Hz. Fatimə (r. a.) Nəbilər sultanının son çiçəyi, Rəsulullah (s.ə.s)-in dünyada nəslini davam etdirən nur, qızlarının ən kiçiyi, cənnət xanımlarının incisi və baş tacı… Cənnət gəncləri Hz. Həsən və Hüseynin anası… Ümmətin xanımlarının seyyidəsi, Cənnət hurilərindən xanımlar xanımı olan bu iffətli qadın bisətdən (Hz. Məhəmmədə peyğəmbərlik verilmədən əvvəlki dövr) təxminən bir il əvvəl Məkkədə doğulmuşdur. Peyğəmbərimiz ona Fatimə adını qoy-du. Deyləminin Əbu Hüreyrə (r.a.)-dan rəvayət etdiyi bir hə-disi-şərifdə «Onu sevənləri Uca Allah cəhənnəmdən uzaqlaşdıracağı üçün qızıma Fatimə adını qoydum» buyurduğu bildirilmişdir. Fatimə sözü «süddən kəsilmiş» deməkdir.
O, Zəhra və Bətül ləqəbləriylə tanınır. «Zəhra» ağappaq üzlü, ağ, parlaq və aydın üzlü", «Bətül» isə dünyəvi həvəslərdən uzaq, ibadət üçün özünü Allaha yönəldən, iffətli və namuslu qadın" deməkdir.
Hz. Fatimənin uşaqlığı ilə bağlı rəvayətlər azdır. Onun haqqında yadda qalan rəvayətlərdən ən məşhuru: atası Peyğəmbər (s.ə.s) lə bərabər Kəbəyə getməsidir. Məkkəli müşriklər onları görəndə öz aralarında pıçıldaşmağa başlamış, peyğəmbər (s.ə.s) namaza başlayıb səcdəyə gedəndə müşriklərdən Uqbə ibni Əbu Muayt adında azğın bir müşrik bir dəvə içalatını gətirib peyğəmbərin kürəyinə qoyaraq və geriyə çəkilmiş və gülməyə başlamışlar.
Buna çox qəzəblənən Hz. Fatimə atasının kürəyindən dəvə içalatını götürüb kənara atmış və paltarını təmizləmişdir. Peyğəmbər (s.ə.s) səcdədən qalxdıqda əllərini açıb «Ey Allahım! Bu azğınları sənə tapşırıram. Ya Rəbbi! Qüreyşi sənə həvalə edirəm» deyərək dua etmişdir. Hz. Fatimənin uşaqlığı atasının yanında keçdiyindən atasına edilən bu cür əzab və əziyyətləri çox görmüş və Islam uğrunda çəkilən əziyyətlərə fədakarlıqla dözməyi hələ kiçik yaşlarından öyrənmişdi.
Hz. Fatimə elm, mülayimlik, ədəb, nəzakət və gözəl əxlaq kimi Islami tərbiyəni peyğəmbər atasından və anaların sultanı Hz. Xədicədən aldı. Uşaqlığı Qüreyşin zülm, təzyiq və məhrumiyyətləri içərisində keçdi. Hələ ömrünün baharını yaşarkən anasını itirdi. Məkkədə müsəlmanlara edilən zülmün və əzabların artması nəticəsində atasına hicrət izni verildi. Beləliklə ailəsi ilə bərabər uşaqlıq və gənclik illərini keçirdiyi Məkkeyi-Mükərrəməyə vida etdi. Hicrət edərək Mədineyi-Münəvvərəyə köçən müsəlmanlar hüzur içində yaşayırdı. Artıq Fatimə 16-17 yaşına gəlmiş, qızlar bulağından su içmiş, zərif, incə ruhlu, həssas və gözəl bir qız olmuşdu. Artıq Peyğəmbər qızına elçilər gəlməyə başlamış, Hz. Məhəmməd isə gələnlərə «Fatimə haqqında Allah təalanın əmrini gözləyirəm» deyərək gələn səhabələri incitmədən hər dəfə bu şəkildə «Xeyr» cavabını vemişdi. Hz. Əlinin də evlənmək niyyəti ilə gəldiyini və Hz. Fatiməni istəməsini görən Peyğəmbər (s.