Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qadının yaranışı və hüquqları

Qadın yaranışının xüsusiyyətiləri, yaranışda qadın və kişi arasındakı fərqlər, qadının fərdi və ictimai hüquqları elmi və mədəni müzakirələrdə ardıcıl olaraq şərh edilmişdir.
Bəşər tarixində müxtəlif məktəb və ideologiyalar bu məsələyə müxtəlif şəkillərdə yanaşmış, onun haqqında bəzən ziddiyyətli, bəzən ifrat dərəcədə və bəzən də səthi formada danışmışdır.
Bu xəbərdə əhəmiyyətli nəticəyə çatmış çox fikirlərdən vaz keçib, yalnız bəzi görüşləri və baxışları xülasə şəkildə nəzərdən keçirəcəyik. Ümid edirik ki, möhtərəm oxucuların nəzərində qadına münasibətdə islamın müxtəlif qondarma ideologiyalardan üstünlüyü aydın olsun.



Qadının yaranışı və hüquqları


Qadın cahiliyyət dövründə

Qədim Hind, Çin, Rum və Ərəb cəmiyyətlərində qadına elə anormal münasibətlər olub ki, indi də dünyanın bəzi nöqtələrində həmin münasibətlərə təsadüf edilir. Bu baxışlara əsasən daim kişinin xidmətində dayanmağa borclu olan qadın heyvan kimi bir mövcud sayılır. Buna görə də qadın bütün fərdi və ictimai hüquqlardan məhrum edilmiş, hətta öz talehini müəyyənləşdirmək haqqına malik olmamışdır. Axı əslində insan hesab edilməyən qadın hansı insani hüquqlara malik ola bilərdi!
Sadalanan cəmiyyətlərdən bəzilərində qadın şəxsiyyəti o qədər süqut etmişdi ki, onun həyatı da kişidən asılı idi. Bəzən ehtiyac üzündən qadını öldürüb, əti ilə qidalanardılar.
Hindistanda əri ölmüş qadını ərinin cəsədi ilə birlikdə yandırar, ya da zillət içində buraxardılar. Tarixi mənbələrdə bu faktlar şahidlər tərəfindən təsdiq edilir.
Lakin bu hissə sonrakı hissələrin müqəddiməsi olduğundan sözü çox da uzatmayıb yalnız cahiliyyət dövründə-Quran nazil olan zamandakı şahidlərin bəzilərini xatırlayırıq. Əlbəttə ki, bu baxışları analiz etməklə digər cəmiyyətlərdəki oxşar baxışlar da işıqlanar.
Cahiliyyət dövründə qadın o qədər əskik sayılırdı ki, hətta onun varlığı belə həqarət hesab edilirdi. Bir şəxs qızı olduğunu eşidəndə qəzəblənər, rəngi qaralardı. İki yol ayrıcında tərəddüd edərdi: bu əskikliyə, zillətə dözmək, yoxsa qızı diri-diri torpağa basdırmaq?! Bildiyimiz kimi qızları diri-diri torpağa basdırmaq cahil ərəblərin adəti idi. Bu işi heç bir vəhşi heyvan öz balasına qıymaz. Quran bu cahil adəti belə nəql edir: "Verilən müjdənin pisliyi üzündən tayfasından gizlənər. Görən körpəni zillətdə saxlayacaq, yoxsa torpağa basdıracaq? Necə də pis mühakimə edirlər!" ("Nəhl" surəsi, 59-cu ayə)
Başqa bir yerdə, "Təkvir" surəsinin 9-cu ayəsində bu çirkin əməl yenə də sual altına alınır: "O hansı günaha görə öldürüldü?"
Cahiliyyət dövründə qız övladları övlad hesab olunmaz və nəslin davamı yalnız oğlanlar sayılardı. Cahiliyyətin rəzil şüarı bu idi: Yalnız oğlanlardır bizlərə övlad
Qurani-kərim müxtəlif əsaslarla oğlan və qızı eyni bildirir, köhnəliklə mübarizə aparır. Aşkar şəkildə qızları övlad adlandırmaqla cahil adətləri kökündən qoparır. Nəcran xristianları ilə mübahilə (nifrin) mərasimində həzrət Peyğəmbər (s.a.s) və Əli (r.a) ilə müsəlmanlardan qadın ünvanında Fatimeyi Zəhra (r.a) və Peyğəmbər övladı kimi Həsən (r.a) və Hüseyn (r.a) iştirak etdilər. Qurani-kərim bu barədə buyurur: "Sənə (İsa haqqında) göndərilən bilikdən sonra bu barədə səninlə mübahisə edənlər olsa, onlara de: Gəlin, biz də oğlanlarımızı, siz də oğlanlarınızı, biz də qadınlarımızı, siz də qadınlarınızı, biz də özümüzü, siz də özünüzü çağıraq və yalvarıb Allahdan yalançılara lənət istəyək" ("Ali-imran" surəsi, 61-ci ayə). Bu ayədə Peyğəmbər qızının övladlarına övladlıq şamil edilir.
Cahiliyyət quruluşunda isə ailənin təşkili inkişafını öhdəsinə götürmüş qadınlara diqqətsizlik göstərilir. Bu həmin qadındır ki, övladının səadətinə zamindir və bu prosesdə mühüm rol oynayır. "Bəhar"-da buyrulur: "Hər kəsin səadət və bədbəxtliyi anasının bətnində müəyyənləşir." "Vəsail"-də buyrulur: "Behişt ananın ayaqları altındadır."
Cahiliyyət dövründə anaya övladı bir müddət özündə saxlayıb, sonra azad edən qab kimi baxılıb. Cahiliyyət mədəniyyəti bir şeirdə belə əks olunur:

Qabdan artıq deyil onlar bizə,
Atalardır ünvan soy, kökümüzə.



Qadının yaranışı və hüquqları


Quran bu cahil fikri puça çıxarıb, ana qucağını tərbiyə, inkişaf beşiyi kimi tanıtdırır, qadınlarınız saleh övladlar tərbiyə edəcək əkinəcəklərinizdir, deyir. Quran anaların üzücü zəhmət və təlaşlarına təşəkkür olaraq tərif edir, hüquqlarını ilahi hüquqlar sırasında əks etdirir. "İsra" surəsinin 23-24-cü ayələrində buyurulur: "Allah Ona ibadəti və valideynə yaxşılığı buyurmuşdur. Onların biri, ya hər ikisi sənin yanında qocalığın ən sınıq çağına yetərsə, onlara uf da demə, acı söz söyləmə. Onlarla xoş rəftar et. Onların hər ikisinə acıyıb, mərhəmət göstərərək de: Pərvərdigara, onlar məni körpəliyimdən tərbiyə edib bəslədikləri kimi Sən də onlara rəhm et."
"Əhqaf" surəsində buyurulur: "Biz insana ata-anasına yaxşılığı sifariş etdik." Beləcə, xeyli çətinliklərlə qarşılaşan ananın əsil rolu nəzərə çatdırılır.
Cahiliyyət qurluşunda qadının hansısa bir qərara gəlmək hüququ yox idi. Yalnız ata və qardaş onu ərə verə bilər və bir əşya kimi dəyişər, mehriyyəyə sahib olardılar. Hətta əri öləndə onun mülkünə sahib çıxırdılar. Qadının evlənmə hüququ ailənin kişisinə məxsus idi. Quran bu çirkin əməli rədd etdi və evlənmə hüququnu qadının öz ixtiyarına verdi. Qadın öz meyriyyəsinə sahib oldu (əlbəttə ki, qızın ərə getməsində atanın icazəsi olmalıdır).
Həmin qaranlıq qurluşda qadın ailə və insani ünsiyyət hüququndan da məhrum idi. Onunla quldan da pis rəftar olunurdu. Addımbaşı qadın təhqir edilirdi. Quran qadınla qeyri-insani rəftarı puça çıxardı. "Qadınlarınızla ağıllı, Allah bəyəndiyi kimi rəftar edin" ("Nisa" surəsi).
Cahiliyyətdə qadının zəhmət haqqı ata, qardaş tərəfindən mənimsənilirdi. Quran aşkar şəkildə onlara kişilər kimi iqtisadi müsəqillik verdi: "Kişilərin öz qazandıqlarından öz payı, qadınların öz qazandıqlarından öz payı vardır" ("Nisa" surəsi, ayə 32).

