(102) “Ey iman gətirənlər! Allahdan Ona layiq olan tərzdə qorxun və ancaq müsəlman olduğunuz halda ölün!”
(103) “Hamınız Allahın ipindən möhkəm yapışın və parçalanmayın! Allahın sizə olan nemətini xatırlayın ki, siz bir-birinizə düşmən idiniz, O, sizin qəlblərinizi birləşdirdi və Onun neməti sayəsində bir-birinizlə qardaş oldunuz. Siz odlu bir uçurumun lap kənarında idiniz. O, sizi ondan xilas etdi. Allah Öz ayələrini sizə beləcə bəyan edir ki, bəlkə doğru yola gələsiniz”.
Bu ayələrdə Allah Öz mömin qullarını Onun böyük mərhəmətinə görə razılıq bildirməyə və minnətdarlıq etməyə, Ondan layiqincə qorxmağa, Ona qüsursuz itaət etməyə və Onun sözündən çıxmamağa və bunları Onun xatirinə səmimiliklə yerinə yetirməyə dəvət edir. Allah insanlara həqiqi dinə etiqad göstərməyi və Allahın Öz qullarına uzatdığı və Onun Özünə aparan ipindən, yeganə vasitə kimi, möhkəm yapışmağı əmr edir. Bu ip – Allahın dini, Onun Kitabıdır və insanlar onun ətrafında, firqələrə bölünmədən, birləşməli və ta ölənə qədər bu yolla getməlidirlər.
Allah müsəlmanlara, O, onlara Özünün bu böyük lütfünü göstərənə qədər, onların hansı vəziyyətdə olduqlarını xatırladır. Onlar dağınıq halda idilər və bir-biriləri ilə düşmənçilik edirdilər, lakin Allah Öz dininin vasitəsilə onlara birləşmək üçün yardım göstərmiş, onların ürəklərini həmahəng edərək onları qardaşlaşdırmışdır. Onlar Cəhənnəm uçurumunun kənarında olduqları halda, Allah onları böyük müsibətdən xilas edərək, xoşbəxtlik və uğur yoluna yönəltmişdir. Bu qayda ilə O, insanlara Öz ayələrini izah edir ki, onlar Ona minnətdarlıqlarını bildirib, düz yolla getsinlər və Onun ipindən möhkəm yapışsınlar.
(104) “Qoy sizin içərinizdən xeyrə çağıran, yaxşı işləri görməyi buyuran və pis əməlləri qadağan edən bir camaat çıxsın. Məhz onlar nicata qovuşanlardır”.
Allah müsəlmanlara dinə möhkəm etiqad etməyi tapşırır və dini vəzifələrin yerinə yetirilməsinin ən mühüm amili olaraq dəvətçi qruplarının təşkilini göstərir. Belə qrupların yaradılması kifayət edir ki, o biri müsəlmanlar bu işdən azad edilsinlər. Dəvətçilər dini yayaraq ətrafdakıları xeyirli əməllərə çağırmalı və insanlara dinin əsas və ikinci dərəcəli məsələlərini öyrətməlidirlər. Onlar insanları elə əməllər etməyə dəvət etməlidirlər ki, bu əməllər şəriət və ağıl sahibləri tərəfindən bəyənilmiş olsun və həm də onları şəriətin qınadığı əməllərdən çəkindirsin. Belə insanlar mütləq uğur qazananlardan olacaq, çünki onlar istədiklərini əldə edəcək və hər cür dəhşətli və xoşagəlməz şeylərdən xilas olacaqlar.
Bu dəvətçilər sırasına daxil olanlar İslam alimləridir. Onlar bilik əldə edərək şəriəti insanlara təlim edir, mühazirələr oxuyur və ümumiyyətlə milləti bütövlükdə və ayrı-ayrı insanları isə tək-tək tərbiyələndirirlər. Onlar ətrafdakıları namaz qılmağa, zəkat verməyə, digər dini vəzifələri yerinə yetirməyə və qınanılan əməllərdən saqınmağa dəvət edirlər. Milləti və ya hər hansı fərdi xeyirxahlığa dəvət edən, ətrafındakılara faydalı nəsihətlər verən hər bir müsəlman sözsüz ki, belə dəvətçilərdəndir.
(105) “Özlərinə aydın dəlillər gəldikdən sonra firqələrə ayrılıb ixtilaf edənlər kimi olmayın. Onları böyük bir əzab gözləyir”.
Allah, dini dərk etdikdən və aydın ayələri gördükdən sonra firqələrə ayrılanların yolu ilə getməyi qadağan edir. Bildikləri onları dinin tələblərinə riayət etməyə sövq etdirməli və onları birləşdirməli idi, lakin onlar ixtilafa düşdülər və müxtəlif təriqətlərə bölündülər. Onlar həqiqəti bilmədiklərinə və nadanlıqlarına görə deyil, bilərəkdən belə etdilər. Onların rəftarı bəd niyyətlərinin və bir-birilərinə zalım münasibətin nəticəsi idi. Belə insanlara böyük cəza hazırlanmışdır. Buna görə, sonra Allah bu böyük cəzanın başlayacağı və əzabverici cəzanın kafirləri yaxalayacağı vaxt haqqında izah verir.
(106) “O gün neçə-neçə üzlər ağaracaq, neçə-neçə üzlər də qaralacaqdır. Üzləri qaralan kəslərə: “İman gətirdikdən sonra kafirmi oldunuz? Elə isə, küfrünüzə görə dadın əzabı!” – deyiləcəkdir”.
(107) “Üzləri ağ olan kəslər isə Allahın mərhəməti altında olacaq və orada əbədi qalacaqlar”.
Allah Qiyamət günü xoşbəxt və bədbəxt insanlar arasında olacaq fərqi bildirir. Həmin gün, Allaha iman gətirmiş və elçilərin doğruçuluğunu qəbul etmiş, Allahın hökmlərini yerinə yetirmiş və Onun qoyduğu qadağanlardan çəkinmiş xoşbəxt möminlərin üzü nurlanacaqdır. Allah onları Cənnət bağlarına daxil edəcək, onları Özünün hər cür nemətləri ilə mükafatlandıracaq və onlar orada əbədi qalacaqlar. Elçiləri yalançı hesab edən, Allahın hökmlərinə itaətsizlik göstərən, dini bölərək çoxsaylı təriqətlər yaradan bədbəxt günahkarların üzü isə qaralacaqdır. Onları: “Doğrudanmı siz iman gətirdikdən sonra kafir oldunuz? Doğrudanmı siz haqq din əvəzinə kafirliyi üstün tutdunuz?! İman gətirməkdən boyun qaçırtdığınıza görə dadın cəzanı!” – sözləri ilə qınayacaqlar.
(108) “Bunlar Allahın ayələridir. Onları sənə bir həqiqət olaraq oxuyuruq. Allah aləmlərə haqsızlıq etmək istəmir”.
(109) “Göylərdə və yerdə nə varsa, Allaha məxsusdur və axırda bütün işlər Allaha qaytarılacaqdır”.
Uca Allah Muhəmməd Peyğəmbərə (s.ə.s.) nazil etdiyi ayələrini şərəfləndirir. Onların sayəsində həqiqəti yalandan, dindar möminləri isə Allahın düşmənlərindən ayırmaq olar. Quran ayələri bəziləri üçün hazırlanmış mükafatlardan və digərləri üçün də onları gözləyən cəzalardan bəhs edir. Ayələr belə əvəzin Uca Allahın mərhəmətinə, ədalətinə və müdrikliyinə müvafiq olduğunu izah edir. O, heç vaxt Öz qullarını incitmir, onların xeyirxah saleh əməllərinin əhəmiyyətini əskiltmir, onları başqalarının əvəzinə cəzalandırmır və başqalarının əməllərinə görə onları məsuliyyətə cəlb etmir.
Allah Özünün hökmlərini və dinin tələblərini xatırladıqdan sonra, Özünün göylər və yer üzərində hüdudsuz hakimiyyətindən bəhs edir. O, bildirir ki, yaratdıqlarının bütün əməlləri Ona tərəf dönür və O, xeyirxah əməllərinə görə möminləri mütləq mükafatlandıracaq və günahkarları isə itaətsizliklərinə görə cəzalandıracaqdır. Allah Özünün üç növ qanunlarını tez-tez xatırladır ki, onları qullarına anlatsın. O, Mütləq Hökmdardır; O, ilahi qədərinin qanunlarına, dinin qanunlarına və ədalətli intiqam qanunlarına əsaslanır və O, bu dünyada da, Axirətdə də Öz məxluqlarının taleyini Özü həll edir. Yaradılmışların özlərinə gəldikdə isə, onlar Onun qərarlarından asılıdırlar və heç bir hakimiyyətə malik deyillər.
(110) “Siz insanlar arasında üzə çıxarılmış ən xeyirli millətsiniz. Siz yaxşı işlər görməyi əmr edir, pis əməlləri qadağan edir və Allaha iman gətirirsiniz. Kitab əhli də iman gətirsəydi, əlbəttə, onlar üçün yaxşı olardı. Onların arasında iman gətirənlər də vardır. Əksəriyyəti isə haqq yolunu azmış fasiqlərdir”.
(111) “Onlar sizə əziyyətdən başqa bir zərər yetirə bilməzlər. Əgər sizinlə vuruşmalı olsalar, arxa çevirib qaçarlar. Sonra isə onlara kömək də edilməz”.
Allah bildirir ki, İslam milləti öz keyfiyyəti və xüsusiyyətlərinə görə bütün digər millətlərdən üstündür. Müsəlmanlar ən səmimi və xeyirxah insanlardır. Onlar yaxşılıq etməyi sevir, ətrafdakıları buna dəvət edir, onlara həqiqəti öyrədir, bəyənilən işlər görməyi məsləhət görür və onları qınanılan əməllərdən çəkindirirlər. Onlar nəinki insanlara kamilliyə nail olmağa kömək edir, öz imkanları daxilində onlara fayda verməyə səy göstərirlər, hətta özləri də, Allaha iman gətirərək və bu dinin vacib tələblərini yerinə yetirərək, kamilləşməyə nail olmağa çalışırlar.
Ey müsəlmanlar! Əgər Kitab əhli sizin iman gətirdiyinizə iman gətirsəydi, onda onlar doğru yolla gedərdilər və öz xeyirləri üçün çalışardılar. Lakin onlardan çox az bir hissəsi haqq dini mənimsəyirlər, çünki onların əksəriyyəti fasiqlərdir. Onlar Allaha və Onun Elçisinə (s.ə.s.) itaətdən boyun qaçırır, möminlərə qarşı döyüşür və hər vasitə ilə onlara ziyan vurmağa cəhd göstərirlər. Lakin onlar, öz yaramaz danışıqları ilə narahatçılıq törətməkdən başqa, möminlərə heç bir zərər vura bilməzlər. Onlar müsəlmanlarla vuruşmaya hazırlaşdıqda, geriyə qayıtmağa məcbur olur və köməksiz qalırlar.
Bu öngörüm doğru çıxmışdı, çünki hər dəfə Kitab əhli müsəlmanlarla döyüşməyə cəhd edəndə, onlar geriyə dönməli olurdular, Uca Allah isə onlara qalib gəlməkdə möminlərə kömək edirdi.
(112) “Onlar harada olursa olsunlar, Allahın və mömin insanların himayəsində olanlar istisna olmaqla, onlara həmişə zəlillik qismət olar. Onlar Allahın qəzəbinə düçar olmuş və onlara mənəvi yoxsulluq üz vermişdir. Bu cəza ona görədir ki, onlar Allahın ayələrini inkar etmiş və bəzi peyğəmbərləri haqsız yerə öldürmüşlər. Bu həm də ona görədir ki, onlar asi olmuş və həddi aşmışlar”.
Uca Allah xəbər verir ki, yəhudilər – alçaldılmış xalqdır. Onlar hər yerdə qorxu içində yaşamağa məcburdurlar və onlar öz təhlükəsizliyini ancaq sülh müqavilələri sayəsində təmin etməyə nail ola bilirlər. Bunun üçün onlar İslamın hökmlərinə itaət etməli və müsəlmanlara can vergisi verməli olurdular. Bəzən onlar başqa xalqların himayədarlığından istifadə edirdilər ki, bu keçmiş və müasir tarixin çoxsaylı nümunələri ilə təsdiqlənir. Hətta son illərdə yəhudilərin müvəqqəti olaraq Fələstin torpaqlarına sahib çıxmaları, təkcə onlar üçün bütün zəruri şəraiti yaradan qüdrətli dövlətlərin köməyi ilə mümkün ola bilmişdir.
Allah yəhudilərə qarşı qəzəblənərək, onları alçalmaya və kasıblamağa ona görə məruz qoyur ki, onlar Allahın ayələrinə iman gətirməkdən boyun qaçırır və peyğəmbərləri insafsızcasına öldürürdülər. Bu cinayətlər onların nadanlığının və məlumatsızlığının deyil, onların zalımlığının və inadkarlıqlarının nəticəsiydi. Yəhudilər öz Rəbbinə itaətdən boyun qaçırmış, cinayətlər törətmiş və buna görə ən ağır cəzaya layiq ediliblər. Allah onlarla ədalətsiz davranmamışdı və onları törətmədikləri cəzaya görə cəzalandırmamışdı. O, onları ədalətsizliklərinə, zalımlıqlarına, kin-küdurətlərinə, Allahın elçilərinə iman gətirmədiklərinə və yaramaz cinayətlərinə görə sərt cəzaya düçar etmişdi.
(113) “Hamısı eyni deyillər. Kitab əhli içərisində haqdan möhkəm yapışan bir camaat vardır ki, onlar gecələri səcdəyə qapanıb Allahın ayələrini oxuyurlar”.
(114) “Belələri Allaha, Axirət gününə iman gətirir, yaxşı işləri görməyi buyurur, pis əməlləri qadağan edir və xeyirxah işlər görməyə tələsirlər. Məhz onlar əməlisalehlərdəndir”.
(115) “Onların etdiyi yaxşılıqlar əvəzsiz qalmayacaqdır. Allah müttəqiləri tanıyır”.
Uca Allah Kitab əhlinin yolunu azmasını xatırlatdıqdan sonra, onların arasından doğru yolla gedənlərin məziyyətləri və əməllərindən bəhs edir. Onların arasında elələri var ki, dinin fərz və nafilə hökmlərini qüsursuz yerinə yetirirlər. Onlar Allaha və Axirət gününə inanır, xeyirxah əməllər etməyi əmr edir və günahlardan çəkindirirlər. Bununla əlaqədar Uca Allah buyurur: “Musanın qövmündən elə bir camaat vardır ki, haqq ilə insanları doğru yola yönəldir və onun sayəsində ədalətlə hökm verirlər” (Əraf, 7/159).
Onlar təkcə xeyirxah əməllər etməklə qane olmurlar – belə əməlləri etməyə tələsirlər, bu isə o deməkdir ki, onları əməlisalehlik, mükafatı əldən qaçırmamağa can atmaq və yaxşı işləri, onların vacib şərtlərinə və bəyənilən tələblərinə riayət edərək, layiqincə yerinə yetirmək kimi keyfiyyətlərlə səciyyələndirmək olar.
Uca Allah belə insanlardan hər hansı böyük və ya kiçik sədəqəni qəbul edir, çünki bu əməllər onların imanının və səmimiyyətinin nəticəsidir. Allah belə əməlləri rədd etmir və onların əvəzi ödənilmədən unudulmasına yol vermir. O, müttəqilər, xeyirxah əməl işləyənlər və Onun mərhəmətini qazanmaq məqsədilə və Onun mükafatına ümid bəsləyərək günahdan çəkinənlər haqqında hər şeyi bilir.
(116) “Kafirlərin malları da, övladları da onlara Allahın qarşısında heç bir şeydə fayda verə bilməz. Onlar Od sakinləridir və orada əbədi qalacaqlar”.
(117) “Onların bu dünya həyatında sərf etdiklərinin məsəli, özlərinə zülm edən adamların tarlasına ziyan vurub onu məhv edən çox soyuq bir küləyin məsəlinə bənzəyir. Allah onlara zülm etmədi, lakin onlar özləri özlərinə zülm edirdilər”.
Uca Allah izah edir ki, Onun ayələrini inkar edən və Allahın elçilərini yalançı sayan kafirləri heç kim Onun əlindən qurtara bilməz. Allah qarşısında heç kim onlara kömək etməz və heç kim onlara havadar çıxmaz. Hətta ən çətin anlarda güvəndikləri var-dövlət və övladları onlara heç bir rahatlıq gətirə bilməyəcəklər, öz yalanlarını ört-basdır etmək ümidi ilə bu dünyada verdikləri bütün ianələr faydasız və puç olacaq. Onların məsəli sərt şaxtalı küləyin və ya odlu qasırğanın məhv etdiyi taxıla bənzər. Bunun əsil səbəbi – onların ədalətsizliyi və zalımlığıdır. Allah onlarla ədalətsiz davranmayacaq və onları etmədikləri günahlara görə cəzalandırmayacaq. Əksinə, onlar özləri özlərinə zülm etmişlər.
