Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Virtual sevgi nədir və insan həyatında rolu.

Mütəxəssislər bəyan edir: Əsl sevgi üçün zaman və məkan fərqi yoxdur.
Mentalitetə zidd sayılsa da dini inanclara əməl edilirsə virtual sevgi haram sayılmır.





Bu gün sosial həyatın bütün sahələrinə sirayət edən yeni texnologiyalar mənəviyyat məsələlərinə də təsirsiz ötüşməyib. Qloballaşan dünyada mənəviyyatın belə virtuallaşması artıq heç kimdə təəccüb doğurmur. Demək ki, yeni texnologiyalar tək yeni termin və yeni inqilabi dəyişikliklərlə yadda qalmır, onlar həm də yeni hisslərin fomalaşmasına zəmin yaradır.
Bununla belə bir qədər dəqiqləşdirsək görərik ki, məhz mənəviyyat və hisslər mövzusunda yeni texnologiyalar mahiyyəti deyil, formanı dəyişir. Elə gəlin sevgi məsələlərində yeni texnologiyaların rolunu təhlil etməyə çalışaq. Müasir texnologiyalar olmadan belə, ta qədimdən sevgi, nikah mövcud olub. Bu gün də bu mövhum və adətlər mövcuddur. Amma bu gün çoxları fikirləşir ki, bu gün sevgi süniləşib. Çünki, yeni texnologiyalar insani hissləri kölgədə qoyub. Mütəxəssislər isə bunun əksini sübut etməyə çalışır. Psixoloqların qənaətincə, adətən insanlar arzularına çatanda hər şey onlar üçün adiləşir. Bəli, əvvəllər sevgini tərənnüm və ya bəyan etmək üçün vasitələr az idi. Sevgisini izhar etməkdə çətinlik çəkən gənc isə daha qabarıq hisslərlə yaşayırdı. İndi isə vəziyyət tamamilə başqadır. Bu gün informasiya cəmiyyəti əsrində yaşayırıq. Dünyada milyonlarla mobil telefon və internet istifadəçisi var. Bütün bunlar sevgini tərənnüm etmək üçün texniki vasitələrdir. Əvvəlki dövrlərdən fərqli olaraq indi tanışlıq üçün məkan çoxdur. Artıq təkcə real həyatda deyil, telefonda, virtual aləmdə-internetdə özünə dost-tanış tapmaq mümkündür.


Kaliforniya Universitetinin professoru, psixoloq Hensi Kaliş öz tədqiqatını internetin ailə qurmağa və ilk sevgi hisslərinin yaranmasında necə rol oynamasına həsr edib. Neçə illərdir ilk sevgi hisslərinin yenidən yaranma fenomenini tədqiq edən psixoloq bu qənaətə gəlib ki, birinci məhəbbəti yaşayan adamlar yenidən sevə bilərlər. Onun fikrincə, məhz internet bu cür cütlüyün yaranmasına kömək edə bilər: "Əksər kişi və qadınlar «sevgi bir dəfə olur» — deyə bu cür saytların olmadığı vaxtlarda növbəti məhəbbətlərini axtarmaq fikrinə düşməyiblər. Amma internetin bu tip xidmətləri yaranandan sonra insanlar keçmiş macəralarının qəhrəmanlarını axtarmağa başlayıblar. Çünki bu, asan və dəbdə olan bir işdir. Həm də bu, insanların istədiyi anda münasibətləri qıra bilmək baxımından sərfəlidir".


Psixoloqun tədqiqatlarına görə, bir-birini internet vasitəsilə tapan hər beş nəfərdən dördü dərhal nikaha girmək qərarına gəlməyib. Onlar sonradan ya həmişəlik ayrılıb, ya da dostluqlarını uzun müddət davam etdiriblər. Bəziləri isə uzun sürən münasibətdən, hətta bir neçə il ər-arvad kimi yaşadıqdan sonra nikaha girmək qərarı veriblər: "İlk məhəbbət münasibətlərin qurulmasında böyük rol oynayır. O adam ki, bu hissləri yaşayıb, o hissləri sonradan da yaşaya bilər. Vay o gündən ki, insan bu hisslərdən məhrum ola! Hazırkı məqamda ilk məhəbbət bu emosional qalanın yeganə açarıdır. Məhz bu cür münasibətlər stabil davam edərək gənclərin şəxsiyyətinin formalaşmasına kömək edir".


