Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

YUNUS SURƏSİNİN ŞƏRHİ 92-109

(10.92) “Səndən sonrakılara bir ibrət olsun deyə, bu gün səni xilas edəcəyik (sənin cansız bədənini sahilə atacağıq). Həqiqətən, insanların çoxusu ayələrimizdən qafildir!”

Quran şərhçilərinin rəylərinə görə, İsrail oğulları Firondan bərk qorxurdular və onun suda boğulmasına inanmaq istəmirdilər. Şübhələri onlara iztirab verirdi və belə olduqda, Allah dənizə əmr edir ki, müstəbidin meyidini bir yüksəkliyə atsın ki, o, insanlar üçün bir möcüzə olsun. Lakin insanların çoxu belə möcüzələrə laqeyd yanaşırlar. Onlar bir çox qəribə hadisələrin şahidi olurlar, lakin buna əhəmiyyət vermirlər və onlardan faydalı ibrət götürmürlər. Təkcə ağıllı insanlar, qəlbən həqiqəti dərk etmək istəyənlər, Allahın möcüzələrində Onun elçilərinin təbliğ etdikləri hər şeyin Allahdan varid olan ən böyük dəlillər olduğunu görürlər.

(10.93) “İsrail oğullarına (Misirdə və Şamda) çox gözəl bir yerdə təmiz (halal) ruzi verdik. Onlar özlərinə bir elm gələnə qədər ixtilafda olmadılar. Qiyamət günü Rəbbin ixtilafda olduqları məsələlər barəsində aralarında hökm verəcəkdir!”

Allah İsrail oğullarını Firon və onun tabeliyində olanların yaşadıqları evlərində yerləşdirdi. Allah israilliləri onların torpaqlarının və saraylarının varisləri etdi və həm də onlara hər cür yeməklər, içəcəklər və digər nemətlər bəxş etdi. Onlar haqqa dair rəylərində ixtilafa düşmürdülər. Lakin onlara elm gəldikdə münasibət dəyişdi. Bu elm onlardan birləşməyi tələb edirdi, lakin onların çoxu başqalarından üstün olmaq istəyirdilər, öz alçaq istəklərinə uymağa başladılar və qarşılarında mənfəət əldə etmək məqsədi qoydular ki, bu da həqiqətə uyğun gəlmirdi. Nəticədə aralarında böyük ixtilaflar yarandı. Amma Qiyamət günü başladıqda Fövqəluca Allah onların arasında baş vermiş təfriqənin mühakiməsini Özü yürüdəcəkdir. O Öz ədalətli hökmünü Özünün Hərşeyiəhatəedən Elminə və hüdudsuz Fövqəlqüdrətinə istinad etməklə verəcəkdir.
İsrail oğullarını elə bir xəstəlik tutmuşdu ki, ona çox vaxt ancaq haqq din tərəfdarları tutulur. Şeytan insanları dindən tamamilə uzaqlaşdıra bilmədikdə, onların arasında düşmənçilik və nifrət alovu salmağa çan atır və nəticədə onların arasında ziddiyyətlər və qarşılıqlı ədavət baş qaldırır, bir hissəsi digər hissəsini azğınlıqda günahlandırırlar ki, bu da lənətə gəlmiş şeytana olduqca çox xoş gəlib onu məmnun edir.
Lakin əgər insanlar təkcə Rəbbə qulluq edirlərsə, bir elçinin yolu ilə gedirlərsə, bir dinə etiqad göstəriirlərsə və ümumi maraqların təəssübünü çəkirlərsə, niyə ziddiyyətə düşməli və öz dinlərinə parçalanma salmalıdırlar? Niyə onlar əlaqələri və münasibətləri kəsməli və həm mənəvi və həm də dünyəvi həyatda böyük nemətdən məhrum olmalıdırlar? Niyə onlar öz dinlərinin əsas hissəsini məhv etməlidirlər? Ey Əzəmət və Şöhrət Sahibi olan Allah! Öz xeyirxahlığın xatirinə möminlərə rəhm et, onların qəlblərini yekdil et və aralarında yaranmış parçalanmanı ləqv et!

