Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Hicaba münasibətin böldüyü cəmiyyəti məntiq birləşdirə bilərmi?

Hicab mübahisəsi: başı örtmək ağılı örtməkdirmi?
Hicaba münasibətin böldüyü cəmiyyəti məntiq birləşdirə bilərmi?
Heç kim demir ki, başı açıqlar həyasızdır, başıörtülülər həyalıdır, yaxud da əksini də heç kim iddia edə bilməz...
Bilənlər və bilməyənlər, bildiyini zənn edənlər, bilmədiyi halda bilgili kimi görünməyə çalışanlar yazırlar, danışırlar. İnsan heç nə bilməsə də, heç olmasa həddini bilməlidir. Bunu səmimi olaraq bilmək, öyrənmək istəyənlərin fikrinə əsasən Milli.Az xəbər portalında belə bir yazı ilə çıxış etmək qərarına gəldim. Çünki cavab, bilmək istəyənin haqqıdır. Bu haqqı isə haqqı olmayanların əhatə dairəsində saxlamaq haqlılara haqsızlıq olar.

Baş örtüyü nədir? Dinlərdə, xüsusilə də vəhyə əsaslanan dinlərdə bu məsələyə münasibət necədir? Birinci olaraq, baş örtüyünün Allahın əmri olması ilə bağlı məsələyə müraciət edək.



Xristian və yəhudilər də açıq başı sevmir?

Əlimizdə mövcud olan yazılı Tövratda (Elohim) bununla bağlı buyruq olmadığı halda Rabbinik rəvayətlərdə belə deyilir: «İsrail qızlarına başı açıq çöldə gəzmək yaraşmaz», «Arvadının saçlarını göstərməsinə icazə verən kişiyə lənət olsun»... «Başı açıq ailəli bir qadının olduğu məclisdə dua və ibadət etmək qadağandır». Tövratda isə bütün hörmətə layiq və nüfuzlu qadınların başı örtülü olduğu qeyd edilir. İshaq peyğəmbərin həyat yoldaşı, Yəqub peyğəmbərin anası Rəhil, Yusuf və Musa peyğəmbərlərin anaları və sair başı örtülü olaraq təsvir edilir. Hazırda hasidim yəhudi camaatının qadınlarının hamısı pariklə gəzirlər. Yəhudilikdə baş örtüyü əsasən iffət kimi qəbul edilib.



Xristianlığın müqəddəs kitabı olan İncildə belə buyurulur: «Mən Məsihdən nümunə götürdüyüm kimi siz də məndən nümunə götürün... Başıaçıq dua, yaxud peyğəmbərlik edən hər qadın da öz başını şərəfsiz edir. Belə qadınla saçları qırxılmış qadın arasında fərq yoxdur. Əgər qadın başını örtmürsə, qoy saçlarını qısa kəssin. Amma əgər qadın üçün saçını qısa kəsməsi, yaxud qırxması ayıbdırsa, qoy başını örtsün. Özünüz qərara gəlin, Allaha başıaçıq dua etmək qadına yaraşarmı?» («Korinflilərə birinci məktubu», 11/5-6).

Kişilər haram görəndə üzlərini çevirirmi?

İndi isə İslamın baş örtüyü ilə bağlı mövqeyinə nəzər salaq. Bildiyimiz və bildiyinizi güman etdiyimiz kimi, İslam dininin əsası Qurani-Kərim və bu kitabı insanlara çatdıran Peyğəmbərin hədisləridir. Qurani-Kərimdə Uca Allah belə buyurur: «Ey iman gətirənlər! ...Onlardan (Peyğəmbərin zövcələrindən) bir şey soruşduqda, pərdə arxasından soruşun. Bu həm sizin, həm də onların ürəklərinə daha çox təmizlik bəxş edər...» («Əhzab» surəsi, 33/53).
«Ey Peyğəmbər! Zövcələrinə, qızlarına və möminlərin qadınlarına de ki, örtüklərini örtsünlər. Bu onların tanınması və onlara əziyyət verilməməsi üçün daha münasibdir. Allah bağışlayandır, rəhm edəndir!» («Əhzab» surəsi, 33/59).