Cahiliyyətdə qadının irs hüququ yox idi. İrs yalnız kişilərə məxsus idi. Quran kişilərlə yanaşı qadına irs hüququ verdi. "Ata, ana və yaxın qohumların qoyub getdikləri maldan kişilərə və qadınlara pay düşür" ("Nisa" surəsi, ayə 7).
Cahiliyyət qurluşunda əxlaqi və ilahi dəyərlər o qədər alçaldışmışdı ki, qızların və qadınların iffəti mübadilə əşyasına dönmüşdü. Qurani-kərim bu çirkin işi qadağan etdi: "Fani dünya malı əldə etmək xatirinə onları zinaya məcbur etməyin" ("Nur" surəsi, ayə 33).
Bunlar cahiliyyətin Quran tərəfindən puça çıxarılmış adətləri idi. Quran qadın hüquqlarını və qadın şəxsiyyətini ucaltdı. İslam Peyğəmbəri (s.a.s) bütün çirkin adətləri rədd etməklə buyurdu: Sahibinə qaytarılmalı olan əmanətdən savayı bütün cəhalət adətləri mənim ayaqlarım altındadır.

İstər xeyrixah olsun, istərsə də günahkar, fərqi yoxdur. Əmanəti sahibinə qaytarmaq islamın insani və beynəlmiləl prinsipidir. Bu adəti yaşatmaq cahiliyyət yox, insani ənənəni yaşatmaqdır. Beləcə, fitrət və ağıla əsaslanan din heç vaxt cəhalətdən savay əsası olmayan adətləri təsdiq etməyəcəkdir.



Qadının yaranışı və hüquqları


Qadın müasir dünyamızda

Yuxarıda qeyd edilən baxış, münasibət açıq-aşkar qadının insani kəramətinə, dəyərinə zidd idi. Bu baxış insani cəmiyyət tərəfindən heç vaxt qəbul edilməmiş, hətta dinsiz cəmiyyətlər qadını cahiliyyət buxovundan azad etmək üçün təlaş göstərmişlər. On yeddinci əsrdən başlayaraq bu hərəkat yüksəlmişdir. İyirminci əsrə qədər dünyanın müxtəlif nöqtələrində bu hərəkatın hamiləri tapılmış və hətta Birləşmiş Millətlər Təşkilatı bunu qanuniləşdirmişdir.
Qadın və kişinin siyasi, ictimai, peşə seçmə və s. hüquq bərabərliyinə əsaslanan bu nəzəriyyə onların bərabərliyini hədəf götürüb, azadlığa zidd bütün qeydləri inkar etdi. Bu baxış tərəfdarları qadın şəxsiyyətini ucaltmaq fikrində olsalar da, qadının yaranışından, bu yaranış məqsədindən tam xəbərdar olmadıqlarından öz işlərində ifrata varıb həddi aşdılar.
Birinci baxış tərəfdarları qadına münasibətdə diqqətsizlik göstərdilərsə (təfrit), ikinci baxış tərəfdarları həddi aşdılar (ifrat).
Buna görə də nəinki qadının şəxsiyyəti ucaldı, əksinə qadın hüququ, demokratiya, insan haqları, mütləq və tam azadlıq şüarları altında qadın şəxsiyyəti daha da alçaldıldı. Bu baxış tərəfdarları bütün məhdudiyyətlərin götürüldüyü açıq fəza yaratdılar. Qorunmaq qadağayla səhv salındı. İlahi dəyərlər aradan getdi. Həmin baxışdan qazandıqlarımız aşağıdakı qaydada şərh edilə bilər:

Müasirliyin, mədəniyyətin qazancı

- Əxlaqi və mənəvi dəyərlərin tənəzzülü və bu səbəbdən cəmiyyətə dəyən zərbə;
- Qadının alçalması və dəyərsiz əmtəə, əşyaya dönməsi;
- Əxlaq pozğunluqları sayəsində ailə bünövrəsinin parçalanması;
- Ailə qurmaq marağının itməsi və boşanmaların çoxalması;
- Əxlaqi sarsıntılar səbəbindən sahibsiz uşaqların artımı və bu uşaqlardan törənən günahlar, cinayətlər;
- Nəsil qatışıqlıqları və qeyri-qanuni (bic) uşaqların dünyaya gəlməsi. Bu adətin daha çox rəvac tapdığı qərb cəmityyətlərində atasını tanımayan övladların artımı;
- Qocalara və körpələrə qarşı ailə məhəbbətinin itməsindən yaranan iztirablar, narahatlıqlar, ruhi xəstəliklər;
- Cəmiyyətdəki qocalara, ata-analara qarşı biganəlik. Yaşlı valideynlərin gərəksiz əşyalar anbara yığıldığı tək qocalar evinə verilməsi və kimsənin onlara qayğı göstərməməsi;
- Uşaq evlərinin yaranması və övlad böyütmək, tərbiyələndirmək zəhmətindən qaçan valideynlərin öz övladını ailə qayğısından məhrum edib, uşaq evlərinə verməsi. (Əlbəttə, cəmiyyətdəki kimsəsiz uşaqların ehtiyacını ödəmək üçün uşaq evlərinin mövcudluğu vacibdir.)
- Düzgün insani rabitələrin olmaması səbəbindən heyvanlarla ünsiyyətə tapınmaq, ailə münasibətlərində boşluğun yaranması, insan ömrünü ilahi dəyərlərdən məhrum edib, onu puça çıxaran onlarla vəziyyətlər; Mənəviyyatı ayaqlar altına alıb, heyvani həyata, necə deyərlər qərb mədəniyyətinə üz tutulması;
Bu iki nəzəriyyənin oxşarlığı ondadır ki, hər ikisi qadın və cəmiyyəti ilahi dəyərlərdən məhrum edir. Hər iki nəzəriyyə cəhalət və nadanlıq üstündə qurulmuş və fəsadla nəticələnmişdir. Cahiliyyət dövründə insan öz anlamsızlığı səbəbindən ümumi yığıncaqlarda, hətta Allah evinin təvafında çılpaq iştirak edirdisə, iyirminci əsrin cahiliyyətində də çılpaq görünmək normal və hətta mədəniyyət sayılır! Əgər qədim cahiliyyətdə əxlaqsızlıq qadınlar evinin damına bayraq vurmaqla müştəri yığırdılarsa, iyirminci əsrdə rəngarəng reklamlarla insanlar günaha dəvət edilir. Bir fərqi vardır ki, keçmişin əxlaqsızlığı cahiliyyət, bu günün çirkin əməlləri mədəniyyət və azadlıq adlandırılır! Başqa sözlə desək, bu gün əxlaqsızlıq mədəniyyət paltarında zühur edib. Bəli, ilahi dindən uzaq düşməyin nəticəsi azğınlıq və əxlaqsızlıqdır. "Yunus" surəsində buyurulur: "Haqdan sonra ancaq azmaq gəlir."



Qadının yaranışı və hüquqları


İslamda qadın

İfratçı cahiliyyət və təfritçi iyirminci əsr nəzəriyyələri qarşısında qadının yaranış və hüququna islami baxış da vardır. Bu baxış fitrət və həqiqətə əsaslanır, qadının bütün fərdi və ictimai hüquqlarını kişilər kimi qadının fitrətinə əsasən tənzimləyir. Qadını kəramətləndirən və onun səadəti ilə nəticələnən yeganə yol vəhy və Peyğəmbər yoludur. Bəşəriyyət çirkinliklər və bədbəxtliklərdən qurtulmaq üçün vəhyə üz tutub, islama qayıtmalıdır. Sözsüz ki, bir gün bu həqiqətlər üzə çıxacaq və bəşəriyyət anlayacaq ki, yeganə həqiqi sığınacaq nəfs istəkləri yox, ilahi vəhy yoludur. İslami baxışı aydınlaşdırmaq üçün onu bir neçə hissədə xülasə şəklində bəyan edirik.
Qeyd etdiyimiz kimi birinci baxış qadını o qədər alçaldır ki, sanki qadın insan deyil. İkinci baxış isə qadın şəxsiyyətinin böyüklüyünü, onun kişi ilə eyni hüquqlu olmasında görür. Birinci baxışın Quran tərəfindən rədd edilməsi aydındır. Bəs ikinci baxış necə? Quran qadın və kişinin yaranışındakı bərabərliyi qəbul edirmi? Mütləq azadlığı (özbaşnalığı) məhkum edən Quran nəzərincə qadın kişi ilə bərabərdirmi? Yoxsa islamın başqa bir baxışı var? Bu məsələni aydınlaşdırmaq üçün ayrı-ayrılıqda iki fəsildə bəhs etməliyik.
Birinci fəsil qadın və kişinin yaranış nizamı və necəliyi, onların insani dəyərləri haqqındadır. İkinci fəsildə fərqlər, məhdudiyyətlər, fərqlərdən yaranan və qadın-kişi şəxsiyyətindən asılı olmayan nəticələr əhatə olunur.
Birinci məsələ, yaranışca qadın və kişinin eyni, bərabər olması haqqında belə demək olar ki, Quranın nəzərinə görə onlar nə bərabərdirlər, nə də fərqli. Çünki Quran kişi və qadının xilqətini eyni bir həqiqətdən bilir. Bərabərliyi araşdırmaq və müqayisə etməyin o zaman mənası olardı ki, qadın və kişi iki müxtəlif xilqət olaydı. Beləcə, islamda bərabərlik və ya fərqlilikdən danışmağın mənası qalmır. Demək, söhbət onların fərqlərindən yox, yaranışından gedir.

İnsan həqiqəti

Qurani-kərimin iddiası budur ki, qadın və kişi xilqət, yaranış nöqteyi-nəzərincə bir həqiqətdəndirlər. İnsan ruh və bədəndən təşkil olsa da, onun həqiqətini təşkil edən, onu kamilliyə və ya tənəzzülə sövq edən mücərrəd ruhdur.
Yaxşı işlərə görə mükafatı, günahların cəzasını dadan, duyan ruhdur. (Bu sözlər qiyamətdə dirilmənin cisimlə birgə olmasını inkar etmir). O biri dünyada da cəza və mükafatı qazanan ruhdur. İllər ötdükdən sonra bir insanı keçmişdəki əməlinə görə cəzalandırmaq və ya mükafatlandırmaq istəsələr, məruz qalan mücərrəd və sabit ruhdur. Ötən müddət ərzində olsun ki, bədən tamamilə dəyişmişdir. Lakin ruh sabitdir. Ona görə də insan sabit mövcuddur deyiblər.
Demək, insanın həqiqətini onun ruhu təşkil edir. Yüksəliş, tənəzzül, hər biri ruha aiddir. Yaranış nəzərincə isə ruh mücərrəddir (cisim deyil) və mücərrəd olanlar arasında fərq yoxdur. İstər kişi olsun, istərsə də qadın, ruhun həqiqəti insani və eynidir. Sadəcə iki surətdə qadın və kişi surətində təcəlli edir. İnsanın kamilləşməsi də ruha aiddir. Qadın və kişi eynidir. İnsani fəzilətlərə çatmaqda qadın da kişi kimi ucala bilər. Demək, yol seçməkdə və mənəvi dərəcələrə çatmaqda qadınla kişi arasında fərq yoxdur. Çünki bu iki vücudun yaranış həqiqəti eynidir.
Buna əsasən deyilən iki mətləb-Quran şəhadətləri, şahidləri ilə isbat olunmalıdır:
Birincisi, qadın və kişi xilqətinin bir olması;
İkincisi, hər iki fərd üçün təkamül yolunun eyniliyi;
Əlbəttə, birinci mətləb sübut olarsa, ikinci nöqtə də sübuta yetər.



Qadının yaranışı və hüquqları


Quran və insanın xilqəti

Bu barədə Quran buyurur: "Ey insanlar, sizi tək bir şəxsdən, o şəxsdən də zövcəsini yaradan və onlardan da bir çox kişi və qadın törədən Allahınızdan qorxun!" ("Nisa" surəsi, ayə 1)
Mübarək ayə insanın yaranış başlanğıcını həqiqətdən bilir və buyurulur: "Sizi və sizin zövcənizi həqiqətdən yaratmış Allahdan qorxun və təqvalı olun."
Bu günkü bəşəriyyətin ilk kişi və qadını olan Adəm və Həvva bir həqiqətdən xəlq edilmişdir. Bu iki nəfər də ayənin məzmununa şamil olur. Qadın və kişinin xilqətində heç bir fərq yoxdur. Adəmə üfürülmüş həmin ruh və həqiqət Həvvaya da üfürülmüşdür. Eyni ruh və həqiqət birində kişi, digərində isə qadın şəklində təcəlli etmişdir. Yenə buyurulur: "Sizi bir nəfərdən xəlq edən və onunla ünsiyyət üçün zövcəni yaradan Odur" ("Əraf" surəsi, ayə 189).
Mübarək ayənin məzmunu əvvəlki ayə kimi insan vücudunun həqiqət başlanğıcının bir olduğunu bir daha təsdiq edir.