(10.94) “(Ey Peyğəmbərim!) Əgər sənə nazil etdiyimizə şübhə edirsənsə, (bu haqda) səndən əvvəl Kitab oxuyanlardan soruş. Haqq sənə, sözsüz ki, Rəbbindən gəlmişdir. Şübhə edənlərdən olma!”

Fövqəluca Allah peyğəmbəri Muhəmmədə (ona Allahın salavatı və salamı olsun!) velə buyurur: “Əgər sən sənə vəhylə nazil edilənin doğruluğuna şübhə edərsənsə, onda bu barədə ədalətli insanlardan və elm sahibi olan əməlisaleh Kitab əhlindən soruş. Onlar təsdiq edərlər ki, sənə nazil edilənlər bir həqiqətdir və əvvəlki vəhylərə tamamilə uyğundur”.
Bəziləri deyə bilərlər ki, yəhudilərin və xristianların bir çoxu və ya hətta yəhudilərin və xristianların əksəriyyəti Muhəmməd Peyğəmbəri (ona Allahın salavatı və salamı olsun!) inkar edirlər və onun (ona Allahın salavatı və salamı olsun!) möizələrini qəbul etmirlər. Niyə bəs onda Fövqəluca Allah Öz Elçisinə (ona Allahın salavatı və salamı olsun!) Kitab əhlini Quran ayələrinin həqiqiliyini təsdiq etməyə çağırmasını əmr edir və onların şəhadətinin onun doğruluğunun sübutları sırasında nümunə gətirir? Bu suala bir neçə üsulla cavab vermək olar.
Birincisi, əgər bir dini məzhəbin və ya bir şəhərin əhalisinin bir qrupunu şahidlik etməyə çağırırlarsa, bu çağırış onların arasından ancaq ədalətli və doğruçu olanlara aid edilir. Bütün yerdə qalanlara gəldikdə isə, hətta onlar əksəriyyəti təmsil etsələr belə, onların sözləri nəzərə alınmamalıdır, şəhadət insanların ədalətliliyi və vicdanlılığından asılıdır. Muhəmməd Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun!) sadiqliyini Kitab əhlinin çoxsaylı elm sahibləri təsdiq etmiş və Allahın Elçisinin (ona Allahın salavatı və salamı olsun!) yaşadığı dövründəcə və ya ölümündən sonra İslama daxil olmuşdular. Onların sırasında Abdullah b. Salamı və onun bir çox həmfikirlərini göstərmək olar.
İkincisi, Kitab əhlinin Muhəmməd Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) haqqında şahidliyi, özlərini Kitab əhli adlandıranların tərəfdarı olduqları Müqəddəs Tövrata əsaslanmalıdır. Əgər Tövratın müqəddəs mətnləri Quran ayələri ilə uyğun gəlirsə və onların doğruluğunu təsdiq edirsə, onda Kitab əhlinin sözləri, hətta onlar hamı birlikdə İslam təlimini inkar etsələr də, heç bir əhəmiyyət kəsb etmir.
Üçüncüsü, Fövqəluca Allah Öz Elçisinə (ona Allahın salavatı və salamı olsun!) açıq şəkildə əmr edir ki, Kitab əhlini Quran ayələrinin doğruluğunu təsdiq etməyə çağırsın. Bu barədə çoxlarına yaxşı məlumdur. Həmçinin yaxşı məlumdur ki, Kitab əhlinin bir çoxu hər vasitə ilə can atırlar ki, Muhəmməd Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun!) yəbliğatını təkzib etsinlər. Əgər onlar Allahınsözlərini əsaslandıtılmış halda təkzib edə bilsəydilər, onlar hökmən öz dəlillərini bütün bəşəriyyətə hökmən təqdim edərdilər. Lakin onlar bunu etmirlər və ona görə də inadkarlıq göstərən Kitab əhlinin susması və Allahın çağırışına cavab verən Kitab əhlinin etirafı Müqəddəs Quranın gerçəkliyi və səhihliyini sübuta yetirən ən inandırıcı dəlillərdir.
Dördüncüsü, Kitab əhlinin əksəriyyətinin Allahın Elçisi Muhəmmədin (ona Allahın salavatı və salamı olsun!) peyğəmbərliyini rədd etdiyini bildirməsi yanlışdır. Əksinə, əksər Kitab əhli onun (ona Allahın salavatı və salamı olsun!) dəvətinə cavab verərək, könüllü surətdə onun (ona Allahın salavatı və salamı olsun!) dininə itaət etmiş lər. Muhəmməd Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) İslama dəvət etməyə başlayarkən dünyada insanların əksəriyyəti Kitab əhli idi, bir qədər vaxt keçdikdən sonra isə Kitab əhlinin məskunlaşdıqları Şamın, Misirin, İraqın və digər qonşu dövlətlərin əhalisinin böyük bir hissəsi İslamı qəbul etdilər. İslamı könüllü surətdə qəbul etməkdən təkcə hökmdarlar (və onların izi ilə gedən cahil camaat) boyun qaçırdırdılar ki, onlar haqqa tabe olmaqdansa, bütün hakimiyyəti özlərində saxlamağa və öz azmışlığını gizlətməyə üstünlük verirdilər. Bu barədə, belə insanların məziyyətləri və əməlləri ilə tanış olan hər kəsə yaxşı məlumdur.
Sonra isə Fövqəluca Allah Səmavi Vəhyini Haqq adlandırır ki, ona da qətiyyən şəkk gətirmək olmaz və Öz Elçisinə (ona Allahın salavatı və salamı olsun!) buyurur ki, tərəddüd etməsin və özünü şübhələrlə zəhmətə salmasın. Bu barədə Fövqəluca Allah həm də belə demişdir: “Sənə nazil edilən Kitab qəlbini sıxmamalıdır ki, sən onunla iman gətirənlərə öyüd-nəsihət verə biləsən” (Əraf, 7/2).

