Quliyev Musa İsa oğlu — şair, tibb elmləri namizədi, 1994-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü.
Həyatı
Musa Urud 1961-ci il noyabrın 25-də Qərbi Azərbaycanın Zəngəzur qəzası Sisyan rayonunun Urud kəndində anadan olmuşdur. Burada orta məktəbi qızıl medalla bitirmişdir (1978). N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakultəsini(1984)və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dövlət və bələdiyyə idarəetməsi fakültəsini (2004) bitirmişdir. Əmək fəaliyyətinə təyinatla göndərildiyi Gəncə şəhərində, A.Səhhət adına 1 saylı xəstəxanada həkim kimi başlamışdır (1984-1985). Gəncə Narkoloji dispanserində həkim-narkoloq (1986-1990), 7 saylı Bakı şəhəri poliklinikasında həkim nevropatoloq (1990-1993), Bakı şəhəri Yasamal rayonunda həkim əmək ekspert komissiyasında ekspert nevropatoloq (1993-1994), Əmək və Əhalinin Sosial Müdafıəsi Nazirliyində şöbə müdiri(1994-1997), idarə rəisi (1997-2000)vəzifələrində işləmişdir.
İlk mətbu şeirləri 1984-cü ildə xalq şairi Məmməd Arazın "Uğurlu yol" təqdimatı ilə "Azərbaycan gəncləri" qəzetində çıxmışdır. 1988-ci ildə əlisilahlı erməni quldurları tərəfındən doğma yurddan ellikcə qaçqın salınmışdır. Bununla əlaqədar onun kövrək poeziyasına doğma yurd həsrəti, didərginlik taleyi, el dərdi müharibə ağrı-acıları motivləri daxil olmuşdur. Gəncədə "İlham" ədəbi birliyinin fəal üzvü kimi yazıb-yaratmışdır.Prezident təqaüdçüsü (1998), "Nizami Aydın", "Araz", "Yusif Məmmədəliyev" ədəbi mukafatları laureatıdır. Azərbaycan Yazıçılar Birliyi İdarə heyətinin üzvüdür.
2000-2005-ci illərdə ikinci çağırış Azərbaycan Milli Məclisinin üzvü olmuş, 2005-ci il noyabrın 6-da 40 saylı Kəpəz ikinci (Gəncə) seçki dairəsindən üçüncü çağırış Milli Məclisə deputat seçilmişdir. Milli Məclisin Sosial siyasət Komitəsinin sədrinin müavinidir. Azərbaycan-Əlcəzair parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan-Braziliya, Azərbaycan-Qazaxıstan, Azərbaycan-Litva, Azərbaycan-Pakistan parlamentlərarası əlaqələr üzrə işçi qruplarının, Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisində Azərbaycan nümayəndə heyətinin və Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvüdür.
Evlidir, 3 övladı var.
Əsərləri
1. Nuh gəminə götür bizi (şeirlər). Bakı: Gənclik, 1994, 54 səh.
2. Tanrı şam yandırıb (şeirlər). Bakı: Azərbaycan Dövlət kitab palatası, 1995, 64 səh.
3, Ömürdən 101 şer (şeirlər). Bakı: Azərbaycan Dövlət kitab palatası, 1997, 88 səh.
4. Üzü haqqa gedirəm (şeirlər və poema). Bakı: Yeni nəşrlər evi, 1999, 80 səh.
5. Urud (bədii publisistika). Bakı: Araz, 2000, 431 səh.
6. Haqqın var yaşamağa (siyasi publisistika). Bakı: Araz, 2001, 292 səh.
7. Vətən and yerimiz (uşaq şeirləri, sinifdən xaric oxu vəsaiti). Bakı: Avropa, 2004, 112 səh.
8. Zəngəzur (elmi-publisistik nəşr). Bakı: Nurlar, 2005, 503 səh.
9. Uruda iki səfər (bədii publisistika). Bakı: Adiloğlu, 2008, 124 səh.
10. Hər nə varsa (şeirlər və poemalar). Bakı: Avropa, 2008, 304 səh.
Tarix: 06.02.2015 / 17:11 Müəllif: Feriska Baxılıb: 260 Bölmə: Qərbi Azərbaycan