(6.151) “(Ey Elçim!) De: “Gəlin Rəbbinizin sizə nələri haram etdiyini deyim: Ona heç bir şərik qoşmayın; ata-anaya yaxşılıq edin; kasıblıq üzündən uşaqlarınızı öldürməyin. Sizin də, onların da ruzisini Biz veririk. Açıq və gizlin pis işlərə yaxın düşməyin. Allahın (qətlini) haram buyurduğu cana qıymayın. (Allah) bunları sizə tövsiyə etmişdir ki, bəlkə, düşünüb anlayasınız!”
Fövqəluca Allah Öz Peyğəmbərinə (ona Allahın salavatı və salamı olsun!) buyurur ki, bütün insanlara aid yeyinti məhsullarından, içkilərdən, ifadələrdən və əməllərdən ibarət olan əsas haramlar haqqında Onun halal qıldığını haram edənlərə xəbər versin.
Hər şeydən əvvəl, Allah, bir və ya bir neçəsi olmasından asılı olmayaraq, Ona şəriklər qoşulmasını haram edir. Allaha şərik qoşulması adı altında Onunla bərabər məxluqlara ibadət etmək, onları təkcə Onu ucaltmalı olduqları kimi ucaltmaq və ya təkcə Ona həsr olunmalı şeyi, onlara aid etmək nəzərdə tutulur. Əgər qul Allaha şərik qoşmanın bütün formalarından çəkinərsə, onda o, bütün hallarda tövhidə etiqad və təkcə Ona ibadət etmiş olur. Tək Bir Olan Allaha məhz belə səmimi ibadət və müşrikliyi rədd etmək qulların Onun qarşısında vəzifəsidir.
Sonra Allah qulların məxluqlar qarşısında ən mühüm vəzifələrini xatırladır və valideynlərə xoş sözlər söyləməklə, onlarla ən gözəl tərzdə davranmaqla onlara yaxşılıq etməyi əmr edir. Valideynlərə fayda verən və ya onları sevindirən hər hansı söz və hər hansı əməl onlara yaxşı münasibət bəsləmənin təzahürüdür və əgər insan onlara layiqincə yaxşılıq etməyə nail olarsa, onda o, heç vaxt onlara itaətsizlik göstərməz.
Daha sonra Fövqəluca Allah, cahiliyyə zamanında rəhmsiz və zalım müşriklərin etdiyi kimi, kasıblaşacaqlarından və təminatlarının azalacağından qorxaraq oğlan və qız uşaqlarını öldürməyi qadağan edir. Əgər insanlara kasıbçılıqdan qorxaraq öz uşaqlarını öldürmək insanlara qadağan edilmişdirsə, onların öz uşaqlarını heç bir səbəb olmadan və ya özgə uşaqlarını öldürməyə qətiyyən haqları yoxdur. Allah valideynləri övladları ilə birlikdə ruzi ilə təmin edəcəyini Öz öhdəsinə götürmüşdür və qoy ata-analar düşünməsinlər ki, uşaqlarını ruzi ilə onların özləri təmin edirlər. Onlar hətta özlərini belə ruzi ilə təmin etməyə qadir deyillər və uşaqlar onlar üçün heç bir çətinlik törətməz.
Allah çirkin əməllərə yaxınlaşmağı belə qadağan etmişdir. Bu ad altında mənfur ağır günahlar nəzərdə tutulur. Bu günahlar açıq-aydın və gizli ola, bədənlə və ya qəlblə törədilə bilər. Allah onlara yaxın düşməyi də qadağan etmişdir. Bu qadağa, o günahları törətməyə qoyulan qadağadan daha qabarıq tərzdə ifadə olunmuşdur, çünki o, ondan öncə baş verən və ya onlara səbəb ola bilən bütün əməllərə aiddir.
Allah həmçinin müsəlman kişiləri və müsəlman qadınları, uşaqları və yaşlıları, möminləri və günahkarları və habelə sülh müqaviləsi və ya sazişi ilə toxunulmazlığına zəmanət verilən kafirləri öldürməyi qadağan etmişdir. Lakin insan nikah bağladıqdan sonra zina edərsə və ya başqa müsəlmanı öldürərsə və yaxud İslamdan üz çevirib müsəlman icmasını tərk edərsə, edam edilə bilər.
Allah bu hökmlərini Öz qullarına ona görə göndərmişdir ki, onları yadda saxlayıb ağıllansınlar və onlara riayət etsinlər. Buradan aydın olur ki, qullar onlara həvalə edilmiş vəzifələrini onların düşünmək və anlamaq qabiliyyətindən asılı olaraq yerinə yetirirlər.