(10.95) “Allahın ayələrini təkzib edənlərdən də olma, yoxsa ziyana uğrayanlardan olarsan!”

Bu ayədə iki qadağa vardır. Əvvəlcə Fövqəluca Allah Müqəddəs Qurana şəkk gətirməyi, sonra isə daha böyük günahı – inkarı və yalanda ifşa edilməsi mümkün olmayan aydın Quran ayələrinə inamsızlıq göstərməyi haram edir. Məhz bu iki günah əbədi ziyanın rəhnidir, çünki onlar insanı hər iki dünyada savablardan məhrum edir və onu həm yer üzündə yaşadığı və həm də ölümündən sonra cəzaya məhkum edir. Nəzərə alınsa ki, hər qadağa onun əksini etməyi ehtiva edir, bu Quran ayələrində, həmçinin Quranın gerçəkliyinə qətiyyətlə inanmağa, onlarda nazil edilən vəhyləri öyrənməyə və təcrübədə onları rəhbər tutmağa hökm edilir. Ancaq belə olduqda insan insan uğur qazana, istədiyinə nail ola, şan-şöhrət zirvələrinə ucala və böyük itkidən qurtula ola bilər.

(10.96) “Həqiqətən, sənin Rəbbinin Sözü özləri barədə doğru çıxmış kimsələr iman gətirməzlər”.
(10.97) “Onlara hər hansı bir ayə gəlsə də, şiddətli əzabı görməyincə (iman gətirməzlər)”

Bu ayələrdə bəhs olunanlar yolunu azmış Cəhənnəm sakinləridir ki, onların nəsibi yandırıb-yaxan Cəhənnəm Odudur. Onlar heç bir möcüzıyı və dəlilə baxmayaraq iman gətirməkdın boyun qaçırırlar. Bundan da başqa, Allahın möcüzələri onların azğınlığını daha da artırır və zalımlığını çoxaldır. Bu zaman Allah onlarla zalımcasına davranmır – onlar ilk dəfə haqqı rədd edərkən özləri özlərinə zalımlıq etmişdilər və Fövqəluca Allah da buna görə onları cəzalandırmış və qəlblərini, qulaqlarını və gözlərini möhürləmişdi. Onlar iman gətirmək istəmirlər və bu, onlar müdhiş cəzanı görməyincə beləcə davam edəcəkdir. O an isə baş verdikdə, onlar başa düşəcəklər ki, azğınlığa etiqad edirmişlər, Allahın elçiləri isə haqqa dəvət edirmişlər. Lakin o anda onların imana gəlməsi onlara heç bir fayda gətirməz. Həmin gün heç bir bəraət və üzrxahlıq günahkarların vəziyyətini düzəldə bilməyəcək və onlardan tövbə etmələri də tələb olunmayacaq. Allahın ayələri isə ancaq sağlam qəlbə malik olan və onlara deyilən sözlərə qulaq asan insanlara fayda verəcəkdir.

