Əvəz Əkbər oğlu Ələkbərov (23 iyul 1952, Göyçə, Ermənistan SSR) - iqtisad elmləri doktoru, Azərbaycan Respublikasının sabiq maliyyə naziri (1999-2006).
Həyatı
Əvəz Ələkbərov 1952-ci il iyulun 23-də Ermənistanın (Qərbi Azərbaycanın Göyçə mahalı) Krasnoselski rayonunun Cil kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra 1969-cu ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna daxil olmuş, 1973-cü ildə həmin institutun uçot-iqtisad fakultəsini bitirib, iqtisadçı ixtisası almışdır. İnstitutu bitirdikdən sonra bir müddət Bakı Baş tikinti idarəsində mühasib-hesabdar işləmişdir.
1973-cü ilin noyabrından bir il Belarusiyanın Brest vilayətində hərbi xidmətdə qulluq etmişdir.
İyun 1975-ci ildən oktyabr 1981-ci ilə kimi Azərbaycan Kənd Tikinti Nazirliyinin "Azərkəndquraşdırmatikinti" trestində iqtisadçı, böyük iqtisadçı, plan şöbəsinin rəisi, trest müdirinin iqtisadi məsələlər üzrə müavini işləmişdir.
1981-ci ilin oktyabr ayından 1984-cü ilin may ayına kimi Azərbaycan SSR Nazirlər Soveti plan-maliyyə orqanları şöbəsində böyük referent olmuş, may 1984-cü ildən yanvar 1991-ci ilə kimi Azərbaycan SSR Nazirlər Sovetinin iqtisad şöbəsində müdir müavini vəzifəsində çalışmışdır.
1991-ci ilin yanvarından dekabr ayına kimi yeni yaradılan SSRİ Pensiya Fondu Azərbaycan SSR bölməsinin müdiri olmuş, dekabr 1991-ci ildən oktyabr 1992-ci ilə kimi Azərbaycan Respublikası Pensiya Fondu idarə heyətinin sədri işləmişdir. Oktyabr 1992-ci ildən iyul 1999-cu ilə kimi Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun sədri vəzifəsində işləmişdir. İlk sosial sığorta haqqında qanunun müəlliflərindən biridir.
İyul 1999-cu ildən 2006-cı ilin aprelinə qədər Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Əvəz Əkbər oğlu Ələkbərov Azərbaycan Respublikasının Maliyyə naziri vəzifəsində çalışmışdır. Respublikada iqtisadi siyasətin formalaşmasında, budcə-vergi, pul-kredit və sosial siyasətin təşəkkül tapmasında böyük səylər göstərmişdir. O, çoxsaylı dövlət və hökümət komissiyalarının üzvü olmuşdur.
Əvəz Ələkbərov 2003-cü ildə Bakı şəhərində "Azərbaycan Respublikasında sosial sığortanın inkişafı problemləri" mövzusunda elmlər namizədi dissertasiyası müdafiə etmişdir.
2008-ci ilin yanvarında "Sosial-iqtisadi inkişafın maliyyə-budcə tənzimlənməsi problemləri" mövzusunda doktorluq dissertasiyası müdafiə edərək iqtisad elmləri doktoru elmi dərəcəsi almışdır.
Əvəz Ələkbərov ölkəmizi beynəlxalq konfranslarda və tədbirlərdə təmsil etmiş və çoxsaylı çıxışlar etmişdir. Azərbaycan–ABŞ dövlətlərarası iqtisadi komissiyanın həmsədri, Beynəlxalq Valyuta fondu, İslam İnkişaf bankı, Qara Dəniz Ticarət və İnkişaf Bankı, Avropa Yenidənqurma və Inkişaf Bankı və Asiya İnkişaf bankının Azərbaycan üzrə müdiri olmuşdur. Azərbaycan və ABŞ iqtisadi əlaqələrinin qurulmasında işgüzar xidmətlər göstərmişdir.
O, 40-dan çox elmi məqalənin və 4 monoqrafiyanın müəllifidir. Beynəlxalq Menecment Akademiyasının həqiqi üzvüdür.
May 2000-ci ildən 2013-cü ilin iyununa qədər Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü olmuşdur.
Azərbaycan, Türk və Rus dillərini mükəmməl bilir.
Ailəlidir, iki öğlu var.
Tarix: 06.02.2015 / 17:45 Müəllif: Feriska Baxılıb: 112 Bölmə: Qərbi Azərbaycan