Quranın buna bənzər bir ayəsində deyilir: “Şübhəsiz ki, kafir olanlar insanları Allah yolundan sapdırmaq üçün öz mallarını sərf edirlər. Onlar onu sərf edəcək, sonra bunun peşmançılığını çəkəcək, daha sonra isə məğlub ediləcəklər...” (Ənfal, 8/36).
(118) “Ey iman gətirənlər! Sizlərdən olmayanı özünüzə sirdaş tutmayın. Onlar sizə qarşı fəsad törətməkdən əl çəkməzlər, sizin sıxıntıya düşməyinizi istəyərlər. Düşmənçilikləri onların ağızlarından çıxan sözlərdən bəllidir. Kökslərində gizlətdikləri düşmənçilik isə daha böyükdür. Əgər anlayırsınızsa, Biz ayələri artıq sizə bəyan etdik”.
(119) “Bax, siz o kəslərsiniz ki, onlara məhəbbət bəsləyir, onlar isə sizi sevmirlər. Siz nazil olan Kitabların hamısına inanırsınız. Onlar sizinlə rastlaşanda: “Biz iman gətirdik!” – deyirlər, təklikdə qalanda isə sizə qarşı qəzəbdən barmaqlarının ucunu gəmirirlər. De: “Qəzəbinizdən ölün!” Şübhəsiz ki, Allah kökslərdə olanı bilir”.
Allah qullarını kafirlərlə dostluq etməmək barədə xəbərdar edir və müsəlmanlara onları, öz sirrini və ya digər müsəlmanların sirlərini etibar etmək mümkün olan yaxınları və ya yaxın dostları kimi hesab etməyə qadağa qoyur. Bununla yanaşı Allah qullarına kafirlərlə yaxın dostluqdan niyə çəkinməli olduqlarını da aydınlaşdırır.
Ey möminlər! Kafirlər heç vaxt sizə zərbə vurmaq imkanını əldən buraxmırlar. Onların sözləri və dedikləri böhtanları sizə qarşı onların amansız nifrət bəslədiklərini təsdiq edir, onların ürəklərində gizlənən nifrət və kin isə, onların sözlərindən və rəftarından hiss etdiyiniz qərəzli münasibətdən daha da şiddətlidir. Allah əsil vəziyyəti sizə olduğu kimi izah edir və əgər siz ağıllı və sağlam təfəkkür sahibisinizsə, onda hər şey sizə gün kimi aydın olacaqdır.
Gəlin bu məsələyə digər tərəfdən yanaşaq. Əgər sizə məlum olsa ki, onlar dini məsələlərdə haqdan son dərəcə yayınmışlar və sizə yaxşı əməllərinizə görə minnətdar olmaq istəmirlər, onda siz niyə kafirləri sevməli və onları öz yaxın dostlarınız və yaxınlarınız kimi hiss etməlisiniz? Siz qəti olaraq Allahın elçilərinin yolu ilə gedirsiniz, Allahın göndərdiyi bütün peyğəmbərlərə inanırsınız və Onun nazil etdiyi bütün Kitabları qəbul edirsiniz, amma onlar isə ən şərəfli Kitaba və ən şərəfli Elçiyə (s.ə.s.) iman gətirməkdən boyun qaçırırlar. Siz onlara səmimiyyətlə ürəyiyananlıq edirsiniz, onlara xeyirxahlıq diləyirsiniz, amma onlar bu hisslərin cüzi bir qismini də sizə bəsləmirlər. Doğrudanmı siz, sizi sevməyənləri və qarşınızda riyakarlıqla yaltaqlananları sevə bilərsiniz? Onlar sizinlə rastlaşanda iman gətirdiklərini bildirirlər. Öz həmkarları ilə təklikdə qalanda isə, onlar sizə və dininizə olan qəzəb və hiddətlərindən barmaqlarının ucunu çeynəyirlər. Qoy onlar İslamın əzəmətini və kafirliyin alçaqlığını öz gözləri ilə görüb əmin olduqda nifrətdən çatlayıb ölsünlər. Bu onlara çox xoşagəlməz şeylərin acısını udduracaq və onda onlar öz kinindən öləcək və niyyət etdiklərini törədəcəklərindən də əl çəkə bilməyəcəklər.
Allah, insanların qəlbində gizlənən hər şeydən xəbərdardır və buna görə də O, iman gətirən qullarına, İslam dini ilə düşmənçilik edən kafirlərin və münafiqlərin əsil niyyətləri və hisslərini açıqlayaraq izah edir.
(120) “Sizə bir uğur nəsib olsa, bu onları kədərləndirər. Sizə bir fəlakət üz verdikdə isə, buna fərəhlənərlər. Əgər səbir etsəniz və Allahdan qorxsanız, onların qurduğu hiylə sizi ziyana sala bilməz. Həqiqətən, Allah onların nə etdiklərini əhatə edir”.
Ey müsəlmanlar! Siz özünüzü yüksəklikdə hiss etdikdə və ya qələbə çaldıqda, xoşbəxt bir həyat yaşadıqda və nemətlərdən həzz aldıqda, kafirlər olduqca kədərlənirlər. Düşmənləriniz sizə üstün gəldikdə və müsibətlər sizi haqladıqda, onlar şadyanalıq edir və sevinirlər. Həqiqətən, belə rəftar ancaq ən qəddar düşmənlərə xasdır.
Kafirlərin müsəlmanlara bəslədiyi bu qatı nifrəti izah etdikdən və onların yaramaz keyfiyyətlərini xatırlatdıqdan sonra Uca Allah iman gətirmiş qullarına əmr edir ki, səbir etsinlər və müttəqiliyə etiqad etsinlər. Onlar bu tələbləri yerinə yetirsələr, onda düşmənlərin fitnə-fəsadı onlara heç bir ziyan vura bilməz, çünki Allah Öz elmi ilə həm kafirləri və həm də onların niyyət etdikləri cinayətləri və fitnə-fəsadları da əhatə edir. O, müsəlmanlara vəd edir ki, əgər onlar Ondan qorxsalar, onda heç kim onlara zərər vura bilməz və onlar vədə şübhə etməməlidirlər.
(121) “O zaman sən Uhuddakı döyüşdən ötrü möminləri mövqelərə yerləşdirmək üçün səhər tezdən ailəndən ayrılıb getdin. O, Eşidəndir, Biləndir!”
Burada Muhəmməd Peyğəmbərin (s.ə.s.) müsəlmanlarla birlikdə, qoşunları Uhud dağının yaxınlığında dayanmış müşriklərə qarşı döyüşə getməsindən bəhs edilir. Peyğəmbər (s.ə.s.) müsəlmanları döyüş mövqelərində yerləşdirdikdən sonra, onların arasında vəzifələrini müəyyənləşdirdi və onları döyüş qaydasında düzdü. Bu onun (s.ə.s.) həm siyasətdə və həm də döyüş sənətində heyranedici qabiliyyətə və kamil biliklərə malik olduğunu təsdiq edirdi. Peyğəmbərin (s.ə.s.) məziyyətləri doğrudan da bütün sahələr üzrə qüsursuz idi. Allah isə Eşidəndir və Biləndir və heç bir şey Onun nəzərindən yayına bilməz.
(122) “O zaman sizlərdən iki dəstə ruhdan düşməyə hazır idilər. Allah isə onların yardımçısı oldu. Qoy möminlər Allaha təvəkkül etsinlər”.
Döyüş zamanı Bəni-Sələmə və Bəni Xarisə qəbilələri ruhdan düşməyə hazır idilər, lakin Yaradan onlara rəhm edərək, qayğılarına qaldı və onlara yardım etdi. Qoy iman gətirənlər Bir Olan Allaha təvəkkül etsinlər, axı onlar belə etsələr, O, hökmən onlara kifayət qədər kömək göstərər və həm dində və həm də bu dünyada hər hansı narahatçılıqlardan xilas edər.
Bu və buna bənzər ayələr, (gücü insanın imanından asılı olan) Allaha təvəkkülün zəruriyyətini xüsusilə vurğulayır. Təvəkkül qulun, Rəbbinin ona uğur qazanmaqda kömək edəcəyinə və onu hər cür xoşagəlməz hadisələrdən qoruyacağına bəslədiyi ümididir.
(123) “Siz zəif olduğunuz halda Allah Bədrdə sizə yardım etdi. Elə isə Allahdan qorxun ki, bəlkə şükür edəsiniz”.
Ühüd döyüşləri zamanı müsəlmanlara düçar olmuş böyük bəlanı xatırladıqdan sonra Uca Allah Bədrdəki qələbini və həmin döyüşdə onlara göstərdiyi lüffünü də yada salır ki, onlar təsəlli tapsınlar və öz Rəbbinə minnətdarlıq etsinlər. Bədr döyüşləri zamanı müsəlmanların sayı az idi və onlar pis təchiz olunmuşdular. Onların qoşununun sayı cəmisi 310 nəfərdən bir qədər çox idi, silahları köhnəlmiş və az sayda olduğu halda, düşmən qoşununun sayı min nəfərə çatırdı və onların hamısı yaxşı silahlanmış və təchiz edilmişdilər. Qoy müsəlmanlar Allahdan qorxsunlar və Rəbbə minnətdar osunlar ki, O, onlara düşmən üzərində qələbə bəxş etdi.
(124) “O vaxt sən möminlərə demişdin: “Rəbbinizin göndərdiyi üç min mələyin köməyinizə çatması, sizə bəs etmirmi?”
(125) “Əlbəttə, siz səbir etsəniz, Allahdan qorxsanız və onlar bu saat sizin üstünüzə hücuma keçsələr, Rəbbiniz nişanlamış beş min mələklə sizə yardım edər”.
Söhbət cəsarəti və igidliyi ilə xüsusi qeyd olunmuş mələklərdən gedir. Alimlər mələklərin döyüşdə bilavasitə iştirak edib etməməsi məsələsi barəsində müxtəlif rəylər bildirmişlər. Bəzi təfsirçilər hesab edirdilər ki, mələklər döyüşdə bilavasitə iştirak etmişdilər, lakin əksəriyyətinin rəyinə görə Allah mömin qullarının ruhunu möhkəmlətmək və müşriklərin ürəyinə qorxu salmaq istəyirdi ki, bu şərhin xeyrinə aşağıdakı ayə dəlalət edir:
(126) “Allah bunu sizə ancaq bir müjdə və qəlbiniz bununla sakit olsun deyə etdi. Kömək ancaq Qüdrətli və Müdrik Allahdandır”.
(127) “Bu ona görə idi ki, Allah bununla kafirlərin bir bölüyünü qırğına versin və ya onları darmadağın etsin ki, məyus halda geri dönsünlər”.
Bu ayələrdən aydın olur ki, qul dünyəvi səbəblərə deyil, Qüdrətli Allaha təvəkkül etməlidir, hərçənd dünyəvi səbəblər, xüsusilə də onların bolluğu, insanın qəlbinə təskinlik gətirir və əməlisaleh yoldan yayınmamağa kömək edir. Allah mütləq Öz iman gətirmiş qullarına qələbə bəxş edəcək və bunun nəticəsində ya kafirlərin bir qismi həlak olar, ya da onlar döyüş meydanından acıqlı və arzu etdiklərini əldə edə bilmədiklərinə görə məyus halda qayıdarlar. Xəndək döyüşü zamanı məhz belə olmuşdu – kafirlər özlərinin tezliklə qazanacaqları qələbənin intizarında olduqları bir zamanda, Allah onları kor-peşman və azğınlıq içində geri qayıtmağa məcbur etdi.
(128) “Bu işin sənə aidiyyəti yoxdur. Allah ya onların tövbəsini qəbul edər, ya da onlara əzab verər. Çünki onlar zalımdırlar”.
Uhud döyüşü zamanı Muhəmməd Peyğəmbər (s.ə.s.) yaralandı. Onun qabaq dişi sındırılmış və başı yarılmışdı və o (s.ə.s.), ucadan səslənərək demişdi: “Öz Peyğəmbərinin üzünü yaran və onun ön dişini sındıran insanlar necə uğur qazana bilərlər!” Həmin vaxt Uca Allah bu ayəni nazil edərək, ona anlatdı ki, təkcə Rəbb qərar qəbul edir və məxluqlarının talelərinə sərəncam çəkir. Peyğəmbər (s.ə.s.) insanların talelərinə sərəncam verə bilməz, çünki o özü (s.ə.s.) Allahın qullarından biridir. Tamamilə bütün yaradılmışlar Onun qullarıdır,Onun qərarlarından asılıdırlar və onlara təsir etmək bacarığına malik deyillər.
Allahın Elçisi (s.ə.s.) o insanları lənətləyərək, onların bir daha qələbə qazannacağını və düz yola gəlməyəcəyini düşünmüşdü, halbuki Allah onları bağışlaya və onların müsəlman olmasına kömək edə bilərdi. Sonradan elə belə də oldu – Allah onların əksəriyyətini doğru yola yönəltdi və onlar İslamı qəbul etdilər. Lakin O istəsəydi, onlar cəzanın acısını dadardılar, axı onlar artıq zalımlıq etmişdilər – cəzaya və onlardan intiqam alınmağa layiq idilər.
(129) Göylərdə və yerdə nə varsa, Allahındır. O, istədiyini bağışlayar, istədiyinə də əzab verər. Allah Bağışlayandır, Rəhmlidir”.
Uca Allah bəyan edir ki, O, yer və göy aləmlərini təkbaşına idarə edir. O, istədiyinin tövbəsini qəbul edir, onların günahlarını bağışlayır. Kimi də istəyirsə, Öz köməyindən məhrum edir və cəzalandırır. Onun ayrılmaz sifətləri – yaradıcılığı gedişatında və qərar qəbul edərkən göstərdiyi hər şeyi bağışlaması və kamil rəhmdilliyidir. O, peşman olan günahkarları bağışlayır və Allahın mərhəmətinə layiq saleh əməllər işlədənlərin günahından keçir. Belə əməllər haqqında Uca Allah buyurur: “Allaha və Peyğəmbərə itaət edin ki, bəlkə sizə rəhm olunsun” (Ali-İmran, 3/132).
(130) “Ey iman gətirənlər! Dəfələrlə artırırlmış olan sələmi yeməyin! Allahdan qorxun ki, bəlkə, nicat tapasınız”.
(131) “Kafirlər üçün hazırlanmış Oddan çəkinin”.
(132) “Allaha və Peyğəmbərə itaət edin ki, bəlkə sizə rəhm olunsun”.
Bu təfsirin giriş hissəsində deyilmişdi ki, qul Allahın hökmləri və qadağanlarına riayət etməli və onların başqa insanlar tərəfindən yerinə yetirilməsinin qayğısına qalmalıdır. Əgər Uca Allah dini ehkamların icra edilməsini insanın öhdəsinə verirsə, onda o, hər şeydən öncə, bu dini hökmlərin mənasını anlamalı və hədlərini bilməlidir və ancaq bundan sonra o, onları layiqincə yerinə yetirə bilər. O, zəruri olan şeyləri öyrənib başa düşdükdən sonra bu hökmləri yerinə yetirməli və bu işdə ətrafdakılara yardım göstərməlidir. O, bunun üçün əlindən gələn hər şeyi etməli və itaətkar qul olması üçün Allaha dua etməlidir. Eyni şeyi dini qadağalar haqqında da demək lazımdır, çünki qul özü üçün, hər şeydən əvvəl, onların hüdudlarını aydınlaşdırmalı, onların təsir dairəsini və nəyə aid olmadığını başa düşməlidir. O, bu haramları pozmaqdan ciddi-cəhdlə uzaq olmağa çalışmalı və bununla bağlı Rəbbindən kömək diləməlidir. Allahın hökmləri və haramlarına qarşı münasibətdə bu prinsipə əsalanılmalıdır.
Şərh etdiyimiz bu ayələrdə belə hökm və haramlar öz əksini tapmışdır. Allah həmin ayələrdə xeyirxah əməllər etməyə çağırır və belə edənləri mükafatlandıracağını bildirir və həm də günah işlətməyi qadağan edir. Allahın bu ayələri niyə Uhud döyüşü haqqında hekayətdə yerləşdirməsinin səbəbini ən yaxşı bilən O Özüdür. Lakin bizə görə, bunun səbəbi, Allahın mömin qullarına, onlar səbirli və təqvalı olduqları təqdirdə, onlara düşmənləri üzərində qələbə bəxş edəcəyi və düşmənlərini Öz yardımından məhrum edəcəyi vədi ilə əlaqədardır. Uca Allah buyurur: “...Əgər səbir etsəniz və Allahdan qorxsanız, onların qurduğu hiylə sizi ziyana sala bilməz...” (Ali-İmran, 3/120).
“Əlbəttə, siz səbir etsəniz, Allahdan qorxsanız və onlar bu saat sizin üstünüzə hücuma keçsələr, Rəbbiniz nişanlamış beş min mələklə sizə yardım edər” (Ali-İmran, 3/125).
Bu vəhylərdən sonra qulların qəlbi təqvalı saleh insanlara xas olan keyfiyyətlər haqqında bilmək arzusu və qələbə çalmağa, uğur qazanmağa və xoşbəxtlik əldə etməyə imkan verən istəklə doldu və sanki buna görə şərh edilən ayələrdə Allah təqvalılığı müəyyənləşdirən ən mühüm hökmləri yada salır, çünki əgər insan onları yerinə yetirərsə, o, Allahın qalan ehkamlarını daha asanlıqla həyata keçirə bilər.