ə.s)-in üzü gülmüş və " Ey Əli, Uca Allah özü Fatıməni sənə nikahlamışdır. Səndən əvvəl bir mələk gəlib məsələni mənə xəbər verdi" buyurmuş və 400 misqal gümüş mehrlə onların nikahlarını kəsmişdir. Ismət nümunəsi və iffət abidəsi olan Hz. Fatimə şanına layiq bir sadəliklə hicrətin 2-ci ili Səfər ayında atasının xeyir-duası ilə ər evinə köçdü. Bununla onunüçün yeni həyat başladı. Nurlu bir ocaq, səmimi bir yuva quruldu. Bu yuvada «seyid» və "şərif" ünvanlarıyla bəxtiyar insanlar dünyaya gəldi. Seyidlər nəslinin qaynağı olan bu ailə məhəbbət və sevgi dolu bir yuva oldu. Gənclərə nümunə olan Hz. Həsən və Hz. Hüseyn məhz bu ailədə sevgi, şəfqət, mərhəmət, fərasət, nəzakət kimi üstün əxlaqi keyfiyyətlərlə yetişdi. Enişli-yoxuşlu həyat yollarında başlarına gələn hər şeyə səbir və riza göstərərək ailə səadəti əldə etdilər. Hz. Fatimeyi-Zəhra əl dəyirmanında arpa üyüdüb çörək bişirər, yeməyini bişirər, evinin təmizliyinə diqqətlə fikir verərdi. Hətta dəyirman çevirməkdən ovuclarının içi qabar bağlamışdı. Amma qıtlıqdan, yoxsulluqdan heç vaxt şikayət etməmişdir. Peyğəmbər qızına layiq zahidanə bir həyat yaşamışdır.
Hz. Fatimə beş övlad dünyaya gətirmişdir ki, bunlardan ikisi oğlan, üçü qız idi. Hz. Həsən, Hz. Hüseyn, Ümmü Gülsüm, Zeynəb və Ruqiyyə. Peyğəmbərimizin şərəfli və nəcabətli nəsli Hz. Fatimə, Hz. Əli, Hz. Həsən və Hz. Hüseynlə davam etmişdir.
Fatimeyi-Zəhra (r.a) anamızın həyatı qiyamətə qədər gəlib keçən mömin xanımların dərs alacağı ibrətlərlə, əxlaqi keyfiyyətlərlə zəngindir. Onun ailə həyatı, ev işlərindəki məharəti, yoldaşına qarşı səmimi və sevgiylə dolu xidmətləri, qonşuluq münasibətləri, elm, irfan və infaqı zəmanə insanına gözəl ibrət dərsləri verməklə həyatına işıq tutmaqdadır. Bu gözəl xislətləri səbəbi ilə Peyğəmbər (s.ə.s) onu çox sevər, hərəkət və davranışlarında da qızına bəslədiyi sevgisini açıqca bildirərdi. Hz. Aişənin (r.a) bildirdiyinə görə surət və şəmail, hal və hərəkət yönündən Peyğəmbərə bənzəyən və ona ən sevgili insan Hz. Fatimə idi. O, həm də bu yönü ilə «Binti Əbihə» yəni «Atasının qızı» adını almışdır. Üsamə b. Zeyd b. Harisə (r.a.) bir rəvayətində: Bir gün Rəsulullahın əmisi Hz. Abbas və Hz. Əli sevgili Peyğəmbərimizə Əhli-Beytdən kimin ona ən sevimli olduğunu soruşduqlarında Peyğəmbər (s.ə.s) "Əhli Beytin içərisində mənə ən çox sevimli olan göz bəbəyim Fatimeyi-Zəhradır" buyurmuşdu. Rəsulullah Fatimə yanına gəldiyində ayağa qalxar, onu özü oturduğu yerdə oturdardı. Onu daima gülərüzlə qarşılardı. Bir səfərə gedəndə və ya səfərdən qayıdanda əvvəlcə məscidə girər, 2 rükət namaz qılar, sonra da sevimli qızının evinə baş çəkər, halını-əhvalını soruşar, onunla bir müddət söhbət edərdi.
