Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Valideyinlərimizə olan haqlarımız

Allahın insanlardan qorunmasını istədiyi beş müqəddəs şeydən biri də nəslin davamıdır. Nəslin davamını Allah Təala bəlli bir qanunlara bağlamışdır. Nəslini davam etdirə bilmək üçün ən böyük çətinliklərlə qarşılaşan canlı da insan oğludur. İnsan canlıların ən güclüsü olmasına baxmayaraq, doğulduğu anda ən zəif olanların başında gəlir. Bəzi heyvan balaları doğumundan bir neçə dəqiqə, bir qismi də qısa bir zaman sonra ayağa qalxa bildiyi, ehtiyaclarını ödəməyə başlaya bildiyi halda insan isə ancaq doğulduğundan illər sonra bu səviyyəyə gələ bilir. Nəslin davam edə bilməsi üçün bütün bu çətinlikləri çəkən ata və analardır. Ana övladını doqquz ay bətnində daşıyır, hamiləlik zamanı bir çox çətinliklərə məruz qalır, həyatını bəzi anlar risqə qoyaraq övladını dünyaya gətirir. Aciz olan körpəsini böyütmək üçün yuxusundan, istirahətindən, sağlamlığından belə keçir.

Qurani Kərimdə Allah Təala buyurur:
Biz insana ata-anasına (yaxşılıq etməyi, valideyninə yaxşı baxmağı, onlarla gözəl davranmağı) tövsiyə etdik. Anası onu (bətnində) çox zəif bir halda daşımışdı. (Uşağın süddən) kəsilməsi isə iki il ərzində olur. (Biz insana buyurduq: ) "Mənə və ata-anana şükür et. Axır dönüş Mənədir! (Loğman 31:14)

Ailə və övladının ehtiyaclarını ödəmək üçün ata gecə-gündüz usanmadan çalışır, özü az yeyər az geyər, övladının bir yeri ağrıyarsa ondan daha çox narahat olar. Uşaqlarının rahatlığını özününkündən üstün tutarlar. Ata-ananın övladına göstərdiyi qayğı həyatı boyu sürər.
Allahın ata-ana və uşaqlar arasında yaratdığı sevgi və hörmətdən qaynaqlanan bu haqq-vəzifə münasibətləri, insan nəslinin sağlam bir şəkildə davam edə bilməsinin vaz keçilməz bir şərtidir.

Ata-ananın övladları üzərindəki haqqlarını belə sıralaya bilərik:

1. İtaət (hörmət): Uşaqların ata-analarına qarşı ən önəmli vəzifəsi onlara itaət etmək, edilməsi haram olmayan istəklərini yerinə yetirməkdir. Allah Təala belə buyurur: Biz insana ata-anasına yaxşılıq etməyi (onlarla gözəl davranmağı) tövsiyə etdik. (Ey insan!) Əgər (valideynlərin) bilmədiyin bir şeyi Mənə şərik qoşmağına cəhd göstərsələr, onlara itaət etmə. Hamınız (qiyamət günü) Mənim hüzuruma qayıdacaqsınız. Mən də (dünyada) nə etdiklərinizi sizə bir-bir xəbər verəcəyəm! (əl-Ənkəbut,29:8)

Bu ayə əshabələrdən olan Sad b. Əbu Vəqqas haqqında nazil olmuşdur. Əbu Vəqqas (r.a) hadisəni belə rəvayət edir:
- Mən anama hörmət və itaət edən bir övlad idim. Müsəlman olduqdan sonra anam mənə dedi:
- Sad bu etdiyin nədir? Ya sən bu yeni dini tərk edəcəksən, ya da mən yeyib-içməyib sonunda öləcəm. Sən də mənim üzümdən "anasının qatili"- deyə çağrılacaqsan.
Mənə anama dedim:
- Ana, belə etmə, bil ki, mən bu dini tərk etməyəcəm.
İki gün gözlədim, anam nə yedi, nə də su içdi. Mən də anama söylədim:
- Ana, sənin yüz canında olsa bunlar bir-bir çıxsa, mən bu dinimi yenə tərk etməyəcəm. İstəyirsən ye, istəyirsən yemə.
Bu əzmimi görüncə anam bu hərəkətlərindən vaz keçdi. (Təcridi Sarih Tərcüməsi, XII, 121)

Peyğəmbər (s.a.s) buyurmuşdur: "Allah sizə analarınıza itaətsizliyi haram qıldı". (Buxari Ədəb,4)

Yuxarıda zikr edilən ayə və hədislərdən də anlaşıldığı kimi ata-anaların istək və arzularına qarşı çıxmamaq Allahın əmridir. Ancaq valideyinlər övladından Allaha qarşı gəlməsini, Onu inkar etməsini, fərz qıldığı bir şeyi etməməsini, haram qıldığı şeyləri etməsini əmr edərsə, onların bu istəkləri yerinə yetirilməz. Çünki Allaha üsyan olan təqdirdə, valideyinlər olsa belə, insanlara itaət edilməz.

