Ətrafında günah işlədən və haramla məşğul olan insan dənizinin olmasına baxmayaraq, üzərək saflıq və təmizlik sahilinə çıxmağı bacardı. Namusunu və həyasını özü üçün bir qalxana çevirərək ən ismətli bir qadın kimi məşhurlaşdı. Ticarətlə məşğul olaraq daha da varlandı, ancaq ona evlənmək təklif edənlərə bir-birinin ardınca rədd cavabı verdi. Sanki həyatının ən ayrılmaz bir hissəsi olacaq və onu başdan-ayağa dəyişdirəcək ömür-gün sirdaşını gözləyirdi. Arzuladığı saflıq, paklıq, düzlük və doğruluq nümunəsi olan, cəhalət və günah dənizində özünü hər cür çirkabdan qorumağı bacararaq hamının pərəstiş etdiyi adamı, nəyahət ki, axtarıb tapdı və ona ürəkdən, könüldən bağlandı. Amma səbri artıq tükənmişdi və bundan sonra da gözləməyə taqəti qalmamışdı. Ona görə də dövrünün adət-ənənələrinin əleyhinə gedərək tapdığına özü evlənmək təklifi etdi. Beləliklə, o, İslam peyğəmbərinin ilk həyat yoldaşı və onun dinini tərəddüd etmədən qəbul edən ilk müsəlman qadın olmaq şərəfinə nail olacaqdı. Sonra da üzərinə düşən müqəddəs vəzifəni şərəflə həyata keçirərək var-dövlətini İslam dini yolunda xərcləyəcək və ömrünü bu müqəddəs amala həsr edəcəkdi, bu işdə sevimli ərinin - Kainat Günəşinin yanından bir an da olsa ayrılmayacaqdı. Bu, İslama könül vermiş sonuncu peyğəmbərin nəinki həyat yoldaşı, həm də ona arxa duran və müqəddəs bir amal uğrunda sona kimi dayaq olan ilk müsəlman qadın Hz. Xədicə idi.
“Allah Xədicədən daha xeyirlisini vermədi, xalq küfr içində üzərimə iftiralar yağdırarkən o mənim doğru yolda olduğumu (peyğəmbərliyimi) təsdiqlədi və mənə iman gətirdi.(Həzrəti Məhəmməd (s.ə.v.))
İslam peyğəmbərinin ilk qadını olan Hz. Xədicə milad tarixi ilə 556-cı ildə Məkkədə anadan olub. Atası Hüveylid Qureyş qəbiləsinin içərisində ən hörmətli və varlı insanlardan biri hesab edilirdi. Anası Fatima isə Məkkənin tanınmış qadınlarından sayılırdı. O dövr üçün əxlaq və paklıq nümunəsi olan bir ailədə böyüyən Hz. Xədicə özü də tezliklə səmimiliyi, saflığı ilə adını İslam tarixinə yazdıracaq müqəddəs qadınlardan birinə çevrildi, onlar üçün bir həyat nümunəsi oldu.
Halbuki o elə bir dövrdə dünyaya gəlmişdi ki, o dövrdə əxlaq və ismət dəyərini itirmiş, qadınlar cəmiyyət üçün bir heçə çevrilmişdilər. Amma o, bütün bunlara rəğmən, özünü çirkabdan qorumağı bacarmış, dövrünün qadınları alçaldan yaramaz adət-ənənələrinə ikrahla yanaşmış, bütlərə sitayiş etməyi rədd etmişdi. O, tək Allaha inanmağı qəbul edən Hanif dininə ürəkdən bağlanmış, bu dinin qanun-qaydaları əsasında yaşamağa üstünlük vermişdi. Yeri gəlmişkən, onu da deyək ki, İslam peyğəmbərindən öncə cahiliyyə dövründə tək Allaha inanan insanları Hanif adlandırırdılar. Hanif saflıq və paklığa meyil edən, batilliyi rədd edərək Haqqa yönələn insanlar deməkdir. Haniflər Hz. İbrahimin Tövhid dininə mənsub idilər. Onlar cahiliyyə dövrü ərəblərin əxlaqsız həyat tərzini qəbul etməyərək hər vasitə ilə saflıq və paklıqlarını, əxlaqlarını qorumağa çalışırdılar.
Hz. Xədicə belə bir qarışıq dövrdə haqq yolunu taparaq Hanif dininə sığınmış, saflıq, paklıq və əxlaq tərzini özü üçün həyat tərzinə çevirmiş və dövrünün çirkin adət-ənənələrinə uymamışdı. İki dəfə ailə həyatı qurmuş, ancaq səadətini tapa bilməyərək dul qalmışdı. Halbuki Hz. Xədicə o dövrdə ən çox önəm verilən şərəfli soya, tanınmış ailəyə, kifayət qədər var-dövlətə malik, olduqca gözəl bir qadın idi. O dövrün ən tanınmış adamlarından olan Əbu Süfyan, Akabe bin Əbu Muayit kimi Məkkə zənginlərinin evlənmə təklifini rədd etmişdi. Özü də bilmədən bəxtinə çıxacaq dünyanın ən şərəfli insanlarından birini gözləyirdi. Namusunu və əxlaqını hər şeydən üstün tutduğu üçün ətrafındakılar ona Tahirə (təmiz qadın) adını vermişdilər və onu bu adla da çağırırdılar. Halbuki o elə dövrdə yaşayırdı ki, o dövrdə insanlar haram işlə məşğul olmağı, qeyri-əxlaqi həyat tərzi sürməyi özləri üçün fəxr hesab edirdilər.
Ərə getdiyi ikinci kişinin də vəfat etməsindən sonra gənc yaşında yenidən dul qalmış, olduqca böyük var-dövlətini özü idarə etməli olmuşdu. Ona görə də ticarətlə məşğul olmağı davam etdirərək bu iş üçün layiq bildiyi, inandığı adamları karvanbaşı təyin edərək onları alver üçün Åžama (Dəməşqə) göndərirdi. Çünki o dövrdə qadının karvan başında uzaq səfərə çıxaraq alver etməsi qəbul edilmirdi.
Evlənmək təklifini özü etdi
Onların ilk tanışlığı da Hz. Xədicənin dəvə karvanı vasitəsilə baş verdi. O dövrdə Məkkədə doğruluğu hər şeydən üstün tutduğu, haqqı nahaqqa qurban vermədiyi, düz danışdığı üçün Hz. Məhəmmədi “Əl-Əmin“ (etibar edilən, güvənilən) adı ilə çağırırdılar. Bu adı həm də ona karvan sahibləri vermişdilər. Çünki o, heç bir karvan sahibinin əmanətinə xəyanət etməmişdi. O dövrün Məkkəsi üçün bu, olduqca inanılmaz bir xüsusiyyət idi. Ona görə də Hz. Xədicə dəvə karvanını Hz. Məhəmmədə tapşıraraq onu Åžama alış-verişə göndərdi. Dəvə karvanının başında alış-verişi səmimi bir şəkildə həyata keçirən Hz. Məhəmməd (s.ə.v.) düzlüyü və doğruluğu ilə dərhal Hz. Xədicənin xüsusi rəğbətini qazandı. Tədricən bu rəğbət Hz. Xədicənin qəlbində ilahi bir sevgiyə çevrildi və o, düzlük və doğruluq təcəssümü olan bu böyük insana bütün varlığı ilə vuruldu. Artıq o, sevgisini gizlədə bilmirdi və qarşısındakından haçansa ona evlənmək barədə təklif gələcəyini gözləməyə səbri çatmırdı. Sonda dözməyərək dərdini ən yaxın rəfiqəsi olan Nəfisə binti Münyəyə açaraq ondan kömək istədi. Hz. Xədicə Məhəmmədə (s.ə.v.) evlənmək barədə təklif edəcəyini deyəndə, Nəfisə bunu xoş qarşılamadı. Çünki o dövrdə bir qadının hansısa bir kişiyə evlənmək təklifi etməsi qəbul edilməsi mümkün olacaq bir iş deyildi. Amma o dövrdə Hz. Xədicə mümkün görünməyən bir işi mümkün edə bildi. Artıq o, onu əhatə edən təbəqənin təzyiqlərinə və etirazlarına məhəl qoymadan qəti qərarını vermişdi: Hz. Xədicə Məhəmmədə (s.ə.v.) evlənmək təklifi edəcəkdi: “Mən öz qövmümün arasında izzət və şərəfə malik olduğuna, düzlüyü, doğruluğu sevdiyinə, tapşırılan hər hansı əmanətə xəyanət etmədiyinə, gözəl xasiyyətinə görə səninlə evlənmək istəyirəm“, - deyə Hz. Məhəmmədə (s.ə.v.) xəbər göndərdi. Hz. Məhəmməd, əvvəlcə, Hz. Xədicənin bu təklifinə səbirlə və təmkinlə yanaşdı. O: “Mənim maddi imkanlarım azdır, belə olduğu halda, sənin kimi zəngin birisi ilə necə evlənə bilərəm“, - deyə Həzrəti Xədicəyə cavab verdi. Hz. Xədicənin bu məqamda dediyi sözlər islami evlilik anlayışı üçün çoxlarına bir nümunə ola bilər. O: “Sən etibar edilməli, güvənilməli bir adamsan, düzlüyü sevənsən, gözəlxasiyyətlisən və bunun üçün də səni sevirəm“, - deyə bildirdi. Bu sözlər Hz. Məhəmmədi (s.ə.v.) duyğulandırdı və o, son qərarını vermək üçün əmisi Əbu Taliblə məsləhətləşməyi qərara aldı. Əbu Talib də bu evliliyə etiraz etmədi. Çünki o, Hz. Xədicənin izzətli, namuslu bir qadın olduğunu yaxşı bilir və ona xüsusi hörmət bəsləyirdi. Ona görə də Əbu Talib Qureyş qəbiləsinin öndə gedən tanınmış adamlarını toplayaraq, onlara Hz. Məhəmmədi (s.ə.v.) təriflədi və onun Hz. Xədicə ilə evlənmək istəyini onlara bildirdi. Ondan sonra söz alan Varaka bin Nofəl də Hz. Məhəmmədi tərifləyərək onun nüfuzlu bir soydan olduğunu və belə bir soyla qohum olmağı özləri üçün şərəf hesab etdiyini deyərək bu evliliyə razı olduğunu söylədi. Tərəflər arasında əldə edilən razılığa görə, Hz. Xədicə ilə Hz. Məhəmmədin (s.ə.v.) nikahı bağlandı və qarşı tərəfə cehiz kimi 400 dinar (bəzi məlumatlara görə, 20 dəvə) verildi. Beləliklə, Hz. Xədicə ilə Hz. Məhəmməd (s.ə.v.) evləndilər. Əslində Hz. Xədicənin ən yaxın adamlarından olan Varaka bin Nofəl bu mübarək evliliyin baş tutacağı barədə hələ əvvəlcədən bilirdi. Belə ki, bir gecə Hz. Xədicə yuxusunda günəşin Məkkə üzərindən doğduğunu və onun yavaş-yavaş aşağı enərək evinə girdiyini görmüşdü. O, yuxusunu Varaka bin Nofələ danışanda sonuncu Hz. Xədicəyə belə bir muştuluq vermişdi: “Sən şöhrəti bütün aləmi tutacaq birisi ilə ailə həyatı quracaqsan“. İndi onun sözləri düz çıxmışdı.
Hz. Xədicə Hz. Məhəmmədlə (s.ə.v.) ailə həyatı quranda 40 yaşında idi. Hz. Məhəmmədin isə (s.ə.v.) həmin dövrdə 25 yaşı var idi. Onlar Hz Məhəmmədə (s.ə.v.) peyğəmbərlik verilməzdən əvvəl 15 il , peyğəmbərlik veriləndən sonra isə 10 il birgə ailə həyatı (cəmi 25 il) yaşadılar.
