Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

ƏL-ƏRAF (SƏDD) SURƏSİNİN ŞƏRHİ 41-60

(7.41) “Onlar üçün Cəhənnəmdən (Cəhənnəm odundan) döşək və üstlərinə örtmək üçün (atəşdən) yorğan vardır. Biz zalımları belə cəzalandırırıq!”

Cəhənnəm döşəkləri və yorğanları oddan olacaqdır və cəza zalımları hər tərəfdən əhatə edəcəkdir. Allah özləri özlərinə zalımlıq edənləri belə cəzalandırır. Bu layiqli cəza olacaqdır, axı Rəbb Öz qullarına heç vaxt əziyyət vermir.


(7.42) “İman gətirib yaxşı işlər görənlər isə - Biz heç kəsi qüvvəsi yetdiyindən artıq yükləmərik – cənnətlikdirlər, onlar orada əbədi qalacaqlar!”

Zalımların cəzalandırılacağı haqqında xəbər verdikdən sonra Fövqəluca Allah itaətkar möminlərin mükafatlandırılacağını bildirir, çünki onlar tamamilə səmimi olaraq iman gətirirdilər və xeyirxah əməlləri bədənlərinin bütün üzvləri ilə həyata keçirirdilər. Onlar özlərini iman və saleh əməllərlə gözəlləşdirirdilər. Onlar yaxşılığı qəlbən və bədən hərəkətləri ilə etməklə yanaşı dinin vacib hökmlərini yerinə yetirir və haram edilmiş şeylərdən çəkinirdilər.
Bu ayənin ümumi mənasından belə güman etmək olar ki, Cənnət sakinləri bütün vacib və qeyri-vacib saleh əməlləri yerinə yetirirdilər, lakin Allahın qulu bir sıra hallarda əməllərdən bəzilərini icra etmək qabiliyyətinə malik olurlar və buna görə Allah buyurur ki, O, insana onun imkanlarından artıq vəzifə həvalə etmir və onu daşıya bilməyəcəyi yüklə çətinliyə salmır. Bu isə o deməkdir ki, insan öz imkanlarının yol verdiyi qədər xeyirxahlıq etməlidir və o, digər müsəlmanların bacardığı, lakin onun yerinə yetirməyi bacarmadığı bəzi vacib hökmlərə görə məsuliyyət daşımır. Fövqəluca Allah buyurur: “Allah hər kəsi yalnız qüvvəsi yetdiyi qədər yükləyər...” (Bəqərə, 2/286);
“(Ey möminlər!) Allah yolunda layiqincə cihad edin. O (Öz dini üçün) sizi seçdi və dində sizin üçün heç bir çətinlik yeri qoymadı...” (Həcc, 22/78);
“Allahdan (Allahın əzabından) bacardığınız qədər qorxun” (Təğabun, 64/16).
Bax buna görə vacib hökmlər onu yerinə yetirməyə qadir olmayan insan üçün məcburiliyini qaldırır və məcburiyyət qarşısında günah əməl işlətmiş insan üçün həmin əməli günah sayılmır.
Doğru imana malik olan və xeyirxah əməllər edən müsəlmanlar mütləq Cənnət sakinləri olacaqlar və oranı heç vaxt tərk etməyəcəklər. Onlar hətta başqa bir məskən haqqında heç arzu da etməyəcəklər, çünki onlar Cənnət bağlarında hər cür nemətlərdən zövq alacaqlar və bundan daha gözəl bir şeyi heç təsəvvürlərinə belə gətirə bilməyəcəklər.


(7.43) “Biz onların (Cənnət əhlinin) ürəklərindəki kin-küdurəti çəkib çıxardarıq. Onların (qaldıqları yerin) altından çaylar axar. Onlar (Rəbbinin bu lütfünü gördükdə) deyərlər: “Bizi bura gətirib çıxaran Allaha həmd olsun! Əgər Allah bizi doğru yola yönəltməsəydi, biz özümüzə doğru yolu tapa bilməzdik. Həqiqətən, Rəbbimizin peyğəmbərləri haqqı gətirmişdilər!” Onlara: “Etdiyiniz əməllərə görə varisi olduğunuz Cənnət budur!” – deyə müraciət ediləcəkdir”.

Bu ayə Allahın Cənnət məskunlarına bəslədiyi mərhəmətinin dəlilidir. O, onların ürəklərini kin-küdurətdən və başqaları qarşısında üstün görünmək istəyindən təmizləyəcək və bunun sayəsində onlar bir-birilərini pak və səmimi məhəbbətlə sevən qardaşlar olacaqlar. Fövqəluca Allah buyurur: “Biz onların ürəklərindəki kin-küdurəti çıxarıb atdıq. Onlar qardaş olub taxt üstündə qarşı-qarşıya əyləşərlər” (Hicr, 15/47).
Allah Cənnət sakinlərinə elə bir iltifat göstərəcək ki, onlardan hər biri öz səadətinə sevinəcək və elə hesab edəcək ki, bundan daha gözəl xoşbəxtlik, sadəcə olaraq, mümkün deyil. Cənnət sakinləri qarşılıqlı paxıllıq hissindən və ədavətdən xilas ediləcəklər, çünki buna heç bir səbəb olmayacaq. Onların ətrafında çaylar axacaq ki, məcralarını Cənnət sakinlərinin istədiyi istiqamətdə dəyişəcəklər. Onlar istəsələr o çayları öz imarətlərinin arasından yönəldəcək, ya da istəsələr öz yüksək saraylarına və ecazkar bağlarına tərəf döndərəcəklər. Bunlar – yatağa (Burada çayın bir sahilindən digər sahilədək olan quru yatağı, məcrası (axdığı təbii ərazi) nəzərdə tutulur. F.S.)ehtiyacı olmayan kiçik çaylar və həddi-hüdudu olmayan zövq və səfadır.
Möminlər Allahın onlara bəxş etdiyi iltifatını öz gözləri ilə gördükdə, ucadan deyəcəklər: “Həmd olsun bizi bu səadətə qovuşduran Allaha! O, bizə mərhəmət göstərərək qəlblərimizi imanla doldurmuş və bunun sayəsində etdiyimiz yaxşı əməllər bizi bu məkana gətirmişdir. O, bizim imanımızı və xeyirxah əməllərimizi qoruyub saxlamış və bu məqsədə çatmağa bizə yardım etmişdir. Bizə görə bildiyimiz və görə bilmədiyimiz saysız-hesabsız nemətlər bəxş etmiş Alicənab Rəbbimiz necə də gözəldir! Əgər O, bizi doğru yola yönəltməsəydi, biz o yolu özümüz öz gücümüzlə keçə bilməzdik. Bizim imkanlarımız o yoldan sapmamağa kifayət etməzdi və biz bu yolda Onun bizə hədiyyə etdiyi Haqq Təlimi və elçilərinin yolu ilə getməkdə bizə göstərdiyi köməyi sayəsində dayana bildik. Allahın elçiləri, həqiqətən, haqqa dəvət edirdilər”.
Elçilərin öncədən bildirdikləri Cənnət nemətlərindən zövq alaraq, möminlər ən ali iman sahibi olacaqlar. Onlar qəti bilirdilər ki, elçilərin sözləri həqiqət idi, lakin indi onlar buna özləri əmin olacaqlar. Onlar deyəcəklər: “Biz gördük və elçilərin vəd etdiklərinin hamısının doğruluğuna bir daha əmin olduq. Biz əmin olduq ki, onların sözləri – sübhə doğurmayan və ya çaşqınlıq yaratmayan sarsılmaz həqiqətdir”. Belə olduqda, onlar ehtiramla səslənən tərif sözlərini eşidəcəklər: “Budur varisi olduğunuz Cənnət! Bu torpaqlar artıq sizin malikanələrinizdir, kafirlərin məskəni isə Cəhənnəm oldu. Siz bu yerlərə öz saleh əməllərinizə görə layiq görüldünüz”.
Mömin İslam ilahiyyatçılarından biri demişdir: “Cənnət sakinləri Cəhənnəmdən Allahın bağışlaması sayəsində xilas olacaq, Cənnətə Onun mərhəməti sayəsində girəcəklər, lakin oranın mülkiyyətini öz saleh əməllərinə müvafiq bölüşəcək və varis olacaqlar. Bütün bunlar Allahın mərhəmətinin təzahürüdür. Bu həm də Onun mərhəmətinin ən ali təzahürü olacaqdır”.

(7.44) “Cənnət əhli Cəhənnəm əhlinə müraciət edib: “Biz Rəbbimizin bizə vəd etdiyini (Axirət nemətlərini) haqq olaraq gördük. Siz də Rəbbinizin sizə vəd etdiyini (Cəhənnəm əzabını) gerçək olaraq gördünüzmü?” – deyə soruşacaq. Onlar: “Bəli!” – deyə cavab verəcəklər. Elə bu zaman onların (hər iki dəstəsinin) arasında bir carçı (İsrafil və ya cənnətdəkilərdən biri): “Allah zalımlara lənət eləsin!” – deyə səslənəcək”.

(7.45) “O kəslər ki, insanları Allah yolundan döndərər, onu (Allah yolunu) əyri hala salmaq (əymək) istəyər və Axirətdə də inkar edərlər!”

Möminlərin və günahkarların onlar üçün təyin olunmuş məskənlərə girəcəklərini və Allahın elçilərinin öncədən xəbər verdikləri və Səma Kitablarının bəyan etdikləri mükafatların və cəzaların həqiqiliyinə əmin olduqlarını xatırlatdıqdan sonra Fövqəluca Allah xəbər verir ki, Cənnət sakinləri Cəhənnəmdə əzab çəkənlərə müraciət edəcəklər: “Bizə deyilmişdi ki, iman və saleh əməllər sayəsində biz Cənnət bağlarına layiq görüləcəyik və biz doğrudan da Cənnətə düşdük və bizə vəd edilən hər şeyi öz gözümüzlə görüb doğruluğuna əmin olduq. Siz də kafirliyə və itaətsizliyə görə sizə bütün vəd edilənlərin doğru olduğuna əmin oldunuzmu?” Onlar belə cavab verəcəklər: “Bəli, biz də Allahın vədinin doğruluğuna əmin olduq”.
Tamamilə bütün məxluqlar Allahın vəd etdiyinin həqiqiliyinə əmin ola biləcəklər və heç kim buna şübhə edə bilməz. Kimin sözü Allahın sözündən daha doğru ola bilər? İnsanlar Onun sözünün doğruluğuna şübhə etməkdən əl çəkəcəklər və Onun vədinin gerçəkliyini öz üzərlərində hiss edəcəklər. Bax, məhz onda möminlər sevinəcək və şadlıq etməyə başlayacaq, kafirlər isə hər cür xeyirxahlığa bəslədikləri ümidlərini itirəcəklər və etiraf etməli olacaqlar ki, onlar həqiqətən dəhşətli cəzaya layiqdirlər. Bu etiraf baş verdiyi zaman carçı Cənnət sakinlərinə və Cəhənnəm əzabkeşlərinə car çəkib xəbər verəcək ki, bundan sonra zalım günahkarların üzərində Allahın lənəti bərqərar olacaq. Onlar hər cür nemətlərdən və gözəlliklərdən sonsuzluğa qədər uzaq olacaqlar, çünki Allah əvvəlcədən onların qarşısında Öz mərhəmətinin qapılarını açmışdı, lakin onlar zalımcasına rəftar etdilər, onlardan üz çevirdilər, doğru yolla getməyi rədd etdilər və hətta ətraflarındakıları da bundan çəkindirdilər. Onlar özləri azğınlığa düşmüşdülər və bir çoxlarını yoldan sapdırdılar.
Fövqəluca Allah istəyirdi ki, insanlar doğru yolla getsinlər, onlar isə onu təhrif etməyə cəhd göstərirdilər və insanlara o yolu tapmaqda maneçilik göstərirdilər. Bununla yanaşı onlar Axirət həyatına iman gətirməyi rədd edirdilər. Məhz ona inanmama, cəzalanacaqlarından qorxmamaqları və mükafat alacaqlarına ümid bağlamaları onları düz istiqamətdən çıxmağa və öz günahkar ehtiraslarına uymağa təhrik etdi. Əgər kafirlər lənətə layiq görülürlərsə, onda möminlər Allahın mərhəməti sayəsində saysız-hesabsız nemətlərlə mükafatlandırılacaqlar. Bu ayənin mənası budur.


(7.46) “Onların ikisinin (Cənnət əhli ilə Cəhənnəm əhlinin) arasında pərdə (səs, maneə) və Əraf (Cənnətlə Cəhənnəm arasındakı səddin yüksəklikləri) üzərində isə (savabları və günahları, xeyir və şər əməlləri bərabər olan) insanlar (kişilər) vardır ki, onlar hamını (cənnətlikləri və cəhənnəmlikləri) üzündən tanıyıb Cənnət əhlinə: “Sizə salam olsun!” - deyə müraciət edərlər. Bunlar (Əraf əhli) çox istədiklərinə baxmayaraq hələ ora (Cənnətə) daxil olmamış (lakin Ərafda günahları təmizləndikdən sonra daxil olacaq) kimsələrdir”.

Cənnət və Cəhənnəm sakinləri arasında “Hasar” adlandırılan bir çəpər çəkilmişdir. O, nə Cənnətə, nə də Cəhənnəmə aid deyildir, hər iki məskən üzərində ucalır və onun üzərindən cənnətdəkilər və cəhənnəmdəkilərlə nə baş verdiyini müşahidə etmək olur. Axirət həyatında o “hasarın” üstündə cənnətdəkiləri və cəhənnəmdəkiləri onların şəxsi əlamətlərinə görə tanıya bilən insanlar olacaqlar. Onlar Cənnət əhlini görəndə onlara salamverəcəklər. Onlar hələ Cənnət bağlarına daxil olmayanlardır, lakin oraya girmək ümidini də itirmirlər və buna nail olacaqlarını düşünürlər. Allah onlara lütfkarlıq göstərərək, bu ümidi qəlblərinə salacaqdır.

(7.47) “Onların nəzərləri Cəhənnəm əhlinə çevrildiyi zaman: “Ey Rəbbimiz! Bizi zalımlarla bir etmə!” - deyərlər”.

Hasar üstündəki insanlar Cəhənnəm sakinlərinə tərəf çevrilib baxanda, onlar dəhşətə gəldikləri çox çirkin bir mənzərə görür və ucadan belə deyirlər: “Ey Rəbbimiz! Bizi zalım insanlarla bir yerə salma!”
Cənnət sakinlərini gördükdə isə tezliklə onlarla birləşməyi arzulayır və onları salamlayırlar. İradələrinin əleyhinə olaraq baxışları Cəhənnəm sakinləri ilə rastlaşdıqda, onlarla hər hansı bir əlaqəyə girməyi heç ağıllarına belə gətirmirlər.


(7.48) “Əraf əhli üzlərindən tanıdıqları adamlara müraciət edib: “Sizə nə yığdığınız mal-dövlət, nə də təkəbbürünüz fayda verdi” - deyəcək”.
(7.49) “(Və fağır, yoxsul möminləri kafirlərin böyüklərinə göstərərək:) “Allah onları Öz mərhəmətinə nail etməyəcək, - deyə and içdiyiniz kəslər bunlardırmı?” – söyləyəcəklər. (O anda Allah həmin möminlərə müraciətlə belə buyuracaq:) “Cənnətə daxil olun. Sizin heç bir qorxunuz yoxdur və siz qəm-qüssə görməyəcəksiniz!”

