Təsadüfi pəhrizlər həyat üçün təhlükə yarada bilər.
Gözəl qamət, cazibədarlıq, artıq çəkisiz bədənə sahib olmaq hər bir qadının arzusudur. Amma bu o qədər də asan proses deyil. Bu səbəbdən də hər mövsümdə qida rasionuna fikir vermək lazımdır.
Həkim-dietoloq Qəribə Hacıyevanın sözlərinə görə, qadınlar bədənlərini hər zaman formada saxlamaq üçün qida rasionuna daha çox fikir verməlidirlər. "Piylənmə xəstəlikdir. Əgər qadınlarda artıq, izafi çəki varsa, onlar həkim nəzarəti ilə müəyyən pəhrizləri saxlamağa başlamalıdırlar. İzafi çəki piylənmə demək deyil, bu piylənməyə aparan yoldur. Artıq çəkisi olan xanımlar piylənmə xəstəliyindən qorunmaq üçün mütləq surətdə dietoloqa müraciət etməlidirlər".
Dietoloq artıq çəkili xanımlara qida rasionlarında müəyyən qidaların çıxarılması və ya azaldılması ilə yanaşı, fiziki fəallıqla məşğul olmağı da məsləhət görür. Dediyinə görə, bəzi xanımlar var ki, qidalanmasından, az yeməsindən asılı olmayaraq tez kökəlirlər. Bu, irsi piylənmə adlanır. Q.Hacıyeva bildirib ki, yeyinti məhsullarının verdiyi enerji orqanizmin sərf etdiyi enerjidən çox olduğu təqdirdə kökəlmə başlanır. Bu zaman müsbət energetik balans yaranır. "Orqanizmə zülal, karbohidrat, yağ çox daxil olan zaman oksidləşmə vəziyyətində enerji hasil olur. Enerjini fiziki işlərə sərf etmədikdə isə bu, piylənməyə səbəb olur. Kökəlmənin qarşısını zamanında almaq üçün fiziki iş görmək, daim hərəkətdə olmaq lazımdır".
Həkim kökəlmək istəməyən xanımlara makaron məmulatlarını, yarmaları qida rasionundan çıxarmağı, çörəyin miqdarını azaltmağı məsləhət görərək, bildirib ki, isti çörək yemək də artıq çəkinin yaranmasına səbəb olur. İnsan orqanizminin hər zaman qayğıya, sağlamlığa ehtiyacı olduğunu bildirən Q.Hacıyevanın sözlərinə görə, artıq çəkidən qorunmaq üçün xanımlar qida rasionlarına meyvə-tərəvəz, pomidor, xiyar, balqabaq, kələm, kök və s. bu kimi məhsulları əlavə etməlidirlər. "Balqabaq həzm prosesinə böyük təsir göstərir. Bundan əlavə, xanımlar tərkibində süd turşusu olan məhsullara da üstünlük verməlidirlər. Süd turşulu məhsullar bağırsağın mikroflorasını yaxşılaşdırır ki, bu da həzm prosesinə yaxşı təsir göstərir. Kökəlmək istəməyənlər qənnadı məmulatlarından, şirniyyat, konfet, şokolad, mürəbbələr, tortlardan uzaq durmalıdırlar. Bu məhsullar qəbul olunduqda artıq yağların yaranmasına səbəb olur".
Bəzən deyirlər ki, insan gün ərzində 3600 kalori qəbul etməlidir. Dietoloq isə bu fikrin yalnış olduğunu deyir. Onun sözlərinə görə, orqanizmin kalori qəbul etməsinin miqdarı onun yaşından, cinsindən və əmək fəaliyyətindən çox asılıdır. Gənclə yaşlı insanın kalori qəbulu eyni ola bilməz. "Enerji kalori bölümü yaşa görə bölünür. 18-29, 30-39, 40-59 yaş arası insanların işinə və cinsinə görə kalori qəbulu müxtəlifdir. Məsələn, zehni əməklə məşğul olan 18-29 yaş arası qızlar üçün gündəlik kalori qəbulu miqdarı 2000, kişilər üçün isə 2450 kaloridir" deyən həmsöhbətimiz bəzi dietoloqların bütün insanlara eyni kalori miqdarını məsləhət görməsi ilə razılaşmır. Dediyinə görə, fiziki əmək fəaliyyəti əmsalı nə qədər yüksək olarsa, kalori qəbulu da o qədər yüksək olmalıdır.
Hacıyeva isti otaqda yatmamağın da piylənmə riskini artırdığı qənaətindədir. Onun sözlərinə görə, bu riski aradan qaldırmaq üçün 20 dərəcəli otaqda ən azı 6 saat yatmaq lazımdır. Mütəxəssislərin fikrincə, doyunca yatmamaq, kompüter qarşısında çox vaxt keçirmək, ayaqüstü qidalar, hormonal dərmanların qəbulu, qazlı içkilər də piylənməyə səbəb ola bilər. Dietoloq hesab edir ki, hər pəhriz arıqlamağa kömək etmir. "Kökəlmənin müxtəlif səbəbləri olduğu üçün öncə bu səbəbləri aradan qaldırmaq lazımdır. Nəzərə almaq lazımdır ki, dietoloqla məsləhətləşmədən müxtəlif telekanallarda, qəzetlərdə, internet saytlarında göstərilmiş pəhrizlərdən istifadə etmək olmaz".
Həkimin sözlərinə görə, bütün pəhrizlər fərdi şəkildə verildiyindən, bu, qadınlara müxtəlif təsir göstərə bilər. "Ola bilər ki, qadının orqanizmində hər hansı bir gizli xəstəlik inkişaf etmiş olsun. Onun təsadüfi pəhrizlərdən istifadə etməyi bu xəstəliyin güclənməsinə gətirib çıxara bilər və həyat üçün təhlükə yaradar. Amma normal olaraq, qida rasionunuzda yağı, zülalı, karbohidratı azaltmanız sizi artıq çəki toplamaqdan qoruyar", - deyən Qəribə Hacıyeva xanımlara sağlam və gözəl olmaları üçün hər zaman qədərində qidalanmağı məsləhət görür.
Tarix: 07.12.2012 / 20:12 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 814 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri