Uşaqlıq və tələbəlik həyatı
Əziz Əliyev 1897-ci il yanvar ayının 1-də qədim Azərbaycan torpağında – İrəvan quberniyasının Hamamlı kəndində anadan olmuşdur. Atası Məmmədkərim Kərbəlayi Qurbanəli oğlu kənd işləri ilə məşğul idi, anası Zəhra xanım məşhur İrəvan taciri İbrahim bəyin qızı idi.
Əziz Əliyev 8 yaşında rus-tatar (Azərbaycan) məktəbinə daxil olur və orada ibtidai təhsil alır. 1908-ci ildə o İrəvandakı gimnaziyaya daxil olur, 1917-ci ildə buranı bütün fənlər üzrə əla qiymətlərlə bitirir. Maddi cəhətdən təhsilini davam etdirmək üçün məktubla Bakı milyonçusu, xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevə müraciət edir və tezliklə həmin vaxt üçün kifayət qədər dəyərli vəsait hesab olunan 300 rubl kömək alır.
Elə həmin il o Sankt-Peterburqda tələbkar alimlərin iştirakı ilə aparılan müsabiqədən müvəffəqiyyətlə keçir və Rusiyanın ən nüfuzlu ali tibb məktəblərindən sayılan Hərbi Tibb Akademiyasına daxil olur.
Ə.Əliyev elə birinci kursun əvvəllərindən boş vaxtlarında Sankt-Peterburqda səpkili yatalaqla mübarizə əleyhinə təşkil edilmiş dezinfeksiya-profilaktika briqadasına işə düzəlir. Aldığı maaşla həm özünün minimal güzəranını təmin edir, həm də valideynlərinə yardım göstərir.
Erməni qırğınının şahidi
Əziz Əliyev 1918-ci il iyun ayının yay tətilində İrəvana gəlir. O zaman İrəvandakı əhalinin böyük əksəriyyətini azərbaycanlılar təşkil edirdi. Lakin burada erməni daşnaklarının yerli əhaliyə qarşı amansız qəddarlıqları ilə rastlaşır. Məcburən ailələrini çətinliklə Naxçıvanın Şərur rayonuna keçirə bilir. Bir müddət Şərurda qaldıqdan sonra anasını və qardaşını Şahtaxtı kəndinə aparır.
Yaranmış vəziyyət Əziz Əliyevi Sankt-Peterburqa qayıtmaq, təhsilini davam etdirmək imkanından məhrum edir. 1920-ci ilin may ayında İrəvanda məskən salmış daşnak qoşunları şimaldan gələn bolşevik havadarlarının birbaşa dəstəyi ilə silahlı hücuma keçərək Şərur rayonunu, o cümlədən Şahtaxtı kəndini yerlə yeksan edərək amansız qırğınlar törədirlər.
Qanlı qırğından salamat çıxa bilən və didərgin düşən Şahtaxtı əhalisi, o cümlədən Əziz Əliyevin ailəsi Araz çayını keçir və bir müddət Cənubi Azərbaycanın Ərəblər kəndində yaşamalı olurlar. Ə.Əliyev tibbi xidmətini burada da davam etdirir və həkim köməkçisi kimi çalışaraq əhaliyə lazımi tibbi yardımlar göstərir.
Anası 1920-ci ildə Ərəblər kəndində vəfat edir. 1921-ci ilin iyun ayında onlar Şahtaxtı kəndinə qayıda bilir və Əziz Əliyev 1923-cü ilin may ayına qədər kənddə orta tibb işçisi, həkim köməkçisi kimi çalışır.
Əziz Əliyevin ilkin Bakı həyatı
1923-cü ilin mayında Əziz Əliyev Bakıya köçür. Bu andan etibarən onun həyatının yeni mərhələsi başlanır. Bakıda ilk vaxtlar Azərbaycan SSR Xalq Komissarları Şurasında iş icraçısı, həmin idarənin ümumi şöbə müdirinin müavini, katibin müavini və nəhayət, respublika Xalq Komissarlığı Şurasının katibi vəzifəsini icra edir. O bu çətin və məsuliyyətli vəzifələrdə çalışmaqla yanaşı, 1923-cü ildən etibarən yarımçıq qalmış ali tibb təhsilini BDU-nun tibb fakültəsində davam etdirir. O, 1927-ci ildə Bakı Dövlət Universitetinin tibb fakültəsini bitirir və universitetin daxili xəstəliklər kafedrasında saxlanılır.
Əziz Əliyev həmin kafedrada əvvəl ordinator, sonra isə aspirant, assistent və dosent kimi fəaliyyət göstərir. O 1929-1932-ci illərdə Azərbaycan Klinik İnstitutunun rektoru vəzifəsinə təyin olunur.
Əziz Əliyev İkinci Dünya Müharibəsindən həm əvvəlki, həm də sonrakı illərdə Azərbaycanda səhiyyənin təşkili məsələsinə xüsusi diqqət yetirib və onun bu sahədəki əvəzsiz xidmətləri tarixə qızıl hərflərlə həkk olunub. O, Xalq Səhiyyə Komissarlığı müalicə şöbəsinin müdiri, Bakı səhiyyə şöbəsinin müdiri, Xalq Səhiyyə Komissarını müavini, xalq səhiyyə komissarı çalışarkən respublikanın bütün rayonlarını qarış-qarış gəzib, bu sahədə problemlərin aradan qaldırılması üçün əməli tədbirlər görüb.
Tarix: 06.02.2015 / 17:45 Müəllif: Feriska Baxılıb: 237 Bölmə: Qərbi Azərbaycan