Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yunan Qabaq (kabaçok, zukini) Piroqu

Son vaxtlar tez-tez bişirdiyim yeməklərdən olan Yunan üsulu qabaq piroqunun reseptini bu gün sizinlə paylaşıram.

Yadımdadır, uşaqlıqda qonşumuzun həyətində qabaq yetişirdi. Görünüşü bir az xiyara oxşayırdı, amma daha uzun idi. Ona kabaçok deyirdilər, bəlli ki, Rus dilindəki adıdır. Məncə Azəricəsi qabaqdır. Amma balqabağıyıla səhf salmayın. Balqabaq da, zukini qabağı da eyni bitku qrupuna daxildirlər, amma fərqli tərəvəzdirlər.

Qabağın görünüşünü bu KEÇİDDƏ görə bilərsiniz.

Bu piroq Azərbaycanın göyərti küküsünü xatırladır, amma ondan fərqlidir. Bir növ Türk börəyini də hatırladır, amma içincə yuxa yoxdur. Qabaqlı piroq həm səhər yeməyində, həm də pratik qəlyanaltı kimi çox ləzzətli olur. Buyurun, nuş olsun.

PS: Bu resepti bloqum vasitəsilə tanış olduğum ve dost olduğum Gülərə həsr etmək istəyirəm.

YUNAN QABAQ PİROQU
Orijinal reseptin müəllifi Dina Nikolaou
Resept bəzi dəyişikliklər edilməklə bu bloqdan götürülmüşdür: Peter’s Kalofagas blog

Ərzaqlar

1/2 stəkan zeytun yağı
1 stəkan xırda doğranmış yaşıl soğan
3 qabaq (kabaçok, zukini) – təxminən 700 qram, kubiklərə doğranmış
5 iyi yumurta
1 stəkan qatıq (süzülmüş, susuz olmalıdır, turş olmamalıdır)
1 stəkan un
3 çay qaşığı qabartma tozu (baking powder)
1 stəkan ovulmuş və ya kiçik doğranmış Feta pendiri (Feta pendiri Yunan pendiridir. Supermaketlərinizde yoxdursa, her hansı növ duzlu ağ pendirdən istifadə edə bilərsiniz)
1 stəkan sürtkəcdən keçirilmiş Kasseri pendiri (Yunanıstanın kasseri pendiri Türkiyədə bilinən Kaşar pendiridir. Mozzarella pendiri ile əvəz oluna bilər)
1 stəkan xırda doğranmış şüyüd və ya cəfəri (mən cəfəri ilə daha çox bəyənirəm)
zövqə görə istiot
zövqə görə qurudulmuş qırmızı şirin bibər tozu (paprika)
üzərini bəzəmək üçün qabaq dilimləri

Uzunluğu 38 cm, genişliyi isə 25 cm olan dərin soba formasını bir az yağlayın.

Tavada zeytun yağını qızdırın. Soğan və qabağı əlavə edərək tez-tez qarışdıraraq yumuşalana qədər (amma xaşıl olmasın) və suyu çəkilənə qədər təxminən 15 dəqiqə bişirin. Bir az duzlayın. Kənara qoyun.

Sobanı 180˚C-dək qızdırın.

Dərin bir qabda yumurtaları mikserlə yaxşıca çalın. Üzərinə qatığı əlavə edib qarışdırın. Sonra isə un və qabartma tozunu əlavə edib yaxşıca qarışdırın.



Bu qarışığa pendirləri və bişmiş qabağı əlavə edib qarışdırın. Zövqə görə istiot və qırmızı bibər tozu vurun. Duzu azdırsa, bir az duz əlavə edin.

Doğranmış göyərtini də əlavə edib qarışdırın. Alınan kütləni yağlanmış formaya tökün. Üzərini qabaq dilimləriylə bəzəyin (şəkildə gördüyünüz kimi) və qırmızı bibər tozu səpin.

Sobanın orta yerində təxminən 1 saat ərzində üstü qızaranadək bişirin. Sobadan çıxartdıqdan 15 dəqiqə sonra piroqu kəsin və servis edin. Bu piroq həm isti, həm də soyuq halda süfrəyə verilə bilər.


Tarix: 29.11.2014 / 12:06 Müəllif: Aziza Baxılıb: 182 Bölmə: Piroqlar
loading...