Dediklərmiz həm də onunla təsdiq olunur ki, Qurandan götürülmüş qısa bir parçada Allah təqvalılığı üç dəfə xatırladır. Uca Allah buyurur: “...Dəfələrlə artırırlmış olan sələmi yeməyin! Allahdan qorxun...” (Ali-İmran, 3/130);
“Kafirlər üçün hazırlanmış Oddan çəkinin” (Ali-İmran, 3/131);
“Rəbbiniz tərəfindən bağışlanmağa və müttəqilər üçün hazırlanmış, genişliyi göylər və yer qədər olan Cənnətə tələsin” (Ali-İmran, 3/133).
Bir şeyə diqqət yetirmək lazımdır ki, bu ayələr möminlərə müraciətlə başlayır. Quran hökmləri və qadağanları belə başladıqda, bu o demək olur ki, məhz iman, insanı bu hökmləri yerinə yetirməyə və haramlara riayət etməyə yönəldən amildir, çünki mömini yaxşı işlər görməyə vadar edən hər bir şeyin qəti olaraq qəbul edilməsinə iman deyilir.
Uca Allah möminlərə müraciət edərək, dəfələrlə artırılmış sələmi yeməyi onlara qadağan edir. Cahillik dövründə ərəblər arasında müamilə vermək – sələmçilik geniş yayılmışdı. Bu günah olan əməli dini hökmlərə əhəmiyyət verməyən kəslər bu günə qədər davam etdirirlər. Onlar ehtiyacı olan insanlara faizlə borc pul verir və onun qaytarılması müddəti yetişdikdə, deyirlər: “Sən borcunu qaytarmalısan, bunu etməsən, borcun ödənilməsi müddətini uzadar və qaytaracağının miqdarını da artırarıq”. Kasıbların müddətin uzadılmasına həmişə ehtiyacları olduğundan borcun miqdarının artırılmasına razılaşırlar ki, müvəqqəti də olsa, təsəlli tapsınlar. Bunun nəticəsində onların borc öhdəlikləri dəfələrlə çoxalırsa da, onlar bundan heç bir fayda əldə edə bilmirlər.
Uca Allah sələmi ikiqat və dəfələrlə artırılmış adlandırır ki, bu günahın ağırlığının sələmin ölçülərindən asılı olduğunu xüsusilə nəzərə çatdırsın. Sələmçiliyin və müamiləçiliyin qadağan olmasının hikməti də elə bu sözlərdən irəli gəlir. Allah onları ona görə haram etmişdir ki, sələm insanlara qarşı zalımlıqdır. O, borc sahiblərinə borcunu ödəmək imkanı olmayanlara, onların borc öhdəliklərini artırmadan hökmən möhlət vermələrini əmr etmişdir. Borc verən borclu şəxsi öz borcunu faizlə qaytarmağa məcbur etdikdə, böyük zalımlığa yol vermiş olur.
Hər bir təqvalı mömin sələmdən çəkinməli və ona yaxınlaşmamalıdır. Belə günahlardan qaçma təqvalılığın vacib tələblərindəndir, axı məhz təqva müvəffəqiyyətin rəhnidir. Allah Öz qullarına təqvalı olmağı buyurmuşdir ki, onlar uğur əldə edə bilsinlər və onlara həm də Cəhənnəm odundan qorunmağı tapşırmışdır, çünki o, kafirlər üçün hazırlanmışdır. Buna görə, onlar, insanları Cəhənnəmə düşməyə məhkum edən imansızlıqdan və müxtəlif ağırlıqlı günahlardan əl çəkməlidirlər.
İstənilən günah, xüsusilə, ağır cinayətlər, insanı imansızlığa sürükləyir. Bundan başqa, onlar, Allahın hazırladığı Cəhənnəm alovuna atacağı kafirləri fərqləndirən əlamətlərdir. İnsan günahlardan və itaətsizlikdən qaçındıqda, o, Cəhənnəmdən xilas olur və özünü Qüdrətli Hökmdarın qəzəbindən qoruyur.
Eyni zamanda yaxşı əməllər və xeyriyyə işləri Rəhmanın mərhəmətini qazanmağa, Cənnət bağlarına düşməyə və Allahın lütfünə layiq olmağa kömək edir. Məhz buna görə, müsəlmanlara əmr edilmişdir ki, Allaha və Onun Elçisinə (s.ə.s.) itaət etsinlər, şəriət hökmlərini yerinə yetirsinlər və haramları pozmasınlar ki, onlar əfv edilsinlər.
Allaha itaətkarlıq və Onun Elçisinə (s.ə.s.) itaətkarlıq Allahın mərhəmətini qazanmağın amilləridir və buna görə Uca Allah buyurur: “Bizim üçün bu dünyada da yaxşılıq yaz, Axirətdə də. Həqiqətən, biz, Sənə üz tutduq!” Allah dedi: “İstədiyimi əzabıma düçar edərəm. Mərhəmətim isə hər şeyi əhatə edir. Mən onu Allahdan qorxan, zəkat verən və ayələrimizə iman gətirənlər üçün yazacağam. O kəslər ki, yanlarındakı Tövrat və İncildə haqqında yazılmış olduğunu gördükləri Elçinin – yazıb-oxumaq bilməyən peyğəmbərin, ardınca gedərlər. O peyğəmbər onlara yaxşı işlər görməyi buyurar, pis əməlləri isə qadağan edər, onlara pak şeyləri halal, murdar şeyləri isə haram edər. Onların ağır yüklərini yüngülləşdirər və onları buxovlardan xilas edər. Ona iman gətirən, onu dəstəkləyən, ona kömək edən və onunla göndərilmiş nurun (Quranın) ardınca gedənlər isə nicat tapanlardır”” (Əraf, 156-157).
(133) “Rəbbiniz tərəfindən bağışlanmağa və müttəqilər üçün hazırlanmış, genişliyi göylər və yer qədər olan Cənnətə tələsin”.
(134) “O müttəqilər ki, bolluq zamanı da, qıtlıq zamanı da mallarından Allah yolunda xərcləyir, qəzəblərini boğur və insanları bağışlayırlar. Allah yaxşı iş görənləri sevir”.
Uca Allah Ondan bağışlanma və eni göylərə və yerə bərabər olan Cənnəti istəməyə can atmağı əmr edir. Əgər onun eni bu hüdudlardadırsa, onda uzunluğu barədə nə demək olar. O, müttəqi dindarlar üçün hazırlanmışdır, onlar onun sakinləri olacaqlar, çünki məhz xeyirxah əməllər insanı Cənnət bağlarına gətirib çıxarır.
Uca Allah Öz müttəqi qullarının xüsusiyyətlərini təsvir edərək, bildirir ki, onların vəziyyəti ağır olanda da, firavanlıq içində yaşadıqda da qurban verirlər. Onlar bolluq içində yaşadıqda, Allah yolunda çoxlu var-dövlət xərcləyirlər. Ehtiyac içində olduqda isə, ən cüzi miqdarda da qurban verməkdən belə çəkinmirlər. Bununla yanaşı, ətrafdakılar onları hiddətləndirdikdə onlar öz qəzəblərini ram edirlər. Qəzəblənmək – qəlbin acıqdan kin-küdurətlə dolmasıdır ki, o, insanı onu incidən adamdan sözlə və ya bir əməllə əvəz çıxmağa sövq edir. Lakin Allahdan qorxan – müttəqi müsəlmanlar insan təbiətinin tələbatına uyğun olaraq rəftar etmirlər, onlar öz qəzəblərini cilovlayırlar. Onlar səbr edir və təhqir edənə pisliklə cavab vermirlər. Onlar insanları və onları sözlə və ya əməllə incidənləri bağışlayırlar.
Təhqir edən adamı bağışlamaq hiddəti sadəcə saxlamaqdan daha çətindir və buna görə bağışlama qisas almaqdan əl çəkməyi və alicənablıqla üzürxahlıq etməyi nəzərdə tutur. Belə bir addımı atan şəxslər, əlbəttə ki, gözəl əxlaqa malik olan və pis mənəvi keyfiyyətlərdən xilas olmuş insanlardır. Onlar Allahla əhd bağlayır, Allahın qullarına mərhəmətlə yanaşır, onlara güzəştə gedir, xeyirxahlıq göstərir və pislik etmək istəmirlər ki, əvəzində Allah da onları bağışlasın. Onlar ancaq öz Səxavətli Rəbbindən mükafat alacaqlarını gözləyir və zavallı qullardan mükafat əldə edəcəklərinə ümid bəsləmirlər. Uca Allah bu ayəni əbəs yerə buyurmayıb: “Pisliyin cəzası özü kimi pislikdir. Amma kim bağışlasa və barışsa, onun mükafatı Allaha aid olar. Həqiqətən, O, zalımları sevmir” (Şura, 42/40).
Allah, qəzəbin qarşısını almaq və təhqir edəni bağışlamaq haqqında xatırladıqdan sonra, daha gözəl, yüksək və şərəfli bir keyfiyyəti yada salır. Bu – yüksək əxlaqi keyfiyyətdir və Uca Allah yaxşılıq edənləri sevir. Yüksək əxlaqi keyfiyyət Yaradana ibadətdə və məxluqlara yaxşı münasibət bəsləməkdə özünü büruzə verir. Yaradana ibadətdə yüksək əxlaqi keyfiyyət haqqında Muhəmməd Peyğəmbər (s.ə.s.) demişdir: “Sən Allaha elə ibadət etməlisən ki, sanki Onu görürsən və əgər sən Onu görməsən də, O, səni onsuz da görür”.
Məxluqlara yaxşı münasibət bəsləməyə gəldikdə isə, yüksək əxlaqlı insan dini və dünyəvi məsələlərdə ətrafdakılara fayda verməli, dini və dünyəvi işlərdə onları şərdən qorumalı, onları yaxşı işlər görməyə və pis əməllərdən çəkinməyə dəvət etməli, biliksizləri öyrətməli və səhlənkar günahkarlara nəsihət etməli, cəmiyyət arasında və təklikdə aparılan söhbətlərdə insanlara yaxşı məsləhətlər verməli, onların birləşməsinə kömək göstərməli və vəziyyətindən və xasiyyətlərindən asılı olmayaraq onlara vacib və nafilə sədəqə verməlidir. Məxluqlara xeyirxahlıq etmək üçün müsəlman alicənab və səxavət sahibi olmalı, ürəksındıran söz və hərəkətlərdən çəkinməli, ətrafdakıların təhqirlərinə səbirlilik göstərməli, çünki Uca Allah bu ayələrdə Öz müttəqi qullarını bu keyfiyyətlərlə səciyyələndirmişdir. Əgər insan bu qaydada davranarsa, o, Allah qarşısında və Onun qulları qarşısında öz vəzifələrini layiqincə yerinə yetirər.
(135) “O kəslər ki, bir pis iş gördükdə, yaxud özlərinə zülm etdikdə Allahı xatırlayıb günahlarının bağışlanmasını diləyərlər, - günahları Allahdan başqa kim bağışlaya bilər? – onlar bilə-bilə etdiklərinə görə israr etməzlər”.
(136) “Onların mükafatı, Rəbbindən bağışlanma və ağacları altından çaylar axan Cənnət bağlarıdır ki, orada əbədi qalacaqlar. Yaxşı əməl sahiblərinin mükafatı necə də gözəldir!”
Uca Allah bu ayələrdə, müttəqi qullarının günah və cinayət etdiklərindən sonra öz Rəbbindən dərhal üzr istəmələri haqqında xəbər verir. Günah əməllər törətdikdə, müsəlmanlar tövbə etməyə və Allahdan bağışlanma diləməyə tələsirlər. Onlar öz Rəbbini, Onun itaətsizlik göstərənlərə gəldiyi hədə-qorxunu və möminlərə vəd etdiyi mükafatı yada salırlar. Onlar Allahdan günahlarını bağışlamasını və qüsurlarını örtməsini xahiş edirlər və qəti qərara gəlirlər ki, bir daha itaətsizliyə qayıtmasınlar, törətdiklərinə isə peşman olduqlarını bildirirlər.
İnsanlar yuxarıda sadalanan keyfiyyətlərə malik olduqda, bunun əvəzi Allahdan alacaqları bağışlanma olacaqdır ki, onun sayəsində də hər cür dəhşətli və xoşagəlməz şeylərdən xilas ediləcəklər və Cənnət bağları olacaqdır ki, orada əbədi rahatlıqdan ləzzət almaq imkanına və böyük xoşbəxtliyə və nemətə qovuşacaqlar. Onları orada əzəmətli saraylar, füsunkar ucaboylu xidmətçilər, ecazkar meyvə ağacları və bəxtəvərlik məskənləri arasından şırıltı ilə axan çaylar gözləyir. Onlar Cənnət bağlarını heç vaxt tərk etməyəcəklər və özlərinə bundan başqa mükafat da arzulamayacaqlar, çünki Cənnətdə alacaqları zövq onları heç vaxt usandırmayacaqdır.
Zəhmət adamlarının mükafatı necə də gözəldir! Onlar çətin olmayan xeyirxah işlər görməklə yanaşı eyni zamanda böyük mükafatlara layiq edilirlər. Gündüz gecədən əfzəldir və zəhmət sahiblərinin mükafatı da Axirət həyatında daha zəngin və daha kamil olacaqdır.
Sünnə və camaat əhli bu gözəl ayələrə istinad edərək, əməllərin imanın tərkib hissəsi olduğunu sübuta yetirirlər. Qeyd edək ki, mürciəçilər bu baxışları qəbul etmirlər. Bu ayəni əl-Hədid surəsinin oxşar ayəsi ilə müqayisə etdikdə bu dəlilin mənası aydınlaşır: “Rəbbiniz tərəfindən bağışlanmağa və genişliyi göyün və yerin genişliyi qədər olan, Allaha və Onun Elçisinə iman gətirənlər üçün hazırlanmış Cənnətə tələsin...” (Hədid, 57/21). Burada Cənnətə düşməyin səbəbi kimi, Allaha və Onun Elçisinə (s.ə.s.) iman gətirilməsi əsas götürülür, amma şərh etdiyimiz ayədə isə belə səbəb kimi müttəqilik adlandırılmışdır. Əgər nəzərə alınsa ki, Allah sədəqə verənləri və digər yaxşı əməllər işləyənləri müttəqi qullar adlandırır, onda elə məhz onlar əsil möminlərdir.
(137) “Sizdən öncə də neçə-neçə ilahi qanunlar olub keçmişdi. Odur ki, yer üzündə gəzib dolaşın və görün haqqı yalan sayanların aqibəti necə olmuşdur”.
Bu və Uhud döyüşü ilə əlaqədar nazil edilmiş sonrakı ayələrdə Uca Allah mömin qullarına təsəlli verir. O bildirir ki, möminlərin bir çox nəsilləri və hətta bütöv xalqlar imtahana çəkilmişlər və kafirlərlə vuruşmağa məcbur olmuşlar. Allah müttəqi möminlərə qəti qələbə bəxş edənə qədər onlar dəyişən uğurla vuruşmuşlar. Son nəticədə kafirlərə həmişə bədbəxtlik qismət olmuşdur. Çünki Allah onları Öz ilahi yardımından məhrum edərək, Öz elçilərinə və onların davamçılarına kömək göstərmişdir. Əgər müsəlmanlar yer üstündə gəzib-dolaşsalar və gördükləri üzərində qəlbən düşünsələr, onlara aydın olar ki, kafirlər bu dünyada həmişə müxtəlif cəzalara məruz qalmışlar. Onların məskənləri xarabazarlığa çevrilmişdir və hər bir kəsə məlumdur ki, onlar nəhəng itkilərə uğramış, qüdrətini, hakimiyyətini, əzəmətini və fəxr etdikləri mal-mülklərini itirmişlər. Məgər bütün bunlar Allahın elçilərinin dəvət etdikləri hər şeyin həqiqət olduğuna böyük bir sübut deyilmi?!!
(138) “Bu, insanlar üçün bir açıqlama, doğru yolu göstərən rəhbər və öyüd-nəsihətdir”.
İlahi hikməti tələb edir ki, Allah Öz qullarını sınaqdan keçirsin, həqiqi möminləri yalançılardan ayırsın və buna görə də, O, kafirlərin cəzalandırılmasını insanlar üçün bir açıqlama adlandırır. Bu cəzalandırma – həqiqəti yalandan və xoşbəxt dindarları bədbəxt günahkarlardan fərqləndirməyə imkan verən aydın dəlildir. Allahdan qorxan qullar üçün isə, o, etibarlı rəhbərlik və öyüd-nəsihətdir, çünki təkcə onlar Allahın ayələrindən faydalanırlar və bu onları doğru yolla aparır və azmaqdan qoruyur. O ki qaldı bütün digər insanlara, onlara görə Allahın cəzası – sadəcə bir açıqlamadır ki, onları, Allah qarşısında, nadanlıqlarına görə özlərini doğrultmaq imkanından məhrum edir. Bunun sayəsində, hər bir həlak olan tam aydınlıq içində həlak olur. Belə bir təfsirə uyğun olaraq, burada şəxs əvəzliyi, Allahın kafirləri məruz qoyduğu cəzaya işarə edir.