Bəzi İslam əleyhdarı mürtəce qruplar Hz Məhəmmədin (s.ə.v.) bu evliliyini onun guya Hz. Xədicənin var-dövlətindən istifadə etməyə çalışması kimi dəyərləndirir və bununla bağlı ictimai rəy formalaşdırmağa cəhd edirlər. Buna paralel olaraq, onlar Hz. Xədicənin də Hz. Məhəmmədlə (s.ə.v.) evlənmək barədə qərar qəbul etməsini bu müqəddəs qadının ticarət işlərini daha da yaxşılaşdırmaq istəyi kimi qələmə verirlər. Amma kim necə düşünür-düşünsün, fərqi yoxdur, ortada danılmaz bir həqiqət var: bu da, bu ilahi evliliyin iki saf insana Allahın böyük lütfü olmasıdır. Nəhayət, bu evlilik şəxsi mənfəət üzərində qurulmamışdı və əgər belə olsaydı, onda hər iki tərəf özlərindən daha varlısını, daha zənginini tapa bilərdi. İslam Peyğəmbərinin ilk həyat yoldaşının yaşantıları “Sizin üçün daxilən rahatlıq tapa biləcəyiniz həyat yoldaşları yaratdıq“ ayəsində verilib. Hz. Xədicə Hz. Məhəmmədə ürəkdən bağlı olan, ona inanan, ona ən ağır vaxtlarında dəstək verən, dərdini bölüşdürən saf bir ömür-gün yoldaşı idi. İlk vəhyin gəlməsindən sonra müşriklərin müsəlmanlar üzərinə etdiyi aramsız təzyiqlərə, onları aclıq içində məhv etmək, tutduqları yoldan döndərmək üçün çörəklə, yemək-içməklə sınağa çəkmələrinə baxmayaraq, Hz. Xədicə ərinin yanından bir an da olsa ayrılmamış, çəkdiyi əziyyətlərdən sarsılmamış və vəfalı həyat yoldaşı olaraq ölənə kimi mətanətini itirməmiş, Kainat Günəşinin başı üzərində şam kimi yanmışdı. O, həqiqətən, sönməz sevgisi, İslam dininə sədaqəti, vəfalılığı ilə özündən sonra gələn milyonlarla müsəlman qadın üçün bir həyat örnəyinə çevrildi.
Həzrəti Xədicə, həqiqətən də, bu günə kimi dünyaya gələn qadınların ən müqəddəsi olaraq qalmaqda davam edir və əbədiyyətə kimi də saflıq və paklıq mücəssəməsi olaraq qalacaqdır.
İslam Peyğəmbərini ilk təsdiq edən qadın
Hz. Məhəmmədə (s.ə.v.) ilk vəhy gəldi... Dağlarda xəlvəti bir guşəyə çəkilən Hz. Məhəmməd (s.ə.v.) Məkkəyə qayıdanda tamam başqa bir adama çevrilmişdi. Onun bu halını heç də hamı anlaya bilmək qabiliyyətində deyildi. Amma Hz. Xədicə ərinin dağlarda xəlvəti guşəyə çəkilməsini və oradan qayıtmasını səbirsizliklə gözlədiyi üçün həyat yoldaşında baş verən dəyişikliyi dərhal anladı və onun dediklərini səbirlə dinlədi. Hz. Məhəmmədin (s.ə.v.) vəhy barədə söylədiklərinə heyranlıqla qulaq asan Hz. Xədicə heç bir tərəddüd etmədən dərhal: “Sən doğru danışırsan, əmanətə xəyanət edən deyilsən, haqq və ədaləti həmişə müdafiə edənsən, ən ağır zamanlarında insanlara dərhal yardım göstərənsən, Haqq-Təala heç vaxt buna görə səni yalqız buraxmayacaqdır“, - deyərək onun peyğəmbərliyini ilk təsdiq edən, ona ilk inanan və İslam dininə ilk iman gətirən qadın oldu. Və onun adı əbədiyyətə qədər də İslam dininə ilk iman gətirən, İslam peyğəmbərini ilk tanıyan qadın olaraq qalacaq...
