Həyatı
Kamran Kazım oğlu Musayev 30 oktyabr 1973-cü ildə Qərbi Azərbaycanın Ağbaba mahalının (Amasiya rayonu) Göllü kəndində anadan olmuşdur. 1990-cı ildə Bakıdakı kimya-biologiya təmayüllü məktəbi qızıl medalla bitirdib və həmin il Azərbaycan Dövlət Tibb İnstitutunun(indiki Azərbaycan Tibb Universiteti) müalicə-profilaktika fakultəsinə qəbul olunub. 2 il burada təhsil aldıqdan sonra, 1992-ci ildə təhsilini davam etdirmək üçün rektorluq tərəfindən müsabiqə yoluyla istedadlı tələbələr sırasında Türkiyənin İstanbul Universitetinin İstanbul Tibb Fakultəsinə göndərilir. 1996-cı ildə bu təhsil ocağında 6 illik tibb təhsilini uğurla başa vuraraq elə həmin il (uzmanlıq) rezidentura təhsili üçün imtahan verir. İmtahandan müvəffəqiyyətlə keçən Dr. Kamran Musayev, İstanbul Universitetinin Cərrahpaşa Tibb fakultəsində illərdir xəyalını qurduğu ürək-damar cərrahiyəsi ixtisası üzrə rezidentura təhsilinə başlayır.
1996-2002-ci illər arasında adı çəkilən təhsil müəssisəsində rezidentura təhsilini davam etdirməklə yanaşı, Türkiyənin Kadir Has Universitetinin Florence Nightingale xәstәxanasında ürәk–damar cәrrahı olaraq işləyir. Nəhayət 2002-ci ildə tibb təhsilini yekunlaşdıraraq tam təkmilləşmiş şəkildə ürək-damar cərrahiyəsi mütəxəssisi olaraq vətəninə qayıdır. Həmin ildən Mərkəzi Klinik Xəstəxanada ürək-damar cərrahı və klinikanın stasionar şöbə müdiri vəzifəsində işə başlayır.
2006-2009-cu illərdə adı çəkilən klinikanın icraçı direktorunun tibb işləri üzrə müavini, 2009-cu ildən indiyə qədər isə baş həkimidir. Eyni zamanda Azərbaycan Ürək-Damar Cərrahiyəsi Cəmiyyətinin sədridir. Çox sayda tibbi məqalələri milli və beynəlxalq mətbuatlarda yayınlanmış, dəfələrlə beynəlxalq konfranslarda çıxış etmişdir. Bunlardan biri də 2009, 2011-ci ilin may aylarında onun təşəbbüsü ilə Bakıda keçirilən ümummilli lider Heydər Əliyevin anadan olmasının ildönümünə həsr olunmuş "Bakı Ürək Günləri" Beynəlxalq Konqresidir.Əhalinin ürək-damar xəstəlikləri haqqında məlumatlandırılması və maariflənməsi üçün müstəsna xidmətlər göstərmişdir.
2009-cu ildən etibarən hər ilin sentyabr ayında Dünya Ürək Federasiyasının başlatdığı "Dünya Ürək Günü" məhz Dr. Kamran Musayevin təşəbbüsü ilə ölkəmizdə də qeyd edilir. Məhz Dr.Kamran Musayevin ölkəyə gəlişi ilə ürək-damar xəstəliklərindən əziyyət çəkən pasiyentlərin xarici ölkələrə axını kəskin şəkildə dayanmışdır.O,Azərbaycanda fəaliyyət göstərdiyi 10 il ərzində 7 minə yaxın ürək-damar cərrahi əməliyyatı həyata keçirib.Bunların 60-65%-i aorta-koronar şuntlama əməliyyatı olub.
2013-cü ilin yanvar ayında Azərbaycanda ilk dəfə olaraq Mərkəzi Klinik Xəstəxanada süni ürək köçürülməsi əməliyyatı da məhz Kamran Musayev tərəfindən həyata keçirilib.
Bunlardan əlavə Dr.Kamran Musayev gənc həkimlərə verdiyi dəstəklə də tanınır.
Tarix: 05.02.2015 / 15:35 Müəllif: Feriska Baxılıb: 163 Bölmə: Qərbi Azərbaycan