2. Valideyinlərlə xoş davranmaq: Allah Təala Qurani Kərimdə, insanın kimlərə qarşı vəzifələri olduğunu sıralarkən belə buyurur: Rəbbin yalnız Ona ibadət etməyi və valideynlərə yaxşılıq etməyi (onlara yaxşı baxıb gözəl davranmağı) buyurmuşdur. Əgər onların biri və ya hər ikisi sənin yanında (yaşayıb) qocalığın ən düşkün çağına yetərsə, onlara: "Uf!" belə demə, üstlərinə qışqırıb acı söz söyləmə. Onlarla xoş danış! Onların hər ikisinə acıyaraq mərhəmət qanadının altına salıb: "Ey Rəbbim! Onlar məni körpəliyimdən (nəvazişlə) tərbiyə edib bəslədikləri kimi, Sən də onlara rəhm et!" - de. (əl-İsra,17/23-24)

Peyğəmbər (s.a.s) "Kimə yaxşılıq edim", - deyə soruşan əshabəyə üç dəfə "anana", - cavabını verdikdən sonra dördüncü dəfə soruşulduqda "atana yaxşılıq et", - demişdir.
(Buxari Ədəb, 2, Müslim Birr,1)

Valideyinlər övladlarına yetəri qədər yaxşılıq etməmiş olsalar belə, hətta bəzi zərərləri toxunmuş olsalar belə, övladları onlara yenə də yaxşı davranmaq məcburiyyətindədirlər.

3. Maddi ehtiyaclarını ödəmək: Yaşlanıb öz ehtiyaclarını təmin edə bilmədikdə valideyinlərin bütün ehtiyaclarını təmin etmək övladların borcudur. Bu borc sadəcə əxlaqı deyil, həmçinin, hüquqi cəhətdir. Bu vəzifəsini yerinə yetirməyən kimsə, İslam qanunlarına görə, buna məcbur edilir. Allah bu vəzifəni övladlara yükləmişdir.
(Ya Rəsulum!) Səndən (Allah yolunda) nə verəcəkləri haqqında soruşanlara söylə: "(Malınızdan) verəcəyiniz şey ata-anaya, (yoxsul) qohumlara, yetimlərə, miskinlərə və (pulu qurtaran) müsafirə (yolçulara) məxsusdur". Şübhəsiz ki, Allah etdiyiniz xeyirli işi biləndir. (əl-Bəqərə, 2:215)

Əshabələrdən Əbu Dərda Peyğəmbər (s.a.s) ona doqquz önəmli şey tövsiyyə etdiyini, bunlardan birinin də ana-ata daxil olmaqla ailə üzvlərinin ehtiyaclarını ödəmək olduğunu bildirmişdir. (Buxari əl-Ədəbül-Müfrəd, 9) yenə Peyğəmbər (s.a.s) cihada getmək istəyən bir səhabəni ehtiyaclarından dolayı, valideyinlərinin yanına göndərmişdir.

4. Hörmətsizlik etməmək: İslam ümmətinin prinsipi böyüklərə hörmət, kiçiklərə sevgidir. Hörmətə ən layiq olan insanlar isə, təbii ki, valideyinlərimizdir. Bir gün Peyğəmbər (s.a.s) əshabına: "Sizə günahların ən böyüyünu bildirim mi", - deyə üç dəfə soruşdu. Səhabələr "bəli", - dedilər. Peyğəmbər (s.a.s) sıra ilə saymağa başladı - "Allaha ortaq qoşmaq, ata-anaya qarşı gəlmək, haqqsız yerə adam öldürmək və yalan söyləmək". (Buxari, Ədəb 6)

"Valideyinlərimi gözü yaşlı halda tərk edərək, hicrət etmək üçün sənin əmrini almağa gəldim", - deyən bir səhabəyə Peyğəmbər (s.a.s) "Onların yanına qayıt, necə ağlatdınsa eləcədə güldür, sevindir", - dedi və onu hələ müsəlman olmayan ata-anasının yanında göndərdi.

5. Razılıqlarını qazanmaq: İnsanın dünyadakı ən böyük vəzifəsi şübhəsiz ki, Allahın rizasını qazanmaqdır. Bundan sonra razılıqlarını qazanmamız olan kəslər valideyinlərimizdir. Peyğəmbər (s.a.s) "Allahın rizası, atanın rizasında, qəzəbi də qəzəbindəndir", - buyurmuşdur. (Buxari əl-Ədəbül Müfrad, 1)

Abdullah b. Amr b. əl-Asın rəvayətinə görə, "bir adam Peyğəmbər (s.a.s) yanına gələrək cihada getmək üçün izin istədi. Peyğəmbər (s.a.s) də ona "valideyinlərin sağdırmı", - deyə soruşdu. O, adam "bəli", - deyincə Peyğəmbər (s.a.s): "O halda sən öncə onların razılığını almağa çalış", - deyərək ona bu vəzifəsini xatırlatdı". (Təcridi Sarih Tərcüməsi,VIII, 377)

6. Pis söz söyləməmək: Valideyinləri incidə biləcək hər cür söz-söhbətdən uzaq durmaq lazımdır. Allah Təala, Onlara "uf", - belə deməyin qadağası yanında, Peyğəmbərin (s.a.s) bu hədisi də çox diqqət çəkicidir: "Bir kimsənin ata-anasına söyməsi böyük günahlardandır".
Əshabə: "Bir kimsə valideyinini necə söyə bilər?". Peyğəmbər (s.a.s): "Biri başqasına pis söz söylər, o da qayıdıb onun valideyinlərinə söyər", - deyə cavab verdi". (Buxari, Ədəb,4)

7. Öldüklərində xeyirlə xatırlamaq, dua etmək: Valideyinlər öldükdən sonra onlara qarşı olan vəzifələrimiz bitməz. Onların təmiz xatirələrini davam etdirmək lazımdır. İnsanları insan edən, nəsildən-nəsilə ötürülən gözəl duyğu və xatirələrdir. Valideyinləri xeyirlə yad etmək, bağışlanmaları üçün dua etmək, Allah Təalanın Qurani Kərimdə bizə öyrətdiyi dualardandır: Ey Rəbbimiz! İnsanları hesaba çəkiləcəyi Qiyamət günündə məni, atamı, anamı və bütün möminləri bağışla. (İbrahim, 14/41)

Səhabələrdən biri "Ölümlərindən sonra valideyinlərim üçün edə biləcəyim bir yaxşılıq varmi", - deyə Peyğəmbərdən (s.a.s) soruşduqda, Allahın elçisi (s.a.s) belə buyurmuşdur: "Bəli, 4 xislət vardır: onlara xeyirlə dua etmək və Allahdan bağışlanmalarını diləmək. Varsa, vəsiyyətərini yerinə yetirmək, dostları ilə münasibətləri davam etdirmək, qohumları ilə əlaqəni kəsməmək". (Buxari, əl-Ədəbül Mufrad,19)

Ölümlərindən sonra ediləcək duanın valideyinlər üçün faydasını Peyğəmbər (s.a.s) belə buyurmuşdur: "İnsan ölüncə əməl dəftəri bağlanır. Ancaq bu üç şey xaricində davam edər - davam edən sədəqə, insanların faydalanacağı bir elm və arxasından xeyirlə dua edən bir övlad". (Buxari əl-Ədəbül Müfrad, 19)

Həyatda və öldükdən sonra valideyinlərinə qarşı vəzifələrini yerinə yetirən, onları məmnun edib, xeyir-dualarını alan kimsə dünya və axirətin ən böyük xoşbəxtliklərinədn birini qazanmış olur. Çünki Peyğəmbər (s.a.s) belə insanların bərəkətli, uzun bir ömrə sahib olacaqlarını, valideyinlərin onlar üçün edəcəkləri duaların Allah tərəfindən mütləq qəbul ediləcəyini və Cənnəti qazanacaqları ilə müjdələmişdir.

"Övlad heç bir yaxşılıqla atanın haqqını ödəyə bilməz. Ancaq onu kölə olmuş bir vəziyyətdə taparaq, satın alıb azadlığa çıxardarsa, haqqını ödəyə bilər". (Buxari əl-Ədəbül Müfrad, 6)

Üzərimizdə bu qədər çox əmək və haqqları olan ana və atalarımızı sevmək və onların sevgisini başqa şeylərə dəyişməmək, ən önəmli əxlaqi vəzifələrimiz arasındadır. Bu vəzifə həyatda ikən onlara qarşı hörmət, şəfqət və mərhəmət göstərməklə yerinə yetirilə bilər. Gerçək valideyn sevgisinin, "anamı, atamı sevirəm" deməkdən ibarət olmadığını, onlara qarşı maddi və mənəvi hər cür vəzifənin yerinə yetirilərək bu sevginin isbat ediləbiləcəyini unutmamaq lazımdır.


Tarix: 22.01.2015 / 11:19 Müəllif: Aziza Baxılıb: 416 Bölmə: Qadın və Din
loading...