Hasarlar üstündə olan insanlar Cəhənnəm sakinlərini fərdi əlamətlərinə görə tanıyaraq onlara müraciət edəcəklər. Dünya həyatında bu insanlar şan-şöhrətlə əhatə edilmiş, dəbdəbəli həyat sürən, çox böyük var-dövlət və çoxlu oğul-uşaq sahibi olan məşhur şəxslər olmuşdular. Lakin Cəhənnəmdə onlar tamamilə tənha olacaqlar. Onlar əzab çəkəcəklər, amma heç kim onların köməyinə gəlməyəcək. Belələrini görüb, deyəcəklər: “Dünya həyatında siz bir yerdə idiniz, özünüzü xoşagəlməz hadisələrdən qoruyaraq qarşınıza qoyduğunuz məqsədə nail olmağa cəhd göstərirdiniz. Lakin bu gün sizin birliyinizin izi-tozu belə qalmamışdır. O, sizə bir fayda vermədi və sizin Haqqa qarşı, Onun təbliğatçılarına və tərəfdarlarına qarşı bəslədiyiniz təkəbbürünüz də sizə heç nə ilə kömək etmədi”.
Sonra onlar Cənnətin sakinlərini göstərəcəklər. Dünya həyatında onlar kasıb və zəif idilər, amma Cəhənnəmin sakinləri onlara istehza edərdilər. Hasar üstündə olan insanlar əzab çəkənlərə deyəcəklər: “Budur, baxın Cənnətə düşən insanlara! Məgər siz and içmirdiniz ki, Allah heç vaxt onlara mərhəmət göstərməyəcək? Məgər siz onları məsxərəyə qoymaqla özünüzü təkəbbürlü və özündən razı qalan adamlar kimi aparmırdınız? Sizin içdiyiniz andlar yalan oldu, indi sizin qarşınızda açılan mənzərəni siz hətta təsəvvür belə etməzdiniz”.
Belə olduqda bu kasıb möminlər böyük bir şərəfə nail ediləcəklər. Onlara deyiləcək: “Öz saleh əməlləriniz sayəsində Cənnətə girin! Sizin gələcəyinizdən qorxunuz yoxdur və sizin keçmişdə törətdiklərinizə görə də kədərlənməyinizə dəyməz. Rahatlanın və cürbəcür nemətlərə sevinin!”
Bu vəhy Fövqəluca Allahın aşağıdakı sözlərinə oxşayır: “Həqiqətən, günahkarlar iman gətirmiş kimsələrə (dünyada) gülürdülər. (Möminlərin) yanlarından keçərkən (onları dolamaq məqsədilə) bir-birinə qaş-göz edirdilər. Ailələrinin (yaxın adamlarının) yanına qayıtdıqda isə (onları doladıqları üçün) kefləri kök qayıdırdılar. Onlar (möminləri) gördükdə: “Doğrusu, bunlar (haqq yoldan) azanlardır!” – deyirdilər. Halbuki onlara (möminlərə) nəzarətçi göndərilməmişdir. Bu gün isə möminlər kafirlərə güləcəklər. Onlar taxtlar üstündə (əyləşib) baxacaqlar (ki, görsünlər). Kafirlər öz əməllərinin cəzasını aldılarmı?! (Əlbəttə, aldılar!)” (Mutəffifin, 83/29-36).
İslam alimləri Hasarların üstündə olan və bu insanların hansı əməl sahibləri olması haqqında rəyləri müxtəlifdir. Ən səhih rəyə əsasən, onlar cinayətləri yaxşı əməllərinə bərabər olacaq dindarlardır. Onların törətdikləri günahlar xeyirxah əməllərindən çox olmadığı üçün Cəhənnəmə düşmürlər və onların xeyirxah əməlləri də onların günahlarından artıq olmadığı üçün Cənnətə də girə bilmirlər. Buna görə onlar Allahın istədiyi qədər hasarın üstündə qalacaqlar. Sonra O, Öz mərhəməti sayəsində onları Cənnət bağlarına daxil edəcək, çünki Onun mərhəməti Onun qəzəbini həmişə üstələyir və qalib gəlir. Həqiqətən, Onun mərhəməti hər şeyi əhatə edir.


(7.50) “Cəhənnəm əhli cənnət əhlinə müraciət edib: “Üstümüzə bir az su tökün və ya Allahın sizə verdiyi ruzilərdən bizə bir qədər ehsan edin!” – deyəcək. Onlar isə: “Doğrusu, Allah bunları kafirlərə haram buyurmuşdur!” – deyə cavab verəcəklər”.
(7.51) “O kəslər ki, dinlərini oyun-oyuncaq (əyləncə) etmiş və (fani) dünya həyatı onları aldatmışdı və onlar bu günə qovuşacaqlarını unutduqları və ayələrimizi (bilə-bilə) inkar etdikləri kimi Biz də onları bu gün unudarıq!”
(7.52) “Həqiqətən, Biz onlara (Məkkə müşriklərinə və kafirlərinə) elmlə müfəssəl izah etdiyimiz, inanan bir qövm üçün hidayət və mərhəmət olan (dini vəzifələrini öyrətmək üçün mükəmməl) bir Kitab (Quran) gətirdik”.

Cəhənnəm sakinlərinin əzabı ən yüksək həddə çatdıqda, onlar dözülməz aclıq və son dərəcə bərk susuzluq çəkdikdə, onlar kömək üçün Cənnət əhlinə müraciət edəcəklər: “Bir az üstümüzə su səpin və Allahın sizə əta etdiyi yeməyi bizimlə bölüşün”. Lakin Cənnət sakinləri deyəcəklər: “Allah sizə kafir olduğunuz üçün Cənnət yeməklərini və içkilərini qadağan etmişdir”.
Günahkarların Allahın ayələrinə iman gətirməkdən boyun qaçırmalarının və onlara layiqincə etiqad etmələri əmr olunmuş və buna görə bol-bol mükafatlar vəd edilmiş dini əyləncəyə və oyuncağa çevirmələrinin əvəzi bax belə olacaqdır. Bir şərhə görə, onlar dinə laqeyd yanaşdılar, ondan üz döndərdilər və hətta onu məsxərəyə qoydular. Digər bir şərhə görə isə onlar dini hökmləri oyun-oyuncağa və əyləncəyə çevirib düz yoldan çıxdılar. Dünya həyatı öz gözəllikləri bər-bəzəyi və həmçinin təkcə maddi nemətlərdən zövq almağa çağıranların çoxsaylılığı ilə onları azdırdı. Son nəticədə, onlar maddi nemətlərlə qane olaraq əylənməyə və şadyanalıq etməyə başladılar, Axirət həyatından üz döndərdilər və onu unutdular. Buna görə Allah da onları unudacaq və işgəncəli cəzaya məruz qoyacaqdır. Onlar özlərinə qarşı belə münasibətə özləri özlərini layiq etdilər, çünki dirildiləcəklərini yada salmadılar, sanki onlar təkcə yer üzündə yaşamaq üçün yaradılmışdılar, sanki qarşıda onları əvəz veriləcəyi Gün gözləmirdi.
Bununla yanaşı onlar Allahın ayələrini inkar etdilər, özü də bu rəftarları ayələrin nöqsanlı və yanlış olmasına görə deyildi. Əksinə, Allah onların vasitəsilə məxluqların ehtiyac duyduqları bütün bilikləri onlara izah etmişdi. Allaha müxtəlif zamanlarda və müxtəlif ölkələrdə yaşayan insanların vəziyyəti məlum idi. Ona Onun məxluqları üçün nəyin yararlı və nəyin yararsız olması məlum idi. Onun nazil etdiyi açıqlamalar, ətrafda nə baş verdiyindən xəbəri olmayanların, haqqın bir hissəsinə belə sahib olmayanların və düzgün qərar qəbul etməyi bacarmayanların izahına bənzəmirdi. Əksinə, bunlar Hərşeydənxəbərdar olan Rəbbin izahları idi, o Rəbbin ki, Ona bütün şeylər agahdır və Onun mərhəməti bütün məxluqları əhatə edir.
O, Öz Kitabını iman gətirənlər üçün Doğru Təlimat və rəhmət mənbəyi etmişdir ki, bunun sayəsində insanlar doğru yolu azğınlıqdan və həqiqəti isə yalandan ayırd etməyi öyrənmişlər. Kitab onlar üçün nemətlərin ən əzəmətlisi olmuşdur: o, onlara həm bu dünyada və həm də Axirət həyatında nəhəng faydalar və xoşbəxtlik gətirir və onun sayəsində onlar azğınlıqdan və bədbəxtliklərdən xilas olurlar.
Layiq olduqları cəzanı dadmış günahkarlar Kitaba iman gətirməkdən, onun hökmlərini yerinə yetirməkdən və qadağalarından çəkinməkdən boyun qaçırdılar. Buna görə onlar Quran ayələrinin xəbərdar etdiyi əziyyətlərə məhkum edildilər.