Başqa bir şərhə görə isə, o, Əzəmətli Qurana və hikmətli nəsihətə aiddir, çünki Müqəddəs Kitab bütün insanlar üçün sadəcə açıqlama olduğu halda, təkcə müttəqi qullar üçün – rəhbərlik və nəsihətdir. Bu şərhlərin hər ikisi doğrudur.
(139) “Acizlik göstərməyin və kədərlənməyin. Möminsinizsə, üstün olacaqsınız”.
Uca Allah bu ayəni göndərmişdir ki, mömin qullarını ruhlandırsın və onların iradəsini möhkəmlətsin və niyyətlərini təsdiq etsin.
Ey möminlər! Qoy xoşagəlməz hadisələrdən və çətinliklərlə qarşılaşarkən taqətdən düşməyəsiniz, qəlbiniz isə kədərlənməsin. Ürəyiniz qəm-qüssəylə dolarsa və bədəniniz zəifləyərsə, bu sizin bədbəxtliyinizi artırar və düşmənlərinizə sizin üzərinizdə üstünlük əldə etməyə kömək edər. Mərd olun və səbirli davranın, qəm-qüssəni özünüzdən uzaq qovun və düşmənlərinizə qəti müqavimət göstərin. Sizə zəiflik göstərmək və kədərlənmək yaraşmır, çünki siz həmişə yüksəkdəsiniz. Siz doğru iman sahibisiniz, Allahın köməyinə və sizi mükafatlandıracağına ümid bəsləyirsiniz. İman gətirən Allahın həmişə həm bu dünyada və həm də Axirət həyatında onu mükafatlandıracağını gözləyir və buna görə ona ruhdan düşmək yaraşmır.
(140) “Əgər siz Uhud döyüşündə yara almışsınızsa, o düşmən qövm də bu cür yara almışdı. Biz bu günləri (qalibiyyəti və məğlubiyyəti) insanlar arasında növbə ilə dəyişdiririk ki, Allah iman gətirənləri üzə çıxarsın və aranızdan şəhidlər seçsin. Allah zalımları sevmir”.
(141) “Həm də ona görə belə edirik ki, Allah möminləri təmizə çıxarsın və kafirləri məhv etsin”.
Allah məğlubiyyətə uğramış müsəlmanlara təskinlik verərək, belə məğlubiyyətin olduqca böyük faydası olduğunu izah edir. Əgər onları məğlubiyyətə uğratmışdılarsa, müşriklər onlardan da əvvəl belə bir məğlubiyyətə uğradılmışdılar. Hər iki tərəf bir-birilərinə son dərəcə ağır zərbələr endirmişdilər. Lakin müsəlmanların üstünlüyü ondadır ki, onlar Allahdan kömək alacaqlarına ümid bəsləyirlər, lakin kafirlər buna bel bağlamırlar. Uca Allah buyurur: “Kafir qövmü təqib etməkdə zəiflik göstərməyin. Əgər siz döyüşdə əziyyət çəkirsinizsə, onlar da siz əziyyət çəkdiyiniz kimi əziyyət çəkirlər. Lakin siz onların ummadıqlarını Allahdan umursunuz. Allah Biləndir, Müdrikdir” (Nisa, 4/104).
Məğlubiyyətin yenə bir faydası ondadır ki, Allah maddi nemətləri təkcə iman gətirənlərə və möminlərə deyil, kafirlərə və fasiqlərə də bəxş edir. İnsanlar yer üzündə dəyişən uğurla hökmranlıq edirlər: bu gün bir qismi üstünlük əldə edir, sabah isə başqaları. Bu onunla izah olunur ki, bu dünya həyatı fani və keçicidir. O, bütövlüklə iman gətirmiş şəxslər üçün təyin olunmuş Axirət həyatından fərqlidir.
Məğlubiyyətin və aldanmanın bir faydası da ondadır ki, bu zaman Allah əsil möminləri münafiqlərdən fərqləndirir, çünki əgər müsəlmanlar bütün döyüşlərdə qələbə çalsaydılar İslam dinini onu istəməyənlər də qəbul edərdi. Lakin bəzən müsəlmanlar məğlubiyyətə məruz qalır və ağır günlər keçirməli olurlar ki, bu da onlara, həm bədbəxtlik və həm də xoşbəxtlik anlarında İslam dininə sadiq qalan möminlərlə bu keyfiyyətlərə malik olmayan münafiqlərin arasındakı həddi öyrənməyə imkan verir.
Məğlubiyyətin bir faydası da ondadır ki, həlak olan müsəlmanlara şəhid ölümü nəsib olur. Şəhidlər Allah dərgahında ən yüksək dərəcələrdən birini tuturlar ki, oraya qalxmaq ancaq xüsusi əməllər sayəsində mümkündür. Allah mömin qullarına göstərdiyi lütfkarlığı ilə onlara belə əməlləri izah etmişdir, onlar insan nəfsi üçün məşəqqətli olsa da, insanlara yüksək dərəcələri fəth etməyə və əbədi səadətə qovuşmağa imkan verir ki, bu da insanın bütün həyatı boyu can atdığı məqsəddir. İnsanlar özlərinə qarşı zalımlıq etdikdə və Allah yolunda mübarizədən çəkindikdə Allah onlara nifrət bəsləyir. Uca Allah buyurur: “Əgər onlar döyüşə çıxmaq istəsəydilər, mütləq ona hazırlıq görərdilər. Lakin Allah onların döyüşə getməsini istəmədi və onları saxladı. Onlara: “Evdə oturanlarla bərabər, siz də oturun!” – deyildi” (Tövbə, 9/46).
Məğlubiyyətin bir faydası da Allahın möminləri günahlardan və nöqsanlardan təmizləməsindədir. Buradan aydın olur ki, şəhid ölümü və Allah yolunda döyüşdə iştirak etmək sayəsində insan nöqsanlarından xilas olur. Məğlubiyyətlərin sayəsində də Allah möminlərin sıralarını münafiqlərdən təmizləyir. Müsəlmanlar da onlardan xilas olaraq, əsil mömini münafiqdən fərqləndirməyi öyrənirlər.
Məğlubiyyətlərin daha bir faydası da onların kafirlərin məhv edilməsi və qəti surətdə qırılması üçün səbəb olmasıdır. Kafirlər müsəlmanlar üzərində qələbə çalaraq, özbaşınalıq etməyə başlayır və bu dünyada ağır cəzaya layiq görülənədək günahkar əməllərini artırırlar və bu özü də Allahın mömin qullara göstərdiyi lütfkarlıqdır.
(142) “Yoxsa elə güman edirdiniz ki, Allah içərinizdən cihada çıxanları və səbir edənləri bəlli etmədən siz Cənnətə daxil olacaqsınız?”
Bu sual mənfi cavab verilməsini nəzərdə tutur və insanlar güman etməsinlər ki, heç bir zəhmət çəkmədən Cənnətə düşəcəklər. Allahın lütfkarlığını qazanmaq üçün onlar Onun yolunda əziyyətlərə qatlaşmalıdırlar, çünki Cənnət bağlarında ən lətafətli məmnuniyyətlər və ən gözəl olan şeylər toplanmışdır ki, ancaq onları əldə etmək xatirinə məxluqlar bir-biriləri ilə yarışa girə bilərlər. Vədə verilmiş şey nə qədər qiymətli olarsa, onu əldə etmə vasitələri bir o qədər qiymətli və ona nail olunmasının yolu bir o qədər çətin olur və buna görə də istirahət etməyə layiq olmaq üçün ondan imtina etmək, səadətə nail olmaq üçün isə səadətdən imtina etmək lazımdır. Ağıllı adamların qismətinə dünyəvi çətinliklər düşdükdə, onlar özlərini həmin çətinliklərə səbatla sinə gərməyə alışdırırlar və bu zaman onlar səbir etdiklərinə görə hansı mükafatı ala biləcəklərini düşünür və bu çətinlikləri Allahın neməti kimi qarşılayır və onlara xüsusi əhəmiyyət vermirlər. Həqiqətən, bu – Allahın nemətidir və O, onu istədiyinə bəxş edir.
(143) Siz ölümlə qarşılaşmamışdan öncə onu arzulayırdınız. İndi isə siz onu öz gözlərinizlə gördünüz”.
Uca Allah bu ayədə həsrətində olduqları və əldə etmək istədikləri şey üçün layiqincə səbir etmədiklərinə görə müsəlmanları məzəmmət edir. Muhəmməd Peyğəmbərin (s.ə.s.) Bədr döyüşündə iştirak etməmiş bir çox səhabələri növbəti döyüşlərdə iştirak etmək və öz qeyrətlərini göstərmək istəyirdilər. Amma onlar arzu etdikləri ilə qarşı-qarşıya gəldikdə lazım olan səbirlilik göstərmədilər. Onlar belə etməməli idilər, çünki döyüşdə iştirak etməyi özləri arzulamışdılar və istədiklərini də aldılar. Onlar səy göstərməli və nəyin bahasına olur olsun qələbə qazanmalıydılar.
Bu ayə onu göstərir ki, müsəlmanlara şəhid olmağı arzulamağa icazə verilir. Bu müddəanın ədalətli olması, Uca Allahın səhabələrin arzusunu bəyənməsi və onları buna görə qınamaması ilə təsdiq olunur. Allah onları təkcə özlərinin can atdığı məqsədə arzuladıqlarına uyğun olmayan qaydada yanaşdıqlarına görə qınayır. Bunun ən yaxşısını bilən isə Allahdır.
(144) “Muhəmməd ancaq bir elçidir. Ondan əvvəl də elçilər gəlib gediblər. Məgər o ölərsə və ya öldürülərsə siz gerimi dönəcəksiniz? Kim geri dönərsə, Allaha heç bir zərər yetirməz. Allah şükür edənləri mükafatlandırar”.
Muhəmməd Allahın elçilərinin birincisi deyildi. O, özündən əvvəlki sələfləri kimi bir elçi idi və onların vəzifəsi Rəbbin öyüd-nəsihətlərini insanlara çatdırmaq və Onun hökmünü yerinə yetirməkdi. Onlar ölməz deyildilər, çünki ölməzlik Allahın hökmlərinin yerinə yetirilməsinin vacib şərti deyildi. İnsanlar üçün vacib olan bütün zamanlarda və hər hansı şəraitdən asılı olmayaraq öz Rəbbinə ibadət etməkdir və buna görə də, əgər Allahın Elçisi (s.ə.s.) ölərsə və yaxud öldürülərsə, insanlar dini inkar edərək, Allah yolunda mübarizədən əl çəkərək və ya onun təbliğ etdiyi digər göstərişlərini unudaraq geriyə dönməməlidirlər. Əgər onlar geriyə çəkilərlərsə, ancaq özlərinə pislik edərlər, çünki Uca Allahın qullarına ehtiyacı yoxdur. O, Öz dinini yer üzündə mütləq bərqərar edər və Öz mömin qullarına güc və qüvvət verər.
Dinin əmrlərindən geri çəkilənləri məzəmmət etdikdən sonra, Uca Allah, Onun hökmlərini yerinə yetirməkdə davam edən, Öz Elçisi (s.ə.s.) ilə birlikdə mətinlik göstərən möminləri tərifləyir. Allah onları mükafatlandıracağını vəd edir və onları qədirbilən qullar adlandırır, çünki minnətdarlıq – hər cür şəraitdə Uca Allaha ibadət və itaət etməklə özünü göstərir.
Allah bu gözəl ayəsi ilə qullarını, onlar hətta ən şöhrətli və ən böyük rəhbərlərini itirsələr belə, dindən və vacib hökmlərdən geri çəkilməməyə çağırır. Buna görə müsəlmanlar elə etməlidirlər ki, hər bir fəaliyyət sahəsində müəyyən sayda şəxslər olsun ki, onlar bu vəzifələri yerinə yetirə bilmək üçün kifayət etsinlər və əgər onlar həmin şəxslərdən birini itirdikdə, yerdə qalanlar itkinin yerini doldura bilsinlər.
Ayədən aydın olur ki, bütün müsəlmanlar yer üzündə Allahın dinini bərqərar etməli və, hökm sahibləri arasında fərq qoymadan, bunun xatirinə öz imkanları daxilində, mübarizə aparmalıdırlar. Məhz bu halda onların işləri qaydasına düşər.
Bu ayə həmçinin, Allahın Elçisinin (s.ə.s.) vəfatından sonra dindən üz döndərmiş mürtədlərlə döyüşən Siddiq Əbu Bəkrin və onun səhabələrinin üstünlüyünün ən böyük dəlilidir. Belə müsəlmanlar, onları ən şərəfli qullar adlandırılmağa layiq idilər.
(145) “Hər bir kəs ancaq Allahın izni ilə, əzəldən müəyyən edilmiş bir vaxtda ölür. Kim dünya mükafatını istəsə, ona bundan verərik. Kim də Axirət mükafatını istəsə, ona da ondan verərik. Biz şükür edənləri mütləq mükafatlandıracağıq”.
Uca Allah ayədə xəbər verir ki, hər bir insan Onun izni ilə müəyyən müddətə qədər qədəri və taleyinə uyğun olaraq yaşayır. Əgər insan ölməlidirsə, bunun üçün məlum bir səbəb olmasa da, o, hökmən ölər. Əgər o, sağ qalmalıdırsa, ölüm ona hər tərəfdən yaxınlaşsa da, o, bu dünyanı tərk etməz. İnsanın yaşamaq müddəti qurtarmayana qədər heç bir ölümcül təhlükə ona zərər vura bilməz, çünki Allah onun ölüm qədərini irəlicədən müəyyən etmiş və ona təyin olunmuş saatda ölmək sərəncamını vermişdir. Uca Allah bununla əlaqədar buyurur: “Hər millətin bir əcəli vardır. Onların əcəli gəldiyi zaman bircə saat belə nə yubanar, nə də qabağa keçə bilərlər” (Əraf, 7/34).
Sonra Uca Allah hər bir adamın həm bu dünyada və həm də Axirət həyatında, öz niyyətindən və istəyindən asılı olaraq, mükafat alacağından bəhs edir. Uca Allah buyurur: “Biz hamıya – onlara da, bunlara da Rəbbinin nemətindən veririk. Rəbbinin neməti heç kəsə qadağan deyildir. Bax gör dünyada onların birini digərindən necə üstün etdik. Axirətdə isə daha böyük dərəcələr və daha böyük üstünlüklər vardır” (İsra, 17/20-21).
Sonra Allah minnətdar qullarını mükafatlandıracağını vəd edir, lakin onların mükafatı haqqında xəbər vermir ki, bu da Onun əzəməti və səxavətinə dəlalət edir. Buradan aydın olur ki, mükafatın ölçüsü qulun minnətdarlığının və şükürünün nə dərəcədə kamilliyindən və gözəlliyindən asılı olacaqdır.
(146) “Neçə-neçə peyğəmbər olmuşdur ki, bir çox dindarlarla birlikdə vuruşmuşlar. Onlar Allah yolunda başlarına gələnlərə görə nə ruhdan düşmüş, nə zəifləmiş, nə də düşmənə boyun əymişlər. Allah səbir edənləri sevir”
Allah möminlərə təskinlik verərək və onlara peyğəmbərlərdən nümunə götürməyi, onların etdiyi kimi rəftar etməyi buyurur. Bütün zamanlarda dindarlar çətinliklərlə üzləşərdilər, çünki Allahın göstərişi belə idi. Nə qədər peyğəmbərlər yaşamışlar və onlarla bir sırada peyğəmbərlərin məktəbini keçmiş, iman və xeyirxah əməllər tərəfdarı ruhunda tərbiyə almış və onların çoxsaylı sadiq ardıcılları döyüşmüşdülər! Onlar həlak olur, yaralanır və digər maneələrlə toqquşurdular, lakin onlar yenə də ruhdan düşmürdülər, qüvvədən məhrum edilmirdilər və öz düşmənlərinə itaət etmirdilər. Əksinə, onlar səbirlilik, səbatlılıq və görünməmiş cəsurluq göstərirdilər. Axı Allah səbirli qullarını sevir.
(147) “Onların dedikləri ancaq: “Ey Rəbbimiz! Günahlarımızı və əməllərimizdə həddi aşmağımızı bizə bağışla; qədəmlərimizi sabit et və kafir qövmə qələbə çalmaqda bizə yardım et!” – olmuşdur”.
Ən çətin anlarda onlar öz Rəbbindən onlara kömək etməsini, günahlarını bağışlamasını və ifrat hərəkətlərinə görə onları cəzalandırmamağını diləyirdilər. İfratçılıq (israf) adı altında həddi aşmaq və qadağan olunmuş əməllərə yol vermək nəzərdə tutulur. Onlar başa düşürdülər ki, günahlar və cinayətlər – insanı Allahın yardımından məhrum edən ən təhlükəli amillərdir. Onlar həmçinin dərk edirdilər ki, günahlardan və cinayətlərdən xilas olma qələbənin rəhnidir və buna görə də onlar öz Rəbbinə onlara bağışlanma əta etməsi üçün yalvarırdılar.
