İslam tarixinin ən görkəmli dövrlərindən olan “dörd xəlifə dövrü”nün son xəlifəsi Hz. Əli (r.ə.) olmuşdur. Peyğəmbərimizə (s.ə.v.) və özündən əvvəlki qiymətli İslam xəlifələrinə könüldən beyət edərək onlara qəti bir itaətlə bağlanmış, sahib olduğu yüksək əxlaq ilə bütün müsəlmanlara nümunə olmuşdur.
Peyğəmbər əfəndimizin (s.ə.v.) əmisi Əbu Talibin oğlu olan Hz. Əli (r.ə.) kiçik yaşda İslamı qəbul edən ilk müsəlmanlardandır. Tarixi qaynaqlarda ifadə edildiyi kimi Peyğəmbərimiz Hz. Muhəmmədin (s.ə.v.) yanında böyümüş, ondan təhsil alıb yetişmişdir.
Hicrətdən təxmini olaraq 23 il əvvəl Məkkədə doğulan Hz. Əli (r.ə.) Quran əxlaqını yaşamaqda Peyğəmbərimizin (s.ə.v.) nümunə göstərdiyi mübarək bir İslam xəlifəsidir. Müsəlmanlara qarşı böyük düşmənlik edən məkkəli müşriklərin cəfalarına baxmayaraq İslamı qəbul etdiyi üçün, kiçik yaşlarından etibarən Peyğəmbərimizin (s.ə.v.) ən yaxın köməkçilərindən olmuşdur.
Üçüncü İslam xəlifəsi Hz. Osman (r.ə.) şəhid edildikdən sonra miladi 656 ilinin zilhiccə ayında xəlifə olmuş, təxminən dörd il doqquz ay davam edən xəlifəliyi tarixi qaynaqlara görə miladi 661 ilində şəhid edilməsi ilə sona çatmışdır. (Doğuşdan günümüzə böyük İslam tarixi, Əsr nəşrləri, cild 2, s. 223-268)
Elm öndəri olan bir İslam xəlifəsi
Hz. Əlinin (r.ə.) əsas xüsusiyyətlərindən biri Allahın izni ilə sahib olduğu elmdir. Onun yaşadığı dövrdə İslam cəmiyyətinin elm dünyasında öndə olan şəxslərindən olduğu hamı tərəfindən ittifaqla qəbul edilir. Sahib olduğu elm, fiqh mətnləri və hökmləri ilə məhdudlaşmamış, riyaziyyat və bənzəri elm sahələrində də əsrinin qabaqcıllarından olmuşdur. Peyğəmbər əfəndimiz (s.ə.v.) Hz. Əlinin (r.ə.) bu əhəmiyyətli xüsusiyyətini bir hədisində belə tərifləmişdir:
“Mən elmin şəhəriyəm, Əli (r.ə.) isə qapısıdır”. (Deyləmi)
Hz. Əli (r.ə.) ta uşaqlığından etibarən Peyğəmbər əfəndimizin (s.ə.s.) yanında olmuş, Quran əxlaqını və Quranın hikmətlərini ondan öyrənmiş, onun vəhy katibliyini etmişdir. Peyğəmbər əfəndimizin (s.ə.v.) vəfatına qədər onun yanından ayrılmamışdır. Beləliklə, dini mövzular üzərində yüksək bir elm səviyyəsinə çatmışdır. Buna görə Hz. Əli (r.ə.) Hz. Əbu Bəkr (r.ə), Hz. Ömər (r.ə.) və Hz. Osmanın (r.ə.) ilk məsləhətləşdiyi şəxslər arasında olmuşdur.
Peyğəmbər (s.ə.v.) əfəndimizin Hz. Əli (r.ə.) haqqındakı sözləri
“Əlini (r.ə.) sevən məni sevmişdir. Ona düşmənlik mənə düşmənlikdir. Onu incidən məni incitmişdir. Məni incidən də, əlbəttə, Allahı incitmiş olar”. (Təbərani)
“Hər şeyin bir qanadı vardır, bu ümmətin qolu-qanadı da Əbu Bəkr (r.ə.) və Ömərdir (r.ə). Hər şeyin bir qalxanı var, bu ümmətin qalxanı da Əlidir (r.ə).” (Xatib)
Hz. Əlinin (r.ə.) ədalətli rəhbərlik anlayışı
Hz. Əli (r.ə.) rəhbərliyi altında saxladığı hər bölgədə əsgəri mərkəz meydana gətirmişdir. Rəhbərliklə əlaqədar olaraq əhəmiyyət verdiyi nöqtə alınan hər qərarın ədalətli və qəti həll olmasıdır.
