təsvir etmək mümkün deyil, çünki o, dinin bütün hökmlərinə aiddir və şəriətin bütün asanlıqlarını və icazə verdiklərini özündə ehtiva edir.
Sonra Uca Allah bütün ramazan ayı ərzində oruc tutmağı əmr edir. Bu əmrin səbəbi haqqında hamıdan yaxşı Allaha məlumdur, lakin tamamilə aydındır ki, ayənin nazil edilməsi, ramazan ayının ancaq bir hissəsini oruc tutmağın mümkün ola bilməsi kimi, kimisə yanlış zənnə salmaması üçün zəruri idi. Allah nazil edilmiş hökmün belə başa düşülməsinin qarşısını alaraq, ayın başlanğıcından sonuna qədər oruc tutmağı və orucluğun sonunda Allaha, Öz qullarına bu hökmü yerinə yetirməyə kömək etdiyinə, onu onlar üçün asanlaşdırdığına və ən gözəl tərzdə izah etdiyinə görə tərifləyib ucaltmağı buyurur. Allah insanlara ramazanın qurtarması münasibəti ilə də Ona həmd etməyi əmr edir və Onun bu buyruğu şəvvalın girməsini bildirən təzə ayın görünməsi ilə Allahın mədhinə başlanmasına da aiddir ki, bu da bayram xütbəsinin sonunadək davam edir.
(186) “Qullarım səndən Mənim barəmdə soruşsalar, Mən onlara yaxınam, Mənə yalvaranın duasını yalvardığı vaxt qəbul edirəm. Qoy Onlar da Mənim çağırışımı qəbul edib Mənə iman gətirsinlər ki, doğru yola yönələ bilsinlər”.
Bu ayə bir-neçə səhabəsinin Muhəmməd Peyğəmbərə (s.ə.s.) verdiyi suala cavabdan ibarətdir. Onlar belə demişdilər: “Ey Allahın Elçisi! Əgər Rəbbimiz yaxındırsa, biz Ona pıçıltı ilə dua edək, yox əgər uzaqdırsa, onda Ona ucadan dua edək”. Belə olduqda, Uca Allah qullarına yaxın olduğunu və onlara nəzarət etdiyini xəbər verir. Allah onların gizli saxladıqları haqqında və ən məhrəm niyyətlərini belə bilir. Onun, oğrun-oğrun baxan xəlvəti baxışlardan və ürəklərdə gizlədilənlərdən də xəbəri vardır. O, Öz qullarına yaxındır və onlar Ona dua edəndə onları diqqətlə dinləyir.
Dualar iki növ olur. Onların bir hissəsi ibadət, digər hissəsi isə yalvarış məqsədilə edilir. Allahın Öz yaratdığı məxluqlarına yaxınlığı da iki cürdür, çünki Allah ilahi elmi sayəsində bütün məxluqlarına yaxındır. Lakin Onunla xüsusi yaxınlığa layiq görülənlər Ona ibadət edənlərdir. Allah onların dualarını dinləyir, onlara kömək göstərir və onları doğru yola yönəldir.
Əgər insan Allaha ürəkdən müraciət edir və Ondan yol verilən mübah şeylər barədə xahiş edirsə, əgər heç bir hal onun xahişinin yerinə yetirilməsinə mane olmursa (belə hallardan biri də haram edilmiş qida məhsullarının yeyilməsidir), duası hökmən qəbul ediləcəkdir. Allah elə duaların qəbul ediləcəyinə söz vermişdir ki, onlar, xüsusilə, duanın tezliklə qəbul edilməsini təmin edən əməllərlə müşayiət edilmiş olunsun. Belə əməllərə, Allahın hökmlərini sözdə və işdə yerinə yetirmək, haramlardan çəkinmək və habelə Ona səmimi qəlbdən iman gətirmək daxildir. Məhz bu amillər duaların tezliklə qəbul olunmasına kömək edir, çünki Uca Allah Ona cavab verməyi və Ona etiqad göstərməyi əmr etmişdir. Ancaq belə bir insan doğru yolla gedə, doğru iman sahibi ola, saleh əməllər işlədə və haqq dinlə və xeyirxah əməllərlə bir yerə sığmayan ədalətsizlikdən qurtula bilər. Bunun səbəbi ondadır ki, həqiqi iman və Allahın çağırışına cavab vermək insana gerçək biliklər əldə etməyə kömək edir. Uca Allah bu barədə belə buyurur: “Ey iman gətirənlər! Əgər Allahdan qorxsanız, O sizə haqla nahaqqı ayırd etmə bacarığı verər, günahlarınızdan keçər və sizi bağışlayar. Allah böyük lütf sahibidir” (Ənfal, 8/29).
(187) “Orucluq gecəsi zövcələrinizlə yaxınlıq etmək sizə halal edildi. Onlar sizin üçün bir libas, siz də onlar üçün bir libassınız. Allah bilir ki, siz öz nəfsinizin tələbinə dözə bilmirsiniz (orucluq gecələrində zövcələrinizlə yaxınlıq edirsiniz). Elə buna görə də O, tövbənizi qəbul edib sizi bağışladı. Artıq bu gündən onlara yaxınlaşın və Allahın sizin üçün bəyəndiyinə nail olmağa çalışın. Dan yeri söküləndə ağ sap (şəfəq) qara sapdan (gecənin qaranlığından) seçilənə qədər yeyin-için. Sonra gecəyədək orucunuzu tamamlayın. Məscidlərdə etikafda olduğunuz zaman onlarla yaxınlıq etməyin. Bunlar Allahın sərhədləridir, onlara yaxınlaşmayın! Allah Öz ayələrini insanlara belə bəyan edir ki, bəlkə Ondan qorxalar”.
Allah oruc tutmaq haqqında ilk hökmü göndərəndə müsəlmanlara gecə yuxuya getdikdən sonra yemək, içmək və zövcələri ilə cinsi əlaqəyə girmək qadağan edilmişdi. Bu hökm bəzi müsəlmanlara ağır gəlirdi və onda Uca Allah qullarının vəzifəsini yüngülləşdirdi və iftar açdıqdan sonra, yatıb-yatmamaqdan asılı olmayaraq, onlara bütün gecə ərzində yeməyə, içməyə və zövcələri ilə cinsi əlaqəyə girməyə icazə verdi.
Ey iman gətirənlər! Vəzifələrinizin bir hissəsini yerinə yetirməyərək siz özünüz özünüzü aldadırsınız. Amma Uca Allah sizin tövbələrinizi qəbul etdi və vəzifələrinizi yüngülləşdirdi. Əgər Allahın lütfkarlığı olmasaydı, sizə ağır gələn hökmlər sizi günah işlətməyə məcbur edərdi. Sizin keçmiş günahlarınıza gəldikdə isə, Allah onları artıq bağışlamışdır. Bundan sonra O, bütün ramazan ayı ərzində gecələr zövcələrinizi öpməyə, sığallamaya və onlarla cinsi əlaqəyə girməyə icazə verdi. Sizə icazə veriləni edin və bunun sayəsində Uca Rəbbə yaxınlaşmağa can atın. Yadda saxlayın ki, siz cinsi yaxınlıq yolu ilə öz nəslinizi artırırsınız, özünü və zövcələrinizi zinadan qoruyursunuz və öz ailə həyatınızı sahmana salırsınız. Həm də yadda saxlayın ki, Allah sizə Qədir gecəsini ibadətdə keçirməyi buyurmuşdur. Baxmayaraq ki, o, ramazanın gecələrindən biridir, sizin həmin gecə dünyəvi ehtiraslara qapılmağınız və çox böyük bir mükafatı əldən qaçırmağınız lazım deyil. Dünyəvi ehtiraslardan sonrakı vaxtlarda da həzz ala bilərsiniz, lakin əgər Qədir gecəsini əldən buraxsanız, onu bir daha qaytara bilməzsiniz.
