Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Əsgər Zeynalov

Həyatı
Əsgər Zeynalov 1951-ci il sentyabr ayının 27-də İrəvan yaxınlığındakı Zəngibasar rayonun Yuxarı Necili kəndində anadan olmuşdur. 1974-cü ildə APXDİ-nin fransız dili fakültəsini bitirmiş. 1991-ci ildə "Azərbaycan bayatıları Qafqaz regionunda" mövzusunda (elmi rəhbərləri profesor M.Ə.Seyidov və professor T.Ə.Əhmədov) namizədlik, 2003-cü ildə "Fransız ədəbiyyatında Şərq mövzuları (Volterin yaradıcılığı üzrə)" doktorluq dissertasiyasını müdafiə etmişdir. 2005-ci ildən professordur.

Azərbaycan ədəbiyyatşünaslığında yeganə tədqiqatçıdır ki, namizədliyi bir dillə, doktorluğu başqa bir dillə bağlı yazmışdır. O, erməni qaynaqlarında axtarışlar aparan sonuncu azərbaycanlı alimlərdən biridir. Tədqiqatçı İrəvan Əlyazmalar İnstitutu – Matenadaranda, İrəvan Xalq yaradıcılığı Evi, Ədəbiyyat və İncəsənət muzeyində axtarışlar apararaq, 550-dən artıq Azərbaycan bayatılarını həmin qaynaqlardan toplamış və sübut etməyə çalışmışdır ki, ermənilərdə bayatı olmamış, onlar uzun əsrlər boyu Azərbaycan bayatılarından istifadə etmişlər. Onun "Azərbaycan bayatıları Qafqaz regionunda" namizədlik dissertasiyası bu mövzuya həsr olunmuşdur.

Alim "Fransız ədəbiyyatında Şərq mövzuları (Volterin yaradıcılığı üzrə)" doktorluq dissertasiyasında fransız mütəfəkkiri Volterin Şərq mövzusunda yazdığı üç faciə, bir roman və esseni tədqiqat obyekti kimi götürmüş, fransız qaynaqları əsasında filosof yazıçının Şərq mədəniyyətinə, türk aləminə, zərdüştliyə, Astiq əfsanəsinə, qədim Hindistana münasibətini araşdırmışdır. Tədqiqatçi tutarlı faktlarla fransız qaynaqları əsasında təsdiq etməyə çalışmışdır ki, Şərq elminin təsirilə Avropada elm, mədəniyyət inkişaf etmişdir.

Azərbaycan, rus, erməni, fransız dillərində tədqiqat apara bilməsi onun yaradıcılığı üçün geniş imkan açmışdır.

Araşdırmaları bir sıra Azərbaycan alimləri ilə yanaşı, Fransa və Türkiyə alimləri tərəfindən də yüksək qiymətləndirilmişdir.

Tədqiqatçı 20-ə qədər kitabın, 300-dən artıq elmi-publisistik məqalənin müəllifidir. Azərbaycan ədəbiyyatşünaslığında Volter və Hüqo haqqında ilk monoqrafiylar da onun qələminə məxsusdur.

10-a qədər məqaləsi İranda, Rusiyada, Türkiyədə nəşr olunmuş, Fransının ən nüfuzlu qəzetlərindən biri "L Est Republicain" qəzetində isə "Viktor Hüqonun azərbaycanlı mütəxəssisi Dil Vərdişləri Mərkəzində" adlı Azərbaycan alimi haqqında məqalə dərc edilmişdir (11 avqust 2007).

2000-ci ildə AMEA-nın Beynəlxalq Münasibətləri İnstitutunda "Kitabi-Dədə Qorqud" dastanının 1300 illiyinə həsr olunmuş benəlxalq konfransda əsas məruzəçilərdən biri, 2001-ci ildə İrəvanda YUNESKO-nun xətti ilə keçirilən "Cənubi Qafqazda təhsil problemi" Beynəlxalq konfransın iştirakçısı, 2005-ci ildən Bakıda keçirilən "Tərcümə problemi ilə bağlı beynəlxalq konfransın" bölmə sədrlərindən biri, 2007-ci ildə Almaniyanın Köln şəhərində keçirilən Dünya Azərbaycanları Konqresinin IX qurultayında nümayəndə, həmin ilin avqust ayında bir aylıq Fransanın Bözanson şəhərinin Franş Konte Universitetinin Dil Vərdişləri Mərkəzində təkminləşmədə olmuş, 2009-ci ildə Türkiyənin Ankara şəhərinin Qazi Universitetində keçirilən Beynəlxalq konfransda geniş məruzə ilə çıxış etmişdir.

Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvüdür. 1998-ci ildən Azərbaycan Dillər Universitetinin Praktik fransız dili kafedrasının müdiri, eyni zamanda, 2004–cü ildən ADU-nun Tələbə Elmi Cəmiyyətinin sədri, 2006-cı ildən ADU-nun ixtisaslaşmış doktorluq şurasının ilk üzvlərindən biridir.

Ailəlidir. İki övladı var.


Tarix: 06.02.2015 / 16:45 Müəllif: Feriska Baxılıb: 170 Bölmə: Qərbi Azərbaycan
loading...