Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Süleyman şah və durna

Deyirlər ki, nəinki adamların, hətta bütün canlıların hökmdarı olan Süleyman şahın padşahlığı dövründə bir alim bir piyalə su gətirib deyir:

– Mənə əyan olub ki, əgər sən bu sudan içməsən, tezliklə bu dünyadan gedəcəksən! Əgər bu sudan içsən onda sənə ölüm yoxdur. İstəyirsən – iç, ömrün uzunu, həmişə yaşa, istəmirsən, – içmə, get sən də ölülər dünyasına!

Süleyman şah fikirləşib: “Gərək alimlərlə bir məsləhətləşəm!” – deyə qət edir.

Bütün alimlər: yer üzündə olan insan və heyvan alimləri onun əmrini eşidən kimi gəlirlər. Padşah bunlara bir alimin onun üçün gətirdiyi piyalədən danışır və onlara deyir ki, siz nə məsləhət görürsüz.

Alimlərin hamısı həyatı və onun rifahını tərifləməyə başlayırlar:





– Həyat ən birinci dövlətdir! Həyatdan əziz heç bir şey yoxdur!

Bir sözlə hamı bu qərara gəlir ki, Süleyman şah bu suyu içsə yaxşıdır. Onda Süleyman şah soruşur:

– Mənim məmləkətimdə elə bir alim qalıbmı ki, bura gəlməmiş olsun?

Məlum olur ki, ağıllı durna alimlərin arasında yoxdur. Şah, durnanın dalınca adam göndərir.

Durna, şahın sarayına gəlir. Süleyman şah piyalədəki su haqqında ona danışır və ondan soruşur ki, bu sudan içsin ya yox.

Durna, Süleyman şaha belə bir sual verir:

– Sən, suyu tək özün içəcəksən, yoxsa bütün dostların və köməkçilərinlə birlikdə içəcəksən?

Şah deyir:

– Su tək mənim özüm üçün gətirilib və başqalarının onu içməsinə icazə verilməyib.

– Dostlarsız və köməkçilərsiz həyat sənin nəyinə lazımdır? – deyə durna ona cavab verir. – Sən, dünyanın hökmdarı olacaqsan, ancaq təkbaşına sən nə edə bilərsən?

Süleyman şah durnanı tərifləyib suyu içmir…


Tarix: 20.11.2013 / 01:54 Müəllif: ADMIN Baxılıb: 330 Bölmə: Nağıllar
loading...