Dövlət idarəsində Hz. Ömərin (r.ə.) yolunu izləyən Hz. Əli (r.ə.) əvvəlcə onun Qurandakı üstün ədalət anlayışını rəhbər etmişdir. Rəhbərliyi altında olan şəxslərə qarşı daima çox şəfqətli olan Hz. Əli (r.ə.) əhəmiyyətli vəzifələrdə olan idarəçilərin də ədalət mövzusunda diqqətli olmalarını istəmişdir. Günümüzə çatan bu tövsiyələri bu gün bütün dünyada idarəçilik sahəsində əhəmiyyətli bir rəhbər kimi qəbul edilir. Bu əhəmiyyətli öyüdlərdən bəziləri bunlardır:
1. Xalqa qarşı daim içinizdə sevgi və nəzakət hissləri bəsləyin. Müvəffəqiyyətiniz onları danlayıb sərt davranmaqla olduğu fikrinə düşməyin.
2. Hamıya ədalətli davranın.
3. Tərəf tutmayın, bəzi insanları süründürməyin. Bu cür davranışlar sizi zülmə aparar.
4. İdarəçilərinizi seçərkən dövlətə qarşı cinayətlər, məzlumlara qarşı zülmlər törətməmiş olanlarına diqqət edin.
5. Doğru, düzgün və nəzakətli kəsləri seçin və öz xeyirlərini güdməyənləri seçin.
6. Haqsız qazanc və əxlaqsızlıqlara düşməmələri üçün idarəçilərinizə kifayət qədər maaş ödəyin.
7. İdarəçilərinizə nəzarət edin, buna görə etibar etdiyiniz səmimi insanların müşavirəsinə açıq olun.
8. Xalqın etibarını qazanın və onların yaxşılığını istəyin, adamları minnət altında buraxmayın.
9. Heç bir zaman verdiyiniz sözdən dönməyin. Etməyə güc çatdıra bilməyəcəyiniz işləri də vəd etməyin.
10. Hirsinizi örtün. Hirsli ikən cəza verməkdən çəkinin. Hirsiniz yatışsın ki, müsbət qərarlar verə biləsiniz.
Peyğəmbərimiz (s.ə.v.) Hz. Əlinin (r.ə.) şəhidliyini xəbər vermişdir
Allah Rəsulu (s.ə.v.) Əliyə (r.ə.) yanaqlarını göstərərək belə buyurdu:
“Buradan və buradan zərbə alacaqsan, qanın saqqalını bulayanadək axacaq!”
Hz. Əlinin (r.ə.) nümunəvi cəsarəti
Hz. Əlinin (r.ə.) elmi üstünlüyü və ədalətli rəhbərlik anlayışı ilə yanaşı Quran əxlaqının nəticəsi olaraq ön plana çıxan digər bir xüsusiyyəti də nümunəvi cəsarəti olmuşdur. Quran əxlaqına görə həqiqi cəsarət Allahın (c.c) sərhədlərini tamamilə və qüsursuz qorumada Allahdan (c.c) başqa heç kimdən qorxmadan və çəkinmədən iradə göstərmək, heç bir şərt və mühitdə Quran əxlaqından güzəşt verməməkdir. Bir möminin cəsarətinin əsl qaynağı isə uca Rəbbimizə olan imanı, dərin sevgisi, Allah qorxusu və Cənnət həsrətidir.
Hz. Əlidə (r.ə.) üstün əxlaqi xüsusiyyətlərlə istər Peyğəmbər əfəndimizlə (s.ə.v.) birlikdə qatıldığı döyüşlərdə, istərsə də hicrət əsnasında bütün möminlərə nümunəvi bir cəsarət göstərmişdir.
Təbuk səfəri xaric bütün döyüşlərdə Peyğəmbərimizin (s.ə.v.) yanında olan Hz. Əli (r.ə.) hər hadisədə bir mömininə xas olan əxlaq və cəsarəti göstərmişdir.
Tarixi qaynaqlara görə Yəmamə döyüşündə ordu komandiri olaraq vəzifələndirilən Hz. Əlinin (r.ə.) hicrəti isə Peyğəmbərimizin (s.ə.s.) ona sahiblərinə qaytarmaq üçün verdiyi əmanətləri təslim etdikdən sonra reallaşmışdır.
Hz. Əli (r.ə.) Allaha (c.c) olan təvəkkülünün və Peyğəmbərimizə (s.ə.v.) olan qeyri-şərtsiz bağlılığının çoxlu nümunələri vardır.
Hz. Əli (r.ə.) buyurur:
· Elm alçaqda qalanları yüksəldər, savadsızlıq isə yüksəkdəkiləri alçaldar.
· Rəsulullaha (s.ə.s.) ən yaxın olanlar ona tabe olanlardır. Düşmənləri də Allah (c.c) qarşı gələnlərdir.
· Saleh əməl tərif və savabını yalnız Allahdan (c.c) gözlədiyin əməldir.
· Axirətə yaxınlaşma və dünyadan uzaqlaşma hissini itirməyin! Dünya itkilərindən kədərə düşməyin və daima xeyirli işlər görün.
· Həqiqi dost eybini görüb nəsihət verən, səni qoruyan və səni özünə seçəndir.
· Çətinliyə qarşı səbir etmək bolluq vaxtı ləzzətdən daha üstündür.
Hz. Əlinin (r.ə.) hökmdarlara nəsihəti
· “Bağışladığından ötrü heç vaxt peşman olma. Cəzalandırdığın üçün heç vaxt sevinmə! Xalqının eybini gücünün çatdığı qədər ört ki, Allah da sənin xalqından gizli qalmasını istədiyin şeyi örtsün. Kimsəyə kin bəsləmə! İntiqam iplərini kəs…
· Sadiq və qənaətkar adamları özünə sirdaş et.
· Əsla insanların yaxşısı ilə pisi sənin üçün eyni olmasın. Çünki onları beləcə bərabər görmək bir tərəfdə yaxşıları yaxşılıqdan soyudarkən, pislərin də pisliyə olan meylində onlara cəsarət verər”.
Hz. Əlinin (r.ə.) ilk xütbəsi
“Heç şübhə yoxdur ki, şanı uca Allah insanları qurtuluşa aparan bir kitab endirdi. Bu kitabında xeyir və şəri açıqladı. Elə isə xeyirə sarılın, şəri tərk edin. Vacibləri Allah üçün yerinə yetirin, sizi Cənnətə aparsın. Allah aşkar olan bir haram qoydu və müsəlmanın hörmətini bütün haramlardan daha irəlidə tutdu. İxlasa və müsəlmanların birliyinə əhəmiyyət verdi… Allahın qullarına pis davranmaqdan qaçın. Ondan qorxun. Üzərində olduğunuz torpaqlardan və heyvanlardan məsuliyyət daşıyırsınız. Uca Allaha itaət edin və Ona üsyan etməyin. Xeyir gördüyünüzdə onu götürün, şər gördüyünüzdə isə uzaqlaşın. Xatırlayın, bir zamanlar siz dünyada az və gücsüz idiniz…”
Allah möminlərlə birlikdədir
Allahdan bir rəhmət olaraq ədalət, elm, əliaçıqlıq, mərhəmət və digər yüksək fəzilətlərə sahib olan Hz. Əli (r.ə.) cəsarətinin ən əhəmiyyətli səbəbi sonsuz rəhmət sahibi olan uca Allahın hər an möminlərlə olduğunu bilməsidir.
Allahın izni ilə iman etməyənlər möminlərə heç bir şəkildə zərər verə bilməzlər. Hicrət səfərində Peyğəmbər əfəndimizin (s.ə.v.) və Hz. Əli (r.ə.) müşriklərin əhatəsində olmalarına baxmayaraq heç bir zərər görməmələri bunun ən açıq sübutlarından biridir. Allah iman etməyənlərin möminləri təzyiq altına almaq, hətta öldürmək üçün qurduqları bütün plan və tələləri həmişə boşa çıxartmışdır. Bu vacib sirr bir ayədə belə bildirilmişdir:
“Həqiqət budur ki, onlar hiyləli-nizamlar qurdular. Halbuki onların nizamları, dağları yerlərindən oynadacaq da olsa, Allah qatında onlara hazırlanmış nizam (pis bir qarşılıq)vardır.” (İbrahim surəsi, 46)
Şübhəsiz, qiymətli İslam xəlifəsi Hz. Əlinin (r.ə.) bu əxlaqı digər bütün möminlər üçün də nümunə olmalıdır. Çünki Allah eyni zəmanəti Öz rizasına ixlasla sarılan bütün möminlərə verməkdədir. Rəbbimiz ayələrdə inkar edənlərə qarşı möminləri qoruyacağını, qalib gələcəyini vəd edir. Ayədə bildirildiyi kimi unudulmamalıdır ki,
“…Allah heç vaxt kafirlərə möminlərin əleyhinə olan bir yol göstərməz!” (Nisa surəsi, 141)
Tarix: 24.11.2014 / 12:30 Müəllif: Aziza Baxılıb: 99 Bölmə: Maraqlı melumatlar