Sonra Kainatın Günəşi və ona ilk iman gətirən Hz. Xədicə mağarada baş verən hadisələri və ilk vəhyi anlatmaq üçün özlərinə ən yaxın bildikləri sevimli Varaka bin Nofəlin yanına getdilər. İbranicə (yəhudi dilində) oxumağı və yazmağı bilən, İncill və Tövratı oxuyaraq onları dərindən öyrənən Varaka bin Nofəl Hz. Məhəmmədin (s.ə.v.) başına gələnləri eşidən kimi: “Səninlə danışan, sənə vəhy çatdıranlar Allahın mələkləri olublar, Sənə peyğəmbərlik verilib“, - dedi. Yeri gəlmişkən, onu da deyək ki, hələ Hz. Məhəmmədə (s.ə.v.) peyğəmbərlik verilməzdən xeyli əvvəllər də Varaka bin Nofəl tez-tez: “Qureyşdən bir nəfər Allah tərəfindən insanları doğru yola dəvət etmək üçün göndəriləcək və bu qəbilənin ən zəngin qadınlarından biri ilə evlənəcək“, - deyirdi. Amma ilk vəhydən sonra uzun bir müddət peyğəmbərə vəhy gəlmədi və Hz. Məhəmməd (s.ə.v) bundan narahat oldu. Amma Hz. Xədicə ömür-gün yoldaşının bu halını görərək: “Hər şey Uca Allahın əlindədir və baş verənlərə görə üzülməyinə dəyməz“, - deyə ona təsəlli verməyə çalışırdı. Burada bir məsələyə də diqqəti cəlb etmək istəyirik. Hz. Xədicə İslam Peyğəmbəri ilə birlikdə Hz. Cəbrayıl tərəfindən öyrədilən, namaz qılan ilk müqəddəslərimizdəndir.
Hz. Xədicənin Hz. Məhəmmədlə (s.ə.v.) evlilikdən 6 uşağı oldu və İslam Peyğəmbərinin nəsli bu müqəddəs qadının doğduğu Hz. Fatima ilə davam etdi. Hz. Xədicə Haqqın dərgahına qovuşan günə kimi Əhli-Beytin (Hz. Məhəmmədin (s.ə.v.) ailəsinin) ana qadını olaraq qaldı. O, İslam düşmənlərinə qan uddurduğuna görə “Allahın aslanı“ adı verilən Hz. Əli və onun sevimli həyat yoldaşı Hz. Fatimanı tərbiyə edərək İslam aləminə ən böyük xidmətini etmişdi.