(10.98) “Əzab gəlməkdə ikən Yunusun ümmətindən başqa iman gətirib imanı özlərinə fayda verə bilən bir məmləkət əhli vardırmı? (Yunusun ümməti) iman gətirən zaman onları dünyadakı rüsvayçılıq əzabından qurtardıq və onlara müəyyən bir müddətədək gün-güzəran verdik”.

Məgər kafir qalmış xalqlar arasında elələri var idi ki, onlara Allahın cəza verəcəyi haqqında xəbərdarlıq nazil edildikdən sonra, bundan faydalanıb iman gətirmişdilər? Onlar ancaq amansız cəzaya məruz qaldıqdan sonra onun gerçəkliyinə əmin olduqdan sonra iman gətirməyə razılaşırdılarsa da, artıq heç kim bundan faydalana bilmirdi. Bir az öncə biz bu barədə Fironun dediyini xatırlatmışıq. O demişdi: “...Mən İsrail oğullarının inandıqlarılarından başqa tanrı olmadığına iman gətirdim. Mən artıq müsəlman olanlardanam!...” (Yunus, 10/90). Lakin ona belə deyildi: “İndimi? (Bütün var-dövlətin, hakimiyyətin əlindən çıxdıqdan sonramı iman gətirirsən?) Halbuki əvvəlcə (Allaha) qarşı çıxmış və fitnə-fəsad törədənlərdən olmuşdun!” (Yunus, 10/91).
Fövqəluca Allah həmçinin buyurur: “Onlar əzabımızı gördükdə dedilər: “Biz yalnız Allaha iman gətirdik, qoşduğumuz şərikləri isə inkar etdik!” Amma əzabımızı gördükləri zaman iman gətirmələri – Allahın Öz bəndələri barəsində öncə olub-keçmiş adətinə müvafiq olaraq heç bir fayda vermədi. Kafirlər elə oradaca ziyana uğradılar (məhv oldular) (Mumin, 40/84-85). “Nəhayət, (müşriklərdən) birinin ölümü gəlib çatdığı zaman o belə deyər: “Ey Rəbbim! Məni geri qaytar! Bəlkə, (indiyə qədər) zay etdiyim ömrümün müqabilində yaxşı bir iş görüm! Xeyr, bu onun dediyi boş bir sözdür. Onların dirildilib (Allahın) önündə duracaqları günə (Qiyamət gününə) qədər maneə (öldükdən sonra Qiyamətə qədər qalacaqları bərzəx aləmi) vardır” (Muminun, 23/99-100).
Bunun hikməti tamamilə aydındır, çünki insanın məcburiyyət qarşısında etdiyi etiraf əsil iman deyildir. Həqiqətən də, əgər kafirlər cəzadan qorxmasaydılar və əgər onlar haqqı inkar etmək imkanına malik olmasaydılar, onlar mütləq belə də edərdilər. Təkcə Yunusun xalqı sərt qisas alınacağını gördükdən sonra iman gətirmişdi biabırçı cəzadan xilas edilmişdi. Bu xalq ümumi qaydadan istisna edilmişdi. Şübhəsiz ki, aşkarı və qeybi bilən Allah bunu, Öz ilahi müdrikliyinə əsaslanaraq onlar üçün istisna etmişdi, lakin bu hikmətin bizə məlum deyil və biz onu özümüz dərk etmək imkanına malik deyilik.
Fövqəluca Allah buyurur: “Həqiqətən, Yunus də (Bizim təfəfimizdən göndərilmiş) peyğəmbərlərdəndir! (Ey Peyğəmbər!) Yadına sal ki, bir zaman o, (qövmünün küfrü üzündən yük və adamla) dolu bir gəmiyə qaçmışdı. (Gəmidə olanlar) püşk atmış və (püşk ona düşdüyü üçün) məğlub edilənlərdən olmuşdu. (Yunus gəmiyə mindiyi zaman gəmi yerindən tərpənməmiş, buna görə də sərnişinlər: “Yəqin ki, içərimizdə ağasından qaçmış kölə vardır”, - demişdilər. Kölənin kim olduğunu bilmək üçün püşk atılmış və o, Yunusə düşmüşdü. Yunus özünü dənizə atmağa məcbur olmuşdu). (Yunus Allahın izni olmadan qövmünü tərk edib getdiyinə görə) özünü qınayarkən (dənizə atılarkən) balıq onu udmuşdu. Əgər o, (Allahı) çox təqdis edənlərdən (namaz qılanlardan) olmasaydı, yəqin ki, balığın qarnında qiyamət gününə qədər qalardı. Nəhayət, o, xəstə olduğu halda onu boş bir yerə (sahilə) atdıq və (başı) üstündə (ona kölgə salmaq üçün) iri yarpaqlı bir ağac (yaxud qabaq tağı) bitirdik. Biz onu yüz min nəfərə və daha çox kimsəyə peyğəmbər göndərdik. Nəhayət, onlar ona (Yunusə) iman gətirdilər və Biz də onlara müəyyən bir vaxta qədər gün-güzəran verdik” (Səffat, 37/139-148).
Fövqəlucaya məlum idi ki, onlar cəzadan xilas edildiklərindən sonra iman sahibləri olaraq qalacaqlar və bu, həqiqətdə də belə oldu. O, həm də bilirdi ki, bütün digər məhv edilmiş xalqlar cəzalandırılmasaydılar, hökmən kafirliyə qayıdardılar. Ola bilsin ki, məhz buna görə Fövqəluca Allah Yunusun xalqı üçün istisna etmişdi. Bu barədə ən yaxşı bilən isə təkcə Allahdır.

