Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Hicab nə üçündür?

Baş örtüyü ilə bağlı xeyli müddətdir bilənlər, bilmədiyini bilənlər, bilmədiyini bilməyənlər, bildiyini zənn edənlər, bilmədiyi halda bilgili kimi görünməyə çalışanlar və həddini bilməyən hərşeyşünaslar yazırlar, danışırlar. İnsan heç nə bilməsə də, heç olmasa həddini bilməlidir. Bunu səmimi olaraq bilmək, öyrənmək istəyənlərin fikrinə əsasən belə bir yazı yazmaq qərarına gəldim. Çünki cavab, bilmək istəyənin haqqıdır. Bu haqqı isə haqqı olmayanların əhatə dairəsində saxlamaq haqlılara haqsızlıq olar.

Olduğunu göstərmək, "mən də varam" demək istəyənlər, qonşudan geri qalmamaq fikri ilə həyatlarını sürüyənlər, ziyalı, modern, hansısa klassikin əsrimizdəki davamçısı olduğu iddiasında olanlar və sairlər elə hey bu haqda cızma-qara edirlər. Amma evin su təchizatı xarab olanda qəssab çağırmayan, dişi ağrıyanda ginekoloqa getməyən bu insanlar dinlə bağlı məsələdə dərhal "ustad", "şeyx" olub çıxır qarşımıza. Bəli, hər sahənin ixtisas sahəsi olduğu kimi bu sahə də peşəkarlıq tələb edir. Dərman alarkən hansı maddədən nə qədər istifadə edildiyini əczaçıdan soruşmayanlar, satıcının dediyinə qeyd-şərtsiz əməl edənlər dini məsələdə dərhal "alim" olurlar. Bu məsələləri heç olmasa biləndən soruşsaq, daha məntiqli olmazmı? Hər iki cavabı bir kənara qoyub keçək əsas mətləbə...

Baş örtüyü nədir? Dinlərdə, xüsusilə də vəhyə əsaslanan dinlərdə bu məsələyə münasibət necədir? Birinci olaraq, baş örtüyünün Allahın əmri olması ilə bağlı məsələyə müraciət edək.

İlahi dinlərdə baş örtüyü

Əlimizdə mövcud olan yazılı Tövratda (Elohim) bununla bağlı buyruq olmadığı halda Rabbinik rəvayətlərdə belə deyilir: "İsrail qızlarına başı açıq çöldə gəzmək yaraşmaz", "Arvadının saçlarını göstərməsinə icazə verən kişiyə lənət olsun"... "Başı açıq ailəli bir qadının olduğu məclisdə dua və ibadət etmək qadağandır". Tövratda isə bütün hörmətə layiq və nüfuzlu qadınların başı örtülü olduğu qeyd edilir. İshaq peyğəmbərin həyat yoldaşı, Yəqub peyğəmbərin anası Rəhil, Yusuf və Musa peyğəmbərlərin anaları və sair başı örtülü olaraq təsvir edilir. Hazırda hasidim yəhudi camaatının qadınlarının hamısı pariklə gəzirlər. Yəhudilikdə baş örtüyü əsasən iffət kimi qəbul edilib.

Xristianlığın müqəddəs kitabı olan İncildə belə buyurulur: "Mən Məsihdən nümunə götürdüyüm kimi siz də məndən nümunə götürün... Başıaçıq dua, yaxud peyğəmbərlik edən hər qadın da öz başını şərəfsiz edir. Belə qadınla saçları qırxılmış qadın arasında fərq yoxdur. Əgər qadın başını örtmürsə, qoy saçlarını qısa kəssin. Amma əgər qadın üçün saçını qısa kəsməsi, yaxud qırxması ayıbdırsa, qoy başını örtsün. Özünüz qərara gəlin, Allaha başıaçıq dua etmək qadına yaraşarmı?" ("Korinflilərə birinci məktubu", 11/5-6).

