Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Kərim Allahverdiyev

Kərim Allahverdiyev — Fizika-riyaziyyat elmləri doktoru (1981), professor, Avropa Elmlər Akademiyasının (AEA) həqiqi üzvü.

Həyatı
Kərim Allahverdiyev 1944-cü ildə Qərbi Azərbaycanda anadan olub. Rusiyada Lebedev adına Fizika İnstitutunu bitirdikdən sonra 1967-ci ildən AMEA Fizika İnstitutunda çalışan K.Allahverdiyev 1969-1972-ci illərdə aspiranturanı bitirmiş, 1972-ci ildə namizədlik, 1981-ci ildə isə doktorluq dissertasiyalarını müdafiə etmişdir.

1974-1975-ci illərdə Böyük Britaniya Oksford Universitetinin Clarendon laboratoriyasında çalışan alim 1992-1995-ci illərdə Ankarada Ortadoğu Texniki Universitetinin Fizika fakültəsində professor kimi fəaliyyət göstərmişdir. 1995-ci ildən etibarən TUBİTAK Mərmərə Araşdırma Mərkəzində şöbə müdiri, 2002-ci ildən AMEA Fizika İnstitutunun aparıcı elmi işçisidir.

Bütün bu illər ərzində alimin 40-dan artıq universitet və araşdırma mərkəzi ilə elmi əlaqələri mövcud olmuşdur. Bu qurumlar arasında Moskva Dövlət Universiteti (Rusiya), məşhur Oksford, Kembric, Şeffild, London, İmperial universitetləri (Böyük Britaniya), MPI FKF, Stuttqart, RWTH Aachen, Bochum, Bayreuth və Hamburg universitetləri (Almaniya), ABŞ Hava Qüvvələri Wright Patterson Laboratoriyası, Kolorado Əyalət Universiteti, Cincinnati Universiteti, Tsukuba Universiteti (Yaponiya) və Madrid Universitetini (İspaniya) və digər nüfuzlu universitetlərin adlarını çəkmək olar.

11 ildən artıqdır ki, yarımkeçiricilər fizikası sahəsində çalışan alim bir sıra mühüm elmi nəticələr əldə etmişdir.

Professor Allahverdiyev bir çox mükafat və nişanlara layiq görülmüş, nüfuzlu beynəlxalq elmi təşkilatların üzvü seçilmişdir. 1988-ci ildə alim Azərbaycan Dövlət mükafatı, 1989-cu ildə Aachen Texniki Universitetinin "Window-on-Science" mükafatı, 1987-1989-cu illərdə Avropa Aerokosmik tədqiqatları ofisi tərəfindən ziyarətçi professor olaraq Krallıq Cəmiyyəti mükafatına, əldə etdiyi nailiyyətlərinə görə SSRİ Elmlər Akademiyası tərəfindən ilin ən önəmli alimi Fəxri adına layiq görülmüşdür. Nyu-York Elmlər Akademiyası (1998), Azərbaycan Milli Yaradıcılıq Akademiyası (1988), A.M.Proxorov adına Rusiya Mühəndislik Akademiyasının və Türkiyənin "Fizika" jurnalının Redaksiya Heyətinin (2008) üzvüdür.

Professor Kərim Allahverdiyev 275 elmi məqələnin, 1 kitabın, 2 monoqrafiyanın və 5 patentin müəllifidir. Onun rəhbərliyi altında 20-dən artıq elmlər namizədi hazırlanıb.


Tarix: 06.02.2015 / 17:33 Müəllif: Feriska Baxılıb: 132 Bölmə: Qərbi Azərbaycan
loading...