Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qabaxlı

Tarixi
Toponim türk Qabaq tayfasının adına, mənsubluq bildirən -lı şəkilçisinin artırılması ilə düzəlib "qabaq tayfasına mənsub yer, kənd" mənasını bildirir. F.Kırzıoğlu göstərir ki, yayı hazırki Ermənistanda, qışı Qarabağda keçirən türk tayfalarından biri qabaq adlanırdı. Etnotoponimdir. Quruluşca düzəltmə toponimdir.

Kənddə 1988-ci ilədək azərbaycanlılar yaşamış, azərbaycanlı əhalinin deportasiyasından sonra bura Qarabağdan köçmüş ermənilər yeləşdirilmişdir. 1990-cı illərdə kəndin adı Qoğtanik olaraq dəyişdirilmişdir. Hazırda Qoğtanik kəndi keçmiş Keşişkənd və Soylan rayonlarının ərazisi hesabına təşkil edilmiş Vayoc dzor mərzində (erm. e.ə. Վայոց ձորի մարզ, l.ə. Vayoc dzori marz) mövcud olan 44 cəmiyyətdən biri olan Qoğtanik kənd cəmiyyətini (erm.: e.ə. Գողթանիկ գյուղական համայնքի, l.ə. Qoğtanik qyuğakan hamaynki) təşkil edir.

Coğrafiyası
Kəndin ərazisi dəniz səviyyəsindən 2307 metr hündürlükdə yerləşir.

Əhalisi
İvan İvanoviç Şopenin rəhbərliyi 1829-cu ilin aprel ayında başladılmış və 1832-ci ilin may ayında sona çatdırılmış əhalinin kameral siyahıyaalınmasının yekunlarına əsasən Erməni vilayətinin Naxçıvan əyalətinin Dərələyəz mahalında yerləşən Aşağı Canı kəndində 10 ailədə 21 nəfəri kişilər 24 nəfəri isə qadınlar olmaqla 45 nəfər müsəlman yaşayırdı.
1869-cu il əhalinin kameral sayımına əsasən İrəvan quberniyası, Naxçıvan qəzasının Qabaxlı kəndində (Qafqazın 5 verstlik xəritəsində "Aşağı Canı" kəndi) 18 tüstüdən ibarət azərbaycanlılar məskunlaşmışdı.
1873-cü ilin kameral siyahıyaalınmasına əsasən İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, Alagöz (Canıçay) çayının hər iki sahilində yerləşən və dövlət xəzinəsinə məxsus Qabaxlı kəndində 33 evdə 159 nəfəri kişilər, 109 nəfəri qadınlar olmaqla toplam 268 nəfər şiə təriqətli müsəlman azərbaycanlılar yaşayırdılar.
14 may – 17 dekabr 1886-cı ildə ailələr üzrə aparılmış kameral siyahıyaalmaya əsasən İrəvan quberniyası, Şərur-Dərələyəz qəzası, II şöbənin (Dərləyəz şöbəsi), Alagöz kənd cəmiyyəti tərkibinə daxil olan Canı-Qabaxlı (Qabaxlı/Aşağı Canı) kəndində 42 evdə (təsərrüfatda) şiə etiqadlı müsəlman azərbaycanlılardan ibarət 429 nəfər (237 nəfəri kişilər, 192 nəfəri qadınlar) əhali yaşayırdı.
Rusiya İmperiyasının 28 yanvar – 9 fevral 1897-ci il tarixli birinci əhali sayımına əsasən İrəvan quberniyası, Şərur-Dərələyəz qəzasının Qabaxlı kəndində 566 nəfər (312 nəfəri kişilər, 254 nəfəri qadınlar) əhali yaşayırdı və onların hamısı müsəlman idi.
1905-ci ilə olan məlumata əsasən İrəvan quberniyası, Şərur-Dərələyəz qəzası, II polis şöbəsi, Alagöz kənd cəmiyyətinə daxil olan Qabaxlı kəndində 42 evdə 316 nəfəri kişilər, 298 nəfəri isə qadınlar olmaqla 614 nəfər azərbaycanlı yaşayırdı.
"1915-ci ilə olan Qafqaz təqvimi"nə əsasən, 1 yanvar 1914-cü il tarixinə İrəvan quberniyası, Şərur-Dərələyəz qəzası, Canı-Qabaxlı kəndində əsasən azərbaycanlılardan ibarət 614 nəfər əhali yaşayırdı.
Kənddə 1916-cı ildə 763 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə erməni təcavüzünə məruz qalan kənd sakinləri deportasiya olunmuşdur. Yalnız indiki Ermənistanda sovet hökuməti qurulandan sonra geri - öz kəndlərinə dönə bilmişdilər. Burada 1922-ci ildə 59 nəfər, 1926-cı ildə 217 nəfər, 1931-ci ildə 330 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1988-ci ilin noyabrın axırlarında kəndin sakinləri Ermənistan dövləti tərəfindən tamamilə tarixi-etnik torpaqlarından deportasiya olunmuşdur. İndi ermənilər yaşayır.


Tarix: 06.02.2015 / 18:45 Müəllif: Feriska Baxılıb: 186 Bölmə: Qərbi Azərbaycan
loading...