Hicrətin 4-cü ilində gələn bu ayə konkret olaraq peyğəmbərin həyat yoldaşları ilə əlaqəli olaraq göndərilib. Buradakı «pərdə arxasından» olan kəlmə hicab termini ilə məşhur olub. Həmin il başqa ayələrlə bütün mömin qadınlara baş örtüyü əmr edilib. Allah belə buyurur: «Mömin kişilərə de ki, gözlərini haram edilmiş şeylərdən çevirsinlər, ayıb yerlərini (zinadan) qorusunlar. Bu onlar üçün daha yaxşıdır. Şübhəsiz ki, Allah onların nə etdiklərindən xəbərdardır! Mömin qadınlara de ki, gözlərini haram buyurulmuş şeylərdən çevirsinlər, ayıb yerlərini qorusunlar; öz özlüyündə görünən istisna olmaqla, zinətlərini göstrəməsinlər; baş örtüklərini yaxalarının üstünə çəksinlər...» («Nur» surəsi, 24/30-31).

Hər kəsin kim oldugu zatən bəllidir...

İslamdan əvvəl göndərilən ilahi vəhyə əsaslanan kitabların dəyişdirilməsinin, təhrif edilməsinin əsas səbəbi bu idi. Həqiqətə tabe olmağın əvəzinə, həqiqəti özlərinə tabe etdirib insanları çaşdırırdılar. Həmin kitablarla bağlı nəticə göz qabağındadır. Amma Quranla bağlı bunu bacarmayacaqlar. Çünki öz iddialarını Qurana əsaslandırmağa çalışanlar, ayələrə yanlış olaraq istinad edənlər heç vaxt istədiklərinə nail ola bilməyiblər.

Allah Quranda geyimin bir nemət olaraq göndərildiyini buyurur: «Ey Adəm oğulları! Sizə həm çılpaqlığınızı örtmək, həm də geyim və bəzəkli libas bəxş etdik. Lakin təqva libası daha xeyirlidir. Bu, Allahın ayələrindəndir ki, bəlkə, öyüd-nəsihətə qulaq asasınız» («Əraf» surəsi, 7/26). Burada təqvasız örtüyün ruhsuz cəsəd kimi olduğu bildirilir. Geyinmək insanın şəxsiyyətinə fikir verilməsi üçündür. Örtünməyin əsasında cinsiyyətin ictimailəşdirilməməsi dayanır. Örtünmək qadın-kişi münasibətinin cinsliklə deyil, şəxsiyyət üzərindən həyata keçirilməsi üçündür. Münasibətlərin zəhərlənməməsi üçündür.

Örtünməyin çərçivəsini və sərhədini əmr edən qadını da kişini də yaradandır. O isə yaratdığını bütün yaradılanlardan yaxşı tanıyır. Bu sərhədi qoyan Allahdır. Müsəlman buna iman gətirib Allahın hökmünə tabe olandır. Kənardan deyənlər və müxtəlif iddia edənlər isə Quranın ifadəsi ilə «Allaha dinini öyrətməyə çalışanlardır» («Hucurat» surəsi, 49/16). İndi isə gələk «Allaha dinini öyrətməyə çalışanlara...»

Hicaba hücüm nəyə yürüşdür?

Hər kəs simvolu bir cür başa düşür. Simvol görünməyən, bilinməyən, yaxud dərk edilməyən bir şeyi oxşatmaq, uyğunlaşdırmaq kimi müxtəlif yollarla təmsil etmək üçün istifadə olunan nəsnə və ya vasitədir. Eynicür başa düşənlərə xatırladım ki, bəli, baş örtüyü simvoldur. Nəyin simvoludur? Baş örtüyü siyasətin simvolu deyil, Allaha itaətin simvoludur. İslam dininin əsaslarından biri olan həcc simvollardan ibarət ibadət olduğu kimi baş örtüyü də simvoldur.
Baş örtüyü simvol olduğu kimi baş örtüyü qadağası da başqa bir simvoldur. Nəyin simvoludur? Təzyiqin simvoludur. Dindar olmayanların dindar olanlara qarşı zülmünün simvoludur. İnsan haqlarının tapdanmasının simvoludur. Bu simvolla əlaqəli Peyğəmbərin dövründə baş verən bir hadisəni burada qeyd etməyim yerinə düşərdi...