(7.53) “Onlar (kafirlər) ancaq aqibətimi (Kitabın xəbər verdiyi aqibətimi) gözləyirlər? Onun xəbər verdiyi aqibət (Qiyamət) gəlib çatdığı gün əvvəllər onu unutmuş olanlar deyəcəklər: “Doğrudan da, Rəbbimizin elçiləri (bizə) haqqı gətirmişdilər. İndi bizdən ötrü şəfaət edəcək bir kimsə varmı? Yaxud geri (dünyaya) qaytarıla bilərikmi ki, etdiyimiz əməllərdən başqasını edək?” Onlar özlərinə ziyan etdilər. Uyduqları (bütlər də) onlardan uzaqlaşıb qeyb oldu”.

Ayədə “təvil” (“şərh”) sözü “peyğəmbərliyin həyata keçirilməsi” kimi (Həm bu ayə (7.53) və həm də digər ayələr Ziya Bünyadovun və Vasim Məmmədəliyevin tərcümə etdikləri Qurandan (Bakı, “Çıraq” nəşriyyatı, 2004) iqtibas edilmişdir və mənim rus dilindən tərcümə etdiyim şərhdə “peyğəmbərliyin həyata keçirilməsi” və ya “peyğəmbərliyin gerçəkləşməsi” ifadəsi ayədə (həmin tərcümədə) “xəbər verilən aqibət” kimi çevrilmişdir. F.S.)tərcümə edilmişdir. “Təvil” sözü həmçinin Yusufun (ə) peyğəmbəranə yuxusu gerçəkləşən zaman onun (ə) dediyi sözdə öz əksini tapmışdı: “Atacan! Bu əvvəl gördüyüm yuxunun yozumudur!...” (Yusuf, 12/100).
Doğrudanmı kafirlər Quranda deyiləndən başqa bir şeyin icra olunacağını gözləyirlər? Bu vəhy edilənlər yerinə yetirilməyə başladıqda, Axirət həyatını unutmuş kafirlər törətdikləri əməllərə görə çox təəssüflənəcək və əfv olunmalarını diləyəcəklər. Onlar dərk edəcəklər ki, elçilərin təbliğ etdikləri doğruymuş. Lakin heç kimin şəfaəti artıq onlara fayda verməyəcək və heç kim onları artıq dünya həyatına qaytarmayacaq. Bu, sadəcə mümkün olmayacaqdır.
Hətta onların geri qaytarılacaqları halda yaxşılıq edəcəkləri haqqında vədləri yalan olacaqdır, çünki onların yeganə arzusu onları yaxalamış müsibətdən xilas edilmək olacaqdır. Fövqəluca Allah bununla əlaqədar buyurur: “Xeyr, əvvəlcə (ürəklərində) gizlətdikləri (küfr, nifaq və çirkin əməllər) onların qabağına çıxdı. Əgər geri qaytarılsaydılar, yenə də onlar qadağan olunduqları şeyə (küfr və günaha) əl qatardılar. Onlar, şübhəsiz ki, yalançıdırlar!” (Ənam, 6/28).
Kafirlər hələ bu dünya həyatında ikən özlərini itirəcəklər, çünki onlar uğur qazanmağı bacarmadılar və özlərini məhvə məhkum etdilər. Onların ziyanı, var-dövlətindən və övladlarından məhrum olmuş şəxslərin ziyanından fərqlənəcəkdir. Bu, elə bir ziyan olacaq ki, ondan sonra artıq dirçəlmək mümkün olmayacaqdır. Onları dünya həyatında bütün uydurduqları “havadarları” və ümid bəslədikləri tərk edəcəkdir. Şeytan onlara çox şey vəd etmişdi və bunun sayəsində onlar törətdikləri əməllərə görə hətta təsəvvür edə bilməyəcəkləri aqibətə düçar edilmişdilər. Ancaq öldükdən sonra onlar azğınlığa qapıldıqlarına və elçilərin bütün təbliğ etdiklərinin doğruluğuna əmin oldular.


(7.54) “Həqiqətən, sizin Rəbbiniz göyləri və yeri altı gün içində xəlq edib Ərşə qalxan Allahdır. O, gündüzü dayanmadan izləyən gecəyə bürüyür. Günəşi, ayı və ulduzları yaradıb əmrinə Ramedəndir. Şübhəsiz ki, O, həm Yaradan və həm də Hökmedəndir. Aləmlərin Rəbbi Allah Xeyirxahdır!”
(Bu ayə, etiqad prinsipləri ilə əlaqədar, Əs-Səədi təfsirinin rus dilindəki mətnindən sərbəst çevrilmişdir. F.S.)