(10.99) “Əgər Rəbbin istəsəydi, yer üzündə olanların hamısı iman gətirərdi. İnsanları iman gətirməyə sənmi məcbur edəcəksən?!”

Ey Muhəmməd! Əgər Allah istəsəydi Yerin bütün sakinlərinin qəlbinə iman və təqvalılıq nazil edərdi. O, belə edə bilər, lakin Onun ilahi hikməti tələb edir ki, insanların bir hissəsi iman gətirmiş, digər hissəsi isə kafir olsunlar. Ey Muhəmməd! Doğrudanmı sən insanları iman gətirməyə məcbur edəcəksən? Həqiqətən, sən bunu edə bilməzsən, çünki buna təkcə Allahın gücü çatar.

(10.100) “Heç kəs Allahın izni olmadan iman gətirə bilməz (buna görə də əbəs yerə özünü yorma). Allah anlamayanları əzaba düçar edər”.

Allahın iradəsinin və istəyinin əleyhinə kimsə iman gətirmə bilməz və heç kim də, Onun qədəri və istəyinə uyğun olmadıqca, iman gətirməyə qadir deyil. Əgər insan iman gətirməyə layiqdirsə, onda Fövqəluca Allah onu düz yola yönəldir. Dinin hökmlərini və qadağalarını anlamağa qadir olmayanları və möizələrə və öyüd-nəsihətlərə laqeydlik göstərənləri isə O, şərə və azğınlığa məruz qoyur.

(10.101) “De: “Bir gör göylərdə və yerdə nələr var. Lakin iman gətirməyən bir tayfaya ayələr və xəbərdarlıqlar heç bir fayda vermir!”

Fövqəluca Allah qullarını göyləri və yeri müşahidə etməyə çağırır. Bu müşahidə adı altında Kainatda mömcud olan və baş verənlər üzərində düşünmək nəzərdə tutulur, çünki onda iman sahibi olanlar üçün çoxsaylı dəlillər və möhkəm etiqad sahibləri üçün isə faydalı öyüd-nəsihət vardır. Onlar hamısı ibadətə və tərifə layiq, əzəmət və şan-şöhrət sahibi, gözəl adlara və yüksək sifətlərə malik Olan Allahın Təkliyinə dəlalət edir. Lakin möcüzələr və öyüd-nəsihətlər kafirlərə heç bir fayda gətirmir, çünki onlar inadkarlıq göstərərək ayələri inkar edirlər.