Mədinədə müsəlmanların hər ötən gün gücləndiyini həzm edə bilməyənlər bunu qusmaq üçün yollar axtarırdılar. Bir gün başı örtülü müsəlman bir qadın yəhudilərin Mədinə şəhərindəki Qaynuqa bazarına getmişdi. Zərgər dükanında qadının örtüyünün açılmasına səbəb olan yəhudilər bu mənzərə qarşısında gülüşməyə başladılar. Və bu onların Mədinədəki sonuncu gülüşləri oldu. Nəticədə hamısı Mədinədən köçməli oldular.
Bu hadisəni yazmağımın bir səbəbi var. Bəni Qaynuqa yəhudilərinin qadınlarının da başları örtülü idi. Amma buna baxmayaraq onların baş örtüyünə verdikləri məna ilə, müsəlmanların inandıqları məna arasında fərqlər var idi. Onlar baş örtüyünü kişinin qadın üzərindəki hökmranlığı olaraq qəbul etdikləri halda, müsəlmanlar bunu Allaha itaətin və ləyaqətin simvolu olaraq qəbul edirdilər. Onlar müsəlman qadının baş örtüyünə hücum edərkən bu simvola hücum etmişdilər.

Bir baxışla irəliyə gedənlər...

Baş örtüyünə qarşı gələnləri, yazanları, etiraz edənləri, susaraq nəticəsinin necə olacağını gözləyənləri bir qədər başa düşmək olur. Çünki uzun illərdən sonra ilk dəfə kontrasta məruz qalırlar. Bu, bədənin isti sudan soyuq girməsi nəticəsində yaranan şok effektinə oxşayır. Çünki sovet rejimi elə bir nəsillər yetişdirdi ki, həm ənənələr onlara yadlaşdı, onlar da adətlərə əcnəbiləşdi. İndinin bəzi statusundan asılı olmayan yaşlı şəxsləri adət-ənənələrini, milli-mənəvi dəyərlərini, dinlərini yaşadan analarını, nənələrini, gənc də olsa, başlarını örtənləri geridə qalmış kimi görərək özlərini müasir hesab edirlər.
Lakin unudurlar ki, zaman məfhumunun özü nisbi anlayışdır. Müasirlik məfhumu isə hər dövrə görə dəyişən anlayışdır. Bu idraka görə, babalarımız geridə qalıb biz inkişaf edərək müasirləşmişik, ya da övladlarımıza görə biz geridə qalmışıq. Başı açıq təhsilli, zəkalı insanlar olduğu kimi, baş örtüyündən istifadə edən çox ağıllı qadınlar var. Məsələyə geridaqalmışlıq kimi yanaşmaq yumşaq ifadə ilə desək, cəhalətdir. Bu cür insanlar, keçmiş sovet rejiminin sırıdığı ideoloji kinolarda həmişə başı örtülü insanlar yaşlı, açıq-saçıqlar isə gənc, müasir kimi qələmə verilirdi... Kəlağayının, yaylığın, örpəyin, baş örtüyünün onların timsalında, sovet rejimi müəlliflərinin əsərlərindəki tənqid olunan məqamlar kimi qalıb.

İmandan dəb olmaz

Hərşeyşünaslardan biri çıxıb baş örtüyünün dəb olduğunu iddia edir. Həmişə dəblə geyindiyini iddia edənlər nədənsə bu «dəbə» yaxınlarını layiq görmürlər. İnanan bir insana inandığı dəyərlərdən birini tərk etməsini tələb edərək bunu adi davranış olaraq hesab edən adam dəyər, yaxud inanc anlayışından bixəbər zavallıdır. Bu fikirdə olan insanların inandığı bir dəyəri olsaydı, inanan bir insana belə dəyərsiz təklif etməzdi. Heç olmasa bilərdi ki, iman dəb deyil. Dəblər bu iddianın sahibləri kimi dəyişə bilər, zövqlərə görə fərqlilik göstərə bilər, amma iman və imanla əlaqəli məsələ belə deyil, yəni dəyişməzdir.

İslamdan əvvəl qadınlar lüt gəzirdimi?

