İslam dini iki əsas bölmədən ibarətdir: İnanclar bölümü və hökümlər bölümü.
İslam dini insanların inanc bölümündə başqalarını təqlid etməsini caiz saymır, başqa sözlə ifadə etmiş olsaq, hər kəsin nə üçün Allaha inandığını, nə üçün Allahın tək olmasını, bu dünyadan sonrakı dünyaya köç etmiş olacağını və nə səbəbə islamı mənimsəmiş olmasını dəlil, sübutlarla bilməsini məqsədəuyğun sayır.
İslam quru bir dindarlığı qəbul etmir. İslamın əsaslarına riayət etmədən öncə insanları islamın özünü � yəni mahiyyətini anlamağa çağırır. Bir inancı mənimsəməmişiksə, ona mübtəla olmağımız nə qədər məqbul sayıla bilər? Dindarlığın təməli inancdır, inanc olmazsa, dindarlıq sadəcə üzdə bir təqliddən ibarətdir.
Günlərin bir günü yaşlı bir qadın bir tərəfdən cəhrədə yun əyirir, digər tərəfdən isə Allahı zikr edirdi. Bu zaman Peyğəmbər (sallaLLAHU aleyhi vas salam -Allahın salavatı və salamı olsun s.a.v.) və bir neçə səhabələri qadının yanından keçirlər, Peyğəmbərimiz (s.a.v.) ayaq saxlayıb qadından hansı dəlilə əsasən Allaha inandığını soruşur. Qadın isə öz növbəsində qarşısındakı cəhrəni göstərərək, belə deyir: bu gördüyünüz cəhrə mənim əlimin gücü ilə fırlanırsa, bu aləmin çərxi də Böyük bir Əlin qüvvəsiylə fırlanır. Bu sözlərdən sonra Peyğəmbərimiz (s.a.v.) səhabələrinə tərəf dönərək belə deyir: �Sizə yaşlı qadınların inancını tövsiyə edirəm. Yəni, hər insan ən azı bu yaşlı qadın qədər bir dünyagörüşünə sahib olmalıdır�.
Dinin ikinci bölümünə gəlincə, gündəlik həyatimizda tez-tez qarşılaşdığımız əmrləri və qadağaları lazımınca bilməyimizdir. Buna misal olaraq, qıldığımız namazın, tutduğumuz orucun hökmlərini, həyat yoldaşımızın üzərimizdəki haqlarını və buna bənzər dini vaciblərimizi bilməyimizdir.
Elm və bilik bir üstünlükdür, bir fəzilətdir, dolayısıyla Peyğəmbərimizin (s.a.v.) həyatına baxdığımız zaman O həzrətin insanları daim elm öyrənməyə sövq etməsini görürük. Xüsusilə də öyrəniləcək elmin ilahi elm üslubundan olması və insanları yaxşı tərəfə yönəltməsi baxımından daha çox öyrənilməsi vacib olan elm olduğunu tövsiyə etməsinin şahidi oluruq.
Üstündə duracağımız önəmli məsələlərdən birisi Qurani-Kərimdə açıqlanan mənəvi məqamlarda cinsiyyət fərqliliyinin olmamasıdır. Yəni, Qurani-Kərimin bizlərə çatdırmış olduğu məsələ məhz insanların qadın və ya kişi olmasından asılı olmayaraq ancaq təmiz qəlblə Ondakı gizli məqamlara çata biləcəyini söyləməsidir. Hz. Məhəmməd (s.a.v.)-in həyatına baxdığımız zaman, heç bir vaxt qadınların elm öyrənməsinə qarşı çıxmadığını görə bilərik, hətta, qadınlar üçün özəl vaxt ayırdığını və onlara Allahın əmrlərini məhz özünün çatdırdığını görə bilərik. Digər bir tərəfdən isə, qadınları bəzən �elmli qadın�lara yönləndirdiyinin şahidi oluruq və bu şəkildə elmin sistemini qurduğunu görürük. Bundan başqa, ərəblər içərisində ən savadlı və elmli qadın olan Hz. Xədicənin (radiyaLLAHU anha - Allah ondan razi olsun r.a.) məhz Rəsulun zövcəsi olması da təsadüfi deyildir.
Evdar bir xanımın cahil və savadsız olması cəmiyyətimiz üçün nə qədər təhlükə daşıdığının fərqində belə deyilik. Belə ki, düşünün uşağımızı elmsiz, cahil bir qadının tərbiyəsinə əmanət edirik, sizcə, bu uşaq nə qədər uğurlu bir gələcəyə sahib ola bilər?! Bu uşağın gələcəkdə cəmiyyətin müstəqil bir fərdi kimi, sözsüz ki, ilkin tərbiyəsi müstəsna əhəmiyyətə malikdir. Cəmiyyətin sağlam düşüncəyə malik fərdinin yetişməsində ağıl və elm sahibi olan analarımızın əvəzedilməz rolu vardır. Hər nə qədər, qadınların ailədə dörd divar əhatəsində lüzumsuz işlərlə məşğul olduqlarını düşünsək, məhz elə onların cəmiyyətin �onurğa sütunu�nu təşkil etdiklərini danmamalıyıq. Fəsadla dolu dünyamızda zülmün ədaləti əvəz etməsi, dəyərsizliyin qiymətləndirilməsi də elə bu səbəbdəndir. Dini bu cür anlayan və dindarlıq bəhanəsi ilə qadını savadsız saxlamaq böyük qəbahətdir. İslam tarixini oxusaq, İslamda qadınların ictihada çatdıqlarının, təhsillə məşğul olub qiymətli əsərlər yazdıqlarının şahidi olarıq. Bəziləri Həzrəti Peyğəmbərimizin (s.a.v.) qızı Fatimədən (r.a.) olan hədisləri düzgün dərk etməyərək, �Qadının məscidi evdir�, �Xoşbəxt qadın odur ki, nə naməhrəm onu görsün, nə o naməhrəmi� kimi mövzuların mahiyyətini anlamayaraq, İslam adı altında qadının savadlanmasına qarşı çıxır, qadını cəmiyyətdən, ictimai işlərdən, dərs ocaqlarından məhrum edir. Halbuki, İslam düşünən insanlara belə bir şüar vermişdir: �Elm hər bir müsəlman kişi və qadına vacibdir�, �Beşikdən qəbrədək elm öyrənin�.
Tarix: 22.01.2015 / 11:36 Müəllif: Aziza Baxılıb: 204 Bölmə: Qadın və Din