Hz.Fatimə (r.a) vəhyin beşiyi sevgili atasının nəsihətlərindən, söhbətlərindən çox istifadə etdi. Rəsulullahın Rəbbani tərbiyəsində və himayəsində böyüdüyü üçün onun feyzi ilə könlünü doldurdu. Elm, ədəb, həya kimi üstün əxlaqi xüsusiyyətlərlə özünü yetişdirdi. Onun ilahi elm və hikmətlə dolu olduğu bir hadisə də budur:
Bir gün Rəsuli Əkrəm (s.ə.s) Hz. Əliyə: «Ya Əli, Allah təalanı sevirsən?» deyə sual verdi. O da: «Bəli Ya Rəsulallah sevirəm» dedi. Peyğəmbərimiz də eyni sualı sırayla özü, Fatimə, Hz. Həsən və Hz. Hüseyn üçün də verdi. Hz. Əli də hamısında «Bəli Ya Rəsulallah sevirəm» deyincə Peyğəmbərimiz:
«Ya Əli, könül bir, sevgi isə dörddür. Bir qəlbə bu qədər sevgi necə sığar? buyurdu. Hz. Əlini bu suallar xeyli düşündürdü. Ancaq heç cür cavab tapa bilmədi. Evə gəldiyində Hz. Fatimə olanları öyrənincə ona lazımi cavabı verib atasının hüzuruna göndərdi. Hz. Əli Peyğəmbər (s.ə.s) ə: „Ya Rəsulallah, bir insanın necə ki, sağ-sol, alt-üst kimi yönləri var, könlün də yönləri vardır. Mən Allahı ağıl və imanımla, sizi ruhum və imanımla, Fatiməni insani nəfsimlə, Həsən və Hüseyni də təbii atalıq şəfqət və mərhəmətimlə sevirəm.“ dedi. Iki Cahan Günəşi Rəsuli-Əkrəm (s.ə.s) bu cavaba gülümsəyərək dedi: „Ya Əli, bu sözlər ancaq Peyğəmbər ağacının budağından qoparılmış meyvələrdir.“
Hz. Fatimə çox həssas və yumşaq ürəkliydi. Heç bir insanın üzülməyini istəməz, əzab çəkməsinə dözə bilməzdi. Peyğəmbər atası xəstələndiyi vaxt tez yanına qaçar, onun xidmətində durardı. Rəhmət və şəfqət peyğəmbərinin halının ağırlaşması ilə Hz. Fatimə yenə onun baş ucunda yerini almış, atası üçün dərin-dərin hüzünlərə qərq olmuşdu. Hz. Peyğəmbərin onun qulağına „əcəlinin yaxınlaşdığını deməsi üzərinə Hz. Fatimə ağlamağa başladı. Bir az sonra Hz. Peyğəmbər yenə onu özünə yaxınlaşdırıb “əhli beytimdən mənə ilk qovuşacaq olan Sənsən» buyurduğu zaman Hz. Fatimənin üzündə təbəssüm yaranmışdı. Əslində Hz. Peyğəmbərimiz (s.ə.s)-in axirətə köç etməsindən sonra ona sirr olaraq söylədiyi bu sözlərlə təsəlli tapmağa çalışırdı. Rəhmət Peyğəmbərinin vəfatından altı ay sonra Hz. Fatimə də xəstələnib yatağa düşdü. Hicrətin on birinci ili Ramazan ayı idi. Halının ağırlaşdığını hiss edən Hz. Fatimə anam dediyi Ümmü Rafi ilə Hz. Əsma binti Ümeysdən dəstəmaz alması üçün kömək istədi. Sonra yalnız qalaraq Rəbbi ilə dua və niyaz halında ikən ruhunu təslim etdi.
Cənabı Haqdan Hz. Fatimeyi-Zəhra anamızın zahidanə həyatından, üstün əxlaqından hissələr ala bilməyi və hamımızı onun şəfaətinə nail eyləməsini niyaz edirik!
Tarix: 22.01.2015 / 11:28 Müəllif: Aziza Baxılıb: 370 Bölmə: Qadın və Din