Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qadın xoşbəxtliyi...

Ailə həyatı qurularkən hər bir qadın istəyir ki, həyat yoldaşı onu daim ön planda qoysun və hər şeydən üstün saysın. Hər an və hər zaman onu xatırlasın, hər şeydə ona üstünlük versin, hətta ər onun istəklərinə görə öz istəklərindən də imtina etsin. Çünki qadın bütün ömrünü onunla keçirməyə razılıq verib, öz ata evindən köçüb ərin evinə gəlib və tam varlığı ilə ərinə tabe olubdur. Qadın həyat yoldaşından ən isti və ülvi sevgini gözləyir, bir bədəndə iki şəxsin yerləşməsi kimi yaxın olmaq istəyir, mənzildə qoyulmuş mebel və ya bir əşya kimi evdə oturmağı diləmir. Bütün bunları arzulayarkən, ər evinə gələr-gəlməz qısa bir müddət keçən kimi sanki bütün xəyallarının puç olduğunu düşünür. Hər şeyin mənasız və dəyərsiz olduğunu fikirləşir. Həyat yoldaşının evlilikdən qısa bir müddət keçən kimi dəyişdiyini hiss edir və heç cür rahatlıq tapa bilmir. Yaxınlarına və dost-tanışlarına həyatının ağır olduğu barədə danışır. Ərinə, ona heç əhəmiyyət vermədiyini şikayət edir. Əlbəttə, yuxarıdakı arzularla yaşamaq və həyatda onlara nail olmaq hər bir qadının haqqıdır. Ancaq hər şeydən əvvəl qadın özünü sevməlidir və daim ərinə şikayət etməməlidir ki, ona niyə əhəmiyyət vermir. Hər zaman şikayət eşidən kişidə belə bir fikir yaranır ki, o nə etsə də qadının haqqını yenə verə bilmir və yaxud qadın onsuz da ondan razı qalmayacaq. Lakin ağıllı qadın çalışmalıdır ki, həyat yoldaşı ilə keçirdiyi vaxtı ən gözəl, mənalı və şirin keçirsin. Öz qadınlığını, incəliyini, zərifliyini və həssaslığını həyat yoldaşına göstərə bilsin. Çünki həmişə qadınından narazılıq və şikayət görən kişi onsuz da əvvəl-axır bezməlidir və xasiyyəti dəyişməlidir. Ərindən ona nə qədər əhəmiyyət verdiyini, ona niyə belə münasibət göstərməsini, onun həyatında hansı yeri tutduğunu və sairə kimi suallar verməkdənsə, qadın çalışmalıdır ki, həmişə onunla sakit və xoş vaxt keçirsin.


Təbii ki, bunları etmək o qədər də asan deyil. Buna hər bir qadının gücü yetməz. Bütün bunları eşitsə də, oxusa da, bilsə də yenə qadınlar həmişə eyni cür sualları verirlər; Ərim məni sevsəydi, məni evi idarə etməyə qoyardı. Mənim sözümə qulaq asardı, necə ki, rəfiqəmin əri həmişə onun sözünə hörmətlə yanaşır. Ailəsini, mənə hörmət etməyə məcbur edərdi və aramızda olanların heç birini ailəsinə deməzdi. Evləndikdən sonra bədənimdə və əynimdə olan dəyişiklikləri tam razı halda qəbul edərdi. Mənim bütün xarakterlərimi incəliklə qəbul edərdi və başqa qadınlardakı gözəl xüsusiyyətləri sayaraq mənim hisslərimlə oynamazdı. Başa düşərdi ki, mənim mənzil işlərim, uşaqların tərbiyəsi, yeməyin hazırlanması, paltarların yuyulması və sairə kimi çox işim olur. Hərdən əsəbləşəndə və qışqıranda məni başa düşməli idi ki, mənim işlərim çox olduğundan bu vəziyyətə düşürəm. Mənim rəfiqələrim və məni tanıyanlar mənə qiymət verirlər, amma o məni qiymətləndirmir, amma fikirləşmir ki, mən ondan da yaxşısına ərə gedə bilərdim. Məni sevsəydi...
Bütün qadınlar buna oxşar şikayətlər edirlər. Amma ağıllı qadın elə edə bilər ki, bütün məsuliyyətlər ərin üzərinə düşsün. Ərinə bir şeyi məsləhət etmək istədikdə ona, bəs belə etsək necə olar, bəlkə yaxşı olar - deyər. Əri bunu qəbul etmək istəməsə, artıq inciklik göstərməməli, onu məcbur etməməli, "onsuz da bilirəm mən dediyimin heç birini qəbul edən deyilsən" deməməli və tərslik göstərməməlidir. Çünki çox vaxt bu, kişilərin inadkarlığına səbəb olur və evin kişisi olduğu üçün heç bir sözə qulaq asmadan elə bildiyini etməyə məcbur edir. Qadın bezmədən və incimədən həmişə həyat yoldaşına yumşaqcasına və incəliklə məsləhət etməlidir və əri bunu ilk təklifdə qəbul etmədiyini hiss etdikdə, özünü razı kimi göstərməlidir. "Bilirəm ki, sən daha düzgününü seçəcəksən və ailəmiz üçün ən doğru seçim edəcəksən." - deməlidir.
Xoşbəxt olmaq istəyən qadın başqa qadınların və rəfiqələrənin dediklərinin hamısına inanmalı deyil. Bəlkə bəzi qadınlar onu incitmək üçün belə edirlər. Yaxud da tutalım ki, həmin qadınların dedikləri doğrudur və evdə nə istəsələr ərləri razı olurlar. Amma bilmirlər ki, belə kişilərin çoxusu başqa qadınlara meyl edirlər. Çünki öz qadınlarının yanında sözləri keçmir və başqa qadınların yanında özlərini əsl kişi kimi hiss edirlər.
Ağıllı qadın qaynana və qaynata sevgisini qazanmağı bacarmalıdır. Onlarla daim mülayim və zərif davranmalıdır. Uşaqları onları sevməyi öyrətməlidir.