Onlar sərf etdikləri güc və göstərdikləri səbir barəsində heç nə danışmırdılar. Onlar Allaha təvəkkül edir, atdıqları addımı təqdir etməyi və kafir düşmənlə üz-üzə qarşılaşdıqda, onlara kömək göstərməyi Ondan xahiş edirdilər. Onlar özlərində birdəfəlik bir neçə gözəl keyfiyyətləri cəm etmiş, özlərini hiddətlənməkdən saxlamış, tövbə etmiş, bağışlanma diləmiş və Allahdan onları müdafiə etməsini istəmişdilər. Təəccüblü deyil ki, O onlara zəfər qazandırmış və bu dünyada və həm də Axirətdə onları qəti uğur sahibi etmişdir. Məhz buna görə, sonra belə deyilir:
(148) “Beləliklə, Allah onlara həm dünya mükafatını, həm də gözəl Axirət mükafatını verdi. Allah yaxşı iş görənləri sevir”.
Onlar bu dünyada, qələbə, zəfər və bollu qənimətlə məmnun oldular, Axirət həyatında isə öz Rəbbindən gələn böyük uğur və lütfkarlıqdan və əbədi səadətdən məmnun qalacaqlar ki, bu da onları heç vaxt nə kədərləndirəcək və nə də qüssələndirəcək. Onlar buna, öz Rəbbinə səmimiyyətlə xidmət etdiklərinə görə, nail olacaqlar və O da onları ən gözəl mükafatla təltif edəcəkdir, axı O, Ona layiqincə ibadət edən və yaradılmışlara yaxşılıq göstərən qullarını sevir. Əgər insan, keçmiş zamanlarda möminlərin etdikləri kimi, Onun düşmənləri ilə döyüşərsə, onda O da yaxşılıq edər.
(149) “Ey iman gətirənlər! Əgər kafirlərə itaət etsəniz, onlar sizi geriyə qaytarar və siz də ziyana uğramış halda geriyə qayıdarsınız”.
(150) “Xeyr! Allah sizin Himayədarınızdır. O, kömək edənlərin ən yaxşısıdır”.
(151) “Haqqında heç bir dəlil nazil etmədiyi şeyi Allaha şərik qoşduqlarına görə, kafirlərin qəlbinə qorxu salacağıq. Onların sığınacaqları yer Oddur. Zalımların məskunlaşacağı yer necə də pisdir!”
Allah kafirlərə (münafiqlərə və ya müşriklərə) tabe olmağı möminlərə qadağan edir, çünki onlar möminlərə pislikdən başqa heç nə arzulamırlar və onları kafirliyə yönəldəcəklərinə ümid bəsləyirlər. Lakin nəticədə əlləri boşa çıxacaq və zərərə uğrayacaqlar.
Allah xəbər verir ki, möminlər Onun himayəsi altındadır. Bunu bildirdikdən sonra, O, Öz mərhəməti ilə möminlərin taleyi haqqında qayğı çəkəcəyinə və onları hər hansı şərdən qoruyacağına söz verir və həmçinin onları tək Onun köməyinə və himayəsinə ümid bəsləməyə və məxluqlara bel bağlamamağa çağırır. Mömin qullarını himayə edərək, Allah onların kafir düşmənlərinin ürəyinə dəhşətli qorxu salacağını vəd edir və bu minvalla onların bir çox məkrli niyyətlərinin qarşısını alır.
Müşriklər Uhud döyüşündən sonra, bir-biri ilə məsləhətləşərək müsəlmanları qəti surətdə məhv etmək niyyətində olduqları zaman, Uca Allah Öz vədini yerinə yetirir. Onlar demişdilər: “Biz bu qədər müsəlmanı qırdıqdan və onları sarsıdıcı məğlubiyyətə məruz qoyduqdan sonra niyə qayıtmalıyıq? Biz niyə onları axıradək qırmadıq?” Lakin Allah onların ürəyinə qorxu saldı və onlar dilxor halda evlərinə qayıtdılar.
Şübhəsiz ki, bu, Allahın əzəmətli köməyinin özünü göstərməsiydi. Biz artıq demişdik ki, möminlər Onun köməyi sayəsində kafirləri ya sarsıdıcı məğlubiyyətə uğradırlar, ya da onlar məyus əhval-ruhiyyəylə qayıdırlar. Bu halda Onun köməyi ikinci növə aiddir.
Sonra Allah niyə kafirlərin ürəyinə qorxu saldığından bəhs edir. Bunun səbəbi onların məxluqları Allaha bərabər tutmaları, inandırıcı dəlillərə və sübutlara istinad etmədən bütlərə ibadət etməklə, öz pozğun və alçaq nəfslərinə yol verməklə Vahid və Rəhmli Rəbbin himayəsindən boyun qaçırmalarıdır.
Müşrik möminlərdən qorxmaya bilmir, çünki o, istinad edə biləcəyi möhkəm dayaqdan və çətin anda daldalana biləcəyi sığınacaqdan məhrumdur. Bu dünyada onun vəziyyəti belədir. Axirət aləmində isə, onun vəziyyəti daha da ağırlaşacaq və dəhşətli olacaqdır. Onun yeganə daldalanacağı yer əbədi tərk edə bilməyəcəyi Cəhənnəm olacaqdır. İnsanların öz zalımlığı və kin-küdurəti üzündən layiq olduqları Cəhənnəm necə də pisdir!
(152) “Siz Allahın izni ilə düşmənləri qırıb-çatdığınız zaman, Allah sizə verdiyi vədini yerinə yetirdi. Nəhayət, O, sizə arzuladığınız şeyi göstərdikdən sonra ruhdan düşdünüz, Peyğəmbərin əmri barəsində bir-birinizlə mübahisə etdiniz və asi oldunuz. İçərinizdən kimisi dünyanı, kimisi də Axirəti istəyirdi. Sonra Allah sizi sınamaq üçün onlardan uzaqlaşdırdı. O, artıq sizi bağışladı. Allah möminlərə qarşı lütfkardır”.
Allah sizə verdiyi vədini yerinə yetirərək, düşmənin həmləsinin qarşısını almaqda sizə kömək etdi. Müşriklər sizdən qaçırdılar və siz də onlardan çoxunu kəsib-doğradınız. Lakin sizin bu müvəffəqiyyətiniz sizə zərər vurdu və düşmənlərinizə üzərinizdə qələbə çalmağa kömək etdi. Siz özünüzü zəifləmiş hiss edərək ruhdan düşdükdə, Allaha itaətsizliyə və bir-birinizlə mübahisəyə başladınız, halbuki sizə bir yerdə olmaq və müxtəlif rəylər söyləməmək əmr olunmuşdu. Sizlərdən bəziləri dedilər: “Biz Peyğəmbərin (s.ə.s.) tutmağı əmr etdiyi mövqedə qalmalıyıq”. Digərləri isə bəyan etdilər ki: “Əgər düşmən artıq qaçmaqla canını qurtarırsa, biz bu mövqeyi niyə saxlamalıyıq. İndi biz heç nədən qorxmamalıyıq”.
Siz Allahın Elçisinin (s.ə.s.) sözündən çıxdınız və müşriklərin məğlub olduğunu görüb onun (s.ə.s.) əmrini yerinə yetirmədiniz. Siz bunu görməyi çox arzu edirdiniz. Lakin siz, Allahın arzu etdikləri uğuru bəxş etdiyi insanların vəzifəsinin, həmişə başqalarının vəzifəsindən üstün olduğunu unutdunuz. Siz Allaha və Onun Elçisinə (s.ə.s.) o zaman itaət etməliydiniz və bütün digər hallarda da belə etməyə borclusunuz. Bəziləriniz dünyəvi nemətlər əldə etmək istəyirdi və bu istək onları Elçiyə (s.ə.s.) itaətsizlik etməyə səbəb oldu. Amma aranızda elələri də var idi ki, onlar ancaq Axirət həyatını arzulayırdılar və onlar onun (s.ə.s.) əmrini axıradək yerinə yetirdilər və öz mövqelərini tərk etmədilər.
Siz əmri pozduqda, Allah sizi düşməndən üz döndərməyə məcbur etdi, bu isə müşrikləri ruhlandırdı. Allah sizi sınağa çəkdi ki, möminləri kafirlərdən, müti möminləri isə itaətsizlik edənlərdən fərqləndirsin ki, siz də bu bədbəxtliyin vasitəsilə öz günahlarınızı yuyasınız. Allah artıq sizi bağışlamışdır, axı O, möminlərə qarşı rəhmlidir.
Rəbb həmişə iman gətirmişlərə böyük mərhəmət göstərir. O, onlara İslama gəlməyə kömək edir, onlara dinin qanunlarını öyrədir, onların günahlarını bağışlayır və çətinlikləri, bəlaları əzmlə keçirdiklərinə görə onları mükafatlandırır. Onlar əmin-amanlıq və xoşbəxtliyə görə minnətdarlıq bildirəndə, Allah onları minnətdarlıqlarına görə də mükafatlandırır. Onlar çətinliklərin öhdəsindən səbrlə gələndə, O, onları səbirlilik göstərdiklərinə görə də mükafatlandırır.
Sonra Uca Allah, onların döyüş meydanından necə qaçdığını və bu hərəkətlərinə görə onları qınadığını müsəlmanlara xatırladır. Allah buyurur:
(153) “O zaman Peyğəmbər arxanızdan sizi çağırdığı halda siz heç kimə əhəmiyyət vermədən düşməndən qaçırdınız. Allah da sizi qəminizin üstünə qəm qoymaqla cəzalandırdı ki, əlinizdən çıxan şeylərə və başınıza gələn müsibətə görə kədərlənməyəsiniz. Allah nə etdiklərinizdən xəbərdardır”.
Siz qaçırdınız və bir-birinizə də baxmırdınız. Siz hətta başınızı da döndərmirdiniz, çünki sizin yeganə arzunuz qaçıb xilas olmaq və ölümdən canınızı qurtarmaq idi, halbuki sizi elə də böyük bir təhlükə izləmirdi. Siz düşmənlə üzbəüz dayanan və döyüşdə bilavasitə iştirak edən ilk sıralarda deyildiniz. Amma bu zaman müşriklərin yaxınlığında olan Allahın Elçisi (s.ə.s.) uca səslə çağırırdı: “Allahın qulları, yanıma gəlin!” Lakin siz hətta çevrilib ona tərəf heç baxmadınız və ona tərəf atılmadınız. Sizin ancaq qaçmağınız sizi qınamağa kifayət edərdi, amma sizin Allahın Elçisinin (s.ə.s.) çağırışına cavab verməməyiniz daha böyük danlağa layiqdir, halbuki siz onu (s.ə.s.) öz canınızdan artıq sevməlisiniz.
Allah bir müsibətin ardıyca sizə digərini göndərdi, çünki bir bəlanın ardıyca başınızın üstünü başqa bir fəlakət çulğadı. Siz qələbəni əldən verdiyinizə, bol qənimətdən məhrum olduğunuza və məğlubiyyətə uğradığınıza kədərlənmişdiniz. Amma sizin üçün ən böyük bədbəxtlik Peyğəmbərin (s.ə.s.) ölümü haqqında xəbər oldu. Sonradan Allahın sizə rəhmi gəldi və belə etdi ki, siz bu bəlalardan faydalı nəticələr çıxartdınız. Allah, sizin qələbəni əldən verdiyinizə, qənimətlərdən məhrum olduğunuza, məğlub edildiyinizə və öldürülmüş və yaralanmış halda böyük itkilər verdiyinizə görə kədərlənməməyinizi istəyirdi. Allahın Elçisinin (s.ə.s.) həlak olmaması haqqında xəbər sizə digər müsibətləri asanlıqla keçirməyə kömək etdi. Siz onun sağ qalmasına çox sevindiniz, çünki onun (s.ə.s.) mövcudluğu sizə təsəlli idi və sizə böyük fəlakətlərdən və ciddi sınaqlardan çıxmağa kömək edirdi.
Allaha and olsun ki, çətinliklər və sınaqlar özündə çoxlu sirr gizlədir və böyük fayda verir. Bu, Allahın sizin aşkarda etdiyiniz bütün əməlləriniz, rəftarınız və qəlbinizdə gizlətdiyiniz niyyətləriniz haqqında hərtərəfli biliyə malik olması ilə əlaqədardır. Sizin etdiyiniz bütün işlər Allaha məlumdur.
Bu ayənin başqa bir şərhi mövcuddur. Onda deyilir ki, Allah müsəlmanlara müsibəti ona görə düçar etmişdi ki, onlar əldən çıxardıqlarına və məğlubiyyətlərinə görə kədərlənməsinlər. Həmin şərhə uyğun olaraq, Allah onlara müsibət və bədbəxtlik gətirmişdir ki, onların qəlbi çətinliklərə alışsın və onlar bədbəxtliklər zamanında səbr etməyə öyrənsinlər və əzab-əziyyəti ağrısız keçirə bilsinlər.
(154) “Sonra O, bu qəm-qüssənin ardınca sizə bir təskinlik – bir qisminizi bürüyən mürgü nazil etdi. O biri qisminiz isə öz canlarının hayına qaldı. Onlar: “Bizim üçün bu işdə bir xeyir varmı?” – deyə Allah barəsində haqsız olaraq, cahiliyyə dövründəkinə bənzər düşüncələrə qapıldılar. De: “Bütün işlər Allaha aiddir!” Onlar sənə bildirmədiklərini öz içərilərində gizlədir: “Əgər bu işdə bizim üçün bir xeyir olsaydı, elə buradaca öldürülməzdik” – deyirlər. De: “Əgər siz evlərinizidə olsaydınız belə, öldürülməsi qabaqcadan müəyyən edilmiş kimsələr yenə çıxıb öləcəkləri yerlərə gedərdilər. Allah sizin kökslərinizdə olanları sınamaq, qəlblərinizdə olanları təmizləmək üçün belə etdi. Allah kökslərdə olanları bilir”.
Müsəlmanları həyəcan bürüdükdən sonra, Allah onların ürəyinə rahatlıq saldı və onların bəziləri hətta mürgülədilər. Qətiyyən şübhə yoxdur ki, Allah bu sayaqla onlara böyük lütfkarlıq göstərir, ürəklərini möhkəmləndirir və onların inancını artırır. Qorxuya düşmüş adamın qəlbi qorxu ilə dolu olduğuna görə, o mürgüləməyə qadir olmur. Qorxudan qurtulduqda isə, o, mürgüləyə bilər.
Allah yer üzündə təkcə Onun dinini bərqərar etmək, Onun və Onun Elçisinin (s.ə.s.) mərhəmətini qazanmaq və mömin qardaşlarına xeyir vermək niyyətində olan iman sahiblərini ancaq mürgüyə verdi. Yerdə qalanlarına gəldikdə isə, onlar ancaq özlərini düşünməklə məşğul idilər. Onları müsəlmanların taleyi narahat etmirdi, çünki onlar münafiq və ya kəmetiqad adamlardılar. Onlar, mömin müsəlmanlar kimi, rahat mürgüləyə bilməzdilər. Onlar ancaq belə deyirdilər: “Məgər biz qələbə çala bilərdikmi?” Onların sualı nəzərdə mənfi cavab tuturdu və bu da ona dəlalət edirdi ki, onlar Allah, İslam və Muhəmməd Peyğəmbər (s.ə.s.) haqqında layiqincə düşünmürdülər. Onlar güman edirdilər ki, Allah Öz Elçisinə (s.ə.s.) ona həvalə edilmiş vəzifəsini tam yerinə yetirmək üçün kömək etməyəcək və onların müşriklərə məğlub olmaları Allahın dininə son qoyacaqdır.
Uca Allah onların zənnini rədd etdi, çünki qərarı O, təklikdə qəbul edir. Bu, Allahın qədərinə və bütün şəriət qanunvericiliyinə aiddir. Bütün varlıq qədərdən və taledən asılıdır və Allahın mömin və itaətkar qulları, çoxsaylı çətinlikləri aradan qaldırmalı olsalar da, son qəti qələbə hökmən onlara məxsus olacaqdır.
Sonra Allah xəbər verir ki, münafiqlər ürəklərində gizlətdiklərini ətraflarındakılara bildirmirdilər. Allah onların məhz nəyi ürəklərində gizlətdiklərini də izah edir. Onlar belə fərz edirdilər ki, əgər müsəlmanlar onların dediklərinə qulaq assaydılar və onlarla məsləhətləşsəydilər, döyüş meydanında qırılmazdılar. Onların belə mühakimə yürütmələri, Allahın qədərini rədd etmələrinin, Allahın Elçisinin (s.ə.s.) qərarını və onun səhabələrini axmaq hesab etmələrinin və özlərindən razı olmalarının sübutudur.