Sübh açılana əmin olunana qədər yeyin, için və cinsi əlaqəyə girin. Buradan belə nəticə çıxır ki, insan sübhün girməsinə şübhə edərək yeyərsə və ya cinsi əlaqəyə girərsə, günah işlətməz. Buradan həm də belə çıxır ki, obaşdan yeməyini ötürməmək arzuediləndir, çünki Allah səhər açılana qədər yeməyi və içməyi əmr etmişdir. Məlumdur ki, obaşdan yeməyini ləngitmək yaxşı olardı, çünki Allah sübh çağı başlayanadək yeyib-içmək hökmünü məhz qullarının vəzifələrini asanlaşdırmaq üçün vermişdir.
Bu ayədən həmçinin belə bir nəticəyə də gəlmək olar ki, oruclu müsəlman sübh çağı girərkən cinsi əlaqədən sonra qüsulsuz vəziyyətdə ola bilər və əgər o, hətta sübh açılanadək qüsl etməyə macal tapa bilməsə də, orucu batil hesab olunmur. Əgər müsəlmana bilavasitə səhərin açılması ərəfəsində cinsi əlaqəyə girmək icazə verilirsə, sözsüz ki, o, sübhün açılmasını qüsulsuz qarşılayacaqdır, deməli, əgər hökm düzgündürsə, onda ondan irəli gələn nəticə də düzgündür. Lakin sübh çağı girəndən sonra oruc tutmuş müsəlman günəşin qürub etdiyi axşama qədər orucunu batil edən hər şeydən özünü saxlamalıdır.
Ramazan gecələrində öz zövcələri ilə cinsi əlaqəyə girməyə icazə verilməsi tamamilə bütün oruc tutanlara aid edilmədiyi üçün, Uca Allah bildirir ki, məsciddə etikafda olan vaxtda müsəlman zövcələri ilə cinsi əlaqəyə girməməlidir. Bu ayə, möminin Uca Allaha ibadət etmək xatirinə, dünyəvi həyatı tərk edərək, məscidə girib tənhalığa çəkilməsinin (etikaf) qanuniliyini təsdiq edir. Bu ayədən çıxan bir nəticə də ondan ibarətdir ki, möminlərin tənhalığa çəkilməsinə ancaq məscidlərdə yol verilir, həm də Muhəmməd Peyğəmbərin (s.ə.s.) zamanında məscid o yerlər hesab olunurdu ki, orada müntəzəm olaraq gündə beş fərz namaz qılınmış olsun. Bu ayədən həm də aydın olur ki, etikafda cinsi əlaqəyə girmək onu pozur.
Yuxarıda sadalanan yeməyə, içməyə və həmçinin orucluq zamanı cinsi əlaqəyə girməyə qadağalar, əsaslı ehtiyac olmadan orucun pozulmasının yasaqlanması, etikaf zamanı cinsi yaxınlığın yasaqlanması və digər hökmlər Allahın qoyduğu məhdudiyyətlərdir ki, qullara onları aşmağa icazə verilmir. Uca Allah bu günahlara hətta yaxınlaşmağı belə qadağan edir. Bu qadağalar, günah işlətməməyə dair adi hökmlərdən daha əsaslı və təkidedicidir. Bu yasaq təkcə bu günahların edilməsinə deyil, buna səbəb ola biləcək bütün başqa əməllərin törədilməsinə şamil edilir.
Günahlardan və itaətsizlikdən bəhs edərkən, Uca Allah qullarına əmr edir ki, onlar günahlardan və onlara tərəf aparan hər cür əməldən əl çəksinlər. Allah Öz qoyduğu hədləri sadalayır və onlara yaxınlaşmağı belə qadağan edir. Dini hökmləri yad edərək Uca Allah onlara qarşı itaətsizliyi qadağan edir və buyurur: “...Bunlar Allahın hüdudlarıdır, onları aşmayın! Allahın hüdudlarını aşanlar – məhz onlar zalımlardır” (Bəqərə, 2/229).
Allah qullarına dini hökmləri belə izah edir və bunlar ən aydın başa düşülən və ən kamil izahlardır. Allahın insanlara ayələrini izah etməsi, onların haqqı aydın başa düşdükdə ona qoşulmaları ilə bağlıdır, onlar yalanın da ziyanlı olduğuna ancaq inandıqdan sonra ondan çəkinirlər. Adamların çoxu Allahın qadağanlarını bilmədikləri üçün günah işlədirlər. Əlbəttə, əgər onlar bilsəydilər ki, belə hərəkətlər etmək olmaz, onlar həmin günahları işlətməzdilər. Lakin Allah insanlara ayələrini izah etdikdən sonra, onlar xəbərsiz olmaları əsasında özlərinə bəraət qazandırmaq imkanını itirirlər və bu da onları təqvalı və dindar olmağa yönəldir.
(188) “Mallarınızı öz aranızda haqsızlıqla yeməyin və camaatın malının bir qismini bilə-bilə günah yolu ilə yeyəsiniz deyə hakimləri ələ almağa çalışmayın”.
Allah müsəlmanlara başqalarının malını qanunsuz yeməyi qadağan edir, lakin onu onların öz xüsusi mülkiyyətləri adlandırır, çünki müsəlman öz qardaşına özünə istədiyini arzu etməli, onun malına öz malı kimi münasibət bəsləməlidir. Bundan başqa, əgər adam başqasının malını qanunsuz mənimsəyirsə, onda incidilmiş insanlar da sonradan onun var-dövlətinə zərər vurmaq imkanından istifadə edə bilərlər.
Əmlakı ya qanuni, ya da qanunsuz yolla əldə etmək olar, lakin qadağan edilən, təkcə başqasının malını qanunsuz yolla mənimsəmək sayılır və buna görə Uca Allah bu qadağanı konkretləşdirmişdir. Bu qadağan – güc tətbiq etməklə almaqdan, oğurluqdan, saxlanmağa verilmiş və ya müvəqqəti istifadəyə götürülmüş malın mənimsənilməsindən və başqasının əmlakına yönəldilmiş digər qəsdlərdən ibarətdir. Bu qadağan həmçinin sələmçiliyə, qumara və digər haram edilmiş əqdlərə şamil edilir, çünki belə əqdlər sayəsində insanlar yol verilməyən üsullarla mal əldə edirlər. Bu qadağan alqı-satqı, əşyaların icarəyə verilməsi və digər oxşar əqdlərin bağlanması zamanı dələduzluq edənlərə də aiddir. O, həm də fəhlələrin istifadə edilməsi və onların əmək haqlarının qanunsuz mənimsənilməsinə və ya tələb olunduğu kimi yerinə yetirilməyən işə görə zəhmət haqqının alınmasına aiddir. O, həmçinin ibadət mərasimlərinin keçirilməsinə görə maddi mükafat alınmasına şamil edilir ki, bu, təkcə Uca Allaha həsr olunmadıqda əsassız sayılır. O, vacib və könüllü surətdə verilən sədəqələrin, vəqf əmlakının mənimsənilməsinə və ya haqqı olmayan insanların miras almasına və yaxud da onu almağa başqalarından az haqqı olmasına da aiddir.