Təkamül yolu

İkinci müddəa təkamül yolunun həm kişi, həm də qadın üçün eyni olmasıdır. Hər bir fəzilətin əldə edilməsində kişi və ya qadın olmaq şərt deyil. Çünki kişi və qadının ruhu, həqiqəti eynidir və fəzilətə yetmək, təkamül çatmaq insanın ruhuna, həqiqətinə aiddir. Eləcə də insanın ruhundan kənar fərqlər burada təsirsizdir. İslamda təkamül yolu iman və saleh əməllə adlanır. Kişi və qadın təfavütsüz olaraq vəzifəlidirlər.

Quran və insanın təkamülü

Qurani-kərim bu barədə buyurur: "Mömin olub, yaxşı işlər görən kişi və qadına xoş həyat nəsib edəcək və yaxşı əməllərinə görə onları mükafatlandıracağıq" ("Nəhl" surəsi, ayə 97).
Bəli, fəzilətlərə çatmaqda, xoş həyatdan faydalanmaqda qadınla kişi arasında heç bir fərq yoxdur və onlara əməllərindən üstün mükafat veriləcək. Təkamülün şərti iman və saleh əməldir. Bu məsələdə qadın və kişi eynidir.
Başqa bir yerdə buyurur: "Mömin olub saleh əməl edən şəxs istər qadın olsun, istər kişi, behiştə daxil olacaq." Yenə buyurulur: "Doğrudan da, Allah müsəlman kişi və qadınlar, mömin kişi və qadınlar, itaətkar kişi və qadınlar, doğruçu kişi və qadınlar, səbirli kişi və qadınlar, təvazökar kişi və qadınlar, sədəqə verib, oruc tutan kişi və qadınlar, ayıb yerlərini hifz edən kişi və qadınlar, Allahı çox zikr edən kişi və qadınlar üçün bağışlanma və böük mükafat hazırlanmışdır!" ("Əhzab" surəsi, ayə 35) Ayədə kişi və qadının imanı eyni cür vəsf olunur, onların mükafatı da eyni cür göstərilir. Digər bir ayədə insanın üstünlüyü onun təqvasında görülür, kişi və qadına fərq qoyulmadan! "Allah yanında ən hörmətliniz daha çox təqvalı olanlarınızdır" ("Hücürat" surəsi, ayə 13).

Təkamül yolunun eyni olması

İlahi vəhyə əsasən Quran insanın hidayəti, nuraniyyəti, paklaşması üçün gəlmişdir. Məqsəd insanın zülmətdən, cəhalətdən mənəviyyata yönəldilməsidir. "Bu Quran elə bir kitabdır ki, onu sənə insanları zülmətdən nura çıxarmaq üçün nazil etmişik" ("İbrahim" surəsi, ayə 1).
Paklanma ya ağıl və təfəkkür yolu ilə, ya da eşq və məhəbbət (qəlb) yolu ilə olur. Bəzi ustadların buyurduğu kimi, əgər kişilər üçün ağıl və təfəkkür yolu hamardırsa, qadınlar üçün qəlb yolu hamardır və qəlb yolu məqsədə ağıl yolundan daha yaxındır.
Məhəbbətin cazibəsi daha çoxdur. Necə ki, sözün təsiri düşüncənin təsirindən az deyil. Bu səbəbdən də təkamül yolunu keçmək qadınlar üçün hamar olmasa da, kişilər üçün də asan olmayacaqdır.
Nəticə budur ki, qadın və kişi yaranışının həqiqəti birdir, fəzilətlərə çatmaq yolu eynidir. Demək, qadın və kişi insanlığı və fitrəti arasında heç bir fərq yoxdur. İslam məktəbi qadın və kişini bərabər bilir. Hansı ki, qərb məktəbi çox təlaşdan sonra, bu bərabərliyi öz məktəbi üçün böyük nailiyyət hesab edir. İslam, vəhy məktəbi daha yuxarı mərhələdə düşünür və qadın və kişini eyni bir həqiqət bilir. Səmavi maarif təliminin nəticəsi olan qadın şəxsiyyətinin yüksəldilməsi budur. Dünya məktəbləri bundan sonra əsrlərcə çalışsalar, vəhydən törənən belə bir maarifə nail olmayacaqlar. Quran bu barədə buyurur: "Vəhy sizə heç zaman əliniz çatmayacaq bir maarif öyrədir." Qadın və kişi xilqətinin həqiqəti və fəzilətlərə yol tapmaq bəşər elminin gücündə deyil. Bu, Peyğəmbər məktəbinin işidir.


