Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Hicab taxmaq vacibmidir?

Allaha həmd olsun. Hicab taxmaq Allahın əmridir. Hər bir mömin qadına hicab taxmaq fərzdir, yəni vacibdir. Hicabı tərk edən qadın günahkardır, buna görə Allah qatında cavab verəcəkdir. Allah istərsə bağışlar, istərsə cəzalandırar. Fəqət ümumiyyətlə hicabın vacib olduğunu bir insan inkar edərsə, yəni "hicab vacib deyil, Allahın əmri deyil" deyərsə küfrə düşmüş olar.
Bu hökm üzrə ümmət icma etmişdir.
Hicab da namaz kimi Allahın əmridir. Namazı tərk etmək günah olduğu kimi, bir qadının naməhrəmlər yanında hicabsız gəzməsi də günahdır. Hicabı sidq ürəkdən istəmək məsələsinə gəlincə. Bəli biz bilirik ki, fərqli bir mühitdə böyüyüb tərbiyə almış, və eyni zamanda dinə yabançı bir mühitdə də həyatını davam etdirən bir qadın üçün İslamı üsula uyğun təsəttürə (örtünmə) birdən birə başlaması çox çətindir. Ancaq bunun yanında bir müsəlman qadın həmişə bu halında dini bir vəcibəni yerinə yetirmədiyinin şüurunda olmalı, hər gün, hər saat özünü bu ağır günahdan necə qurtarmanın yolunu axtarmalıdır. Yəni, necə baş örtüsünə, islami örtünməni öz həyatında tətbiq etməyin yollarını düşünməlidir. Bu həm daxili aləmini (yəni qəlbini) , həm də xarici şərtləri (ev, ailə, iş və s) bu mübarək əmələ əlverişli hala gətirmək yönündə olmalıdır. O (başı açıq müsəlman qadın) bilməlidir ki, naməhrəm yanında hicabsız keçirdiyi hər an, hər saniyə onun əleyhinədir və buna görə Allahın yanında cavab verəcəkdir. Bir də bir şeyi unutmayın Dinin hökmlərini heç zaman istəklərinizə, qəlbinizə görə dəyişməyin, istəklərinizi və qəlbinizi dinə görə dəyişin. Yəni dini istəklərinizə deyil, istəklərinizi dinə uyğunlaşdırın.
Həqiqətən də hicab mömin qadına bir şərəfidir. Bu şərəfdən nə üçün imtina edəsiniz ki... Allahın Kitabı mömin qadınların hicabını eyni zamanda onların azadlığının, hürr qadın olmasının bir rəmzi kimi təqdim etməkdədir.
“Ya Peyğəmbər! Zövcələrinə, qızlarına və möminlərin övrətlərinə de ki, (evdən çıxdıqda cariyələrə oxşamasınlar deyə, bədənlərini başdan-ayağa gizlədən) örtüklərini örtsünlər. Bu onların tanınması (cariyə deyil, azad qadın olduqlarının bilinməsi) və onlara əziyyət verilməməsi üçün daha münasibdir. Allah bağışlayandır, rəhm edəndir!” (Əhzab 59)
Eyni zamanda bilin ki, hicab məsələsi bütün İslam tarixi boyu ən həssas məsələ olmuşdur. İslam düşmənlərinin tarixin bütün dövrlərində ən əhəmiyyət verdikləri hədəf müsəlman qadının baş örtüsü olmuşdur. Allah Rəsulunun zamanında belə İslam düşmənlərinin müsəlmanlara qarşı ilk aksiyaları içərisində mömin qadının başını açdırmaq şeytanlığı var idi. Sonrakı dövrlərdə də bu belə oldu, bu gündə belədir. Bu gündə İslam düşmənlərinin həzm edə bilməyəcəyi əsas məsələlərdən biri hicabdır. Hicab sadəcə bir baş örtüsü deyil, İslamın çöhrəsi, onun simvoludur. Ona qarşı çıxanlar, əslində İslama qarşı çıxmaqdadırlar.


Tarix: 22.01.2015 / 11:18 Müəllif: Aziza Baxılıb: 275 Bölmə: Qadın və Din
loading...