Bütün sadalanan hallar özgəsinin əmlakının qanunsuz mənimsənilməsinin müxtəlif formalarıdır və onlardan hər biri istənilən şəraitdə qəti surətdə qadağan edilmişdir. İnsanın belə maldan istifadə etmək haqqı yoxdur, hətta onun münsiflər məhkəməsində gətirdiyi sübutlar, həmin əmlaka əsil haqqı olanın sübutlarından inandırıcı olduğu üçün çəkişməni udub əmlakı əldə etsə də. Hakim öz qərarı ilə nə qadağan olunmuş əmlakı qanuni, nə də qanuni əmlakı haram hesab edə bilməz. Özgəsinin malını qanunsuz mənimsəyən şəxsi hakimin qərarı rahat salmamalı və əmlakın həqiqi sahibinin öz malına olan hüquqlarına şübhə etməyə əsas verməməlidir.
Əgər bir adam münsiflər məhkəməsində qondarma dəlillərin köməyi ilə özgəsinin mülkiyyətinə haqqı olduğunu sübut edərək məhkəmə çəkişməsini udursa, həmin mülkiyyət onsuz da ona qanunsuz yolla çatır. Başqasının mülkiyyətini mənimsəyərək, o, şüurlu surətdə günah işlədir və özünü çox əziyyətli cəzaya və sərt intiqama məhkum edir.
Bütün deyilənlərdən aydın olur ki, əgər vəkilə müştərisinin iddiasının əsassız olması məlumdursa, onda onun, müştərisini məhkəmədə müdafiə etmək haqqı yoxdur, çünki onun müştərisi xəyanətkardır. Uca Allah bu barədə buyurur: “Həqiqətən, Biz sənə Kitabı haqq olaraq nazil etdik ki, insanlar arasında Allahın sənə vəhy etdiyi ilə hökm verəsən. Odur ki, xainləri müdafiə edənlərdən olma”( Nisa, 4/105).
(189) “Səndən yeni doğan aylar barəsində soruşurlar. De: “Bunlar insanlar və həcc üçün vaxt ölçüləridir”. Evlərə arxa tərəfindən daxil olmağınız yaxşı əməl deyildir. Lakin yaxşı əməl sahibi Allahdan qorxan şəxsdir. Evlərə qapılarından daxil olun! Allahdan qorxun ki, bəlkə nicat tapasınız”.
Adamlar Peyğəmbərə (s.ə.s.) təzə çıxan ayın faydası və ya bilavasitə təzə ayın özü haqqında sual verirlər. Buna Uca Allah bildirir ki, Rəbbin mərhəməti ilə təzə çıxan ay vaxtı müəyyən etmək üçün nəzərdə tutulmuşdur. Ayın əvvəlində o, nazik aypara şəklində olur və ayın ortasına qədər böyüyüb bədirlənir. Sonra bütöv ay ayın sonunadək yenidən nazikləşməyə başlayır və ayın axırınadək bu davam edir. Bunun sayəsində insanlar müxtəlif ibadət ayinlərinin: orucun, zəkatın, günahları azaldan əməllərin və həcc ziyarətinin müddətlərini öyrənirlər. Həcc müəyyən aylarda və uzun müddət yerinə yetirildiyinə görə, Uca Allah onun barəsində ayrıca xəbər verir.
Təzə ayın doğması sayəsində insanlar borclarının ödənilməsi müddətinin çatmasını, icarənin müddətinin qurtarmasını, boşanmış və ya dul qadınların gözləməli olduğu vaxtın bitməsini, doğuşun və çoxlu başqa hadisələrin yaxınlaşmasını bilirlər. Ay ilinin hesablanmasını hər bir kəs: uşaq və ya yaşlı adam, alim və ya savadsız adam yerinə yetirə bilər. Günəş ilinin hesablanmasına gəldikdə isə, onu layiqincə ancaq bəzi insanlar həyata keçirə bilərlər.
Sonra Uca Allah xəbər verir ki, yaxşı əməl heç də insanların evlərə arxa qapılardan girməsi ilə müəyyən olunmur. İş orasındadır ki, cahiliyyə zamanlarında Mədinə sakinləri və digər ərəblər həcc ziyarəti zamanı ehramı geyindikdən sonra evlərinə qapıdan girmirdilər ki, bu minvalla Allaha yaxınlaşmağa cəhd edirdilər. Onlar bu hərəkətin yaxşı əməl olduğunu zənn edirdilər. Lakin Uca Allah bildirdi ki, bunun yaxşı əməllə heç bir əlaqəsi yoxdur, çünki Allah insanlara belə etmək əmri verməyib, axı əgər insan Allahın və Onun Elçisinin (s.ə.s.) hökm vermədiyi ayinləri icra edirsə, onda o, bidətçi olur. Allah qullara evə qapıdan girməyə əmr edir, çünki dini hökmlərin sadəliyi İslam şəriətinin prinsiplərindən biridir.
Bu ayədən aydın olur ki, müsəlman istənilən şəraitdə məqsədə nail olmağa doğru aparan ən sadə və qısa yol tapmalıdır. Məsələn, əgər o, insanları yaxşılıq etməyə və onları qınanılan əməllərdən çəkindirməyə dəvət edirsə, onda o, həmsöhbətinin halını nəzərə almalı, özünü nəzakətli və ədəblə aparmalıdır, çünki məhz bu keyfiyyətləri sayəsində o, qarşısına qoyduğu məqsədi tam və ya qismən həll edə bilər. Qarşıya qoyulmuş məqsədə yaxın yolla çatmaq həm müəllimin və həm də şagirdin yerinə yetirməli olduqları tapşırıqdır. İnsan tapşırığın həll edilməsinin düzgün üsulunu tapdıqda və nəzərdə tutulmuş istiqamətə səylə riayət etdikdə, Uca Allahın köməyi sayəsində o, hökmən istənilən nəticəyə nail olacaqdır.
Sonra Uca Allah təqvalı olmağa hökm verir, çünki məhz Allahın hökmlərini yerinə yetirmək və bütün haramlardan uzaqlaşmaq yaxşı əməl sahibi olmaq deməkdir. Təqvalılıq – nicat tapmanın rəhnidir, çünki Allahdan qorxan insan ən qiymətli və arzu olunan şeyi əldə edir və hər cür qorxunc və xoşagəlməz şeylərdən xilas olur. İnsan Uca Allahdan qorxmayanda isə, o, nicat yolunu tapa bilmir. Təqvalı olmağı əqidə məsələsi sayan insan mütləq böyük uğur qazanır.
(190) “Sizinlə vuruşanlara qarşı Allah yolunda siz də vuruşun və həddi aşmayın! Həqiqətən, Allah həddi aşanları sevmir”.
Bu ayə özündə Allah yolunda döyüşlərdə iştirak etmək hökmünü əks etdirir. Ayə, müsəlmanlar Mədinəyə hicrət etdikdən və artıq müşriklərlə döyüşmək üçün kifayət qədər möhkəmləndikdən sonra nazil edilmişdir. Bu vaxta qədər müsəlmanlara silahlı mübarizədən çəkinmək əmr olunmuşdu. Allah yolunda döyüşmək zəruriyyəti haqqında xatırlatmadan aydın olur ki, müsəlmanlar Allah xatirinə səmimiyyətlə döyüşməlidirlər və onların hərc-mərclik dövründə bir-biri ilə savaşmağa haqları yoxdur.
Uca Allah möminlərlə vuruşmağa hazır olan kafirlərlə vuruşmağı əmr edir. Bu tələb müsəlmanlara qarşı döyüş əməliyyatlarında iştirak edən yaşlı kişilərə aiddir və döyüş əməliyyatlarında qərar qəbul etməyən və iştirak etməyən qocalara şamil edilmir. Cinayət törədilməsinin qadağan olunmasına gəldikdə isə, bu, qadınların, dəlilərin, uşaqların və zahidlərin öldürülməməsinə, öldürülənlərin üzərində təhqiredici əməllər törədilməməsinə, heyvanların məhv edilməməsinə, ağacların kəsilməməsinə və müsəlmanlara heç bir fayda verməyən başqa hərəkətlərə aiddir. Belə cinayətlərə, həm də müsəlmanlara müntəzəm surətdə can vergisi (cizyə) verən kafirlərə qarşı döyüşmək aid edilir, çünki onlarla döyüşmək qadağandır.