İslamda baş örtüyü

İndi isə İslamın baş örtüyü ilə bağlı mövqeyinə nəzər salaq. Bildiyimiz və bildiyinizi güman etdiyimiz kimi, İslam dininin əsası Qurani-Kərim və bu kitabı insanlara çatdıran Peyğəmbərin hədisləridir. Qurani-Kərimdə Uca Allah belə buyurur: "Ey iman gətirənlər! ...Onlardan (Peyğəmbərin zövcələrindən) bir şey soruşduqda, pərdə arxasından soruşun. Bu həm sizin, həm də onların ürəklərinə daha çox təmizlik bəxş edər..." ("Əhzab" surəsi, 33/53).

"Ey Peyğəmbər! Zövcələrinə, qızlarına və möminlərin qadınlarına de ki, örtüklərini örtsünlər. Bu onların tanınması və onlara əziyyət verilməməsi üçün daha münasibdir. Allah bağışlayandır, rəhm edəndir!" ("Əhzab" surəsi, 33/59).

Hicrətin 4-cü ilində gələn bu ayə konkret olaraq peyğəmbərin həyat yoldaşları ilə əlaqəli olaraq göndərilib. Buradakı "pərdə arxasından" olan kəlmə hicab termini ilə məşhur olub. Həmin il başqa ayələrlə bütün mömin qadınlara baş örtüyü əmr edilib. Allah belə buyurur: "Mömin kişilərə de ki, gözlərini haram edilmiş şeylərdən çevirsinlər, ayıb yerlərini (zinadan) qorusunlar. Bu onlar üçün daha yaxşıdır. Şübhəsiz ki, Allah onların nə etdiklərindən xəbərdardır! Mömin qadınlara de ki, gözlərini haram buyurulmuş şeylərdən çevirsinlər, ayıb yerlərini qorusunlar; öz özlüyündə görünən istisna olmaqla, zinətlərini göstrəməsinlər; baş örtüklərini yaxalarının üstünə çəksinlər..." ("Nur" surəsi, 24/30-31).

Quranda baş örtüyü, yoxsa sinə örtüyü?

Bilirəm çox absurd sualdır. Amma cavab verilməli məqamlar olduğu üçün belə sərlövhəni seçdim. Bəzi adamlar Qurana tabe olmağın əvəzinə, Quranı özlərinə tabe etdirməyə çalışırlar. Bu çalışmaların nəticəsində də ziddiyyətlər ortaya çıxır. Belələri bu ziddiyyətlər burulğanında qərq olub tarixin vərəqlənməyəcək səhifələrinə urcah olurlar. İndi məsələyə bu prizmadan yanaşaq. Dilçi olduğu halda, özünü dinçi kimi qələmə verərək Quranı tərcümə edən şəxs mövzu ilə əlaqəli yazdığı yazıda belə deyir: "Ənənəvi izahlarda həmin sözü baş örtüyü kimi qələmə verib yazırlar ki, qadınlar baş örtüklərini bağlayıb salmalıdırlar sinələrinin üstünə. Halbuki həmin sözün nə "baş", nə də "saç" sözü ilə əlaqəsi yoxdur. Qadınlara xitabən başınızı, yaxud saçlarınızı örtün deyə müqəddəs Oxuda bir əmrə rast gəlinmir də ki, bunu fərz əməllər sırasına aid edəsən..."

Bəli, maraqlı və çaşdırıcı izahdır. Çünki məntiqli kimi göründüyü halda, tamamilə ziddiyyətlər ehtiva edən cümlə quruluşudur. Lüğətə müraciət edilərsə, ərəb dilində qadınların istifadə etdiyi örtüklərlə bağlı bunları görmək olar:

1. Burqa (burku): Bütün üzü örtər, 2. Niqab: gözün birini açaraq bağlanan örtükdür. 3. Lifam: Burunun üstünü və gözləri görünən örtükdür. 4. Lisam: Ağzın üstündən etibarən örtülən örtükdür. 5. Xımar: Üz istisna olmaqla, boyunu tamamilə örtən örtükdür və Quranda əmr edilən örtük budur. 6. Nasif: Böyük şərfə oxşayan örtükdür. 7. Miknəə: nasifdən daha böyükdür və belin aşağısına qədər uzanan baş örtüyüdür. 8. Cilbab: Üz istisna olmaqla başdan ayağa hər tərəfi örtən örtükdür. Bunlar lüğətlərdə baş örtüyü ilə əlaqəli olan sözlərdir.