(10.102) “Yoxsa onlar özlərindən əvvəl gəlib-gedənlərə üz vermiş əzablı günlərin bənzərinimi gözləyirlər? De: “Gözləyin! Şübhəsiz mən də sizinlə birlikdə gözləyənlərdənəm”.

Doğrudanmı, hətta inandırıcı açıqlamalar aldıqdan sonra da Allahın ayələrinə iman gətirməkdən imtina edən günahkarlar, keçmişdəki kafirlərin nəsini olduğu kimi, onların da başına gələcək cəzalandırılma və məhv olmadan başqa bir şey gözləyirlər? Həqiqətən də, onlar özlərini sələflərinin davrandıqları kimi aparırlar, axı Allah bütün insan nəsillərinə eyni ədalətlə yanaşır.
Ey Muhəmməd! Qoy onlar gözləsinlər və sən də onlarla birlikdə gözlə. Onlar çox tezliklə biləcəklər ki, kimin sonu xeyirli olacaqdır və onlar başa düşəcəklər ki, təkcə elçilər və onların ardıyca gedənlər həm bu dünyada və həm də ölümdən sonra xilas olacaqlar. Məhz buna görə Fövqəluca belə buyurur:

(10.103) “Sonra elçilərlərimizi və iman gətirənləri xilas edərik. Möminləri xilas etmək Bizə vacibdir”.

Allah iman gətirənləri həm bu dünyada və həm də Axirətdə bədbəxtliklərdən və xoşagəlməzliklərdən mütləq xilas edəcəkdir. O, Özü bunu belə istəmişdir və O, həmişə iman gətirənləri müdafiə edir. İnsanın imanı güclü olduqca, hər cür xoşagəlməz hadisələrdən xilas ediləcəyinə daha çox ümidvar olur.

(10.104) “De: “Ey insanlar! Əgər mənim dinim barəsində şübhəyə düşmüsünüzsə, (bilin ki) mən Allahı qoyub tapındığınız başqa bütlərə deyil, ancaq sizin canınızı alacaq Allaha ibadət edirəm. Mənə möminlərdən olmaq əmr edilmişdir”.

Fövqəluca bütün elçilərin Ağası, təqva sahibi olan möminlərin Lideri, imanlı dindarların ən Yaxşısı olan Muhəmməd Peyğəmbərə (s.ə.s.) müraciət edərək, ona (s.ə.s.) belə deməsini buyurur: “Ey insanlar! Siz mənim sözlərimə hətta şəkk gətirsəniz belə, mən öz dinimin doğruluğuna şübhə etməyəcəyəm. Mən qəti əminəm ki, dinim haqq din olduğu üçün bütün digər “ilahlar” saxtadır və faydasızdırlar. Mən öz sözlərimi inandırıcı dəlillər və təkzibolunmaz sübutlarla təsdiq edə bilərəm. Mən bütlərə, heykəllərə və başqa uydurulmuş “tanrıçalara” ibadət etmirəm, çünki onlar yaratmaq, ruzi nazil etmək və taleləri idarə etmək qabiliyyətinə malik deyillər. Onlar özləri xəlq edilmişlər və tamamilə öz Rəbbindən asılıdırlar və onları ilahlaşdırmaq üçün zəruru olan keyfiyyətlərə qətiyyən sahib deyillər. Onların yerinə mən, sizi yaratmış və sonra da canınızı alacaq, daha sonra isə hər birinizi əməllərinə görə əvəz alması üçün yenidən dirildəcək Allaha ibadət edirəm. O, həqiqətən də mənim Onun qarşısında dua etməyimə, Ona ibadət və təzim etməyimə layiq Olandır”.