(191) “Müşriklərə harada rast gəlsəniz öldürün və sizi çıxartdıqları yerdən siz də onları çıxardın! Fitnə qətldən daha pisdir. Onlar sizinlə Məscidülharamın yanında vuruşmayınca, siz də onlarla orada vuruşmayın. Əgər sizinlə vuruşsalar, siz də onları öldürün. Kafirlərin cəzası belədir”.
Bu ayə istənilən vaxtda kafirlərlə döyüşmək hökmü verir və həm müdafiə və həm də fəal hücum döyüş əməliyyatlarına şamil edilir. Bu ümumi hökmdən istisna edilən Məscidülharamda döyüşməkdir. Onun ərazisində o vaxt döyüşmək olar ki, kafirlər onu birinci başlasınlar. Belə şəraitdə onlarla döyüş – törətdikləri cinayətə görə cəza səciyyəsi daşıyır.
(192) “Əgər onlar günah işlərə son qoysalar, əlbəttə ki, Allah Bağışlayandır, Rəhmlidir!”
Müsəlmanlar kafirlərlə onlar küfrlərindən əl çəkib İslama daxil olanacan vuruşmalıdırlar. Əgər onlar müsəlman olsalar, Allah onların tövbələrini qəbul edər və onların kafir olduqlarını, Məscidülharamda bütlərə ibadət etmələrini və Allahın Elçisinə (s.ə.s.) başqa möminlərlə birlikdə ibadət edərkən maneçilik törətmələrini onlara bağışlayar. Budur Allahın Öz qullarına bəslədiyi rəhmi və alicənablığı!
(193) “Fitnə aradan qalxana qədər və din ancaq Allaha məxsus edilənədək onlarla vuruşun! Əgər son qoysalar, bilin ki, düşmənçilik ancaq zalımlara qarşı olur”.
Məscidülharamın yanında döyüşmək müqəddəs şəhərdə günahkar əməllərin yayılması kimi görünə bildiyindən, Uca Allah xəbər verir ki, bu şəhərdə müşrik hərc-mərcliyinin yayılması və insanların həqiqi dini qəbul etmələrinə maneçiliyin törədilməsi Məscidülharamda döyüşməkdən daha böyük fəsaddır və buna görə, müsəlmanlar bu şəhərdə kafirlərlə vuruşmalı olsalar, sıxıntı hissi keçirməməlidirlər. Bu ayədən məşhur bir dini qayda çıxarılır və ona müvafiq olaraq, böyük bir şərin qarşısını almaq məqsədilə ondan kiçik bir şərə yol verməyin mümkünlüyü təsdiq edilir.
Sonra Uca Allah Onun yolunda aparılan döyüşün mənası haqqında xəbər verir. Müqəddəs müharibə ona görə aparılmır ki, kafirlərin qanı axıdılsın və ya onların var-dövləti müsadirə edilsin. O, ona görə aparılır ki, Uca Allahın dini bütün dini əqidələr üzərində qələbə çalsın, müşriklik və haqq dinlə bir araya sığmayan nə varsa yer üzündən silinsin. Məhz bu şərtlər müharibəni vacibləşdirən hallardır, onlar aradan qalxdıqda isə, müsəlmanlar qan tökməyə və müqəddəs müharibəyə son qoymalıdırlar. Məscidülharamın yaxınlığında müsəlmanlarla döyüşə birinci başlayan kafirlərə gəldikdə isə, əgər onlar döyüşdən əl çəksələr, onda müsəlmanlar yol verilən həddi keçməməli və təkcə cəzaya layiq olan günahkarları ədalətlə cəzalandırmalıdırlar.
(194) “Haram ay haram aya görədir. Haram olanları pozmağın cəzası qisas almaqdır. Kim sizə qarşı təcavüz etsə, siz də ona qarşı onun təcavüz etdiyi qədər təcavüz edin. Allahdan qorxun və bilin ki, Allah müttəqilərlədir”.
Bir rəyə görə, burada söhbət müşriklərin Peyğəmbərə (s.ə.s.) və onun səhabələrinə Məkkəyə girməyə mane olmalarından gedir. O vaxt Hudeybiyyə sülhü imza edilmişdisə də, müsəlmanlara ancaq növbəti ildə həcc ziyarəti etməyə icazə verilmişdi. Müsəlmanların qureyşlilərlə qarşıdurması və sülh müqaviləsinin bağlanması haram zülqədə ayına düşmüşdü və buna görə Allah səhabələrin ürəyinə təskinlik verərək, buyurur ki, bir haram ayda əldən çıxmış bir şeyi onlar digər haram ayda mütləq əldə edərlər və həcc ziyarətini layiqincə yerinə yetirərlər.
Başqa bir rəyə görə isə, Uca Allah müsəlmanlara haram aylarda kafirlərlə döyüşməyə ona görə yol verdi ki, kafirlər onlarla bu aylarda döyüşə girmişdilər. Kafirlər yol verilən həddi birinci olaraq aşmışdılar və müsəlmanlar onlarla döyüşdükləri üçün sıxıntı hissi keçirməməlidirlər.
Son şərhə istinad etməli olsaq, onda haramların pozulmasına görə cəzanın xatırlanması xüsusi halın ümumiyə daxil edilməsinin nümunəsi olacaqdır. Əgər bir insan haram ayın, Məscidülharam torpağının, ibadət mərasiminin və Allahın ehtiram göstərməyi və hörmət bəsləməyi əmr etdiyi bir şeyin müqəddəsliyinə qəsd edərsə, onda o, ədalətli cəza almalıdır. Haram ayda döyüşənə lazımi müqavimət göstərilməlidir. Kim haram olunmuş torpağın müqəddəsliyinə qəsd edərsə, o layiq olduğu cəzasını almalıdır. Kim bağışlanmış qatili öldürərsə, o, edam edilməsi də istisna edilməməklə, cəzalandırılmalıdır. Kim bir başqasını şikəst edərsə və ya onun bədəninin bir orqanını kəsərsə, onda o, törətdiyinə bərabər cəza almalıdır. Kim də özgəsinin əmlakını qanunsuz mənimsəyərsə, onu müvafiq ölçüdə öz mülkiyyətindən məhrum etmək olar.
Lakin müsəlman alimləri arasında, qanuni mülkiyyətindən zalımcasına məhrum edilmiş insanın onu əmlakından məhrum etmiş şəxsdən eyni ölçüdə əmlakını müstəqil surətdə zorla almağa haqlı olması barədə rəy müxtəlifliyi vardır. Ən etibarlı sayılan rəyə görə, pozulmuş hüquqlar açıq-aydın aşkar olduqda, məsələn, əgər evin sahibi yoldan gəlmiş müsafirə qonaqpərvərlik göstərməkdən boyun qaçırırsa və ya əgər insan təmin etməyə borclu olduğu arvadını və qohumlarını maddi cəhətdən təmin etməkdən boyun qaçırırsa, onlara, paylarına düşəni götürməyə icazə verilir. Əgər hüquqların məhdudlaşdırılması açıq-aşkar deyilsə, məsələn, əgər borclu götürdüyü borc üzrə öhdəliyini inkar edirsə, əgər bir adam ona saxlanmağa verilən şeyləri götürdüyünü boynuna almırsa, əgər oğru oğruluq edibsə, oğurlanmış mülkiyyətin əsil sahibinin öz əşyalarının əvəzinə oğrunun malından müstəqil surətdə bərabər ölçüdə götürmək haqqı yoxdur. Bu rəy bu məsələyə aid olan bütün müqəddəs mətnləri birləşdirməyə imkan verir. Məhz buna görə, Allah müsəlmanlara icazə vermişdir ki, ədalətsiz insanlar onlara hücum etdikləri kimi, müsəlmanlar da eyni qaydada onlara hücum etsinlər. Bu ayədə, cəza almalı olan adam incidənlər və cinayətkarlardan, törətdikləri cinayətə bərabər olan qisas almağın üsulu təsvir edilir.
