Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

MEHİR - Qadına verilən mülkiyyət haqqı

Mehir evlilik əsnasında qadına verilən maddi vəsaitdir. Mehir vermək qadına deyil, kişiyə vacibdir. Allah Quranda qadınlara verilən mehirlə bağlı belə buyurur: "Qadınlarınızın mehirlərini könül xoşluğuyla verin! Əgər onlar qəlbən, öz razılıqları ilə bundan sizə bir şey bağışlasalar, onu halal olaraq, nuşcanlıqla yeyin!" ("Nisa" surəsi, 4). Qadına verilən mehirdə nə qadının qohumlarının, nə də qadının ərinin heç bir mülkiyyət haqqı yoxdur.
Ancaq qadın bu məsələdə -ayədə də ifadə edildiyi kimi- heç kimlə məsləhətləşmədən istədiyi şəxsə istədiyi miqdarda öz razılığı ilə köməklik göstərə bilər. Mehir qadının şəxsi haqqı olduğu üçün ondan istifadə edərək cehiz hazırlamaq məcburiyyəti yoxdur. Hətta qadın ona məxsus olan bu mülkiyyətdən istifadə edərək malını sərmayə kimi istifadə edərək artıra bilər.
Qurani-Kərimdə qadınlara mehirlərin lazımi qaydada verilməsi əmr edilir: "...Haram olan qadınlardan başqaları ilə namusla (iffətlə), zinakarlığa yol vermədən, mallarınızı sərf edərək evlənmək üçün sizə halal edildi. Yaxınlıq etdiyiniz qadınların mehirlərini lazımi qaydada verin! Mehir müəyyən edildikdən sonra aranızda razılaşdığınız şeydən ötrü sizə heç bir günah yazılmaz. Həqiqətən, Allah biləndir, hikmət sahibidir!" ("Nisa" surəsi, 24).
Həzrəti Peyğəmbər də evlənmək istəyən səhabələrinə qadına mehir verməyi tələb etmişdi. Allah Rəsulunun əmisi oğlu Əli (r) də Peyğəmbərin qızı Həzrəti Fatimə ilə evlənəndə ona mehir vermişdir. Rəsulullah mehirsiz heç bir evliliyə icazə verməmişdir. İslam alimlərinin də ailə həyatı quran kişinin mütləq qadınalara mehir verilməsi ilə bağlı icması (həmrəyliyi) var.
Mehirin miqdarı ilə bağlı məhdudiyyət yoxdur. Uca Allah belə buyurur: "Onlardan birinə çoxlu mal vermiş olsanız da, ondan heç bir şey geri almayın!" ("Nisa" surəsi, 20). Həzrəti Ömər qadınlara verilən mehirlə bağlı məhdudiyyət qoymaq istəyirdi. Bununla bağlı məsciddə vəz verərkən qadınlardan birinin yuxarıdakı ayəni əsas gətirməsi xəlifənin geri addım atmasına səbəb olmuşdur.
Qadına verilən mehirlə kişi ailə həyatının başlanğıcında qadının mülkiyyət haqqını tanıdığını göstərir. Hətta boşanma nəticəsində də kişinin qadına verdiyi mehri tələb etmək ixtiyarı yoxdur. Satışı və istifadəsi haram olmayan hər bir şeydən mehir verilə bilər.


Tarix: 22.01.2015 / 11:36 Müəllif: Aziza Baxılıb: 204 Bölmə: Qadın və Din
loading...