Din əleyhdarı kimi görünmək istəyənlərdən biri İslamdan əvvəl qadınların lüt gəzdiyini iddia edərək baş örtüyü ilə bağlı ayənin bunun qarşısını almaq üçün olduğunu iddia edir. Hətta bu iddiasına sübut kimi qadınların Kəbəni lüt fırlandıqları ənənəsi olduğunu da bildirir.
Bu iddia, bizə sırınan tarixdəki daş dövrü, homo habilis, homo erektus, homo sapiens, neandertallar kimi nağıllar əsasən dinsiz ideologiyanın ortaya atdığı, lakin heç bir sübutu olmayan əsassız iddialardır. Yuxarıdakı iddia da insanın əcdadının lüt gəzməsi ilə bağlı iddia qədər tutarsız və arsız fikirdir. Buna burada üç nöqtə qoyaraq keçək iddianın əsas tərəfinə...
İslamdan əvvəl Kəbənin lüt təvaf edilməsi ilə bağlı məqamlar olub. Amma bu deyildiyi kimi adət və ənənə deyil, ötəri bir hadisə olub. Məkkəlilərlə bağlı bir məsələ də deyildi. Çünki heç bir məkkəli Kəbəni heç vaxt paltarsız təvaf etməmişdi. Məşhur «Fil hadisəsi»ndən sonra məkkəlilər özlərini «Allahın xalqı» elan etdilər və «hums» adlandırdılar. Kənardan gələn insanlara isə «hılli» dedilər. Bir hılli Kəbəni öz paltarı ilə deyil, ancaq yerlilərdən, yəni «humus»dan birinin paltarı ilə təvaf etməliydi.

Beləliklə, paltar icarəyə vermək sektoru formalaşdı. Paltarsız təvaf ancaq paltar icarəyə götürməyə gücü çatmayanlarla məhdud olan bir məsələ olub. Bu insanlar da bir müddət əsasən gecə qaranlığında təvaf ediblər...
Buradakı digər arsız iddia Quranın «Nur» surəsində əmr edilən sözün baş örtüyü deyil, sinələrinin örtülməsi ilə əlaqəli olduğunu həya sərhəddini aşaraq dilə gətirirlər ki, bunu artıq cavabını yuxarıda qeyd etmişəm. Yenə də bir nüansı qeyd edim ki, İslamdan əvvəlki cəmiyyətdə örtü azadlığın və hörmətin əlaməti idi, daha doğrusu simvolu hesab edilirdi. Hətta baş örtüyü ilə əlaqəli olan bir hadisəni də burada qeyd etməyim yerinə düşərdi.

Ummu Qırfə binti Rabiə b. Bədr Malikoğulları tayfasının hörmətə layiq bir qadını idi. Ğatafan tayfasından olan iki ordu döyüşmək üçün qarşı-qarşıya dayanmışdılar. Döyüş başlamamış bu qadın baş örtüyünü yerə ataraq müharibənin qarşısını almışdı.

Həyasız və həyalı arasında

Nə mən, nə də başqa biri heç vaxt əxlaq kriteriyalarını bu prizmadan yanaşaraq dəyərləndirmir. Heç kim demir ki, başı açıqlar həyasızdır, başıörtülülər həyalıdır, yaxud da əksini də heç kim iddia edə bilməz. Bunlar fərdi məsələlərdir. Bu gün məsələyə insan haqların, vicdan azadlığı, dini etiqad azadlığı bucağından baxmaq lazımdır. Nəzərə almaq lazımdır ki, başını örtən insan azadlığını bu cür yaşamaq istəyir. Müsəlman qadın Allahın ona bəxş etdiyi azadlığı örtünərək yaşamaq istəyirsə, bundan kimə nə? Bu onun azadlığıdır. Buna qarşı olan etirazı onun azadlığına qarşı edilmiş haqsızlıq olaraq qəbul etməsi təbii haqqıdır. Bunu başa düşən insan müsəlman qadının baş örtüyünün nə mənaya gəldiyini anlaya bilər


Tarix: 22.01.2015 / 11:21 Müəllif: Aziza Baxılıb: 161 Bölmə: Qadın və Din
loading...