Fövqəluca Allah izah edir ki, O – Vahid Rəbb olan Allahdır və Onun şərikləri yoxdur. O, göyləri, yeri və onların məskunlarını, bu məxluqların əzəmətinə, əhatəedilməzliyinə, kamilliyinə və gözəlliyinə baxmayaraq, təkbaşına yaratmışdır. O, Kainatı altı gün içində: bazar günündən başlayaraq cümə gününədək yaratmışdır. Bu yaradılış prosesini bitirdikdən və orada istədiyi hər şeyi yaratdıqdan sonra, O, bütün göyləri, yeri və onların arasında olan hər şeyi əhatə edən Möhtəşəm Kürsüsünə qalxmışdır. O, bunu Özünün Əzəməti və Qüdrətinə layiq tərzdə etmişdir. Bundan sonra, O, Kainat və dini qanunlarına müvafiq olaraq Öz qullarını idarə etməyə başlamışdır.
O, qaranlıq gecə ilə işıqlı gündüzü örtdükdə yer üzünə zülmət çökür, insanlar isə istirahət etmək imkanı qazanırlar. Yaradılmışlar öz mənzillərinə yollanır və orada onlar gündüzün qayğılarından və sərgüzəştlərindən dincəlirlər. O, günəşi, ayı və ulduzları yaratmışdır və onlar Onun istənilən sərəncamına tabe olurlar və Onun kamil sifətlərinə şahidlik edirlər. Onların mövcudluğu və nəhəng ölçüləri Onun kamil qüdrətinin dəlilləridir. Bu səma cisimlərinin yaradılışının dəqiqliyi və məharətliliyi Allahın İdrakının misilsiz kamilliyinin sübutudur. Onların yer üzündə həyatın mümkün olması üçün verdikləri çox böyük fayda Allahın hüdudsuz mərhəmətinə və kamil elminə dəlalət edir. Bütün bunların hamısı təsdiq edir ki, O – Vahid Haqq Allahdır və yeganə İbadətəlayiqolandır.
Ali və ibtidai aləmlərdə bütün varlıqları O yaratmışdır. O, məxluqları onların keyfiyyətləri və əməlləri ilə birlikdə yaradır. O, dini qanunlar yaratmaqla və elçilər göndərməklə hökmranlıq edir. Onun yaratdıqları – Kainat qanunları və qədərdir, Onun hökmləri isə şəriət və dini qanunlardır və həmçinin ədalətli əvəz qanunlarıdır ki, O, onların əsasında Öz qullarını Axirət həyatında mühakimə edəcək. O – Əzəmətlidir və Ucadır, Onun xeyirxahlığı isə hüdudsuzdur. O – Xeyirxahdır, çünki əzəmətli və kamil sifətlərə malikdir. O – Nemətlərəsahibolandır, çünki Öz qullarına hədsiz səxavətlə hədiyyə və böyük nemətlər bəxş edir və Kainatda olan hər hansı nemət Onun mərhəmətinin və rəhmətinin nəticəsidir.

(7.55) “Rəbbinizə yalvara-yalvara, həm də gizlicə dua edin. Şübhəsiz ki, O, həddi aşanları (qışqıraraq dua edənləri) sevməz!”

Hər bir dərrakəli insanı Özünün məxluqlarının ehtiyaclarını təmin etməyə qadir Vahid Allah olmasına əmin edən Əzəməti haqqında xatırladıqdan sonra, O, Ona dua edilməsini buyurur. Bu hökm insanın Ona xahişlə müraciət etdiyi dualara və ya Allah qarşısında ibadət etdiyi namaza şamil edilir. O, Ona mütiliklə, təkidlə və gizli(Gizli, yəni səssizcə, başqalarına bildirmədən və nümayiş etdirmədən. F.S.) dua etməyi buyurur. Dua camaatın gözü qarşısında, özünü ətrafdakılara nümayiş etdirmək məqsədilə deyil, tənhalığa çəkilərək, öz əməlini təkcə Allaha həsr etməklə yerinə yetirilməlidir. Həqiqətən, O, yol verilən hədləri bütün hallarda aşanları sevmir.
Bu hallara həm də Allahın qulunun ona məxsus olmayan şeyləri xahiş arzu etməsi, ümidsizləşərək Allaha dua etməkdən çəkinməsi və ya Ona uca səslə müraciəti aid edilir. Bütün sadalanan bu hərəkətlər qadağan edilmişdir.


(7.56) “Yer üzü (Peyğəmbərin gəlməsi sayəsində iman və ədalətlə) düzəldikdən sonra, orada fəsad törətməyin. Ona (Allaha) həm qorxu, həm də ümidlə dua edin. Həqiqətən, Allahın mərhəməti yaxşılıq edənlərə çox yaxındır!”

Yer üzündə Allaha xoş gələn əməllər edilməsi sayəsində qayda-qanun yaradıldıqdan sonra, günah işlədərək, şərəfsizlik yaymayın. Günahlar və itaətsizlik insanı əxlaqdan məhrum edir, xeyirxahlığı heçə endirir və var-dövləti məhv edir. Fövqəluca Allah bu barədə belə buyurur: “İnsanların öz əlləri ilə etdikləri (pis əməllər, günahlar) üzündən quruda və suda fəsad (pozuntu) əmələ gələr (bəzi yerlərdə quraqlıq, qıtlıq olar, bəzilərində zərərli yağışlar yağar, zəlzələ baş verər, dənizlərdə gəmilər batar) ki, Allah (bununla) onlara etdiklərinin bir qismini (etdikləri bəzi günahların cəzasını) daddırsın və bəlkə, onlar (tövbə edib pis yoldan) qayıtsınlar” (Rum, 30/41). Amma Allaha itaət əxlaqı nəcibləşdirir, əməlləri yaxşılaşdırır və həm bu dünyada və həm də ölümdən sonra zənginliyin artmasına səbəb olur.
Bu barədə xatırladıqdan sonra, Allah Ona qorxu içində və ümidlə dua etməyi əmr edir, çünki mömin Onun cəzalandıracağından ehtiyat etməli və Onun mükafatlandıracağına ümid bəsləməlidir. O, ümid etməlidir ki, onun duaları qəbul olunacaq və qorxmalıdır ki, duaları rədd edilə bilər. O, öz-özünə aldanaraq və başından hündürə tullanmağa cəhd göstərərək, öz Rəbbinə, nə etmək lazım olduğunu göstərməməlidir və Ona laqeyd və etinasızlıqla müraciət etməməlidir.
Bir sözlə desək, Allaha dua etmək istədikdə, bunu gizlicə etmək lazımdır ki, dua səmimiyyətlə təkcə Ona həsr edilmiş olsun, özü də bu zaman dua edənin qəlbində qorxu və ümid hissi olmalıdır. O, özünü, sanki təhlükəsizlikdə hiss edərək və Rəbbinin cavabına ehtiyac duymayaraq, saymazyana aparmamalıdır. Ancaq belə dualar düzgün edilən dua sayılır və istənilən ayini layiqincə yerinə yetirmək üçün onun səylə icra edilməsinə çalışmaq, zəruri olan bütün qaydaları həyata keçirmək və hər hansı xəta qüsurlardan çəkinmək lazımdır. Əgər insan Allaha layiqincə ibadət edirsə və Onun qullarına yaxşılıq göstərirsə, onda Onun mərhəməti həqiqətən ona yaxın olur. İnsan nə qədər çox yaxşılıq edirsə, o bir o qədər o mərhəmətə yaxınlaşır və beləliklə, Rəbbi ona Öz mərhəmətinin vasitəsilə daha da yaxınlaşır. Bu barədə xəbər verərək, Allah qullarını saleh əməl sahibi və xeyirxah olmağa açıq şəkildə çağırır.