Amma çox vaxt insanlara ədalətli qisas almağa imkan verdikdə, onlar cinayətkarlardan acıq çıxaraq, yol verilmiş həddi aşırlar. Bax elə buna görə, Uca Allah müsəlmanlara Allahdan qorxmaq, yol verilmiş əvəzi almaqla qane olmaq və hədləri pozmamaq hökmünü verir.
Allah həmişə Öz müttəqi qulları ilə birlikdədir(Müəllifin bu ifadəsi Allahın bilavasitə Özünün qullarının yanında olması mənasına gəlmir, çünki Allah Özünün elmi, hikməti, hərşeyibilmək, hərşeyigörmək, hərşeyənəzarətetmək, hərşeyiəhatəetmək (və b.) kimi ilahi özəllikləri ilə bütün yaratdıqlarını eyni zamanda istisnasız olaraq qaplayır. F.S) və onlara kömək və yardım göstərərək, onları doğru yola yönəldir. Əgər insan Allahın onunla birgə olmasına layiq görülürsə, onda o, əbədi səadətə qovuşur. Əgər o, təqvalı olmağı rədd edirsə, Uca Qəyyum ondan üz döndərir, onu Özünün köməyindən məhrum edir və belə insanın taleyini onun özünə həvalə edir. Bu, baş verdikdə, insanın məhvi, ona şah damarından da yaxın olur.
(195) “Malınızdan Allah yolunda xərcləyin və öz əllərinizlə özünüzü təhlükəyə atmayın. Yaxşılıq edin! Həqiqətən, Allah yaxşılıq edənləri sevir”.
Uca Allah Öz qullarına buyurur ki, onlar öz əmlakını xeyir işlərə və Allahın razı qaldığı məqsədlərə sərf etsinlər. Bunlar – kasıblara və ya qohumlara sədəqə və həmçinin müsəlmanların yardım etməyə borclu olduqları şəxslərə maddi yardım kimi ola bilər. Amma ən mühüm ianə müqəddəs müharibəyə sərf edilən xərclərdir, çünki bunu edən hər bir müsəlman Allah yolunda öz malı ilə döyüşür. Bu hökm, müqəddəs müharibədə iştirak etmək hökmü ilə yanaşı fərzdir və o, olduqca böyük fayda verir, çünki müqəddəs müharibə üçün ayrılan ianə müsəlmanların güclənməsinə, müşrikliyin və müşriklərin zəifləməsinə səbəb olur, Allahın dininin qələbəsini yaxınlaşdırır və İslamı daha da qüdrətləndirir. Adicə demək kifayətdir ki, Allah yolunda mübarizə müsəlmanların könüllü maddi yardımları olmadan, sadəcə, mümkün deyil.
İanələr – Allah yolunda mübarizənin canıdır, çünki müsəlmanlar Uca Allah yolunda öz mallarından keçmədikcə cihad mümkün deyil. Belə ianələrdən boyun qaçırmaqla onlar cihadın qarşısını alır və düşmənlərə onların üzərində özbaşınalıq və hökmranlıq etməyə imkan verir. Bir sözlə, müqəddəs müharibə üçün ianələr verməmək müsəlmanların özlərini təhlükəyə atmasına səbəb ola bilər.
Qul iki halda özünü təhlükəyə atır: həyatını itirməklə və ya qəlbini ölümlə nəticələndirən və ya nəticələndirə bilən ilahi hökmü yerinə yetirmədikdə; və onun həyatının itirilməsinə və ya qəlbinin ölməsinə səbəb olacaq əməllərə yol verdikdə. Belə əməllər olduqca çoxdur və onlardan biri də Allah yolunda müqəddəs müharibədə iştirak etməkdən və yaxud döyüş əməliyyatlarına maddi yardımdan imtina etməkdir. Bu imtina – düşmənlərin müsəlmanlar üzərində qələbəsinə səbəb olur. Belə əməllərə həmçinin döyüşdə və ya qorxulu səfərdə öz həyatı üçün təhlükə yaratmaq da aiddir. Eyni şeyi vəhşi heyvanların və ilanların məskunlaşdığı ərazidə gecələyən, çürük ağaca çıxan və laxlayan binaya girən və ya özünə başqa təhlükəli məşğələlər tapan insan barəsində də demək olar. Bütün sadalanan hallar – insanların özlərini məhvə məhkum etmələrinin nümunələridir. Yenə bunun bir nümunəsi kimi, Allaha itaətsizliyi, Onun bağışlayacağına ümid bəsləməməyi və dinin vacib hökmlərini yerinə yetirməməyi göstərmək olar. Dinin vacib hökmlərini yerinə yetirməmək isə qəlbi puç, imanı isə məhv edir.
Müqəddəs müharibəyə ianə vermək yaxşı əməllərin bir növü olduğu üçün, daha sonra Uca Allah buyurur ki, ümumiyyətlə, xeyirli işlər görün. Doğrudan da, O, yaxşı əməl sahiblərini sevir. Yaxşı əməllərə, bizim öncə xatırladığımız hər hansı maddi yardımlar aiddir. Onlara aşağıdakılar da aid edilir: himayə etmək, müsəlmanların mənafeyi xatirinə kiməsə müraciət etmək və digər yardım növləridir ki, insan onları öz yüksək vəzifəsi sayəsində həyata keçirir. Onların sırasına həm də bəyənilən işlər görməyə çağırış, qınanılan hərəkətlərdən çəkindirmə və xeyirli biliklərin öyrədilməsi daxildir. Belə əməllərə, insanlara göstərilən mənəvi yardım, çətin anda kömək edilməsi, xəstələri ziyarət, dəfn mərasimində iştirak, yanlış baxışların təshihi, xüsusilə, kimsə işinin öhdəsindən gələ bilmədiyi məqamda ona kömək göstərmək və Allahın Öz qullarına yerinə yetirməyi əmr etdiyi digər xeyirxah işlər də məxsusdur. Yaxşı əməllərə Peyğəmbərimizin (s.ə.s.) təsvir etdiyi:“Sən Allaha elə ibadət etməlisən ki, sanki Onu görürmüş kimisən və hətta sən Onu görməsən də, O, səni görür” hədisində buyurduğu kimi, Uca Allaha səmimi ibadət də saleh əməllərdəndir.
Əgər insan sadalanan keyfiyyətlərə malikdirsə, onda o, Uca Allahın: “Yaxşı iş görənlər üçün ən yaxşısı (Cənnət) və bundan da daha üstünü (Allahı görmək) vardır. Onların üzünü nə bir qubar, nə də bir zillət bürüyər. Onlar Cənnət sakinləridir və orada əbədi qalacaqlar” (Yunus, 10/26) ayəsində göstərdiyi şəxslərdən biri olacaqdır. Allah məhz belə insanların yanındadır və onlara bütün işlərində kömək göstərir.