(6.152) “Yetimin malına, xeyirxah məqsəd (onu qoruyub saxlamaq, çoxaltmaq) istisna olmaqla, həddi-buluğa çatana qədər yaxın düşməyin. Ölçüdə və çəkidə düz olun. Biz hər kəsi yalnız qüvvəsi yetdiyi qədər yükləyirik. Söz söylədiyiniz zaman (lehinə və ya əleyhinə danışdığınız adam) qohumunuz olsa belə, ədalətli olun. Allah qarşısındakı əhdi (dini vəzifələrinizi, andlarınızı) yerinə yetirin. (Allah) bunları sizə tövsiyə etmişdir ki, bəlkə, düşünüb öyüd-nəsihət qəbul edəsiniz!”
Yetimlərin malını yeməyin, öz xeyriniz üçün istifadə etməyin və onu zəruriyyət olmadan xərcləməyin. Yetimlərin malını, ancaq onlara fayda verdikdə və ya onların var-dövlətini artırmaq istədikdə, istifadə edin. Bu o deməkdir ki, onlara zərər verdiyi və ya fayda və zərər vermədiyi hallarda yetimlərin malına onlar həddi-buluğ yaşına çatana qədər və öz əmlakına öz bildiyi kimi savadlı sərəncam verməyi bacaranadək yaxınlaşmaq qadağan edilir. Buradan belə bir nəticə çıxır ki, yetim həddi-buluğ yaşına çatana qədər öz əmlakına müstəqil sərəncam çəkmək hüququna malik olmur və onun hamisi onun əmlakına ən yaxşı tərzdə sərəncam çəkməlidir və bu məhdudiyyətlər yetimin həddi-buluğa çatmasına qədər davam edir.
Ölçü qabını tam doldurun və ağırlığı düzgün çəkin və əgər bu tələbləri qüsursuz yerinə yetirmək istəsəniz, onda sizlərdən heç kimi onun imkanlarından artıq yükləməzlər. Allah insana onun öhdəsindən gələ bildiyi qədər vəzifə tapşırır və ona gücü çatmadığı öhdəliklər vermir. Əgər siz səhlənkarlığa yol vermədən və bəd niyyəti olmadan ölçüdə və çəkidə düzgünlüyə can atsanız, lakin bu zaman səhv etsəniz, Allah sizi bağışlayar və sizə lütfkarlığını göstərər.
Bu ayəyə istinad edərək İslam hüququ əsaslarının biliciləri təsdiq edirlər ki, Allah insana onun imkanlarını aşan vəzifələr həvalə etmir və əgər insan Ondan qorxursa, Onun hökmlərini nöqsansız yerinə yetirmək üçün mümkün olan hər şeyi edirsə, onda o, qalan başqa şeylərə görə məsuliyyət daşımır.
Əgər siz insanlar arasında baş verən münaqişəni həll edirsinizsə və ya onların ifadələrini və əməllərini dəyərləndirirsinizsə, onda sevdikləriniz haqqında da və xoşlamadıqlarınız haqqında da ədalətli olun və həqiqəti deyin. Tərəfkeş olmayın və insanlara izah etməli olduğunuzu gizlətməyin, çünki sizin xoşunuza gəlməyən adamlara və onların dediklərinə qarşı qərəzli yanaşma ədalətsizlikdir və qadağan olunmuş əməldir. Bundan da başqa, əgər din alimi bidətçi baxış tərəfdarlarını tənqid edirsə, o onların hər nəzər nöqtəsinə layiqincə diqqət yetirməli, onların düzgün və yanlış baxışlarını izah etməli, onların doğru etiqada yaxınlığı və ya uzaqlığını ədalətlə dəyərləndirməlidir. Alimlər onu da qeyd edirlər ki, hakim çəkişən tərəflərdən hər hansı birinə nə baxışı və nə də sözü ilə tərəfgirlik etməməlidir.
Allahın Öz qulları ilə hər şeyi özündə ehtiva edən əqd bağladığı zaman onlara həvalə etdiyi öhdəliklərə və qulların öz aralarında bağladıqları müqavilələrə sadiq olun! İnsanlar bu öhdəliklərdən hər birini qüsursuz yerinə yetirməlidirlər. Onları pozmaq və ya yerinə yetirən zaman səhlənkarlıq göstərmək qəti qadağandır.