Uca Allah onların mühakiməsini rədd edərək bildirir ki, əgər onlar öldürülmək təhlükəsindən daha az ehtiyat etdikləri evlərində hətta oturub qalsaydılar belə, qədərinə həlak olmaq yazılmış kəslər, hökmən evlərindən çıxıb nəşləri qalacaq yerə gedərdilər. Yer üzündə yaranan səbəblər, hətta ən mühümləri, insana o vaxt fayda verə bilər ki, onlar Allahın qədərinə və taleyə zidd olmasın. Əgər onlar bunlara zidd olarsa, onda insanın taleyinə təsir göstərə bilməz, çünki məxluqların həyatı və ölümü Lövhi-məhfuzda yazılanlardan bilavasitə asılıdır.
Allah qullarını sınağa çəkir ki, onların arasından münafiqləri, qəlblərində iman və cüzi etiqad olanları aşkar etsin. Allah məxluqlarının qəlbini şeytanın təhriklərindən və onların nəticəsi olan müxtəlif nalayiq xüsusiyyətlərdən təmizləyir. Məxluqlarının qəlbində gizlənən nə varsa Allaha məlumdur. Lakin Allahın elmi və hikməti Ondan tələb edir ki, insanların qəlbində gizli saxladıqları niyyətlərini aşkar edən hadisələri öncədən müəyyənləşdirsin.
(155) “Uhudda iki qoşun qarşılaşdığı gün içərinizdən üz döndərənləri şeytan, qazandıqları bəzi günahlar üzündən səhv etməyə vadar etdi. Allah artıq onları bağışladı. Həqiqətən, Allah Bağışlayandır, Həlimdir”.
Uca Allah ayədə Uhud döyüşü zamanı qaçmağa üz tutan müsəlmanların vəziyyəti barədə xəbər verir. Onlar şeytanın təhriki ilə belə davrandılar. Şeytan onların bəzilərinin törətdiyi günah əməllərin sayəsində onları tovlaya bildi. Onlar özləri şeytana onların qəlbinə girməyə şərait yaratdılar və öz günahları ilə ona hərəkət etmək imkanı verdilər, axı günahlar və itaətsizlik şeytanın insana gizlicə yaxınlaşdığı qapıdır. Lakin əgər onlar özlərini Rəbbə itaət etmək vasitəsilə qorusaydılar, şeytan onları tovlaya bilməzdi, Uca Allah şeytana deyib: “Şübhəsiz ki, qullarım üzərində sənin heç bir hökmün yoxdur. Yalnız sənə uyan azğınlar istisnadır” (Hicr, 15/42).
Allahın gözəl adları arasında – Bağışlayan və Həlim də vardır. O, günahkarları bağışlayır, onları tövbə etməyə və bağışlanma üçün Ona dua etməyə ruhlandırır, onları günahlarını yuyan sınaqlara məruz qoyur. O, itaətdən çıxmışları cəzalandırmağa tələsmir, əksinə, onlara möhlət verir və onları dəvət edir ki, tövbə edib, Ona doğru yönəlsinlər. Onlar tövbə edərək düz yola qayıtdıqda, O, onlarla, sanki günahkar deyilmişlər və səhvlər etməmişlər kimi davranır. Belə xeyirxahlığa görə həmd təkcə Ona məxsusdur!
(156) “Ey iman gətirənlər! Səfərə çıxmış və ya müharibəyə getmiş qardaşları barəsində: “Əgər onlar bizim yanımızda olsaydılar, nə ölər, nə də öldürülərdilər”– deyən kafirlər kimi olmayın! Allah bunu onların qəlblərində qəm-qüssə olsun deyə belə etdi. Dirildən də, öldürən də Allahdır. Allah nə etdiklərinizi görür”
Uca Allah bu ayədə iman gətirmiş qullarına Rəbbinə iman gətirməkdən boyun qaçıran və Allahın qədərini qəbul etməyən münafiqlərə və digər kafirlərə oxşamağı qadağan edir. Müsəlmanlara hər hansı bir işdə, xüsusilə də, Allahın qədərinə münasibətdə, kafirlərə oxşamaq qadağan olunur.
Müsəlmanlar ticarətlə əlaqədar səfərlərdə və yaxud hərbi yürüşlərdə həlak olduqda, münafiqlər qədər barədə din və ya qan qardaşları ilə mübahisəyə başlayırlar və deyirlər: “Onlar bizimlə qalsaydılar, ölməz və həlak da olmazdılar”. Şübhəsiz ki, onların dedikləri yalandır, çünki Allah xəbər vermişdir ki, əgər onlar evlərində otursaydılar belə, ölüm kimə qismət idisə, onlar hökmən həlak olacaqları yerə gedəcəkdilər. Buna baxmayaraq, belə inkarçılıq münafiqlərə fayda vermir, amma onların sözləri və iddiaları qəlblərində ancaq qəm-qüssə doğurur və kədərlərini artırır.
Saleh möminlər isə qəti bilirlər ki, hər şey Allahın qədərinə uyğun olaraq baş verir. Onlar qədərə inanır və ona tabe olurlar, Allah isə onların qəlbini düz yola yönəldir, onları mətinləşdirir və istənilən çətinliklərini asanlaşdırır.
Sonra Allah münafiqlərin sözlərini bir daha təkzib edərək bildirir ki, təkcə O, həyat verir və ölüm göndərir. O, yaratdıqlarının taleyinə təkbaşına sərəncam çəkir və heç bir ehtiyatlılıq insanı qədərdən xilas edə bilməz. O, qullarının əməllərinə nəzarət edir və münafiqləri törətdikləri cinayətlərə və kafirliyə görə mütləq möhkəm cəzalandıracaqdır.
(157) “Əgər siz Allah yolunda öldürülər və ya ölərsinizsə, bilin ki, Allahın günahınızdan keçməsi və sizə mərhəmət göstərməsi kafirlərin yığdıqları şeylərdən daha xeyirlidir”.
(158) “Ölsəniz də, öldürülsəniz də, mütləq Allahın dərgahına gətirilib cəm olunacaqsınız”.
Uca Allah bildirir ki, Allah yolunda həlak olmaq və ya hərbi yürüşdə ölüm nə qüsur və nə də pis bir hadisə deyildir. Əksinə, möminlər belə ölüm xatirinə bir-biriləri ilə yarışmalıdırlar, çünki o, Allahın mərhəmətinə və bağışlamasına nail olmağa imkan verir. O, insanların yığdığı bu dünyanın bütün xəzinələrindən yaxşıdır.
Yadda saxlamaq lazımdır ki, ölümlər müxtəlifdir, lakin hər bir insan bütün hallarda hökmən Allahın yanına qayıdacaq və öz əməllərinə görə əvəzini alacaqdır. İnsan Onun himayəsini axtarmaq istəmədiyi halda hara qaça bilər? İnsan Allaha sığınmazsa, kim onu müdafiə edə bilər?!!
(159) “Allahın mərhəməti sayəsində sən onlarla mülayim rəftar etdin. Əgər sən kobud və daş qəlbli olsaydın, onlar hökmən sənin ətrafından dağılışardılar. Sən onların günahından keç, Allahdan onların bağışlanmalarını dilə və görəcəyin işlər barədə onlarla məsləhətləş. Qəti qərara gəldikdə isə Allaha təvəkkül et! Həqiqətən, Allah təvəkkül edənləri sevir”.
Ey Muhəmməd! Allah səni ətrafdakılarına xeyirxah və mərhəmətli olmağı öyrədərkən, sənə və səhabələrinə böyük iltifat göstərmişdir. Sən insanlarla çox nəzakətli davranırdın və adamlar da sənin gözəl keyfiyyətlərini görüb, ətrafında cəmləşdilər, səni sevdilər, sənə itaət etməyə başladılar. Əgər sən xoşagəlməz xasiyyətə malik, daşürəkli olsaydın, onda onlar səndən üz döndərərdilər, axı yaramaz əxlaq ətrafdakıları insandan uzaqlaşdırır və onlarda ona qarşı ikrah hissi oyadır.
Yer üzündəki hökmdar gözəl əxlaqa malik olduqda, o, insanları Allahın dininə cəlb etməyə nail olur və onlarda İslamı öz əqidəsinə çevirmək arzusu oyadır. Bununla da o, tərifə və xüsusilə mükafatlandırılmaya layiq görülür. Ruhani rəhbər pis əxlaq sahibi olduqda isə, o, insanları dindən ayırır və onlarda ona qarşı ikrah hissi yaradaraq, qınanmağa və xüsusi cəzaya məhkum edilir.
Əgər belə sözlər məsum Elçiyə (s.ə.s.) yönəldilirsə, onda bəs, yerdə qalan başqa insanlar haqqında nə demək olar. Həqiqətən, hər bir insan Peyğəmbərin (s.ə.s.) gözəl əxlaqi keyfiyyətlərindən nümunə götürməli və ətrafındakılarla onun kimi davranmalıdır. Hər bir kəs xeyirxah, nəzakətli və hörmət sahibi olmalıdır ki, Allahın əmrini yerinə yetirə və Allahın qullarını İslama cəlb edə bilsin.
Sonra Uca Allah Öz Elçisinə (s.ə.s.) tapşırır ki, onunla təmasda olan insanların xətalarını bağışlasın və Allah qarşısında vəzifələrini yerinə yetirən zaman diqqətsizlik göstərənlərin bağışlanması üçün Ona dua etsin. Allah ona insanlarla yumşaq davranmağı, xeyirxahlıq etməyi və müzakirə edilməsi, nəzərdən keçirilməsi və ətraflı düşünülməsi vacib olan məsələlərdə müsəlmanlarla məsləhətləşməyi əmr edir. Dində və dünyəvi fəaliyyətdə belə məsələlərin müzakirəsi böyük fayda verir. Bunun bütün üstünlüklərini sayıb qurtarmaq, sadəcə, mümkün deyil.
Birincisi, məsələlərin birgə müzakirəsi ibadət hesab olunur ki, o, məxluqları Allaha yaxınlaşdırır.
İkincisi, o, insanlara təskinlik verir və onları bəd fikirlərdən xilas edir. Əgər hökmdar və yaxud rəhbər işçi mövcud vəziyyəti onlarla müzakirə etmək üçün müdrik və ləyaqətli insanları toplayırsa, onda onlar ona məhəbbət və hörmətlə yanaşırlar. Onlar başa düşürlər ki, o, öz bildiyi kimi rəftar etmir, tabeliyində olanların mənafelərinin qayğısını çəkir. Onlara aydın olur ki, o, onlara xeyir diləyir və onlar da səylə işləməyə başlayır və onun tapşırıqlarını qüsursuz icra edirlər. Əgər hökmdar və ya rəhbər belə etmirsə, onda tabeliyində olanlar heç vaxt onu səmimiyyətlə sevməz və tabe olmazlar. Tabeçilikdə olanlar onun əmrlərini hətta yerinə yetirsələr belə, bunu layiqincə etməyəcəklər.
Üçüncüsü, məsələlərin birgə müzakirəsi insanlara təfəkkürü inkişaf etdirməkdə kömək edir, çünki onlar öz ağlını, onun xəlq edildiyi məqsəd üçün istifadə edirlər.
Dördüncüsü, müzakirə, düzgün qərar qəbul etmək üçün insanlara kömək edir, çünki ümumi səylər nəticəsində qəbul edilmiş qərarlarda nadir hallarda səhvə yol verilir. Əgər belə qərar hətta düzgün olmadıqda və insana qarşıya qoyulan məqsədə tam nail olmağa imkan vermədikdə belə, o buna görə qınağa layiq görülmür.
Qeyd etmək lazımdır ki, əgər Allah ən ağıllı, ən düşüncəli və sağlamfikirli insan olan Muhəmməd Peyğəmbərin (s.ə.s.) özünə adamlarla məsləhətləşməyi əmr edirsə, onda bu hökm bütün qalan müsəlmanlara da aiddir.
Sonra Uca Allah bildirir ki, müsəlmanlar məsləhətləşdikdən və qəti qərara gəldikdən sonra, Onun qüdrətinə və hakimiyyətinə sığınmalı və ümidlərini öz bacarıqları və imkanları ilə əlaqələndirməməlidirlər, çünki Allah Ona pənah gətirənləri və Onun yardımını diləyənləri sevir.
(160) “Əgər Allah sizə kömək edərsə, heç kəs sizə qalib gələ bilməz. Əgər O, sizi zəlil edərsə, Ondan sonra kim sizə yardım edə bilər? Qoy möminlər Allaha təvəkkül etsinlər!”
Əgər Allah sizə kömək və yardım göstərərsə, düşmənlər, dünyanın hər tərəfindən saysız-hesabsız qoşun yığsalar da və ən kamil silahlarla silahlansalar da, sizə qalib gələ bilməzlər, çünki Allaha qarşı heç kim duruş gətirə bilməz. O, qullarını mütləq hakimiyyəti ilə idarə edir və məxluqlarının taleyini həll edir. Heç bir canlı varlıq Onun iradəsinin ziddinə olaraq yerindən tərpənməyə və ya durduğu yerdə farağat dayanmaya qadir deyildir. Əgər Allah sizi köməkdən məhrum etsə və sizi öz çətinliklərinizlə tək-tənha qoysa, hətta yaradılmışların hamısı köməyinizə gəlsələr də siz hökmən zərərə uğrayarsınız.
Buradan belə bir nəticəyə gəlmək olar ki, müsəlmanlar kömək göstərməsi üçün Allaha dua etməli, ümidlərini Ona bağlamalı, öz güc və imkanlarına güvənməməlidirlər. Bu ayədə idarə olunan söz idarə edənin qabağında qoyulduğu üçün bu o deməkdir ki, möminlər məxluqlara deyil, təkcə Allaha təvəkkül etməlidirlər. Onlara yaxşı məlumdur ki, Allah Yeganə Köməkçidir və Ona iman bəsləmək – tövhidin təzahürüdür və o, qullara müqəddəs məqsədə çatmağa kömək edir. Eyni zamanda məxluqlara ümid etmək – şirkin özünüifadəsidir ki, o, nəinki heç bir fayda vermir, əksinə insana çox böyük ziyan vurur. Bir sözlə, bu ayə Allaha təvəkkül etmək və ümid bəsləmək hökmündən ibarətdir və insanın ümid etmə gücünün onun imanının gücündən asılı olduğunu izah edir.
(161) “Peyğəmbərə əmanətə xəyanət etmək yaraşmaz. Əmanətə xəyanət edən kimsə Qiyamət günü xəyanət etdiyi şeylə gələr. Sonra da hər kəsə əməllərinin əvəzi tam veriləcək və onlara zülm edilməyəcəkdir”.
“Qulul” sözü “qənimətin bir hissəsinin gizlədilməsi”, “xidməti vəzifədən sui-istifadə edilməsi” mənalarını bildirir. Alimlər belə davranmağın qəti surətdə qadağan olunması məsələsində həmrəydirlər və belə cinayət ağır günahlar sırasına daxildir. Bu müddəanın lehinə şərh etdiyimiz gözəl ayə və digər mətnlər dəlalət edir.
Uca Allah bildirir ki, Peyğəmbərə (s.ə.s.) hərbi qəniməti mənimsəmək və ya öz mövqeyindən mənfəət məqsədilə sui-istifadə etmək münasib olmaz, çünki bu ağır günah və pis nöqsandır. Allah Öz peyğəmbərlərini onları ləkələyə və ya rüsvay edə bilən hər şeydən qorumuşdur. O, onlara ən gözəl əxlaqi məziyyətlər nəsib etmiş və onların qəlbini isə ən pak və nöqsansız etmişdir. Allah onları qüsurlardan xilas etmiş və onları ilahi vəhyin daşıyıcıları və böyük müdrikliyin mənbəyi etmişdir. Uca Allah buyurur: “...Allah peyğəmbərliyi kimə verəcəyini daha yaxşı bilir...” (Ənam, 6/124).
İnsanın Allahın elçilərindən biri ilə tanış olması kifayət edər ki, onların məsumluğuna və paklığına iman gətirsin. Düşmənlər onları günah və cinayət işlətməkdə ittiham etdikdə, onların öz günahsızlığını sübuta yetirməyə ehtiyacı yoxdur, çünki onların peyğəmbərlik faktı istənilən buna bənzər ittihamları təkzib edir. Buna görə də, Quran ayəsinin mətnindən aydın olur ki, hərbi qənimətin bir hissəsinin peyğəmbər tərəfindən qanunsuz mənimsənilməsi tamamilə inanılmaz bir şeydir. Allahın peyğəmbər seçdiyi bir insan belə əmələ yol verməz.
Sonra Allah hərbi qənimətin bir hissəsini mənimsəyən günahkarları hədələyərək bildirir ki, Qiyamət günü onlar oğurladıqları heyvanı və ya mənimsəyib gizlətdikləri qiymətli şeyləri dallarına atıb sürüyə-sürüyə gətirəcəklər və bu mallar onlara ağır əzab verəcəkdir. Hər bir kəs, ya istər fırıldaqçı olsun, ya da mömin, törətdiyi əməllərinə görə hökmən mükafat və ya cəza alacaqdır. Heç kim insanlarla ədalətsiz davranmayacaq, nə onların günahlarının ağırlığını artırmayacaq, nə də xeyirxah əməllərinin dəyərini azaltmayacaq.