(196) “Allah üçün həcc və ümrəni tam yerinə yetirin. Əgər sizin qarşınızı kəssələr, müyəssər olan bir qurbanlıq verin. Qurbanlıq öz (kəsiləcəyi) yerinə çatana qədər başınızı qırxmayın. Sizlərdən xəstələnən və ya başındakı xəstəlikdən əziyyət çəkən varsa, fidyə olaraq ya oruc tutmalı, ya sədəqə verməli, ya da qurban kəsməlidir. Əmin olduğunuz təqdirdə ümrəni bitirib həccə qədər qadağan olunanlardan istifadə edən kəs asan başa gələn bir qurbanlıq verməlidir. Qurbanlı tapmayanlar isə, həcc əsnasında üç gün və vətəninə qayıtdıqda isə yeddi gün oruc tutmalıdır. Bu da tam on gün edir. Bu, ailəsi Məscidülharamda yaşamayanlara aiddir. Allahdan qorxun və bilin ki, Allah Şiddətli Cəzaverəndir”.
Orucluq və cihadla bağlı hökmlərini xatırlatdıqdan sonra Uca Allah həcc ziyarəti ilə əlaqədar olan hökmlərini yada salır. Allah xatirinə həcc və ümrə ziyarətini başa vurmaq hökmündən bir sıra nəticələr çıxır.
Birincisi, həcc və ümrə ziyarəti vacib (fərz) dini hökmlərə aiddir. İkincisi, həcc və ümrə ziyarəti Muhəmməd Peyğəmbərin (s.ə.s.) əməllərindən irəli gələn bütün əsas və fərz hökmlərinə və onun (s.ə.s.) “Məndən öz mərasimlərinizi öyrənin” deyə söylədiyi hədisinə uyğun olaraq həyata keçirilməlidir. Üçüncüsü, bu ayə ümrə ziyarətinin vacib olmasının xeyrinə bir dəlildir. Dördüncüsü, zəvvar həcc və ya ümrə ziyarətinə başladıqda, onlar hətta könüllü olsa da belə, onları axıradək yerinə yetirməlidir. Beşincisi, zəvvar həcc və ümrə ziyarətinin nəinki təkcə vacib hökmlərini, həmçinin əlavə hökmlərini də tam kamil formada həyata keçirməlidir. Altıncısı, ziyarət səmimiyyətlə Allah üçün yerinə yetirilməlidir. Yeddincisi, şərait məcbur etmədikcə, zəvvarın vaxtından əvvəl ehramdan çıxmağa heç bir əsası yoxdur. Uca Allah bu istisna barədə sonradan bildirir.
Zəvvar həcc və ümrə ziyarətini sona yetirmək üçün Kəəbəyə gəlib çıxa bilməyibsə, əgər o xəstələnibsə və yolu azıbsa, düşmənlə rastlaşıb və ya onu yolda ləngidən digər maneə ilə qarşılaşıbsa, onda o, bacardığını qurban verməlidir. Hər bir ləngimiş zəvvar özü ayrıca bir qoyun qurban kəsməli, yeddi zəvvar isə birlikdə bir dəvə və ya bir inək (öküz) qurban kəsməlidir. Sonra o, başını qırxıb ehramdan çıxmalıdır, çünki Peyğəmbər (s.ə.s.) və onun səhabələri, Hudeybiyyə sülhü imzalanan ildə, müşriklər onlara Məkkəyə girməyə imkan verməyəndə, belə etmişdilər. Əgər ləngidilmiş zəvvarın qurban kəsmək imkanı olmazsa, onda o, on gün ərzində oruc tutmalı və ancaq bundan sonra ehramdan çıxmalıdır. Zəvvarlar fasiləli həcc (həcc təməttu) (Təməttü həcci – Bu həcci etmək istəyən adam, miqatda (Məkkəyə doğru yolda zəvvarların ehrama girdikləri yer. F.S.) niyyət edərkən yalnız ümrəyə niyyət etməlidir. Bax: Səid ibn Əli ibn Vəhf əl-Qəhtani, “Həcc, ümrə və ziyarət bələrçisi, Bakı, “Adiloğlu” , 2007 (Ərəb dilindən tərc. R. Muradlınındır), səh. 32-33. F.S.)
zamanı da eyni tərzdə hərəkət edirlər.
Sonra Uca Allah, qurbanlıq heyvanlar kəsiləcək yerlərə çatdırılana qədər zəvvarlara başlarını qırxdırmağı qadağan etdi. Ehramda ikən baş qırxdırma qadağan edilmiş əməllərdəndir. Həmçinin başından və bədəninin digər hissələrindən tüklərin istənilən üsulla təmizlənməsi də qadağan edilir, çünki bu qadağanın mənası ondan ibarətdir ki, zəvvar müəyyən narahatçılığa məruz qalsın və hətta dağınıq sacla gəzinsin. Buna bənzər mühakimə yürüdərək müsəlman alimlərinin xeyli hissəsi zəvvarlara ehramda dırnaq qırxmağı da qadağan edirdilər, çünki insan dırnaqlarını da rahatlığı üçün qırxır. Bu qadağalar, qurbanlıq heyvanlar kəsiləcək yerlərə çatdırılana qədər, yəni, qurban günü başlayana qədər qüvvədə qalır. Şərh etdiyimiz ayə isə başı, Qurban günü qurbanlıq heyvan kəsiləndən sonra, qırxmağın üstün tutulduğunu təsdiq edir.
Bu ayədən o da aydın olur ki, əgər zəvvar fasiləli həcc ziyarətini niyyət etmişsə və özü ilə qurban gətirmişsə, onda o, ümrəni bitirdikdən sonra qurban gününə qədər ehramdan çıxmamalıdır. Ümrə ziyarəti ayinlərinə daxil olan Kəəbənin ətrafında dövrə vurduqdan və təpələr arasında qaçış keçirdikdən sonra, o, həcc ziyarətini yerinə yetirmək üçün ehrama girməlidir, çünki özü ilə gətirdiyi heyvan onu ehramdan çıxmağa qoymur. Çoxyaxşılıqlarmənbəyi Uca Allah zəvvarlara Onun qarşısında əyilməyi və müti olmağı tapşırmışdır, çünki Rəbbin qarşısında itaətkar olmaq qula ancaq fayda gətirir və ona heç bir ziyan vurmur.
Əgər zəvvar ehramda olarkən xəstələnərsə və ya əziyyət çəkməyə başlayarsa və bu əziyyətindən təkcə başını qırxdırmaqla xilas ola bilərsə, əgər dərisini yara və ya bit basarsa, onda ona başını taraş etməyə icazə verilir, lakin bu zaman o, günahı təmizləyən əməllər etməlidir. O özü, üç gün oruc tutmaq, on kasıbı yedizdirmək və həcc ziyarəti zamanı kəsilməsinə icazə verilən heyvanlardan qurban kəsmək kimi əməllərdən birini seçməlidir. Ən üstün tutulan günahdan təmizlənmə əməli qurban kəsmək, sonra – on kasıbı yedizdirmək, daha sonra isə oruc tutmaqdır. Zəvvar belə təmizlənmə əməllərini həm də dırnağını qırxmağa, başını örtməsinə, tikili paltar geyməsinə və ətirlənməsinə görə yerinə yetirməlidir. Belə hərəkətlərə ən kəskin zəruriyyət yarandığı hallarda yol verilir, lakin onların edilməsi nəticəsində yaranan günahın təmizlənməsi üçün zəvvar günahı aparan saleh əməllər həyata keçirməlidir, çünki o hərəkətlərdən çəkinmək, onların verdiyi rahatlıqdan və təmtəraqlı yaşayışdan qaçınmaqdır.