Qadınlar ailə qurduqdan sonra bədənlərindəki mənfi dəyişiklikləri gördükdən sonra bu dəyişikliklərə təslim olurlar. Fikirləşirlər ki, artıq ərə getmişəm, olan-olub və keçən-keçib, ailəm var, uşaqlarım var, ev işlərim var, indidən sonra mən nəyə görə bəzənməliyəm və bədənimi normal (fiqura) saxlamalıyam?! Ağıllı qadın isə nə olursa olsun buna təslim olmalı deyil, iradəsini güclü saxlamalıdır və daim özünün gözəl və cazibəli qalmasına çalışmalıdır ki, ərini özündən qaçırmasın. Çünki sonunda uduzan varsa o da özü olacaqdır.
Qadınlar həm də ərlərinə şikayət etdikdə deyirlər ki; sənin uşaqlarına baxıram, tərbiyə edirəm, evi təmizləyirəm, paltarlarınızı yuyuram və sairə. Amma qadın düşünmür ki, qadın bununla öz qiymətini salır və özünü xidmətçi kimi göstərir və sanki heç o, bu ailənin bir üzvü deyil. Ağıllı qadın deyərdi ki; "Uşaqlarımızı tərbiyə edirəm, uşaqlarımıza baxıram, evimizi təmizləyirəm, paltarlarımızı yuyuram" və s.
İşləyən qadınların çoxu isə belə bir şikayət edirlər ki, iş yerimdə hamı mənə hörmətlə yanaşır, qədrimi bilirlər. Amma həmin qadına bir sual verilməlidir; Sən iş yoldaşlarınla rəftar etdiyin surətdə, ərinlə də rəftar edirsənmi?
Bəzi qadınlar evdə ərləri nə desə, buna qarşılıq bir cavab verməlidir, çığır-bağır salmalıdılar ki, uşaqları görsünlər ki, analarının sözü sözdür. Kişi bir söz dedikdə, qadın ikisini deyir, kişi əsəbləşən kimi qadın da qışqırmağa başlayır. Beləcə qadın, ailə həyatını döyüş meydanına çevirir.
Qadınlar deyirlər ki; biz evlənməmişdən əvvəl o məni elə sevərdi ki, mənimlə elə nəzakətli idi ki, həmişə mənə məhəbbətlə yanaşardı. Amma qadın demir ki; o özü həmişə incə rəftar edərdi, oğlana gözəl və cazibəli görsənmək üçün hər cür yollara əl atardı. Evləndikdən sonra isə artıq əvvəl etdiklərini etmir axı. Nişanlı olan vaxtlarında geyindiyi kimi, davrandığı kimi indi də əri ilə elə davransa bu olanlar baş verərmi heç?!


Tarix: 22.01.2015 / 11:19 Müəllif: Aziza Baxılıb: 179 Bölmə: Qadın və Din
loading...