(7.57) “Küləkləri Öz mərhəməti önündə (yağışdan qabaq) müjdəçi olaraq göndərən Odur. Belə ki, küləklər (yağmur yüklü) ağır buludları hərəkətə gətirdiyi (daşıdığı) zaman Biz onları (buludları) ölü (qurumuş) bir məmləkətə tərəf qovur, ora yağmur endirir və onunla hər cür meyvə yetişdiririk. Biz ölüləri də (dirildib qəbirlərindən) belə çıxaracağıq. Bəlkə, düşünüb ibrət alasınız!”

Bu ayədə Fövqəluca Allah Özünün qüdrət və rəhmətinin təzahürlərindən biri haqqında xəbər verir. O, küləkləri Öz mərhəmətinin xeyirxah müjdəçiləri adlandırır, çünki onlar tezliklə yağış yağacağını müjdələyirlər. Onun iradəsi ilə küləklər buludları qovur və insanlar hələ yağış yağmamışdan Onun lütfkarlığından sevinməyə başlayırlar. Küləklərin bəziləri buludları bir yerə toplayır, digərləri onları qabağına qatıb qovur, başqaları isə onları kiçik yağış topalarına çevirirlər. Onlar, demək olar ki, canlı məxluqların artıq qalmadığı və sakinlərinin öz Rəbbinin mərhəmətindən ümidlərinin kəsiləcəyinə hazır olduqları bir vaxtda, quruyub-çatlamış torpağın üstündə dayandıqda, Allah bu ölü torpağa bol yağış yağdırır. Özü də bu zaman O, küləkləri göndərərək, Öz icazəsi ilə buludları boşaldır və onları parça-parça dağıdır. Yağışın sayəsində yerdə növbənöv meyvə-tərəvəz bitir və insanlar Allahın mərhəmətindən sevinmək imkanı qazanır və Onun səxavətindən zövq alırlar.
O, yağışların vasitəsilə bitkilər yetişdirir və onlarla qurumuş torpağı canlandırır və bu qayda ilə də ölüləri, bədənləri çürüyüb torpağa hopduqdan sonra, qəbirlərindən dirildəcəkdir. Bu – dirildilmənin gerçəkliyinin aydın bir dəlilidir, çünki xatırlanan bu iki hadisə arasında böyük fərq yoxdur. Əgər insan ölü torpağın canlandırılmasının şahidi olduğu halda, dirildilməni qeyri-adi bir şey hesab edirsə, onda o, sadəcə məlum faktı inkar edən inadcıl tərs adamdır. Bunu bildirdikdən sonra, Fövqəluca Allah insanları Onun nemətləri barəsində düşünməyə və fikirləşməyə, ətrafda gedən proseslərdən faydalı nəticələr çıxartmağa və bütün baş verənlərə laqeyd qalmamağa dəvət edir.


(7.58) “Təmiz (torpağı münbit) bir məmləkətin bitkiləri Rəbbinin iznilə (bol, vaxtında) çıxar. Pis (torpağı qeyri-münbit) bir məmləkətin bitkiləri isə yalnız çox çətinlikdə (özü də az) yetişər. Biz ayələrimizi (nemətlərimizə) şükür edən bir tayfa üçün belə müfəssəl izah edirik”.