Allah belə hökmləri sizə ona görə həvalə etmişdir ki, siz onları yadda saxlayasınız və Onun hökmlərini layiqincə yerinə yetirəsiniz və onlarda olan hikməti və dini qanunları dərk edəsiniz.
(6.153) “Bu, şübhəsiz ki, Mənim doğru yolumdur. Onu tutub gedin. Sizi (Allahın) yolundan sapdıracaq yollara uymayın. (Allah) sizə bunları tövsiyə etdi ki, pis əməllərdən çəkinəsiniz!”
Allah bir çox mühüm əmr və qanunlarını izah etdikdən sonra, onlara daha geniş nəzərdən yanaşmağı xatırladır. Allahın Öz Kitabında şərh etdiyi bu və digər hökmləri bilavasitə Allaha və Rəbbin rəhmət məkanına yönəldən doğru, sadə və ən qısa yoldan ibarətdir.
Ey insanlar! Siz bu yolla getməlisiniz ki, xoşbəxtlik əldə edəsiniz və uğur qazana və arzularınızın yerinə yetməsinə nail ola biləsiniz. Siz bu düz cığırla üst-üstə düşməyən yollarla getməməlisiniz, çünki əks halda siz azarsınız və ondan ya sağa və ya da sola meyl edərsiniz. Əgər siz ondan sapsanız, onda mütləq Cəhənnəmə aparan yollardan birinə düşərsiniz. Allah sizə bunu nəsihət edir ki, təqvalı olasınız. Əgər siz Onun təlimini rəhbər tutsanız, onu dərk edib həyata keçirsəniz, onda siz hökmən Allahdan qorxan qullar olarsınız ki, onlar mütləq uğur qazanacaqlar.
Bu ayədə Allah doğru yolu tək sayla xatırladır ( Yəni, “doğru yollar” (cəm halında) demir və yeganə bir doğru (düz) yolun olduğunu bildirir. F.S.) və onu Öz yolu adlandırır, çünki o, Ona doğru aparan yeganə istiqamətdir və Allah Özü insanlara bu yolla getməyə kömək göstərir.
(6.154) “Sonra Biz yaxşı işlər görən kimsəyə - Musaya (bəxş etdiyimiz neməti) tamamlamaq, hər şeyi ətraflı izah etmək üçün ona bir hidayət və (ilahi) mərhəmət olaraq Kitabı (Tövratı) verdik ki, bəlkə, yəhudilər (bununla) öz Rəbbinə qovuşacaqlarına (Onun hüzuruna gedəcəklərinə) inansınlar!”
Bu ayədə “sonra” (“summə”) sözü zaman ardıcıllığını bildirmir, çünki Musa əleyhissalam, Muhəmmədin (ona Allahın salavatı və salamı olsun!) bu Kitabı insanlara oxumağa başlamasından qabaq peyğəmbərlik etmişdi. Bu söz burada rəvayət edilən ifadənin ardıcıllığını göstərmək üçün istifadə olunmuşdur.
Allah xəbər verir ki, O, Musa peyğəmbərə (ə) Tövratı ona görə bəxş etmişdi ki, Öz lütfkarlığını tamamlasın, onun xalqı arasından xeyirxahlıq edən insanlara göstərdiyi nemətini başa çatdırsın. Allah mömin israillilərə saysız-hesabsız nemətlər əta etmişdi ki, bunlardan biri də nazil edilmiş Tövrat idi. Allah onlara göstərdiyi Öz xeyirxahlığını tamamladı və təkcə bu artıq onları Ona həmd etməyə yönəltməliydi. Allah haram və halalı, dini hökmləri və qadağaları, onların bilməyə ehtiyac duyduqları etiqad və bir çox başqa məsələləri təfərrüatı ilə onlara izah etmişdi. O, onlara hər cür yaxşılığa doğru yol göstərmiş və onlara dinin əsas və fərdi müddəalarına (Burada: fərdi müddəalar dedikdə, İslam dini ədəbiyyatında əsas müddəalardan başqa ikinci dərəcəli fəri müddəalar adlandırılan istilah nəzərdə tutulur. Tərcüməçi “ikinci dərəcəli”, “fəri” sözlərinin qarşılığı kimi “fərdi” sözünün işlədilməsini məqsədəuyğun sayır. Çünki azərbaycanca “fəri” və “ikinci dərəcəli” müddəa bu ifadələrlə əks etdirilən İslam anlayışlarının mənasını azaldır. İslam elmində “fəri” adlandırılan prinsiplər heç də ikinci dərəcəli hesab oluna bilməz. Terminə müvafiq qarşılıq tapılana qədər dilimizdə onu, müvəqqəti olaraq “fərdi müddəalar, prinsiplər, hökmlər” kimi ifadə etmək olar. F.S.)zidd olan hər cür pis əməli anlatmışdı. O, onlara xoşbəxtlik, mərhəmət və çoxlu nemətlər əldə etməyi öyrətmişdi. O, onlara Kitab və aydın ayələr nazil etmişdi ki, Onunla görüşəcəklərinə iman gətirsinlər. Çünki bu Kitabda dirilmənin və törədilmiş əməllərə görə əvəz veriləcəyinin gerçəkliyinə inandırıcı dəlillər vardı ki, onlar hər bir insanın Allahla görüşəcəyinə və buna hazırlaşmağa iman gətirməli olduğunu zəruriləşdirir.