(10.105) “Sən hənif olaraq üzünü dinə tərəf çevir və müşriklərdən olma”
(10.106) “Allahı qoyub, sənə nə bir fayda, nə də bir zərər verə bilməyən şeylərə yalvarma. Əgər belə etsən, sözsüz ki, zalımlardan olarsan”

Ey Muhəmməd! Qoy sənin qəlbinin və vücudunun bütün əməlləri Allah xatirinə səmimi olsun. Dinin hökmlərini ancaq Onun xatirinə yerinə yetir və digər məqsədlər güdmə. Müşriklərə oxşama, onların yanında dayanma və sənə xeyir gətirməyə və ya zərər vurmağa qadir olmayanlara yardım üçün müraciət etmə. Həqiqətən, istənilən məxluq bu sifətlərə malikdir, çünki təkcə Fövqəluca Allah fayda verə və zərər vura bilər. Lakin əgər sən Allahı qoyub, sənə nə xeyir verə və ya şərdən xilas edə bilməyən məxluqlara dua etsən, onda sən özlərini həlaka məhkum etmiş və özlərinə ziyan vurmuş fasiqlərdənolarsan.
Bu ayələrdə zalımlıq və ya ədalətsizlik dedikdə müşriklik nəzərdə tutulur. Bu barədə Fövqəluca buyurmuşdur: “...Allaha şərik qoşma. Doğrudan da, Allaha şərik qoşmaq böyük zülmdür! (Ağır günahdır!)” (Loğman, 31/13). Əgər insanların ən yaxşısı zalım ola bilərdisə, əgər onun (s.ə.s.), Allaha dua etmək əvəzinə məxluqlara dua etməsi ehtimalı var idisə, onda bütün qalan insanlar haqqında nə demək olar?!!

(10.107) “Əgər Allah sənə bir zərər toxundursa (sıxıntı versə), Özündən başqa heç kəs onu səndən sovuşdura bilməz. Əgər Allah sənə bir xeyir diləsə, heç kəs Onun nemətini geri qaytara bilməz. Allah onu bəndələrindən istədiyinə nəsib edər. O, Bağışlayandır, Rəhmedəndir”.

Bu ayə, təkcə Allahın ibadətə layiq olmasını sübut edən ən böyük dəlillərdəndir. Təkcə O, xeyir verməyə və ya zərər vurmağa, nemət verməyə və mərhəmətindən məhrum etməyə qadirdir və əgər insan dilənməyə, xəstəliyə və ya digər bəlaya düçar olduqda, onu Allahdan başqa kim bu xoşagəlməz hallardan xilas edə bilməz. Doğrudan da, əgər hətta bütün məxluqlar yığışıb insana kömək göstərmək istəsələr, onlar ona Allahın öncədən müəyyən etdiyi qədər çərçivəsindən kənar heç bir yardım edə bilməzlər. Yenə də əgər bütün məxluqlar birləşərək insana zərər vurmağa cəhd göstərsələr də, Allah istəmədikcə, bunu edə bilməzlər. Allah Öz qulunu himayəsi altına götürmək istəyərsə heç bir varlıq Onun bu mərhəmətinin qarşısını almağa qadir ola bilməz. Bununla əlaqədar Fövqəluca həm də belə buyurur: “Allahın insanlara əta etdiyi mərhəmətə (verdiyi nemətə, ruziyə) heç kəs mane ola bilməz. Onun vermədiyi bir şeyi də Özündən başqa heç kəs göndərə (verə) bilməz. O, yenilməz Qüvvət Sahibi, Hikmət Sahibidir!” (Fatir, 35/2).
Allah istədiyinə Öz mərhəmətini bəxş edir. Həqiqətən də, O, böyük lütfkarlığa malikdir. Onun gözəl adları arasında – Bağışlayan və Rəhmli adları. O, qullarına onların bağışlanmasına səbəb olan əməllər yerinə yetirməyə kömək göstərir və onlar bu əməlləri etdikdə, O, qullarının həm böyük, həm də kiçik günahlarını bağışlayır, Onun xeyirxahlığı isə bütün məxluqlarına aiddir, çünki məxluqlar bir an da belə olsa Allahın qayğısı olmadan yaşamağa qadir deyillər.
Əgər insan təkcə Allahın nemət bəxş etmək və bəlalardan qorumaq, ənam vermək, bədbəxtliklərdən və qəm-qüssədən xilas etmək qüdrətinə malik olduğunun və Allah istəmədikcə heç bir məxluqun digər məxluqa nə fayda və nə də zərər vurmağa qabil olmadığının inandırıcı dəlillərini dərk etdikdə, ona qəti şəkildə aydın olmalıdır ki, Allah vahid gerçək İlahdır və bütün digər ilah adlandırılan məxluqlar saxta və faydasızdırlar.