Daha sonra Uca Allah buyurur ki, əgər zəvvarlar təhlükəsiz şəraitdədirlərsə və hətta gecə vaxtı da düşmən basqınından ehtiyat etmirlərsə, onda, onların hər biri ümrə ziyarətini bitirdikdən sonra ehramdan çıxır və həcc başlayana qədər halal nemətlərdən istifadə edərək, sonra fasiləli həcci yerinə yetirirsə, imkanı daxilində, ziyarət zamanı qurban kəsilməsinə yol verilən heyvanlardan qurban verir. Beləliklə, o, bir gedişdə iki ziyarət etdiyi üçün və ümrəni bitirdikdən sonra, həccin başlanmasına qədər, halal nemətlərdən ləzzət aldığına görə Allaha minnətdarlığını bildirməlidir. Həccin birləşdirilməsi (həcc qiran) zamanı da qurban kəsilməsi vacibdir, çünki bu halda zəvvar həcc və ümrəni birləşdirir.
Bu ayədən belə bir nəticə çıxarmaq olar ki, ayrıca həcc ziyarəti (həcc ifrad) zamanı qurban kəsilməsi vacib deyil. Bu ayə həm də həcc aylarında başlanmasına razılıq verilən fasiləli həccin qanuni və hətta üstünlüyə malik olmasını təsdiq edir.
Zəvvarın qurbanlıq heyvanı və onu əldə etməyə vəsaiti olmadıqda, o, həcc dövründə üç gün və həcdən qayıtdıqdan sonra isə əlavə yeddi gün oruc tutmalıdır. Həcc zamanı ümrə ziyarətini yerinə yetirmək üçün ehrama girildiyi andan Qurban bayramından üç gün sonra keçənə qədər oruc tutmağa icazə verilir. Bu üç gün ərzində zəvvarlar daş atırlar və Mina vadisində gecələyirlər. Lakin həcc ziyarəti zamanı oruc tutmaq üçün ən üstün tutulan günlər zülhiccə ayının yeddisi, səkkizi və doqquzudur. Həcc ziyarəti qurtarandan sonra yeddi günlük orucu isə ya Məkkədə, ya evə qayıdarkən yolda və yaxud da qayıtdıqdan sonra evdə tutmaq olar.
Fasiləli həcc zamanı mütləq qurban kəsmək hökmü ailəsi Məscidülharamda yaşamayanlara şamil edilir. Bu o deməkdir ki, Ərəfat vadisinin hüdudlarından kənarda yaşayan insan hökmən qurban kəsməlidir, çünki o bir səfərində eyni vaxtda iki ziyarət edir. Əgər ziyarətçinin ailəsi Məkkədə sakinləşmişdirsə, onda qurban kəsmək onun üçün vacib deyil, çünki belə olduqda, bu hökmün səbəbi aradan qalxır.
Sonra Uca Allah bütün hallarda Allahın hökmlərini yerinə yetirərkən Onun haramlarını pozmadan Ondan qorxmağı əmr edir. Təqvalı olmağın əsas əlamətlərindən biri, xatırlanan ayədə, hökmlərin yerinə yetirilməsi və haramlara riayət edilməsidir. Müsəlmanlar həmçinin yadda saxlamalıdırlar ki, Allah itaətsizlik edənləri çox sərt cəzalandırır və bu cəzanın müqabilində qorxu təqvalılığın və möminliyin möhkəmləndirilməsinə səbəb olan amillərdən biridir. İnsan Allahdan qorxursa, cəzalandırılmaya doğru aparan əməllərdən hökmən çəkinir və əgər o, Allahın əcrini qazanmağa ümid edirsə, hökmən arzu etdiyi mükafatı gerçəkləşdirən xeyirxah işlər görür. Əgər o, cəzalandırılmaqdan qorxmursa və mükafat alacağına ümid bəsləmirsə, onda istənilən haramlara etinasızlıq edir və vacib hökmlərin yerinə yetirilməsinə kobudcasına müqavimət göstərir.
(197) Həcc ziyarəti məlum olan aylardadır. Bu aylarda həcci yerinə yetirməyi niyyət edən hər kəs həcc ziyarəti əsnasında qadınıyla yaxınlıq etməməli, günah işlər görməməli və mübahisələrə qoşulmamalıdır. Sizin etdiyinizi Allah bilir. Özünüzlə azuqə götürün! Ən yaxşı azuqə isə təqvadır. Məndən qorxun, ey ağıl sahibləri!”
Uca Allah bildirir ki, həcc ziyarəti bu ayənin nazil olduğu xalqa yaxşı məlum olan aylarda baş verir və buna görə həmin ayların adlarının çəkilməsinə ehtiyac qalmırdı. Orucun tutulmasına verilmiş hökmün bu ayinin məhz hansı ayda icra ediləcəyinin izah olunmasına zəruriyyət vardı. Beş dəfə fərz namazın qılınması hökmünün də onlar üçün ayrılmış vaxtını izah etmək lazım idi. Lakin həcc ziyarəti ərəblərə İbrahim peyğəmbərin (ə.) zamanından məlum idi və onun nəslindən olduqları üçün onlar bu ziyarəti müntəzəm olaraq həyata keçirirdilər. İslam alimlərinin əksəriyyəti hesab edirdilər ki, həcc ayları şəvval və zülqədə və zülhiccə ayının birinci ongünlüyüdür. Məhz bu aylarda zəvvarlar, bir qayda olaraq, həccə getmək məqsədilə ehrama girirlər.
Zəvvar həcc ziyarətini yerinə yetirməyi niyyət edirsə, yəni, ehrama daxil olursa, onda o, zəvvarlığını sona qədər həyata keçirməlidir, çünki ehrama girmək, hətta o könüllü də olsa, həcc ziyarətini yerinə yetirməyi vacibləşdirir. Bu Quran müddəalarına əsaslanan imam əş-Şafii və onun ardıcılları belə hesab edirdilər ki, həcc ayları girənə qədər həcc ziyarəti niyyəti ilə ehrama girmək olmaz. Lakin mən hesab edirəm ki, alimlərin böyük əksəriyyətinin rəyinə görə, həcc aylarının başlanmasına qədər həccə getmək niyyəti ilə ehrama girməyə icazə verilməsi daha səhihdir, çünki “...Bu aylarda həcci yerinə yetirməyi niyyət edən hər kəs...” ifadəsi onu göstərir ki, bəzi zəvvarlar bu aylarda həccə getməyi niyyət edirlər, bəziləri isə bundan da əvvəl niyyət etmiş olurlar ki, özü də bu ayənin ümumi mənasını heç bir şey konkretləşdirmir.
Sonra Uca Allah zəvvarlara əmr edir ki, ehrama hörmətlə yanaşsınlar, xüsusilə bu, həcc üçün ayrılmış aylarda ziyarətə gedənlər üçün vacibdir. Zəvvar onun ehramını poza bilən və ya mükafatını kiçildən hər şeydən çəkinməlidir. O, cinsi yaxınlıqdan və cinsi ehtiras doğuran hər söz və əməllərdən, xüsusilə, zövcəsinin yanında qaçınmalıdır. O, həmçinin günahlardan və ehram zamanı qadağan olunan hərəkətlərdən çəkinməlidir. O, mübahisələrə və çəkişmələrə qoşulmamalıdır, çünki onlar pislik törədir və qarşılıqlı düşmənçiliyə səbəb olur.
Zəvvarlığın mahiyyəti – hər bir müsəlmanın Allahın qarşısında əyilməsi və müti olması, Ona hər hansı xeyirxah əməllər vasitəsilə yaxınlaşması və günahlardan təmizlənməsindən ibarətdir. Belə zəvvarlıq möminlərə xasdır və onun əvəzinin mükafatı təkcə Cənnət ola bilər. Hərçənd günah etmək bütün hallarda və bütün yerlərdə qadağan edilir, amma həcc ziyarəti zamanı nazil edilmiş bütün qadağanlar daha da sərtləşir.