(6.155) “Bu nazil etdiyimiz (Quran) mübarək bir Kitabdır. Ona tabe olun və Allahdan qorxun ki, bəlkə, sizə rəhm edilsin!”
Bu Əzəmətli Quran – Allahın müdrik xatırlatması və mübarək bir Kitabdır ki, onda böyük nemət və tükənməz biliklər təmərküzləşdirilmişdir. Quran – bütün digər elmlərin və hər növ nemətlərin mənbəyidir. Dünyada elə bir xeyir iş yoxdur ki, Quran onun hikmətini və faydasını izah edərək, yerinə yetirilməsinə çağırmasın və dünyada elə bir şər əməl də yoxdur ki, onun müdhiş nəticələr verəcəyini bildirərək, insanları ondan çəkindirməsin və ondan xilas olma yolunu öyrətməsin.
Ey insanlar! Bu Kitabın hökmlərini və qadağalarını rəhbər tutun, ona istinad edərək öz imanınızın özülünü qoyun və divarlarını hörün. Fövqəluca Allahdan qorxun və Quran ayələrinə itaətsizlik göstərməyin, çünki əgər siz onlara əməl etsəniz, hökmən əfv olunacaqsınız, axı Kitabın öyrənilməsi və onun nəsihətlərinin yerinə yetirilməsi – Allahın mərhəmətini qazanmağın ən böyük amilidir.
(6.156) “Biz onu sizin: “Bizdən əvvəl Kitab ancaq iki tayfaya (yəhudilərə və xaçpərəstlərə) nazil edilmişdir. Biz onların oxuduqlarından xəbərsizik”- deməməyiniz
(6.157) və ya: “Əgər bizə də Kitab nazil edilsəydi, onlardan daha artıq düz yolda olardıq”, söyləməməyiniz üçün (göndərdik). Artıq Rəbbinizdən sizə açıq-aşkar bir dəlil, hidayət və mərhəmət gəlmişdir. Allahın ayələrini yalan hesab edib onlardan üz çevirəndən daha zalım kim ola bilər?! Ayələrimizdən üz çevirənləri üz çevirdiklərinə görə ən pis cəza ilə cazalandıracağıq!”
Biz sizə bu Mübarək Kitabı nazil etdik ki, sizi küfrə bəraət qazandırmaq imkanından məhrum edək və siz deməyəsiniz ki, Kitab təkcə yəhudilərə və xristianlara – sizə qədərki dindar ümmətlərə nazil edilmişdi və siz əvvəlki Kitablardan xəbərsiz idiniz. Onu sizə Biz göndərmişik və səmadan hələ heç vaxt belə dolğun məzmunlu, aydın və asan ifadə edilmiş Vəhy endirilməmişdi.
Buna qədər siz öz kafirliyinizə doğru bir Təlimatın sizə hələ heç gəlib çatmaması və ya natamam şəkildə çatması ilə bəraət qazandıra bilərdiniz. Lakin indi siz doğru yolu göstərən kamil Təlimatı gördünüz, axı sizə Rəbbinizdən açıq-aydın bir möcüzə gəlmişdi. Açıq-aydın möcüzə dedikdə, haqqa nur saçan nə varsa – hamısı nəzərdə tutulur.
O (Kitab), sizi azğınlıqdan düz yola çıxarır və sizə qarşı bəslənən mərhəmətdir, çünki dində və dünyəvi həyatınızda xoşbəxtliyinizi təmin edir. O, sizi onun hökmlərini yerinə yetirməli və onun bütün hekayətlərinə inanmalı olduğunuza yönəldir. Əgər sizlərdən kimsə ona diqqət yetirmir və onu yalan sayırsa, onda o – zalımların ən zorbalarındandır, çünki Allahın ayələrini inkar edənlərdən, onlardan üz döndərənlərdən və uzaqlaşanlardan daha zalım kəslər yoxdur. Allahın ayələrindən üz çevirən hər kəs azğınlığa qapıldığı və başqalarını da azğınlığa saldığı üçün hökmən dəhşətli cəzaya məruz qoyulacaqdır. Bu, törədilən cinayətlərə görə ədalətli əvəz olacaqdır, axı Rəbb Öz qullarına heç vaxt zülm etmir.
Bu ayələr – Quran biliklərinin ən şərəfli və mübarək olmasının və hər şeyi əhatə etməsinin dəlilləridir. Müqəddəs Quran sayəsində düz yol tamamilə aydın görünür və onun aydınlaşdırılması üçün insanlar mütəfəkkirlərin uydurmalarına, filosofların mühakimələrinə və ya ilk və sonuncu nəsillərin digər elmlərinə ehtiyac duymurlar. Bu ayələrdən həm də aydın olur ki, əvvəlki Kitablar təkcə iki ümmətə - yəhudilərə və xristianlara nazil edilmişdi. Ancaq onlar Kitab əhli hesab olunur, zərdüştilər və digər dinlərin nümayəndələri onlara aid edilmirlər. Onlardan həmçinin belə bir nəticə çıxır ki, Quran nazil edilənə qədər ərəblər tam mənada cahillik içində idilər və mühüm biliklərin mühafizəçiləri olan yəhudilərin və xristianların Kitablarının mahiyyəti haqqında təsəvvürə malik deyildilər.
(6.158) “(Məkkə müşrikləri) özlərinə yalnız mələklərin, yoxsa Rəbbinin (əzabının), yaxud da Rəbbinin bəzi Qiyamət əlamətlərinin gəlməsinimi gözləyirlər? (Ey Elçim!) Rəbbinin bəzi Qiyamət əlamətləri gələcəyi gün əvvəlcə iman gətirməmiş və ya imanından bir xeyir qazanmamış şəxsə (sonrakı) imanı heç bir fayda verməz. De: “Gözləyin, doğrusu, elə biz də gözləyirik!”
Doğrudanmı zalımcasına davranmaqda davam edən və öz inkarçılığında inadkarlıq göstərən kafirlər Axirət həyatının başlanğıcını və cəza xəbərçilərini gözləyirlər? Bu, baş verdikdə, mələklər onların canlarını almaq üçün qarşılarında zühur edəcəklər və o zaman dinə qayıtmaq və xeyirxah işlər görməyə başlamaq heç bir fayda verməyəcək. Sonra isə Allah görünəcək ki, Öz qullarına hökm çıxarsın və bütün möminlərə və günahkarlara layiq olduqlarının əvəzini versin. Doğrudanmı kafirlər bunu gözləyirlər? Doğrudanmı onlar Qiyamətin qopmasının yaxınlaşmasını sübut edən əlamətlərin təzahür etməsini gözləyirlər?
O əlamətlər təzahür etməyə başladıqda iman, əvvəllər iman gətirməmiş və öz imanı sayəsində xeyir qazanmamış, kəslərə artıq fayda verməyəcək. Bu, baş verəndə kafirlər doğru imanı qəbul etməkdən faydalana bilməyəcək, möminlər isə, əgər onlar əvvəllər xətalara yol verirdilərsə, artıq xeyirxah əməllərini çoxalda bilməyəcəklər. İman təkcə o şəxslərə fayda verəcək ki, onlar bu əlamətlər zühur edənə qədər iman gətirmiş və xeyirxahlıq etməyi bacarmış olsunlar.
Bu müddəanın hikməti tamamilə aydındır, çünki iman o şəxslərə fayda verir ki, onlar qeybə inanmış və öz istəyi ilə mömin kimi davranmış olsunlar. Rəbbin Qiyamət əlamətləri zühur etdikdə isə qeybə məxsus olanlar aşkarlanacaq və iman tamamilə lüzumsuz olacaqdır. Onda insanlar iman gətirməyə məcbur olacaqlar və onların imanı suda boğulanın və ya alov bürüyüb yanan insanın, ölümlə üz-üzə gəldikdən sonra törətdiyi günahlardan imtina edənin imanına bənzəyəcəkdir. Fövqəluca Allah buyurur: “Onlar əzabımızı gördükdə dedilər: “Biz yalnız Allaha iman gətirdik, (Rəbbimizə) qoşduğumuz şərikləri (bütləri) isə inkar etdik! Amma əzabımızı gördükləri zaman iman gətirmələri – Allahın Öz bəndələri barəsində öncə olub-keçmiş (tətbiq edilmiş) adətinə (qayda-qanununa) müvafiq olaraq heç bir fayda vermədi. (Əzab gəlməmişdən əvvəl iman gətirmək lazımdır, əzabı gördükdə gətirilən imanın heç bir faydası olmaz). Kafirlər elə oradaca ziyana uğradılar (məhv oldular)” (Mumin, 40/84-85).
Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun!) çoxsaylı səhih hədislərində bildirilir ki, Allahın bəzi Qiyamət əlamətləri adı altında Günəşin qərbdən çıxması nəzərdə tutulur. İnsanlar bunu gördükdə, onlar o saat dinə iman gətirəcəklər, lakin bu onlara heç bir fayda verməyəcəkdir, çünki tövbə qapıları artıq bağlanmış olacaqdır.
Bu vəhy Allahın elçilərini yalançı sayan kafirlərə qorxunc bir xəbərdarlıqdır. Onlar gözləyirdilər ki, Muhəmməd Peyğəmbərə (ona Allahın salavatı və salamı olsun!) və onun ardıcıllarına fələyin zalım dönüklüyü düçar olacaqdır. Allah isə onlara səbr edib gözləməyi buyurmuşdu – çox yaxın vaxtda onlar görəcəkdilər ki, insanlardan kimlərin özlərini təhlükəsizlikdə hiss etməyə daha çox əsası vardır.
Bu ayə, Fövqəluca Allahın Öz iradəsi ilə yerinə yetirdiyi əməllərə inanan Sünnə və camaat əhlinin baxışlarının lehinə şəhadət verən bir dəlildir. O, səmaya yüksəlir, enir və gəlir, lakin Onun ilahi əməlləri məxluqların əməllərinə oxşamır. Bu müddəalar Quran və Sünnənin bir sıra mətnləri ilə təsdiq olunur.
Bu ayədən aydın olur ki, günəşin qərbdə çıxması Qiyamət əlamətlərindəndir. Buradan belə çıxır ki, Fövqəluca Allah müdrikdir və Onun müəyyən etdiyinə görə, iman gətirmək məcburiyyət altında deyil, könüllü olduğu zaman fayda verir. Buradan həmçinin aydınlaşır ki, insan öz imanı sayəsində nemət əldə edir və itaətkarlıq, xeyirxahlıq və Allahdan qorxmaq hissi, qul düzgün iman sahibi olduqda ona fayda verir və artır. Əgər onun qəlbi imandan məhrumdursa, ona heç bir şey fayda verə bilməz.
(6.159) “(Ey Elçim!) Şübhəsiz ki, sənin firqə-firqə olub dinini parçalayanlarla heç bir əlaqən yoxdur. Onların işi Allaha qalmışdır. (Allah) sonra (Qiyamətdə) onlara nə etdiklərini bildirəcəkdir!”
Fövqəluca Allah müxtəlif məzhəblərə mənsub olan və özlərinə müvafiq adlar uyduranları hədələyir. Onlar özlərini yəhudiliyin, xristianlığın və ya zərdüştiliyin ardıcılları adlandırırlar, halbuki bu onların dindarlığına fayda vermir. Allah imanı kamil olmayanı da hədələyir, çünki onlar şəriətin bir hissəsini qəbul edir, o biri hissəni özlərinin dininə çevirir, digər hissəsini isə, ola bilsin ki, daha çox vacib olanı, kənara atırlar. Bidət və azğın məsləklərə etiqad edən müxtəlif dini təriqətlərin tərəfdarları məhz belə davranır və müsəlmanların sırasına təfriqə - nifaq salırlar.