Hər kəs ona yalançı deyərkən o, Ona inandı
Hz. Xədicənin kainatın sonuncu peyğəmbərinə sözlə izah edilə bilinməyəcək və yer üzündə ölçülməsi mümkün olmayan misilsiz xidmətləri günümüzdə qəlbində Uca Allah eşqini, Hz. Məhəmməd (s.ə.v.) sevgisini yaşadan insanlar üçün nur qaynağı olaraq qalmaqda davam edir. Yenə də bir az əvvələ qayıtmaq, bu müqəddəs qadının ucalığını oxucularımıza daha dərindən çatdırmaq istəyirik. Hz. Məhəmməd (s.ə.v.) Hira dağında xəlvəti bir guşəyə çəkildiyi zaman ona ac qalmasın deyə yemək apararaq, onun hər diləyini, hər arzusunu yerinə yetirəndə yenə də Hz. Xədicə idi. O, Hz. Məhəmmədin (s.ə.v.) hər üzüntüsünü dərhal hiss edərək onu ovundurmağa, ona ruh yüksəkliyi verməyə çalışardı. Məkkədə vəziyyət həddindən artıq ağırlaşmağa başlayanda Hz. Xədicə “of“ belə demədən bütün var-dövlətini və sərvətini müsəlmanların ehtiyaclarının ödənilməsi üçün sərf etdi. Üç il davam edən bu iqtisadı embarqo zamanı Hz. Xədicə səbirlə, mətanətlə baş verənlərə sinə gərmiş, heç zaman qarşılaşdığı bu ağır durumundan şikayət etməmiş, daima Uca Allaha şükür etmişdi. Hz. Xədicə hicrətdən üç il əvvəl, 619-cu ildə müşriklərin baykotu aradan qaldırmasından sonra 63 yaşında ikən Haqqın dərgahına qovuşdu. Onun Haqqın dərgahına qovuşmasından az sonra Hz. Məhəmmədin (s.ə.v.) sevimli əmisi, ən ağır günlərində ona arxa duran və qardaşı oğlunu hər vasitə ilə müşriklərdən qorumağa çalışan Əbu Talib də o dünyaya köç etdi. Həzrəti Məhəmmədin (s.ə.v.) iki sevimli adamını itirdiyi həmin il İslam tarixində “hüzn ili“ olaraq anılır. Hz. Xədicə vəfatından sonra da müsəlmanların anası kimi heç vaxt unudulmadı. Hz. Məhəmməd (s.ə.v.) də həyatının sonuna kimi Hz. Xədicəni tez-tez xatırlayırdı. Hz. Əlinin sözlərinə görə, Hz. Məhəmməd (s.ə.v.) sonradan evləndiyi xanımlarının yanında hər gün Hz. Xədicəni xatırlayar və bu zaman göz yaşlarını saxlaya bilməzdi. Buna qısqanclıqla yanaşan Hz. Ayişəyə isə Hz. Məhəmməd (s.ə.v.) belə demişdi: “Ey Ayişə, mənə vəhy gəlməsinə və peyğəmbərliyimə heç kəs inanmayanda Xədicə mənə inandı və İslama iman gətirdi. Mənə “yalan söyləyirsən“ deyilərkən, o, “doğru deyirsən“ dedi. İnsanlar maddi varlıqlarını qoruyub saxlayanda və onu daha da artırmağa çalışanda Xədicə var-dövlətini qarşıma qoyaraq İslam yolunda onu istədiyim kimi xərcləməyimi istədi. Ən ağır günlərimdə və təkləndiyim vaxtlarımda o: “Üzülmə, pis günlərin yerini daha yaxşı günlər əvəz edəcək“, - deyə mənə dəstək verdi. Mən Xədicəni bunun üçün heç vaxt unuda bilmirəm“.
Yenə də Kainatın Günəşinin dediyinə görə, “Xədicənin könlündə heç kimsədə olmayan bir özəllik vardı, O, insanın qəlbindəki kədəri dərhal duyar və onu ovunduraraq xoş ovqat bəxş edərdi“.
Onu da deyək ki, Xədicə sözü ərəb dilində vaxtından əvvəl dünyaya gələn, anadan olan mənasını verir. Amma O, vaxtında dünyaya gəlmişdi, lakin əziyyətli günlərdən sonra gələcək xoş anları görə bilmədi. Uca Allah Hz. Xədicənin fədakarlığını, saflığını və imanını Cəbrayılla göndərdiyi salamla mükafatlandırmışdı. Hz. Xədicə Allahın salam göndərdiyi az sayda qadınlardan biri idi. Hz. Məhəmməd (s.ə.v.) ölüm döşəyində yatan sevimli ömür-gün yoldaşına belə bir müjdə vermişdi: “Ey Xədicə, sevin. Uca Allah səni İmranın qızı Məryəm və Fironun zövcəsi Asiyaya bərabər tutmuşdur“.
Tarix: 22.01.2015 / 11:29 Müəllif: Aziza Baxılıb: 255 Bölmə: Qadın və Din