Fövqəluca Allah müxtəlif torpaq sahələri arasında, onların hər birisinə yağış yağmasına baxmayaraq, fərqin olması barədə xəbər verir. Yağış münbit və bərəkətli torpağa yağdıqda, orada müxtəlif bitkilər tez yetişir. Bu, Allahın iradəsi ilə belə baş verir, çünki Kainat qanunları müstəqil deyil, ancaq Onun razılığı ilə təsir göstərirlər. Yağış qeyri-münbit torpağa düşdükdə isə onun üstündə çox az miqdarda bitkilər bitir ki, nə fayda, nə də xeyir gətirmir.
Allah Öz ayələrini yaxşılıq bilən insanlar üçün bu minvalla izah edir. O, ayələr nazil edir, onlarını mənalarını açıqlayır və Onun nemətlərini etiraf edən və Onun lütfkarlığını qazanmaq ümidi ilə onlara bəxş edilmiş nemətlərdən başqaları üçün sərf edən insanlar üçün nəzərdə tutulan ibrətamiz hekayətlər nəql edir. Onlar Onun Kitabında izah etdiyi hökmlərdən faydalanırlar, çünki Quran ayələrini Rəbbin onlara bəxş etdiyi ən böyük neməti sayırlar. Onlar Quranın vəhylərinə öz ehtiyacları olduğunu dərk edir, onu sevinclə qarşılayır və onların mənası üzərində düşünürlər və bu məna onların qarşısında, buna yaxşıca hazır olmalarından asılı olaraq, açılır.
Bu ayədə Allah qəlbləri torpaqla müqayisə edir. Qəlblər həyat mənbəyi olan Vəhylə nurlandıqları kimi, torpaq da həyat mənbəyi olan yağış suyu ilə suvarılır. Vəhy xeyirxah qəlbə nazil olduğu kimi, sonuncu onu qəbul edir, öyrənir və öz bəhrəsini verir və bütün bunlar vəhyin düşdüyü zəminin kamil və gözəl olmasından asılıdır. Əgər o, xeyirxahlığın olmadığı pis qəlbə nazil olursa, o, onu qəbul etmir, ona laqeyd qalır, ondan üz döndərir və hətta ona müqavimət göstərir. Bu halda ondan gələn fayda da təzəyin, çay daşının və ya qayanın üstünə yağan yağışdan əldə ediləcək faydadan çox olmaz. Fövqəluca Allah buyurur: “Allah göydən bir yağmur endirdi, vadilər öz tutumlarına görə onunla dolub daşdı. (Sudan əmələ gələn) sel, üstünə çıxan bir köpünü alıb apardı. (Haqq din olan islam insanlara, torpağa həyat verən suya, müşriklərin etiqadı isə boş köpüyə bənzər). Bəzək şeyləri və ya əşya (qab-qacaq) düzəltmək məqsədilə insanların od üzərində qızdırıb əritdikləri (qızıl, gümüş və s. filizlərin) üstündə də buna bənzər bir köpük vardır. Allah haqq ilə batili (sizdən ötrü) ayırd etmək üçün belə misallar çəkir. Köpük heç bir şey olmadığı üçün uçub gedər. İnsanlara fayda verən bir şey isə yer üzündə qalar. Allah belə misallar çəkir!” (Rəd, 13/17).

(7.59) “Biz Nuhu öz tayfasına (peyğəmbər) göndərdik. O dedi: “Ey camaatım! Allaha ibadət edin. Sizin Ondan başqa heç bir tanrınız yoxdur. Mən (müsibəti) Böyük günün (Qiyamət gününün) sizə üz verəcək əzabından qorxuram!”

Fövqəluca Allah tövhidin həqiqiliyinə dəlalət edən sübutları sadaladıqdan sonra, onlar haqqında rəvayəti təkcə Allaha ibadətə dəvət edən Allah elçiləri (onlara salam olsun) və onların kafir xalqları arasında baş vermiş hadisə ilə gücləndirdi. Allah tövhid tərəfdarlarını müdafiə etdiyini və elçilərə itaət etməkdən boyun qaçıran inadkarları məhv etdiyini bildirir. O, xəbər verir ki, bütün elçilər bir dini və eyni baxışları təbliğ edirdilər.
Nuh peyğəmbər (ə) insanları tək Allaha ibadətə dəvət etmək və onları bütpərəstlikdən əl çəkdirmək hökmü ilə öz xalqına göndərilmişdi. O (ə) demişdi: “Ey mənim xalqım! Ancaq Allaha – Vahid Yaradana, Bəsləyənə və Hökmdara ibadət edin. Bütün qalan varlıqlar yaradılmışlardır və qətiyyən hakimiyyətə malik deyillər və hamı Ona tabedirlər”. Nuh Allaha itaətdən boyun qaçıranların cəzalandırılacağı barədə öz xalqını xəbərdar etdi.
Bu, onun (ə) səmimiyyətinə və rəhmdilliyinə dəlalət edirdi. O ehtiyat edirdi ki, onun həmtayfaları əbədi cəzaya və sonu olmayan bədbəxtliklərə düçar olsunlar. Allahın bütün digər elçiləri də belə etmişdilər və onların hər birində insanlara onların öz ata-analarından daha çox rəhm hissi var idi. Lakin kafir həmtayfalarının cavabı qorxunc və iyrənc idi.


(7.60) “Tayfasının başçıları ona: “Biz səni (haqq yoldan) açıq-aydın azmış görürük!” - deyə cavab verdilər”.

Bütün zamanlarda haqqa təkəbbürlə yanaşan və Allahın elçilərinə tabe olmaqdan boyun qaçıran varlı tayfa başçıları öz peyğəmbərinə belə dedilər: “Biz hesab edirik ki, sən açıq-aydın azğınlığa düşmüşsən”. Allah onları rüsvay etsin! Onlar peyğəmbərə itaət etməməklə qane olmayaraq, ona qarşı müdhiş ittiham irəli sürdülər və onu azmış adlandırdılar. Hətta bununla da kifayətlənməyərək, onlar onun azğınlığının hər kəsə aydın olduğunu bildirdilər. Həqiqətən də bu – təkəbbürlülüyün ən dəhşətli təzahürlərindən biri idi və belə bir yalandan təkcə son dərəcə düşüncəsiz insanlar istifadə edə bilərdilər. Əsil həqiqətdə isə, azanlar Nuhun həmqəbilələrinin özləri idi ki, öz əlləri ilə cansız materiallardan eşitmək, görmək və xeyir vermək qabiliyyəti olmayan bütlər yonub düzəldərdilər. Onlar o bütləri göyləri Yaradana bərabər tutar və onlara müxtəlif ibadət mərasimləri həsr edərdilər. Əgər onların Allahın dəlillərini görüb tanımalı olduqları və onları bilməməzlik bəhanəsindən məhrum edən ağılları olmasaydı, deyilə bilərdi ki, dəlilər onlardan daha düşüncəli insanlardır. Doğrudan da, dəlilərin əməlləri bu azğınların əməllərindən daha düzgün və dərrakəlidir.


Tarix: 20.04.2013 / 14:54 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 961 Bölmə: Sureler
loading...