Son vaxtlar azərbaycanlı gənclər arasında da söhbətləşmək imkanı yaradan bəzi internet saytlarına meyil güclənib. Bir qədər kobud desək, internet istifadəçisi olan gənclərimiz virtual məkanda müxtəlif niklə («nick» ingiliscə ləqəb, təxəllüs, ayama) çatlaşırlar («chat» ingiliscə boşboğazlıq etmək deməkdir).


Son vaxtlar çoxlu sayda tanışlıq imkanı verən saytların yarandığını və gənclərimizdə onlara olan marağı nəzərə alıb bu mövzuya müraciət etməli olduq. İndi gənclər internet saytların müxtəlif ünsiyyət vasitələri ilə-çat, forum, MSN, İCQ, Agent, Facebook və s. əlaqə qururlar. Söhbət məkanı-çat bir çoxları üçün əyləncə, bir çoxları üçün vaxt öldürmək, bəziləri üçün isə tanışlıq ünvanıdır. Bakıdakı əyləncə saytlarının administratorları çatda tanış olub ailə həyatı quran, özünə səmimi dost tapanların olduğunu istisna etmirlər. Gənclərdə internet və mobil telefon vasitəsi ilə tanışlığa heç də yaşlı nəslin nümayəndləri kimi pis baxmırlar. Virtual sevgi axtarışında olan gənclərlə yanaşı, virtual məkanda karyera imkanlarını genişləndirməyə, dostlarının sayını çoxaltmağa, hətta intellektual səviyyələrini artırmağa, ölkədə və dünyada baş verən hadisələrə, yeniliklərə rəy bildirməyə görə yeni texnologiyaların geniş imkanlarından istifadə edən gənclərimiz də az deyil. Bir qrup psixoloqlar virtual sahədə tanışlığın tənbəllikdən irəli gəldiyini bildirir. Onların qənaətincə, bu zaman insanlar komplekslərindən gizlənirlər. Çünki belə söhbət etmək daha asandır. Müəyyən utancaqlıq və hisslərdən azad olurlar. Belə ünsiyyət forması həm də bir növ boşluğu doldurur. Yəni insanlarda ünsiyyət tələbatı var və həmin boşluğu doldurmaq üçün internetə üz tutur. İnternetdə istənilən vaxt özünün ya da başqasının adıyla rahat ünsiyyət qurmaq olur.


Virtual sevgiyə üstünlük verənlər bu qənaətdədirlər ki, virtual məkanda sənin xarici görünüşünü yox, məhz özünü sevirlər. Bundan başqa, şəbəkədə öz tələblərinizi və istəklərinizi açıq-aydın bildirə, deməli ünsiyyətdə olduğunuz adamdan nə gözlədiyinizi gizlətmədən açıqlaya bilərsiniz. Qarşı tərəflə istənilən mövzunu on-line müzakirə edə, istədiyinizi deyə bilərsiniz, bununla belə, onun üçün sirr olaraq qala da bilərsiniz.


Əvvəllər ünsiyyət yalnız quru yazılarla kifayətlənirdisə, indi mikrofon və veb kamera sayəsində həmsöhbətinizi həm eşidə, həm də görə bilərsiniz. Bu, az da olsa, real ünsiyyəti əvəz edir.


İnternet evdən bayıra çıxmadan dünyanın istənilən nöqtəsində yaşayan insanlarla ünsiyyət qurmaq imkanı verir. Xaricilərlə və ya xaricdə yaşayan həmyerlilərlə danışmaq çox maraqlıdır. İnternet xarici vətəndaşla ailə qurmaq və ya xarici dili təkmilləşdirmək istəyənlər üçün çox geniş imkanlar yaradır.