Yadda saxlamaq lazımdır ki, insan Allaha yaxınlaşmaq üçün nəinki günahlardan çəkinməlidir, o, həm də Rəbbinin hökmlərini yerinə yetirməlidir. Buna görə də sonra, Uca Allah buyurur ki, qullarının Ona yaxınlaşmaq üçün yerinə yetirdikləri bütün saleh əməllər və ibadət ayinləri Ona məlumdur. (Bu cümlənin ərəbcə mətnində) “min” ön şəkilçisi bu müddəanın tamamilə bütün xeyirxah əməllərə aid olduğunu təsdiq edir. Bu ayə insanları, xüsusilə onlar müqəddəs Məkkə ərazisində olduqları zaman, yaxşılıq etməyə çağırır. Bu şərəfli yerlərdə müsəlman əlinə düşmüş imkandan istifadə edərək, tez-tez və çoxlu namaz qılmalı, oruc tutmalı, sədəqə paylamalı, Kəəbənin ətrafını təvaf etməli və ətrafındakı insanlara sözü və işi ilə xeyirxahlıq göstərməlidir.
Daha sonra Uca Allah müsəlmanlara tapşırır ki, zəvvarlıq kimi mübarək bir səfərə hazırlaşsınlar. Zəvvar zəruri ərzaq ehtiyatı götürərək, yolda insanlara yardım üçün müraciət etmək ehtiyacının qarşısını alır və öz ləyaqətini saxlayır. Əgər o özü ilə əlavə azuqə götürsə başqa ziyarətçilərə də kömək edə bilər və bu əməli ilə aləmlərin Rəbbinə daha da yaxınlaşar. Belə ehtiyat insana özünü ərzaq və zəruri olan vəsaitlə təmin etməyə imkan verir.
Lakin həm bu dünyada və həm də ölümdən sonra insanın dadına çatan əsil həqiqi ruzi - onun təqvalılığıdır. Bu ehtiyat azuqə ona rahatlıqla o biri dünyaya səfərə çıxmağa, gerçək səadətə qovuşmağa və əbədi olaraq ən ecazkar nemətlərdən ləzzət almağa imkan verir. Əgər insan təqva azuqəsi ehtiyatı tutmazsa, onda o, səfərinin son məqsədinə nail ola bilməz və bədbəxtliyə məruz qalar.
Təqvalılığı təriflədikdən sonra Allah ağıllı insanlara Ondan qorxmağı tapşırır, çünki sağlam idrakın ilk dəvət etdiyi – Allah qarşısında təqvalı olmaqdır. Əgər insanda Allahdan qorxmağa etiqad yoxdursa, bu, onun nadanlığına və düşüncəsizliyinə dəlalət edir.
(198) “Rəbbinizdən lütf diləmək (həcc vaxtı ticarət etmək) sizə günah deyildir. Ərəfatdan axışıb gəldikdə Məşərulharamda Allahı yada salın! Sizi doğru yola yönəltdiyinə görə Onu yad edin. Hərçənd ki, bundan əvvəl siz azmışlardan idiniz”.
Təqvalı olmağa hökm verdikdən sonra, Uca Allah bildirir ki, həcc ziyarəti zamanı və digər hallarda Allahın mərhəmətini qazanmaq və maddi nemətlər əldə etmək arzusu, əgər bunlar, insana öz vəzifələrini yerinə yetirməyə mane olmursa və əgər həccə getmək onun səfərinin əsas məqsədidirsə, heç də qəbahət deyil. Amma bu zaman zəvvar pulu vicdanla və halal yolla qazanmalı və qazancını özünün bacarığı və ustalığı ilə deyil, Allahın lütfkarlığı ilə bağlamalıdır, çünki əgər insan səbəbi yadda saxlayaraq, o səbəbi yaratmış Rəbbi unudursa, onda o, açıq-aşkar günah işlədir.
Sonra Uca Allah, zəvvarların Ərəfat vadisini tərk edən kimi, müqəddəs ərazidə (əl-məşər əl-haram) Onu xatırlamalarını əmr edir. Bu ayədə bir sıra hökmlər vardır.
Birincisi, Ərəfat vadisində dayanmaq həccin rüknlərindən biridir, çünki zəvvar ancaq orada olduqdan sonra vadini tərk edə bilər.
İkincisi, zəvvar Allahı müqəddəs yerdə, yəni, əl-Müzdəlifə vadisində zikr etməlidir. Bu yer həmçinin yaxşı məlumdur və zəvvarlar qurban bayramından əvvəlki gecəni orada keçirirlər. Gecə onlar yatmalı və sübh namazından sonra isə hava işıqlaşana qədər Allaha dua etməlidirlər. Müqəddəs yerdə zikr dedikdə, zəvvarların orada qıldıqları fərz və nafilə namazlar da nəzərdə tutulur.
Üçüncüsü, Ərəfat vadisində dayanmaq əl-Müzdəlifə vadisində gecələməkdən əvvəl gəlir, çünki (ərəb mətnindəki) “fa” bağlayıcısı hərəkətlərin ardıcıllığını göstərir.
Dördüncüsü, Ərəfat vadisində dayanmaq və əl-Müzdəlifədə gecələmək zəvvarın başqa adamlarla birlikdə yerinə yetirdiyi həcc mərasimlərinə aiddir.
Beşincisi, əl-Müzdəlifə müqəddəs torpaqda yerləşir, amma Ərəfat vadisi isə onun hüdudlarından kənardadır və buna görə də Allah müqəddəs yer olaraq ancaq məhz əl-Müzdəlifə vadisinin adını çəkir.
Daha sonra Uca Allah, onları düz yola yönəltməklə, azğınlıqdan xilas etməklə və onlara əvvəl bilmədiklərini öyrətməklə böyük rəhmət bəxş etmiş Rəbbi zikr etməyi müsəlmanlara əmr edir. Bütün bunlar ən şərəfli nemətlərdir və bunlara görə qullar özlərinin Xeyirxahına həmd etməli və Onu qəlblərində və dilləri ilə xatırlamalıdırlar.
(199) “Sonra insanların axışıb gəldiyi yerdən siz də gəlin. Allahdan bağışlanmanızı diləyin. Şübhəsiz ki, Allah Bağışlayandır, Rəhmlidir”.
Müqəddəs yerdə ibadətdən sonra, bütün zəvvarlar, İbrahim peyğəmbərin (ə.) zamanından bizim günlərimizədək insanların yola düşdüyü yerdən hərəkətə gəlməlidirlər. Ərəblər yaxşı bilirdilər ki, Müzdəlifədən çıxıb hansı istiqamətə yönələcəklər. Onlar bilirdilər ki, sonra zəvvarlar daş atmalı, qurban kəsməli, Kəəbənin ətrafına dolanmalı, təpələr arasında qaçmalı, Mina vadisində üç gecə keçirməli və qalan ibadət ayinlərini yerinə yetirməli idilər.
Bu ayinlər həccin bitməsi ilə bağlı olduğu üçün Uca Allah əmr edir ki, həcc ziyarətinin sonunda zəvvarlar Ondan bağışlanma diləsinlər və Onu çoxlu-çoxlu zikr etsinlər. Zəvvar ayinlərin icra edilməsi gedişində yol verdiyi günah və xətalara görə Allahdan bağışlanma diləməli və Ona öz minnətdarlığını bildirərək, bu şərəfli mərasimi başa vurmaqda ona böyük iltifat göstərib kömək etdiyinə görə Allahı zikr etməlidir.
(200) “Həcc mərasiminizi bitirdikdə vaxtilə atalarınızı yad etdiyiniz kimi, hətta bundan da artıq Allahı yad edin! İnsanlar arasında: “Ey Rəbbimiz! Bizə verəcəyini elə bu dünyada ver!” – deyənlər vardır. Belə şəxslərin axirətdə heç bir payı yoxdur”.
Tarix: 20.04.2013 / 16:18 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 1670 Bölmə: Sureler