Qadının yaranışı və hüquqları
Qeyd (sual)

Ötən mövzulara diqqət edərkən belə bir sual yarana bilər ki, islam məktəbində təkamül yolu ibadətdir və insan bəndəlik yolu ilə yüksəlir. İbadət yolu isə islamın insanlara təqdim etdiyi hökmlər və vəzifələrdən ibarətdir. Qadın və kişinin vəzifələrində isə xeyli fərqlər vardır. Qadın ayda neçə gün ibadətlərin üstünü olan namazdan məhrumdur. Həmin günlərdə Ramazan ayının fəzilətli oruclarına da nail olmur. Eləcə də ədalətin qələbəsi üçün cihaddan da məhrumdur. Qısası, çox hökmlərdə qadın və kişinin vəzifələri fərqlənir. Necə olar ki, təkamül yolu qadın və kişi üçün eyni olsun?

Cavab

Bu və buna oxşar sualların cavabında belə demək olar: Söhbət təkamül yolunu keçməkdən gedir, vəzifələr isə ayrı bir məsələdir. Vəzifələrdəki fərq uyğun eyniliyə nöqsan gətirmir. Çünki zəruri fərqlər əsasında tənzimlənən vəzifə fərqləri qadın və kişinin insani həqiqətinə, ruhuna aid deyil (bu barədə sonra danışılacaq). Vəzifə dəyişikliyi fəzilətlərdən məhrumluğa dəlalət etmir. Məsələn, qadın adətən (aybaşı) günlərində namaz qılmaqdan məhrum olursa, onun əvəzində Allahını zikr etməklə təkamül yolunu davam edir. Rəvayətdə deyilir ki, əgər qadın namaz vaxtı dəstəmaz alıb, üzü qibləyə öz səccadəsi üstə oturarsa, namazı qədərində Allahı zikr edərsə, mükafatlandırılar. ("Vəsail", 2-ci cild). Namazın həqiqəti, ruhu Allahı zikr etməkdir. Zikr edən qadın məhrum deyil. Demək, sözümüzün canı fiqhi vəzifələr yox, kamal və haqqa qovuşmaq yolunu adlamaqdır. Ramazan ayında bir neçə günün orucundan məhrum olan qadın sonradan qəza orucları tutmaqla onun əvəzini çıxır. Allah yolunda cihaddan məhrum olan qadın bunun əvəzində kişinin cihadına bərabər olacaq cihad edir (sonra izah olunacaq).
Əlavə olaraq qadın altı il kişidən qabaq dini vəzifələrə məsul olur. Kişilər şəri vəzifələr yaşına çatanadək qadın artıq təkamül yolunun xeyli hissəsini keçir. Buna görə də ilahi yol nəticədə hər iki cins üçün eyni olur. Hansı ki, vəzifələrdə fərqlər mövcuddur.

Maraqlı burasıdır ki, bu sayaq suallar təzə şey deyildir. Buna oxşar sualları islamın əvvəl vaxtlarında qadınlar Peyğəmbərə (s) ərz etmiş və kamil, qənaətbəxş cavab almışlar.


Tarix: 22.01.2015 / 11:38 Müəllif: Aziza Baxılıb: 266 Bölmə: Qadın və Din
loading...