Quran ayələrinin necə dəqiq olması üzərində fikirləşin. Bu gözəl ayədə Allah hərbi qənimətin bir hissəsini gizlədən günahkarların cəzalandırılacağını xatırladaraq bildirir ki, Qiyamət günü onlar mənimsəyib gizlətdikləri mallarla dayanacaqlar. Sonra O, bildirmək istəyir ki, onlar mütləq bunun əvəzini bütövlüklə alacaqlar. Bu, belə bir yanlış təsəvvür oyada bilər ki, başqaları etdiklərinin əvəzini natamam alacaqlar və buna görə də Allah bu ayəyə ümumi məna verərək, onu həm hərbi qəniməti gizlədənlərə və həm də bütün qalan insanlara aid edir.
(162) “Məgər Allahın razılığını qazanmaq üçün gedən kimsə, Allahın qəzəbinə gələn və sığınacaq yeri Cəhənnəm olan bir kimsə ilə bərabər tutula bilərmi? Ora nə pis qayıdış yeridir!”
Uca Allah bu ayədə Onun mərhəmətini qazanmağa can atan və xeyirxah əməllər işləyən insanlarla, bu keyfiyyətlərə malik olmayan, günah işlədən və Rəbbinin qəzəbini özünə yönəldənlər arasında böyük fərqin mövcud olması haqqında xəbər verir. Allahın hökmü, Onun hikməti və qullarının fitrəti tələb edir ki, belə adamların arasında çox böyük fərq olsun. Bir başqa ayədə deyilir: “Məgər möminlə fasiq eynidirmi? Onlar eyni ola bilməzlər! İman gətirib əməlisaleh olanları etdikləri əməllərə görə Məva bağlarında əbədi ziyafət gözləyir. Fasiqlərə gəldikdə isə, onların sığınacağı yer Od olacaqdır. Hər dəfə onlar oradan çıxmaq istədikdə yenidən ora qaytarılacaq və onlara: “Yalan saydığınız Odun əzabını dadın!” – deyiləcəkdir” (Səcdə, 32/17-20).
(163) “Onlar Allah dərgahında müxtəlif dərəcələrdə olacaqlar. Allah onların nə etdiklərini görür!”
Məxluqların tutacaqları yerlər və dərəcələr, onların əməlləri arasındakı fərqlər qədər əhəmiyyətli olacaqdır. Allahın mərhəmətinə nail olmaq istəyən möminlər yüksək dərəcələrə qalxmaq və füsunkar otaqlara düşmək istəyəcəklər və elə buna görə də, Allah Öz lütfkarlığı və səxavəti ilə onlardan hər birini, etdikləri əməllərinə uyğun mükafatlandıracaqdır. Allahın qəzəbinə səbəb olan günahkarlar isə özlərini Cəhənnəmin dibinə uğradacaqlar və orada törətdikləri cinayətlərə görə layiq olduqları yerləri tutacaqlar. Allah insanların əməllərini müşahidə edir və heç nə Hərşeyibilən Yaradanın nəzərindən yayınmır. Onsuz da, onların Lövhi-məhfuzda öncədən müəyyən olunub yazılmış əməlləri Ona əzəldən məlum idi. Bununla yanaşı isə, Allah etibarlı və alicənab mələklərinə əmr etmişdi ki, onları yazıb saxlasınlar və ciddi qeydiyyatını aparsınlar.
(164) “Allah möminlərə, öz aralarından onlara Allahın ayələrini oxuyan, onları günahlardan təmizləyən, onlara Kitabı və Hikməti (Sünnəni) öyrədən bir Elçi göndərməklə mərhəmət göstərmişdir. Halbuki əvvəllər onlar açıq-aydın azğınlıqda idilər”.
Burada söhbət Allahın qullarına göstərdiyi ən böyük nemətindən gedir. Onu, tam ədalətlə, Allahın bütün digər lütfkarlıqlarının əsası adlandırmaq olar. Bu – Allahın şərəfli Elçisinin (s.ə.s.) gəlişi idi ki, onun vasitəsi ilə Allah insanları azğınlıqdan və həqiqi məhv olmaqdan xilas etdi.
O, insanlara onların öz içərisindən Elçi (s.ə.s.) göndərdi. Onlar onun əsli-nəcabətini, məziyyətlərini bilir və dilini də başa düşürdülər. O, onların xalqı arasından və qəbiləsindən çıxmışdı. O, onlara sidq ürəklə xeyirxahlıq arzulayır, onlara acıyır və onlarla nəzakətlə rəftar edirdi. O, onlara Allahın ayələrini oxuyur və Vəhyin mətnini və mənalarını öyrədir, onları bütpərəstlikdən, itaətsizlikdən, alçaq xislətlərdən və naqis əxlaqdan təmizləyir və həmçinin onlara Müqəddəs Quranı təlim edirdi.
Başqa bir təfsirə görə, burada ayələr adı altında kainatda baş verən əlamətdar hadisələr, kitab adı altında isə sözləri yazmaq bacarığı nəzərdə tutulur. Buradan belə bir nəticəyə gəlmək olar ki, Allahın Elçisi (s.ə.s.) insanları yazı qaydalarını və savad öyrənməyə dəvət edir və bunun sayəsində onlar müxtəlif biliklərə nail olmağı və onları saxlamağı öyrənirdilər. O, insanlara hikməti öyrədir. Bu sözün altında Peyğəmbərin (s.ə.s.) Sünnəsi, hər şeyi öz yerinə qoymaq və İslam şəriətinin sirlərini dərk etmək bacarığı nəzərdə tutulur. Sünnə də Müqəddəs Quranla yanaşı vəhydir.
Muhəmməd Peyğəmbər (s.ə.s.) Allahın hökmlərini və onların tətbiqi qaydalarını öz səhabələrinə öyrədirdi. O, onlara dini hökmlərdən faydalı nəticələr çıxarmaq bacarığı aşılayırdı ki, məhz onun öyrətdiyi möhtəşəm biliklər sayəsində müsəlmanlar bütün digər insanları ötüb keçdilər və müdrik alimlər və ruhani müəllimlər səviyyəsinə yüksəldilər, halbuki, Muhəmmədin (s.ə.s.) peyğəmbərliyinə qədər onlar açıq-aşkar yanlış baxışlara malik idilər. Onlar Allaha doğru aparan yolu tanımır və qəlbi nəcibləşdirən, onu paklaşdıran əməllərdən xəbərsizdilər. Bundan başqa, onlar elə hərəkətlərə yol verirdilər ki, öz cahillikləri üzündən onların doğru və gözəl olduğunu zənn edirdilər, halbuki, bəzən bunlar sağlam düşüncəyə sığışmayan əməllər olurdu.
(165) “Siz onların başına ikiqat müsibət gətirmiş olduğunuz halda, başınıza bir müsibət gəldiyi zaman: “Bu, haradan gəldi?”– söylədiniz. De ki: “Bu, sizin özünüzdəndir!” Həqiqətən, Allah hər şeyə qadirdir”.
Uca Allah, Uhud döyüşü zamanı sarsıdıcı məğlubiyyətə uğradıqdan və təxminən yetmiş nəfər səhabə itirdikdən sonra, mömin qullarına təsəlli verir.
Ey müsəlmanlar! Bu məğlubiyyətə qədər siz bütpərəstləri iki qat artıq müsibətə düçar edərək yetmiş qureyşli ağsaqqalını öldürmüş və yetmiş döyüşçünü də əsir almışdınız. Bu sizin əziyyətinizi bir qədər yüngülləşdirməli və narahatçılığınızı azaltmalıdır. Ən başlıcası isə, sizinlə bütpərəstlər arasında böyük fərqin olmasıdır, çünki həlak olmuş müsəlmanlar Cənnətə düşəcəkləri halda, öldürülən bütpərəstlər Cəhənnəmə vasil olacaqlar.
Siz sual verirsiniz ki, bu bədbəxtlik niyə sizi tutdu və niyə siz məğlub oldunuz. Bunun səbəbi sizin özünüzdədir, axı siz özünüz Allahın Elçisinin (s.ə.s.) hökmü ilə əlaqədar höcətləşməyə başladınız, siz istədiyiniz şeyi görəndə ona (s.ə.s.) itaətsizlik etdiniz. Bu məğlubiyyətdə özünüzdən başqa heç kimi qınamayın və sizi alçalda bilən əməllərdən özünüzü qoruyun. Yadda saxlayın ki, Allah bütün varlıq üzərində hökmrandır və Onun haqqında Ona yaraşmayan tərzdə düşünməyin. O, sizə qələbə bəxş edə bilərdi, lakin ilahi hikməti Ondan tələb edirdi ki, sizi sınağa çəksin və sizə müsibət nəsib etsin. Uca Allah buyurur: “Döyüşdə kafirlərlə qarşı-qarşıya gəldiyiniz zaman boyunlarını vurun. Nəhayət, onları qırıb zəiflətdikdə əsirlərə bağladığınız kəndirləri bərk çəkin. Sonra da onları ya rəhm edib fidyəsiz, ya da fidyə alıb azad edin. Müharibəyə son qoyulanadək kafirlərlə belə rəftar edin. Bax belə! Əgər Allah istəsəydi, onlardan döyüşsüz də intiqam alardı. Lakin O, sizi bir-birinizlə sınağa çəkmək üçün belə etdi. Allah Öz yolunda öldürülənlərin əməllərini heç vaxt boşa çıxartmaz” (Muhəmməd, 47/4).
(166) “Uhudda iki qoşunun üz-üzə gəldiyi gün sizə üz vermiş müsibət Allahın izni ilə oldu ki, möminləri aşkara çıxartsın”
(167) “və münafiqləri bəlli etsin. Onlara: “Gəlin, Allah yolunda döyüşün, yaxud heç olmasa müdafiədə durun!”– deyildi. Onlar: “Döyüş olacağını bilsəydik sizin ardınızca gedərdik”– dedilər. Onlar o gün imandan çox küfrə yaxın idilər. Onlar qəlblərində olmayanı ağızları ilə deyirlər. Halbuki Allah onların nəyi gizlətdiklərini çox yaxşı bilir”.
Allah bildirir ki, Uhud döyüşü günü, müsəlmanların qoşunu bütpərəstlərin qoşunu ilə üz-üzə gələndə, müsəlmanlar Onun razılığı ilə məğlubiyyətə uğradılar və itki verdilər. Bu hadisə Onun qədərinə müvafiq olaraq baş vermişdi, ondan qaçınmaq olmazdı – o, mütləq baş verməliydi.
Allah bildirir ki, münafiqlərə Onun yolunda döyüşmək təklif olunmuşdu ki, İslamı müdafiə etsinlər və Rəbbin mərhəmətini qazansınlar. Onlar döyüşdə iştirak etməklə, hətta yaxşı niyyətdə olmasalar da, öz şəhərini, öz yaxın adamlarını qoruya bilərdilər. Lakin onlar döyüşməkdən boyun qaçırdılar və bu hərəkətlərini doğrultmaq üçün gətirdikləri bəhanədə bildirdilər ki, əgər onlar döyüşün baş tutacağına əmin olsaydılar, hökmən müsəlmanlarla birgə yürüşə çıxardılar. Onların sözləri yalan idi, çünki hamıya gün kimi aydın idi ki, bütpərəstlər əvvəllər məğlub edildiklərinə görə möminlərə qarşı amansızcasına nifrət bəsləyirlər. Onlar bilirdilər ki, müşriklər öz var-dövlətindən keçərək, əllərindən gələni etmişdilər ki, böyük və yaxşı təchiz olunmuş ordu toplasınlar. Onlar özlərinin bu qoşunu ilə yola çıxmışdılar ki, möminlərlə onların öz şəhərində döyüşsünlər və onlarla əlbəyaxa olmaq arzusu ilə yanırdılar.
Məgər bu cür hazırlıqdan sonra, özü də, müsəlmanlar müşriklərlə açıq ərazidə döyüşmək üçün artıq Mədinəni tərk etdikləri bir halda, onlarla müşriklər arasında döyüş olmayacağını təsəvvür etmək mümkün idimi? Buna baxmayaraq, münafiqlər güman edirdilər ki, onların özlərini beləcə doğrultması möminləri aldatmağa kömək edəcək. Döyüşdə möminlərlə birlikdə iştirakdan boyun qaçıraraq, onlar o gün imandan çox küfrə yaxın düşdülər.
Münafiqlərin dilləri ilə dediklərini ürəkləri demirdi. Bu xüsusiyyət bütün münafiqlərə məxsus olan xislətdir. Onlar ətraflarındakıları öz bəlağətli nitqləri və nümayişkaranə əməlləri ilə aldatmağa cəhd göstərərək, ürəklərində tamamilə əks duyğular gizlədirlər. Onlar deyirdilər ki, döyüşün baş tutacağı onlara məlum olsaydı, hökmən müsəlmanların ardıyca gedərdilər. Lakin döyüşün labüdliyi onlara çox gözəl məlum idi. Allaha isə münafiqlərin insanlardan nəyi gizlətdiyi aydındı və buna görə də Allah münafiqlərin sirrini möminlər qarşısında ifşa edərək onları cəzalandırır.
Bu ayələrdən belə bir qayda irəli gəlir ki, ağır xətanın qarşısını almaqdan ötrü ondan yüngül bir xəta işlətməyə və yaxud daha faydalı bir iş görmək imkan olmadıqda, daha kiçik bir xeyirxahlıq etməyə icazə verilir. Bu onunla izah edilir ki, münafiqlərə din uğrunda döyüşmək hökmü verilmişdi. Onlar bundan boyun qaçırdıqda, heç olmazsa, öz uşaqlarını və öz vətənini müdafiə etmək üçün vuruşa bilərdilər.
(168) “Evlərində oturub öz qardaşları barəsində: “Əgər onlar bizə qulaq asmış olsaydılar, öldürülməzdilər”– söyləyənlərə de: “Əgər doğru danışırsınızsa, onda ölümü özünüzdən uzaqlaşdırın!”
Münafiqlər nəinki döyüşdə iştirak etməkdən boyun qaçırdılar, onlar Allahın qədərini və taleyini də rədd etdilər. Allah onların iddiasını təkzib edərək, təklif edir ki, əgər onlar doğru danışırlarsa və həlak olmuş müsəlmanlar da münafiqlərin məsləhətlərinə qulaq asıb həqiqətən ölümdən yaxa qurtara bilərdilərsə, qoy onda onlar ölümü özlərindən uzaqlaşdırsınlar. Şübhəsiz ki, onlar ölümü özlərindən uzaqlaşdıra bilməzdilər və belə bir qüdrətə də malik deyildilər.
Buradan belə bir nəticə çıxır ki, Allahın qulu eyni zamanda həm mömin və həm də kafir insanın xüsusiyyətlərinə malik ola və onlardan biri digərlərinə üstün gələ bilər.
(169) “Allah yolunda öldürülənləri əsla ölmüş sanma. Əksinə, onlar diridirlər; özlərinin Rəbbi yanında onlara ruzi verilir”.
(170) “Onlar Allahın Öz lütfündən onlara verdiyi nemətlərə sevinir, arxalarınca gəlib hələ onlara çatmamış kəslərin heç bir qorxu ilə qarşılaşmayacaqlarına və onların kədərlənməyəcəklərinə fərəhlənirlər”.
(171) “Onlar Allahın nemətinə, lütfkarlığına, həm də Allahın möminlərin mükafatını heçə çıxarmayacağına sevinirlər”.
Bu şərəfli ayələr şəhidlərin üstünlüyünü xüsusilə vurğulayır və Allahın onlara bəslədiyi böyük şəfqət hissindən bəhs edir. Onlar diri müsəlmanlar üçün təsəlli və onların yaxınlarının ölümü ilə əlaqədar baş sağlığı sözlərini əvəz edir. Bu ayələrdə Allah yolunda fəal vuruşmağa və özünə şəhid ölümü arzulamağa çağırış vardır.
Müsəlmanlar, Allahın kəlamını şərəfləndirməyə can atan və dinin düşmənləri ilə döyüşlər zamanı həlak olan döyüşçüləri ölmüş saymamalıdırlar. Onlara, şəhidlərin həyatın gözəlliklərindən ayrılmaları barədə və, cihadda iştirakdan yayınan və Allah yolunda şəhid olmaqdan çəkinən qorxaqların ayrılmaq istəmədikləri nemətlərdən daha həzz ala bilməyəcəkləri barədə düşünmək yaraşmaz. Əslində, şəhid olanlar, məxluqların nail olmaq üçün yarışmaq istəyəcəkləri ən həzzverici səadəti artıq qazanmış və Allahın mübarək dərgahında öz Rəbbinin yaxınlığında əbədi həyata qovuşmuşlar. Buradan belə bir nəticə çıxır ki, onlar Onun hüzurunda yüksək mövqe tutur və Onun yaxınları olmaq şərəfini qazanırlar. Şəhidlər orada müxtəlif nemətlərdən elə bir ləzzət alırlar ki, onu ancaq onlara bu sədəqəni bəxş edən Rəbbin Özü təsvir edə bilər. Şəhidlər hədsiz dərəcədə gözəl, sayı-hesabı bilinməz, əzəmətli, mükəmməl və qüsursuz olan bu hədiyyə və nemətlərə o dərəcədə sevinirlər ki, hətta onların baxışlarında və qəlblərində nəşə və həzz öz əksini tapır.
