Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Şahsonqar (nağıl)

Bir padşah vardı. Padişahın üç oğlu vardı: Məhəmməd, Əhməd, Səməd. Padişah qırx günün sikarına çıxmışdı. Gördü bir əjdəha bir dağı götürür döyə, qoyur yerə. Padişahın rəngi üzündən qaçdı, dedi:

– Vəzir, bir buna bax.

Vəzir baxdı, dedi:

– Onun şikayəti var. Gedək, görək bizə şikayəti nədi?

Getdilər əjdahanın yanına, dedilər:

– Bizdən nə istəyirsən?

Dedi:

– Sizdən bir əmlik quzu istəyirəm.

Padşah dedi:

– Yaxşı, göndərrəm.

Gözlərini yumub açanda gördülər, əjdəha oldu bir balaca qara ilan. Qayıtdılar geri. Vəzir dedi:

– Şah sağ olsun, ilan istəyən əmlik sənin oğlun Məhəmməddi. Verməsən, səni ilan sağ qoymaz.

Padşah dedi:

– Vəzir, sən nə tədbir töksən, mən razıyam.

Vəzir dedi:

– Qoy Məhəmmədi mən götürüm aparıb verim.

Şah razı oldu. Vəzir Məhəmmədi götürüb, o dağa gəldi. Dağda əjdəha gəldi dedi:

– Məhəmməd, gəl dalımcan.

Məhəmməd dalcan, ilan qabaxcan getdilər, girdilər bir dəlməyə. Məhəmməd girəndə dəlik yekələndi, girdi, gördü hər tərəf ilandı. Səf çəkiblər. Məhəmmədi görəndə yol verdilər. Gedib bir yerə çıxdı. Gördü ilanlar padşahı oturub. Qurşaqdan aşağısı ilan, qurşaqdan yuxarısı adamdı, başında tac. Məhəmmədə yer göstərdilər. Oturdu. Axşam oldu oları aparıb bir otağa qoydular. Məhəmməd qılıncı çəkib oturdu. Gecədən bir az keçmiş gördü bir canavar gəlir, tülkü yernən sürünür, hər gözündə bir çıraq yanır. Üstünə yürüdü, istədi öldürsün, tuta bilmədi. Qovladı, qırx otaq getdi, qırx birdə gördü bir pərdə çəkilib. Pərdəni çəkdi, gördü pərdə dalında bir qız oturub, ay üzünnən işıq salır. Dedi:

– Ay qız, bir canavar burdan getdimi?

Qız dedi:

– Get, yerində farağat otur, durram ortandan süngümü keçirrəm. Oğlan qızın sözünnən getdi öz yerində oturdu.

Sabah oldu, vəzir gəldi gördü oğlan diri oturub. Götürdü padşahın yanına gətirdi. Padşah dedi:

– Çəpəl, oğlanı bəyənib.

Padşahın əmrinə görə vəzir oğlanı götürüb getdi, bir qapı açdı. Oğlan gördü burda qırx şah ölüb, başlarında tac. Vəzir getdi genə padşahın yanına. Padşah dedi:

– Oların hamısını o sən axşam görən qız öldürüb, mənim qızımdı. İndi səni bəyənib. Otur, gətirsinnər.

Qızı gətirdilər, danışdırıb verdilər Məhəmmədə. Məhəmmədnən qız bir müddət qaldılar. Məhəmməd atasının vilayətinə qayıtmaq istədi. Qızın atasıynan görüşməyə gedəndə qız dedi:

– Atam hər nə versə alma, qara atı al.

Məhəmməd gəldi padşahın yanına getməyini söylədi. Padşah dedi:

– Yaxşı yol. İndi mənnən nə istəyirsən?

Dedi:

– Qara atı.

Padşah qara atı Məhəmmədə verdi. Məhəmməd atın dırnağından, dizindən, gözündən öpdü. At ona çilo verdi. Atı mindi, qızı tərkinə alıb yola düşdü. Üç gün, üç gecə yol getdilər. Dördüncü günün gecəsi yol gedirdilər. Gördülər bir dağın deşiyindən işıq gəlir. Getdilər gördülər, bir quş lələyidir. Məhəmməd istədi götürsün, qız dedi:

– Götürmə, onnan ziyan gələr.

Məhəmməd qulaq asmadı götürdü. Yollarına davam elədilər. Gəldilər bir qarının evinə qonaq oldular. Qarının çırağı yoxudu. Lələyi verdilər, işığına oturdular. Gecə qarovullar gəlib lələyi aparıb padşaha verdilər.

Padşah gördü, lələk şahşonqar quşunundu.

Məhəmmədi çağırıb dedi:

– Get mənim quşumu tap, maa gətir.

Məhəmməd padşahdan qırx gün möhlət aldı. Gedəsi olanda qız dedi:

– Bir xurcun darı götür. Lələyi tapdığın çölə səp. Özün gizlən. Şahşonqar gəlib darını dənniyəndə, tutdun-tutdun, tutmadın qırıx div gəlib səni öldürəcək.