Münasibətlərinizi tədricən, tələsmədən qura bilərsiniz. Üstəlik, real həyatdakından fərqli olaraq, virtual aləmdə lazımı anda ani qərar vermə riski olmur. Monitor arxasında oturarkən sizin həmişə düşünməyə, fikirlərinizi analiz etməyə, nə yazmaq istədiyinizə qərar verməyə vaxtınız və imkanınız genişdir. Bütün bunlarla yanaşı, bir faktı da diqqətə çatdırmaq istərdim ki, islam dininin şərtləri pozulmayacaqsa, ən əsası ortada bir-birlərini aldatma olmayacaqsa, internet nikahları ilə evlənmək labüd hesab edilir.


Maraqldır ki, bu gün sosial şəbəkələri yeni dəb, bəlkə də internetin yeni siması kimi qiymətləndirirlər. İnsanlar iş yerlərində, evdə, yolda bu şəbəkələrə daxil olur, öz fikirləri və gördüklərini bir-biri ilə bölüşür, yazışırlar. Bununla da onlar öz ünsiyyət tələbatlarını ödəyirlər.


Statistikaya əsasən, Azərbaycanda ən çox baxılan internet səhifələri də məhz sosial şəbəkələrdir (Odnoklassniki.ru, Facebook.com). Hər gün bu saytlara yüz minlərlə abunəçi daxil olur. Əlbəttə ki, ilk baxışdan bu, adi haldır və təəccübləndirici heç bir şey görünmür. Lakin, məsələnin kökünə baxsaq, çox maraqlı məqamlar ortaya çıxır.


Ən önəmli məsələ sosial şəbəkələrin peyda olmasından sonra, internet ünsiyyətində baş vermiş inqilabdır. Bir neçə il öncə internetdə ünsiyyət — müxtəlif çatlar, forumlar, e-mail yazışmaları və s. kimi üsullarla həyata keçirilirdisə, hazırda sosial şəbəkələr vasitəsilə ünsiyyət daha populyardır.


Əvvəllər internet istifadəçiləri öz fantaziyalarının məhsulu olan virtual personajlardan istifadə edirdilər. Bu personajın öz təxəllüsü (nickname), xasiyyəti, fərqli həyat tərzi var idi. Personaj real həyatdakı insanların virtual dünyada təmsilçisi idi.


İnternet istifadəçisinin real həyatda kim olduğu, nə ilə məşğul olması məxfilik pərdəsi altında gizlənirdi.


Sosial şəbəkələrin yaranması isə internet istifadəçilərindən real həyatdakı kimliklərini internetə köçürmələrini tələb etdi.


Digər ölkələrdə olduğu kimi, Azərbaycanda da internet istifadəçiləri bu dəbli tendesiyaya qoşularaq özləri haqqında tam məlumatı cəsarətlə internetə köçürdülər. İnternet istifadəçiləri real şəkillərini, harada yaşadıqlarını, maraqlarını, iş yerlərini, öz dost siyahılarını könüllü surətdə yüz milyonluq internet auditoriyasına təqdim etdilər. İnternet səhifəsində dostlar siyahısı, şəkillər, fərdi həyatdan məlumatlar gündən-günə artmaqda davam edir. Amma bu məqamlarda da diqqətli olmaq məqsədəuyğundur.


Bu yaxınlarda ABŞ prezidenti Barak Obama gənc tələbələrlə görüşündə sosial şəbəkələrdən istifadə edərkən daha seçkin olmalarını tövsiyə edib. Onun sözlərinə görə, internetə yüklənmiş faylların məzmunu bir müddət sonra gənclərin karyera və ya təhsil əldə etmələrində mane ola bilər.


Tarix: 17.05.2013 / 19:44 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 424 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...