Allah şəhidləri onlara həm cismani və həm də mənəvi ləzzət verən nemətlərlə mükafatlandırır və onlar Allahın bu mərhəmətinə sevinirlər. Bütün bunlardan şəhidlərin həyatı xoşbəxtlik və səadətlə dolub-daşır. Şəhidlər, həm də, onların ardıyca gəlib onlara qoşulacaq davamçıları üçün sevinirlər. Onlar bir-biri ilə söhbətlərində, qorxudan və kədərdən xilas olacaq qardaşlarının da onlara qoşulacağını yada salırlar. Şəhidlər bundan fərəhlənir və sevinirlər ki, nə onlar və nə də onlara qoşulacaq qardaşları bir daha heç bir bədbəxt hadisə və acı xəbərlə üzləşməyəcəklər və şəhidləri çulğayan bu şadlıq hissi onların təntənəsini mütləqləşdirir. Onlar bir-birini böyük mükafatla – möminləri təltif etməyi unutmayan Rəbbin mərhəməti və onlara göstərdiyi lütfkarlığı ilə təbrik edirlər. Əksinə, O, mükafatları daha da artırır, Öz qullarına minnətdarlıq edir və Öz lütfü ilə onlara, hətta öz səyləri ilə layiq olmadıqları halda belə, nemətlər bəxş edir.
Bu ayələr dünyadan ayrılandan sonra Qiyamət gününədək qalınacaq bərzəx aləmində xoşbəxtliyin gerçəkliyinə dəlalət edir. Ayələr, şəhidlərin Rəbbin dərgahında ən uca məqamlardan birini tutduqlarını, möminlər öldükdən sonra, onların ruhlarının bir-biri ilə görüşməsini və hətta bir-birinə baş çəkməsini təsdiq edir.
(172) “Onlar yaralandıqdan sonra da Allahın və Peyğəmbərinin dəvətini qəbul etdilər. İçərilərindən yaxşı işlər görənlər və Allahdan qorxanlar üçün böyük bir mükafat vardır”.
(173) “Bəzi adamlar onlara: “Camaat sizə qarşı ordu toplayıbdır, onlardan qorxun!”– dedilər. Bu, onların imanını daha da artırdı və onlar: “Allah bizə yetər. O nə gözəl Qoruyandır!”– dedilər”.
Muhəmməd Peyğəmbər (s.ə.s.) Uhud döyüşündən qayıtdıqdan sonra səhabələrini yeni yürüşə hazırlaşmağa çağırdı. Onlar aldıqları yaralara baxmayaraq, Allahın və Onun Elçisinin (s.ə.s.) çağırışına cavab verərək səfərə yola düşdülər. Xəmrə əl-Əsəd adlı yerdə adamlara rast gəldilər. Onlar xəbər verdilər ki: “Qureyşlilər sizinlə döyüşməyə hazırlaşıblar və bu dəfə sizi tamamilə məhv etmək istəyirlər”. Onlar müsəlmanları qorxutmaq istəyirdilər, lakin onların sözləri səhabələrin imanını artırdı və onları Allah daha da əzmlə təvəkkül etməyə yönəltdi. Səhabələr onlara belə cavab verdilər: “Bütün mühüm məsələlərdə Allahın bizi himayə etməsi bizə kifayət edər. Biz öz taleyimizi Ona həvalə edirik, çünki O, Öz qullarını hamıdan yaxşı idarə edir və onların mənafeləri haqqında qayğı çəkir”.
(174) “Onlar özlərinə heç bir pislik toxunmadan, Allahın neməti və mərhəməti sayəsində geri döndülər və Allahın razılığına tabe oldular. Allah böyük lütf sahibidir”.
Allahın Elçisinin (s.ə.s.) öz səhabələri ilə birlikdə yeni yürüşə çıxması və bundan əvvəlki döyüşdə iştirak etmədiklərindən peşman olan Mədinə sakinləri haqqında xəbər müşriklərə çatdıqda, Allah onların ürəyinə qorxu saldı və onlar Məkkəyə qayıtmağı qərara aldılar. Möminlər isə Mədinəyə Allahın bəxşişləri və səxavəti ilə qayıtdılar. O, onları, çətinliklərə baxmayaraq Rəbbə pənah aparıb, yürüşə çıxmağa ruhlandırdı. O, Allah yolunda vuruşan döyüşçülərə tam haqq veriləcəyini təyin etmişdi. Səhabələrin Ona səmimiyyətlə itaət etmələri və günahdan çəkinməyə cəhd göstərmələri sayəsində onlar daha böyük mükafata layiq görüldülər.
(175) “O şeytan sadəcə sizi öz dostları ilə qorxudur. Möminsinizsə, onlardan qorxmayın, Məndən qorxun!”
Müşriklər müsəlmanları qorxudurdular ki, xalq onlarla döyüşməyə hazırlaşmışdır və şeytanlar da öz əlaltılarının – kafirlərin və münafiqlərin ürəyinə qorxu salırdılar. Allah da müsəlmanlara əmr edirdi ki, müşriklərdən – şeytanın əlaltılarından qorxmasınlar, çünki onların taleləri və əməlləri Onun iradəsi və qədərindən asılıdır. Təkcə Allahdan qorxmaq lazımdır, çünki O, Onun qarşısında qorxu hissi keçirən və çağırışlarına cavab verən Öz sevimli qullarına yardım göstərir.
Bu ayə təkcə Allahdan qorxmağın zəruri olduğunu xüsusilə qeyd edərək açıqlayır ki, Onun qarşısında qorxu keçirmək imanın vacib tələblərindən biridir. Qulun imanı güclü olduqca, o, öz Rəbbindən daha çox qorxur, həm də bu qorxu insanlara günahlardan çəkinməyə kömək etdikdə o, tərifə layiq görülür.
(176) “Küfrə can atanlar səni kədərləndirməsin. Çünki onlar Allaha heç bir zərər yetirə bilməzlər. Allah istəyir ki, onlara axirətdə heç bir şey nəsib etməsin. Onlar üçün böyük bir əzab vardır”.
Peyğəmbər (s.ə.s.) mümkün olan hər şeyi edirdi ki, adamları doğru yola yönəltsin və onlar haqq təlimə qulaq asmaqdan boyun qaçırdıqda məyus olurdu. Məhz buna görə, Allah ona (s.ə.s.) əmr edir ki, müşriklərin küfrə qarşısıalınmaz etiqad etmək arzularından kədərlənməsin. Onlar, Öz dinini möhkəmləndirməyi, Elçisinə (s.ə.s.) kömək göstərməyi və Öz təşəbbüsünü onların yardımı olmadan sona çatdırmağı öhdəsinə götürmüş Allaha bir qətrə belə zərər vura bilməzlər.
Ey Muhəmməd! Onlara baş qoşma və əməllərinə əhəmiyyət vermə. Onlar ancaq özlərinə ziyan vurur, çünki özlərini bu dünyada imandan məhrum edərək, Axirətdə özlərini ağrılı cəzaya məhkum etmişlər. Allah onlara nifrət bəsləyir və onları gələcək həyatda mükafatlandıracağını düşünmür. Buna görə, Allah sevimli qullarını və xeyir dilədiyi kimsələri ruhlandırdığı kimi, onlara yaxşı əməllər işlətməyə kömək göstərmir. O, onlarla ədalət və hikmətlə rəftar edir, axı Ona məlumdur ki, onlar düz yolla getməyə layiq deyillər və doğru nəsihətlərə qulaq asmaq istəmirlər. Bunun səbəbi onların pozğun əxlaqında və bəd niyyətlərindədir.
(177) “Doğrudan da, imanı əldən verib küfrü alanlar Allaha heç bir zərər yetirə bilməzlər. Onları üzücü bir əzab gözləyir”.
Allah xəbər verir ki, əgər insanlar, pullarını mal almağa sərf edən tacirin arzuladığı kimi, iman qarşısında üstünlüyü küfrə verir və ona etiqad edirlərsə, onlar Allaha heç bir zərər vurmurlar. Onlar öz əməlləri ilə ancaq özlərinə zərər vurur və özlərini iztirablı cəzaya məhkum edirlər. Məgər onlar Ona iman gətirməkdən tamamilə boyun qaçırdıqda Rəhmana zərər vura bilərlərmi? Onun onlara qətiyyən ehtiyacı yoxdur və Öz dini üçün öz Rəbbinin işini müdafiə etmələrinə razılıq verilmiş saleh, nəcib, dərrakəli və sağlam düşüncəli igid kişilər hazırlamışdır.
Bir başqa ayədə deyilir: “De: “İstər ona inanın, istərsə də inanmayın. Doğrudan da, ondan əvvəl özlərinə elm verilmiş kimsələrə, ayələr oxunduğu zaman üzüstə səcdəyə qapanır və: “Rəbbimiz pak və müqəddəsdir! Rəbbimizin vədi mütləq yerinə yetəcəkdir!” – deyirlər. Onlar üzüqoylu düşüb ağlayır və bu ayələr onların itaətini artırır” (İsra, 107-109).
(178) “Kafirlər elə güman etməsinlər ki, Bizim onlara möhlət verməyimiz xeyirlərinədir. Biz onlara ona görə möhlət veririk ki, günahlarını daha da artırsınlar. Onlar üçün alçaldıcı bir əzab hazırlanmışdır”.
Qoy öz Rəbbinə iman gətirməkdən imtina edən, Onun dini ilə düşmənçilik edən və Onun Elçisinə (s.ə.s.) qarşı vuruşan kafirlər elə fikirləşməsinlər ki, Biz onları bu dünyada cəzalandırmırıq, onların kökünü kəsmirik; onların ömrünü uzadırıq ki, uğursuzluqlarını çoxaldaq və onları daha sərt cəzalara düçar edirik. Biz zalımlara möhlət veririk ki, onların azğınlığı və kafirliyi daha da artsın və sonra onları hökmən Öz Qüdrətli və Hökmlü Çəngimizlə yaxalayaq. Qoy onlar ixtiyarlarına verilən möhlətdən özlərini gözləsinlər və elə düşünməsinlər ki, Böyük və Uca Rəbbi aldada bilərlər!
(179) “Allah pisi yaxşıdan ayırmayınca möminləri sizin olduğunuz vəziyyətdə tərk edən deyildir. Allah sizə qeybi bildirən deyildir. Lakin, Allah Öz elçilərindən istədiyini seçər. Odur ki, Allaha və Onun elçilərinə iman gətirin! Əgər iman gətirib Allahdan qorxsanız, sizə böyük bir mükafat verilər”.
İlahi hikməti Allaha yol verməz ki, möminləri onların aralarındakı yalançılar və münafiqlərlə başlı-başına buraxsın və bun görə O, nadürüst adamları vicdanlılardan, möminləri – münafiqlərdən, doğru danışanları isə yalançılardan ayırır. Allahın müdrikliyi Ona imkan vermir ki, digər məxluqların gizlətdikləri haqqında qeybə aid bilikləri Öz qullarına bildirsin. Bu müdriklik Ondan tələb edir ki, qullarını imtahana çəksin və müxtəlif yoxlamalara məruz qoyaraq, yaramazların və vicdanlıların arasındakı fərqin özü-özünü büruzə verməsinə nail olsun.
Bu məqsədlə Allah elçilər göndərir və insanlara onlara tabe olmağı və inanmağı əmr edərək, iman və təqva sahibi olanlar üçün böyük mükafat müəyyənləşdirir. O istəyir ki, adamlar elçilərə müxtəlif münasibət bəsləsinlər və itaət edənlərə və etməyənlərə, iman gətirənlərə və münafiqlərə, müsəlmanlara və kafirlərə ayrılsınlar. O, bunları ona görə istəyir ki, insanların bir qismi mükafata layiq olsunlar, digərləri isə özlərini cəzaya məhkum etsinlər ki, bütün məxluqlar da Onun ədalətinə, mərhəmətinə və müdrikliyinə əmin ola bilsinlər.
(180) “Allahın Öz lütfündən bəxş etdiyini xərcləməyə xəsislik edənlər elə güman etməsinlər ki, bu, onların xeyrinədir. Əksinə, bu, onlar üçün pisdir. Onların xəsislik etdikləri şey qiyamət günü boyunlarına dolanacaqdır. Göylərin və yerin mirası Allaha məxsusdur. Allah nə etdiklərinizdən xəbərdardır”.
Allahın var-dövlət, cəmiyyətdə yüksək vəzifə, bilik və bir çox digər nemətlər bəxş etdiyi, onları, özünə zərər vurmadan başqaları ilə bölüşmək hökmü verdiyi, Allahın hökmünü yerinə yetirməyən, onlara göstərilən səxavəti özlərində saxlayan, Allahın qullarına yaxşılıq etməyə simiclik edən – böyük mərhəmət göstərilmiş xəsis adamlar qoy fikirləşməsinlər ki, onlar öz xeyirlərinə çalışırlar. Əksinə, onlar öz imanlarına, maddi yaşayışlarına zərər vurur və hazırda və gələcəkdə olacaq nə varsa, hamısını məhv edirlər.
Qiyamət günü yığdıqları var-dövlət onların boyunlarına dolanacaq və onlara böyük əzab-əziyyət verəcək. Bir səhih hədisdə deyilir: “Qiyamət günü xəsis adamın var-dövləti onun qarşısında dazbaş ilan surətində dayanacaq. O, onun boynuna dolaşacaq, sonra onun ağzının künclərindən tutub deyəcək: “Mən – sənin var-dövlətinəm! Mən – sənin daş-qaşınam!” Deyilənləri təsdiq edərək, Peyğəmbər (s.ə.s.) yuxarıdakı ayəni oxudu.
Günahkarlar düşünürdülər ki, xəsislik onlara fayda verəcək və şərəf gətirəcək, lakin hər şey əksinə oldu, çünki xəsislik və simiclik onlara ən böyük ziyan vurdu və cəzalandırılmalarına səbəb oldu.
Allah – səltənətin Vahid Hökmdarıdır və bütün Kainatın zənginliyi, son nəticədə, təkcə Ona qalacaqdır. Qullar isə bu dünyanı, bir dirhəmi və hər hansı başqa əşyası belə olmadan, tərk edəcəklər. Uca Allah buyurur: “Şübhəsiz ki, Yerə və onun üstündə qalanlara təkcə Biz sahib çıxacağıq. Onların qayıdışı Bizə olacaqdır” (Məryəm, 19/40).
Xatırlanan bu məsələlər barəsində bir düşünün! Onlar hər bir insanı, onlara bəxş edilmiş nemətləri sərf etməkdə xəsislik göstərməməyə məcbur edir. Allah əvvəlcə yada salır ki, insanın var-dövləti və mal-mülkü ona Rəbbin mərhəməti sayəsində əta edilmişdir və onun əbədi mülkiyyəti deyildir. Axı Allahın lütfü olmasaydı, o, heç vaxt onu əldə edə bilməzdi. Buna görə, bu neməti ətrafdakılara verməkdən boyun qaçırmaqla, o, əslində, onlara Allahın mərhəmətini və yaxşılığını göstərməkdən imtina edir, halbuki Onun insana olan xeyirxah münasibəti həmin insana da Allahın qullarına yaxşılıq etməyi həvalə edir. Uca Allah əbəs deməmişdir: “Allahın sənə verdiyi ilə Axirət yurduna can at... Allah sənə yaxşılıq etdiyi kimi, sən də başqalarına yaxşılıq et. Yer üzündə fitnə-fəsad törətməyə çalışma. Şübhəsiz ki, Allah fitnə-fəsad törədənləri sevmir” (Qəsəs, 28/77).
İnsan dərk edəndə ki, əldə etdiyi mal-mülk – Allahın mərhəmətindəndir, o, başqa insanlara, əgər bu ona heç bir ziyan vurmursa, kömək etməkdən boyun qaçırmamalıdır. Bu, onun qəlbini nəcibləşdirir, malını paklaşdırır, imanını artırır və onu müsibətlərdən saxlayır.
Sonra Allah xatırladır ki, qulların malik olduqları bütün var-dövlət mütləq Ona qaytarılacaq. Uca Allah Kainatın bütün var-dövlətinin varisidir, axı O, irsə ən yaxşı sahib olandır. Buna görə də, tamamilə ağlasığmaz bir şeydir ki, sədəqə verməkdə xəsislik edəsən və var-dövlətdən bərk-bərk tutub saxlayasan, halbuki o, səni onsuz da tərk edəcək və başqasına qismət olacaqdır.
Nəhayət, Allah labüd olan əvəz haqqında xəbərdarlıq edir, çünki məxluqların etdiyi hər şey Ona məlumdur. Bütün əməllər haqqında kamil biliyə malik olaraq Allah mütləq xeyirxah əməllərə görə yaxşılıq edəcək və cinayətlərə görə cəzalandıracaqdır. Əgər insan, heç olmazsa bir qətrə iman sahibi də olsa, o, sədəqə verməkdə ləngiməməlidir, çünki onun əvəzində ona bol mükafat veriləcəkdir. İnsan, onu əzab-əziyyətə düçar edəcək maddi nemətləri əlində cəmləşdirməklə kifayətlənməməlidir.
Tarix: 20.04.2013 / 16:14 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 1251 Bölmə: Sureler