Tarixi
Qaralar - İrəvan quberniyasının İrəvan qəzasında, indi Vedi (Ararat) rayonunun aran hissəsində, Ağrıdaə vadisində kənd. Rayon mərkəzindən 7 km məsafədə, Vedi çayının qolu olan Böyük çayın üstündə, Bakı-İrəvan dəmiryol xəttinin kənarında yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir.
1920-ci ilə qədər kənddə ancaq Azərbaycan tühkləri yaşamışlar. Kənddə 1873-cü ildə 443 nəfər, 1886-cı ildə 387 nəfər, 1897-ci ildə 570 nəfər, 1904-cü ildə 252 nəfər, 1914-cü ildə 256 nəfər, 1916-cı ildə 546 nəfər azərbaycanlı yaşamışdır. Lakin «Ermənistan və ətraf vilayətlərin toponimlər lüğəti»ndə bu faktlar təhrif edilərək 1873-1916-cı illərdə kənddə azərbaycanlıların yox, ermənilərin yaşadığı göstərilir.
1918-20-ci illərdə bütün vedibasarlılar kimi, Qaralar kəndinin igidləri də Abbasqulu bəy Şadlinskinin başçılığı ilə "Mübariz dəstə"də erməni daşnaklarına qarşı vuruşmuşlar. 1920-ci ildə Vedinin süqutundan sonra qaralarlılar da Arazı keçərək Cənubi Azərbaycana mühacirət etmişlər. 1920-ci ilin sonlarında Abbasqulu bəy Şadlinskinin başçılığı ilə Naxçıvana gələrək "Qırmızı tabor"un tərkibində erməni daşnaklarına qarşı vuruşmuş, Şərur, Vedibasar, Gərnibasar, Dərələyəz və s. mahalların daşnaklardan təmizlənməsində fəal iştirak etmişlər.
1920-ci ildə indiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra kəndin mühacirətdə olan azərbaycanlı əhalisi geri qayıtmışdır. Lakin bu illərdə kənddə İranın Bacaqulis vilayətindən (indi Ostan), Türkiyənin Van, Şatax və Bayazed vilayətlərindən ermənilər də köçürülüb kənddə yerləşdirilmişlər. Daha sonra, 1940-50-ci illərdə isə indiki Ermənistanın Qaranlıq (Martuni) və Qarakilsə (Sisyan) rayonlarından, 1946-cı ildə İran və Livandan yenidən ermənilər köçürülərək Qaralar kəndində yerləşdirilmişdir.
Kənddə 1922-ci ildə 241 nəfər azərbaycanlı, 273 nəfər erməni, 1926-cı ildə 280 nəfər azərbaycanlı, 252 nəfər erməni, 1931-ci ildə 297 nəfər azərbaycanlı, 292 nəfər erməni (415 s.87, 157), 1939-cu ildə ümumilikdə 780, 1955-cı ildə 1181, 1970-ci ildə 1794, 1979-cu ildə 1942 nəfər əhali yaşamışdır.
1988-ci ilin noyabr-dekabr aylarında azərbaycanlılar Ermənistan dövləti tərəfindən tarixi-etnik vətənlərindən deportasiya olunmuşdur. İndi burada yalnız ermənilər yaşayır.
Toponim türk mənşəli qaralar etnonimi əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir.
Erm. SSR AS RH-nin 25.l.1978-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Aralez qoyulmuşdur.
Tarix: 06.02.2015 / 18:49 Müəllif: Feriska Baxılıb: 98 Bölmə: Qərbi Azərbaycan