Bu kəramətli ayə İslam dininin insanların birliyinə hökm verdiyini, təriqətlərə bölünməsini və habelə dinin əsas və fərdi məsələlərində ( Yəni fəri məsələlərdə. F.S.) onların ziddiyyətə qapılmasını qadağan etdiyini sübuta yetirir. Elə buna görə də, Allah Öz Peyğəmbərinə (ona Allahın salavatı və salamı olsun!) buyurur ki, müsəlmanların sıralarına təfriqə salanlardan üz döndərsin. Muhəmməd Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun!) belə insanlarla heç bir əlaqəsi yox idi və onların da ona (ona Allahın salavatı və salamı olsun!) heç bir aidiyyəti yox idi, çünki onlar ona (ona Allahın salavatı və salamı olsun!) itaətsizlik göstərmiş və onun (ona Allahın salavatı və salamı olsun!) əleyhinə çıxmışdılar. Onlar mütləq Allaha qaytarılacaqlar və O, onlara layiq olduqlarının əvəzini və bütün törətdikləri əməllər haqqında xəbər verəcəkdir.
(6.160) “Kim yaxşı bir iş görərsə, ona həmin işin on qat əvəzi (savabı) verilər. Kim pis bir iş görərsə, ona həmin işin misli qədər cəza verilər. Onlara haqsızlıq edilməz”.
Allah Axirətdə əvəzi necə verəcəyi barədə bildirir. Əgər insan Onun qarşısında qəlbən və ya cismən ifadə etdiyi və ya onun Allah və məxluqlar qarşısındakı öhdəlikləri ilə bağlı xoş sözləri və ya yaxşı əməlləri ilə dayanarsa, onda o, etdiklərinin əvəzini on qat ölçüdə alacaq. Bu, xeyirxahlıq edilməsinə görə ən minimal mükafatdır. Əgər insan Allahın hüzuruna cinayətləri ilə gələrsə, onun cəzası artırılmayacaq, lakin törətdiklərinə uyğun olacaqdır ki, bu da Fövqəluca Allahın mütləq ədalətini və xeyirxahlığını təsdiq edir. O, heç kimlə, hətta zərrə qədər belə, ədalətsiz davranmır. İnsanlar incidilməyəcəklər.
(6.161) “(Ya Rəsulum) De: “Şübhəsiz, Rəbbin məni doğru yola, həqiqi (düzgün) dinə, batildən haqqa tapınan və müşriklərdən olmayan İbrahimin dininə yönəltdi!”
Fövqəluca Allah Öz Peyğəmbərinə (ona Allahın salavatı və salamı olsun!) buyurur ki, özünün düz yolla getdiyini və doğru dinə etiqad etdiyini hamıya bildirsin. Bu din faydalı baxışlara və saleh əməllərə söykənir. O, ən gözəl şeyləri etməyi əmr edir və bütün pis şeyləri qadağan edir. Bütün peyğəmbərlər və elçilər (onlara Allahın salamı olsun) həmin dinə etiqad ediblər, o cümlədən, bütün səmimi qulların başçısı, onun (ə) ölümündən sonra, insanlara göndərilən əksər peyğəmbərlərin ulu babası, mərhəmətli Allahın sevimlisi – İbrahim Peyğəmbər (ə) də. O din Bir olan Rəbbə səmimi xidmət dinidir və bütün digər yanlış etiqadlardan – yəhudilərin, xristianların və müşriklərin sitayiş etdiklərindən fərqlənir.
(6.162) “De: “Mənim namazım da, ibadətim də, həyatım və ölümüm də aləmlərin Rəbbi Allah üçündür!”
(6.163) “Onun heç bir şəriki yoxdur. Mənə belə buyurulmuşdur və mən ilk müsəlmanam!”
Bundan əvvəlki geniş mənalı vəhydən sonra Fövqəluca Allah ibadətin ən şərəfli ayinlərini – namazı və qurbanı xüsusilə qeyd edir. Bununla da Allah bu ayinlərin üstünlüyünü xüsusilə vurğulayır ki, onların hər biri insanın Fövqəluca Allahı sevdiyinə, səmimiyyətlə təkcə Ona xidmət etməsinə və Ona qəlbən, dili və canı ilə və həmçinin qurban verməklə yaxınlaşmağa can atdığına şəhadət verir. Həqiqətən, mömin insan özü üçün əziz və sevimli olan malını Fövqəluca Allaha qurban edir və bununla o, Onu daha güclü məhəbbətlə sevir.
Əgər insan Allah xatirinə səmimiyyətlə namaz qılır və qurban verirsə, onda onun bütün digər əməlləri və sözləri də həmçinin səmimi olacaqdır və belə olduqda, onun bütün həyatı və ölümünə qədər ona qismət olacaq hər şey bir olan Allaha – aləmlərin Rəbbinə həsr olunacaqdır. Onun Onunla bərabər hakimiyyəti və Kainatı idarə etməyi bölüşdürə bilən bir şəriki yoxdur; Onunla bərabər ibadət olunmaq haqqını bölüşdürə bilən hər hansı şərikləri də yoxdur.