(10.108) “(Ey Elçim!) De: “Ey insanlar! Artıq Rəbbinizdən sizə haqq (Quran) gəlmişdir. Doğru yolu tutan özünə savab, doğru yoldan azan isə günah qazanar. Mən sizə zamin deyiləm!”

Ey Allahın Elçisi! Sən insanlara öz dəlillərini təqdim etdikdən sonra, belə de : “Ey insanlar! Allah sizə müxtəlif dəlillərlə təsdiq edilən haqqı sizə bəyan etmişdir. Sizə Allahdan nazil olan bu xəbərlərin doğruluğu heç bir şübhə doğurmur. Bu Quranın nazil edilməsi isə Onun sizin barənizdə göstərdiyi qayğının ən əzəmətli təzahürüdür. Onda hər şeyin izahı və həm də dini hökmlərə və yüksək əxlaqi keyfiyyətlərə aid göstərişlər vardır. Budur Allahın himayəsi və xeyirxahlığı! İndi doğru yol və azğınlıq artıq sizə aydınlaşdırılmışdır və bu barədə şübhələr daha sizə əzab vermir. Əgər sizlərdən kimsə Allahın rəhbərliyi sayəsində haqqı dərk edərsə və ona bütün qalan şeylərdən daha çox üstünlük verərsə, o şəxs öz xeyrinə rəftar etmiş olacaqdır. Fövqəluca Allah qullarına möhtac deyildir və buna görə insan xeyirxahlıqlarının bəhrəsi təkcə qulların özlərinə qismət olur. Lakin əgər sizdən kimsə doğru yoldan çıxarsa, əsil biliklərdən üz döndərərsə və təcrübədə onları rəhbər tutmazsa, o şəxs öz zərərinə davranmış olar. O, Allaha heç bir zərər vura bilməz – onun cinayətləri təkcə özünə ziyan vurar. Mən sizin hərəkətlərinizi yadda saxlamayacağam və sizi hesabat verməyə də çağırmayacağam. Mən sadəcə açıq-aydın nəsihətçiyəm, Fövqəluca Allah isə sizin Vəkilinizdir. Buna görə, nə qədər ki, Allah sizə möhlət verir, gözləyin!”

(10.109) “Sənə nə vəhy gəlirsə, ona tabe ol. Allah (zəfər) hökmünü verənə qədər səbr et. O, hökm verənlərin ən xeyirlisidir!”

Ey Elçi! Vəhylərlə sənə nazil edilənləri öyrən, Quran hökmlərini yerinə yetir, bu qanunlar üzrə yaşa və insanlar arasında onları təbliğ et! Bu yolla səbirlə get, çünki o ali səbr etmə formasıdır və ən böyük şərəflə nəticələnəcəkdir. Tənbəllik etmə və ruhdan düşmə, Fövqəluca Allah səninlə səni inkar edən kafirlər arasında hökm çıxarana qədər dözümlü və səbirli ol! Həqiqətən, Allah hakimlərin ən xeyirlisidir, çünki Onun hökmləri həmişə ədalətli, qərəzsiz və cür həmdə layiqdir.
Muhəmməd Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) öz Rəbbinə itaət etmiş və öz dininin qalan digər məzhəblər üzərində qələbə çalmasına kömək edənə qədər qətiyyətlə düz yolla getmişdir. Allah Öz Elçisinə (ona Allahın salavatı və salamı olsun!) düşmənlərini və rəqiblərini dəlillər və sübutlarla məğlub etdirdikdən sonra, onları qılınclar və nizələrlə darmadağın etməyə kömək göstərmişdir. Buna görə həmd təkcə Allaha məxsusdur və bu tərif məhz Onun əzəmətinə, kamilliyinə və hüdudsuz xeyirxahlığına yaraşandır.


Tarix: 20.04.2013 / 14:40 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 543 Bölmə: Sureler
loading...