Məhəmməd atı minib sürdü çölə gəldi darını səpdi. Qus gəldi darını dənləməyə başladı. Məhəmməd çıxıb quşu tutdu. Atı minib qaçdı. Bir qız munu gördü. Divlər çığırdı, qoymayın şahşonqarı apardılar. Divlər düşdülər dalına Məhəmmədin. Tuta bilmədilər, at Məhəmmədi qurtardı. Məhəmməd sürüb getdi şahşonqarı verdi padşaha. Padşah dedi:

– Vəzir, nə gözəl quşdu.

Vəzir dedi:

– Mənim qızım quşdan da gözəldi.

Padşah Məhəmmədi çağırıb dedi:

– Get bunun qızını da gətir.

Məhəmməd gəldi qara atın yanına. Qara at dedi:

– Get iki girvənkə ət, iki büküm yuxa, bir qazan götür, gəl gedək. Məhəmməd əti, yuxanı, qazanı götürüb gəldi mindi qara atı. Düşdülər yola. Gəldilər həmən çölə. Məhəmməd qazanı üzüqoylu asdı, əti qoydu qazanın üstdə od qaladı. Ətin yağı, əriyib töküləndə Məhəmməd dedi:

– Qazan yırtıqdı, ac qalacam.

Bir səs dedi:

– Məhəmməd, qazan yırtıq döyül, tərs asıbsan.

Məhəmməd qulaq asmadı. Axırda qız özü gəldi qazanı asmağa.

Məhəmməd qızı götürüb, qara ata qalxdı. Qara at qaçmağa başladı. Divlər bilib Məhəmmədin dalınca töküldülər. Gəlib çata bilmədilər. Məhəmməd qızı gətirib gəldi. Qız yolda dedi:

– Məhəmməd, məni özünəmi aparırsan, yoxsa özgəyəmi?

Məhəmməd dedi:

– Səni mənnən padşah istəmişdi. Padşaha aparıram.

Qız dedi:

– Bu zəhməti çəkibsən, özün al.

Məhəmməd dedi:

– Padşah boynumu vurdular, ala bilmərəm.

Məhəmməd qızı apardı verdi padşaha. Padşah istədi qıza toy eləsin. Qız dedi:

– Biz pəriyik, bizi alan gərək pəri ola. Gəl səni çimizdirim pəri ol. Sora saa gedim.

Padşah dedi, çimdir. Qız bir qızıl test gətirdi, su qızdırdı, içinə nə isə tolladı, tökdü padşahın başına. Padşah əriyib su oldu. Qız qalxdı Məhəmmədin yanına gəldi. Dedi:

– Sən zəhmət çəkib məni gətirmisən. İndi mən sənin, sən mənim. Məhəmməd qırx gün toy eliyib pəri qızı da aldı. Ordan qızdarı götürüb atasının torpağına yola düşdü. Axşam bir qala qapısına yetişdilər. Qala qapısı bağlıydı. Qaldılar qapıda. Gecədən bir xeylaq keçmişdi. Məhəmməd gördü, bir sandığı qala qarışından çölə atdılar. Məhəmməd sandığı açdı, gördü içində bir gözəl qızdı. Amma, sağ yeri qoltuğunun dibindədi. Məhəmməd həkim tapdı. Həkim qırx gün baxdı, qızı qurtardı, haqqını alıb getdi. Məhəmməd qızdan belə olmasının səbəbini xəbər aldı. Qız dedi:

– Mən bu şəhərin padşahıyam. Qulum məni bu günə salıb, indi yerimdə oturub.

Məhəmməd getdi qulu öldürdü. Qızı götürüb yerinə, taxda qoydu. Qız dedi:

– Məni ölümnən qurtardın, ta mən başqasına getmərəm.

Məhəmməd bu qızı da aldı. Üç qızı götürüb gəldi atasının torpağına. Hamıynan görüşdü. Qonaqlıq oldu. Qonaqlıqda qardaşları paxıllığınnan bunun xörəyinə zəhər qatdılar. İlanlar padşahının qızı bunu bildi. Xörəkdən bir qaşıq itə tökdü. İt o saat öldü. Padşah aşpazı çağırtdırdı. Aşpaz dedi:

– Oğlannarınnan biri məni tutdu, o biri xörəyə zəhər tökdü.

Padşah oğlanların ikisini də öldürtdürdü. Məhəmmədi öz yerinə taxta çıxartdı. Məhəmməd padşah oldu. Üç gözəlnən qırmızı günnər keçirməyə başladı.

Bacadan üç alma düşdü, biri nağıl deyənin, biri nağıla qulaq asanların, biri bacadan baxanların. Olar yedilər yerə keçdilər, biz də yeyək, dövrə gedək.


Tarix: 21.04.2013 / 19:27 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 529 Bölmə: Nağıllar
loading...