Muhəmməd Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun!) təbliğ etdiyi tək Allaha bu cür xidmət bir yenilik deyildi. O (ona Allahın salavatı və salamı olsun!), bunu öz istəyi ilə fikirləşib tapmamışdı – ona bunu etmək həvalə olunmuşdu və o, təkcə bu hökmü yerinə yetirməklə pis sonluqdan xilas ola bilərdi. Bunu edərək, o (ona Allahın salavatı və salamı olsun!), ümmətimizin ilk müsəlmanı oldu.
(6.164) “De: “Allah hər şeyin Rəbbi olduğu halda, heç mən Ondan başqa Rəbmi istərəm? “Hər kəsin qazandığı günah ancaq özünə aiddir. Heç bir günahkar başqasının günahını daşımaz. Axır dönüşünüz Rəbbinizədir. O zaman (Allah) sizə aranızda ixtilaf doğuran məsələlər barəsində xəbər verəcəkdir”.
Fövqəluca Allah Öz Elçisinə (ona Allahın salavatı və salamı olsun!) buyurur ki, desin: “Allah bütün yaradılmışların Rəbbi olduğu və bütün məxluqlar Onun qulları və Onun iradəsinə tabe olduqları halda, heç ola bilər ki, mən məxluqlar arasında bir ağa axtarım ki, qayğımı çəksin və işlərimi idarə etsin?!! Mən digər canlı məxluqlar kimi, Onu öz Rəbbim adlandırmalı, bununla kifayətlənməli və öz ümidlərimi kasıb və köməksiz qullara bağlamamalıyam”.
Sonra Allah insanları xeyirxahlıq etməyə çağırır və onları gələcək qisas günü ilə hədələyir. O bildirir ki, hər bir insan həm yaxşı və həm də pis əməlləri təkcə özü üçün edir. Digər bir ayədə isə deyilir: “Yaxşı iş görənin xeyri özünə, pislik edənin də zərəri özünə olar. (Ey Peyğəmbər!) Sənin Rəbbin (haqsız yerə) bəndələrə zülm edən deyildir!” (Fussilət, 41/46).
Heç kim özgəsinin günahlarının ağırlığını daşımayacaqdır. Əksinə, hər kəs təkcə öz yükünü aparacaq. Əgər bir adam bir başqasının yoldan azmasına və günah işlətməsinə səbəb olmuşsa, onda o, günahı bilavasitə törətmiş şəxsi məsuliyyətdən xilas etmədən, buna görə özü məsuliyyət daşıyacaq. Qiyamət günü bütün insanlar Allaha qayıtmalıdırlar və O, onların bir-biriləri ilə mübahisə etdikləri xeyir və şər haqqında onlara xəbər verəcəkdir. Sonra isə O, hər kəsə layiq olduğunu nəsib edəcəkdir.
(6.165) “(Ey insanlar!) Verdiyiniz nemətlərlə sınamaq üçün sizi yer üzünün varisləri təyin edən, dərəcələrə görə birinizi digərinizdən üstün edən Odur. (Ey Elçim!) Həqiqətən, sənin Rəbbin (kafirlərə, müşriklərə, Onun birliyini inkar edənlərə) tezliklə cəza verən və şübhəsiz ki, (möminləri) bağışlayan, (onlara) rəhm edəndir!”
Allah elə etmişdir ki, sizin bəziləriniz digərlərini əvəz etməyə gəlirlər. O, sizi yer üzünün varisləri etmiş və bu dünyanı sizə tabe etmişdir ki, sizi sınaqdan keçirsin və sizin özünüzü necə aparacağınıza baxsın. O, sizlərdən bəzilərinizi o birilərindən qüvvəyə, sağlamlığa, var-dövlətə, zahiri gözəlliyə və əxlaqi simaya görə üstün etmişdir ki, sizi sizə bəxş edilənlərlə imtahana çəksin. Siz müxtəlif əməllər edirsiniz və Allah günah işlədənləri və Onun ayələrini yalan sayanları cəzalandırmaqda ləngiməz. Ona iman gətirənləri, mömincəsinə davrananları və ağır günahlarında tövbə edənləri O, hökmən bağışlayır və əfv edir.
Tarix: 20.04.2013 / 15:57 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 632 Bölmə: Sureler