Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Eşq-bütövlük və idarə konsepsiyası

Dünyanın ən gözəl qızlarının Azərbaycanda olmasına şəkk gətirdiyimi düşünməyin. Amma mən həmişə zövq azadlığının tərəfdarı olmuşam. Yəni ki, qeyri-millətlərə meyil salınmasına o qədər də dəhşətli bir şey kimi baxmıram. Düşünürəm ki, qadınlarımız qeyri-millətlərə daha çox meyil salır. Bəlkə də bu, kişilərimizin birincilik iddiasının olmamasından irəli gəlir. Yəqin, "köhnə” kişilərin bu problemə olan həssas yanaşmaları nəticəsində, kişilərin meymunla müqayisəsini əks etdirən misallar meydana gəlib. İstanbulda da qadınlar öz milli "erkəklər”indən çox, qeyri-türk nümayəndələrə daha mülayim və yumşaq münasibət göstərirlər. Yəqin ki, bu, aramızda olan genetik, mədəni, tarixi və ənənəvi yaxınlıqla əlaqədardır. Bilmirəm.
Bəlkə də bunlara səbəb kişi və qadınlarımızın maraq və tələblərinin kəsişməsidir. Yəni ki, kişi olan bəndənin xoşbəxtlik və bütövlük konsepsiyası təxm belədir: tabelik, tam tabelik.
"Bizim qadınlarımız qeyri-millətlərə daha çox meyil salır. Bəlkə də bu bizim kişilərin birincilik iddiasının olmamasından irəli gələn bir şeydir”
Çünki məhz özünü başqasına tam təslim edəndən sonra "mən” itir və insan bir başqasıyla yoğrulur, başqasında yenidən doğulur. Amma başqası tərəfindən idarə olunmaqdan qorxmayın, çünki belə bir "bütövləşmə”dən sonra nə siz o dəqiqə "siz”siniz, nə də ki başqası o dəqiqə "başqası”.
Bu, biraz Zen, ZaZen, Sufi vəs. özünü dərk metodika və yollarının əsas "eşq” konsepsiyasıyla vəhdət təşkil edir. Eşq sözü "eşqəmə”-dən gəlir. Eşqəmə – parazit bitki növüdür. O, bir ağaca düşərək onu tam sarır və ağacın "həyat enerjisi”ni sovurmağa başlayır. Ağacın məhvinə lap az qalmış isə ağacı xilas etmək üçün özü özünü qurudur və yox edir.
İndi isə mən 3 dəqiqə gözləyəcəyəm ki, sizin bu ilahi möcüzəyə olan heyranlığınız keçsin. Sonra isə eşqin axmaqlığının izahına cəhd edəcəyəm.
Deməli belə… Sözün düzü, hansısa molladan eşitdiyin bu "eşq tərifi” məni də çox dərin düşüncələrə qərq etmişdi. Amma məhz həmin o düşüncələrin dərinliyində bunun nə qədər axmaqlıq olduğunu dərk etdim. Axı niyə özünü və "sovurduğunu” o həddə çatdırasan ki, sonra da hansınızınsa yaşamasının seçimini edəsən?! Axı niyə ya bulud, ya da kül olmalısan?! Bəlkə doğuluş və ya məhvdənsə, yaşamı düşünəsən?!
Bayaq qeyd etdiyim kəsişmə nöqtəsi isə kişilərin matriarxatın ən gözəl ənənələrini öldürməyən, hətta onlara sadiq qalan qadınların da bu istəyə şərik olma niyyətləridir. Belə bir kəsişmədə "Lady Boss” anlayışı ortaya çıxır. Bunun nə olduğunu bilməyənlər üçün izah edirəm: Lady Boss – hərdən analıq hisslərinə güc gələ bilməyib, işçilərə həddən artıq diqqət və pul xərcləyib, şirkəti batıran və ya iqtisadi böhran vaxtı panikaya aludə olub, ixtisaslı kadrların sərt tənqid və təkliflərinə davam gətirməyib, onları qovan, gözəllik salonlarında yığılan dəyərli təcrübə nəticəsində yenidən şirkəti batıran qadın-cinsli müdir növüdür.
Əlbəttə ki, bu həmişə belə deyil. Belə olmayasınız deyə izahı yüngül istehza ilə yazdım. Öz şəxsi təcrübəmdən deyə bilərəm ki, qadın müdirlə işləmək, kişi müdirlə işləməkdən daha rahatdır. Çünki qadın daha təmkinli və yeniliyə açıqdır. Həm də mənim üçün kişini təbəssümlə yumşaltmaq, yəqin ki, çətin olardı. Amma bütün yazdıqlarım sizin üçün əksinə işləməlidir. İmkan olsa, yoxlayın.
Hər bir fikir, hər bir yanaşma, hər bir ifadə individualdır. Eyni aləmdə hər birimizin öz aləmi var. Bütün insanların eyni olduğuna inanmayın. İndi oturduğum yerdən bir çox millətin nümayəndələrini müşahidə edirəm. Amma Birləşmiş Millətlər Təşkilatında yox, İstanbulda, Avropada oturub, Asiyaya baxıram. Reklam olmasın deyə, oturduğum kafenin adını şərti olaraq "Star*ucks” adlandıraq. Ancaq nəzərə alsaq ki, Bakıda bu kafe şəbəkəsi fəaliyyət göstərmir, onda buna heç ehtiyac da qalmır.


Tarix: 12.06.2013 / 21:35 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 120 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...