Məntiqdən danışdığı halda məntiqsiz cümlələr işlədənə mən də başqa sual vermək istəyirəm: "Bu qədər sözün hansında baş sözü keçir?" "Nur" surəsindəki ayədə qeyd edilən "xımar" sözü lüğətdə birmənalı olaraq başla əlaqəlidir. Spirtli içki ilə bağlı qadağa da Quranda eyni kökdən, yəni "xamr" sözündən törəyib. İkisi arasındakı müştərək nöqtə "baş"la əlaqəli olmasıdır. Məsələn, "küfr" də "örtmək" deməkdir. Amma başa, yaxud ağıla deyil, ürəyə nisbət edildiyi üçün fərqli kökdən istifadə edilib. Eyni sualı bir də təkrarlayıram. Bunun içində "baş" sözü varmı? Yuxarıda sadaladığım başörtüyü ilə bağlı sözlərin hansında "baş" sözü var?

Buna heç ehtiyac da yoxdur. Ana dilimizdə də belədir. Yaylıq, kəlağayı, yaşmaq, örpək və sair sözlərində "baş" sözü əlavə olunubmu? Çünki hamı bilir ki, kəlağayı, yaylıq baş örtmək üçündür, ayağa geyinmək üçün deyil. Ərəb dilində "nələyn", "xuffətəyn", "cəvrabəyn" da ayağa geyinmək üçündür və heç birində "ayaq" sözü qeyd edilmir. Burada "ayaq" sözü keçmir demək nə qədər məntiqlidirsə, yuxarıdakı sözlərdə "baş" sözünün keçməməsi də o dərəcə məntiqlidir və deyənin məntiqini göstərir.

Baş örtüyü Allahın əmridir!

Məntiqdən bəhs edərək məntiqsiz iddia ortaya atan şəxs yazır: "Burada söhbət yalnız qadın köksünün, sinəsinin örtülməsi zərurətindən gedə bilər ki, müsəlman olsun, ya qeyrimüsəlman, bütün mədəni millətlər içində buna əməl etməyən yoxdur..." Buna əməl etməyən yoxdursa, Quran onda niyə desin ki, sinələrinizi örtün. Yaxşı eyni məntiqlə biz də soruşaq, "xımar" sözünün içində hanı "sinə" sözü? Bir cümlədə bir neçə ziddiyyət ancaq bu qədər ola bilər. Heç demə, ərəb dilindəki "xımar" sözü qadının sinəsini örtmək üçün imiş. Heç demə, baş örtüyü ilə bağlı Quran ayəsi gələnə kimi qadınlar namazlarını sinələri açıq qılırlarmış... Halbuki bu məntiq təxəyyülü olduğu halda, real məntiqi olmayanlar unudurlar ki, namaz əmri baş örtüyü əmrindən əvvəl, hicrətdən əvvəl əmr edilib. Bu iddialara cəhalət deyilir. Cəhalət elmlər namizədi, elmlər doktoru olmaq deyil, cəhalət həddini bilməməkdir. Həddini bilməyərək bu iddiaları ortaya atanlar da cahildir...

İndi gələk ayədə qeyd edilən "cəyb" sözünə... Bu söz lüğətdə "qopuq, cırıq, kəsilmiş" mənalarına gəlir. Dilimizdə də istifadə etdiyimiz "cib" sözü də "açıq yerlər, yaxanın və qolun açıq yeri", xülasə bir barmağın paltarın içinə girəcəyi bütün açıq yerlərinə deyilir. Elə isə Allahın "Nur" surəsinin 31-ci ayəsindəki əmri necədir və nəyi nəzərdə tutur? Cavabı sadədir: İslamdan əvvəlki dövrdə aksesuar kimi başın üstündən belə atılan örtüyü, bütün boyunu və gərdanlığı da əhatə edəcək tərzdə örtməyi nəzərdə tutur. Bəli, bu əmr Allahı kitabına tabe olanlar, Allaha təslim olanlar üçündür


Tarix: 22.01.2015 / 11:25 Müəllif: Aziza Baxılıb: 273 Bölmə: Qadın və Din
loading...