Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ən-Nəhl Suresi (Bal Arısı)

Bismillahir Rahmanir Rahim!

Allahın (möminlərin zəfər çalacağı, müşriklərin və kafirlərin məhv olacağı barəsindəki) əmri mütləq gələcəkdir. Buna görə də onu tələm-tələsik (vaxtından əvvəl) istəməyin. Allah Ona şərik qoşulan bütlərdən pak və ucadır. (Allah hər şeyin fövqündədir. Onun heç bir şəriki yoxdur!)

(Allah) Öz əmri ilə mələkləri (Cəbraili) vəhy ilə bəndələrindən istədiyinə göndərib belə buyurar: “İnsanları (əzabımla) qorxudub (bu həqiqəti Mənim adımdan onlara) bildirin: “Məndən başqa heç bir tanrı yoxdur. Məndən qorxun!”

(Allah) göyləri və yeri haqq olaraq yaratmışdır, (Allah) Ona şərik qoşulan bütlərdən ucadır!

Allah insanı nütfədən (mənidən, bir qətrə sudan) xəlq etdi. Bununla belə, o, (böyüyüb yetkinlik hədinə çatanda haqqı inkar, batili iqrar edib qiyamətdə diriləcəyinə inanmayaraq) birdən-birə açıq-aşkar bir düşmən kəsildi.

Davarı da (dəvə, inək, kəl, qoyun, keçi və s. ) O yaratdı. Bunlarda (onların yununda) sizin üçün istilik, cürbəcür mənfəət (südünü içmək; özlərini minmək, yer sürmək) vardır, həm də onlardan (onların ətindən) yeyirsiniz.

Onları səhər naxıra, axşam axura gətirdikdə (səhər otlamaq üçün çölə göndərib axşam tövləyə qaytardıqda) baxıb zövq alırsınız (fərəhlənirsiniz).

Onlar sizin yüklərinizi özünüzü yormadan çata bilməyəcəyiniz bir ölkəyə (bir yerdən başqa yerə) daşıyarlar. Həqiqətən, Rəbbin şəfqətlidir, mərhəmətlidir!

Sizin minməyinizdən ötrü, həm də zinət üçün atı, qatırı və uzunqulağı (O yaratdı). (Allah) hələ sizin bilmədiyiniz neçə-neçə şeylər (nəqliyyat, minik vasitələri və s.) də yaradacaqdır.

Doğru yolu (islamı) göstərmək Allaha aiddir. Ondan (haqdan) kəc olan yol (və ya haqdan kənara çıxan) da vardır. Əgər (Allah) istəsəydi, sizin hamınızı doğru yola salardı.

Göydən sizin üçün yağmur endirən Odur. Ondan (o sudan) siz də, içində (heyvanlarınızı) otardığınız ağaclar (və otlar) da içər (ağaclar və otlar da onun vasitəsilə bitər).

(Allah) onunla (o su ilə) sizin üçün əkin (taxıl, bitki), zeytun, xurma, üzüm və bütün (başqa) meyvələrdən yetişdirir. Düşünüb-daşınanlar üçün bunda (Allahın vəhdaniyyətini sübut edən) dəlillər vardır!

O, gecəni və gündüzü, Günəşi və Ayı sizə ram etdi (sizin xidmətinizə verdi). Ulduzlar da Onun əmrinə boyun əymişdir. Doğrudan da, bunda ağılla düşünənlər üçün ibrətlər vardır! (Ən-Nəhl (Bal arısı) surəsi ayə 1-2-3-4-5-6-7-8-9-10-11-12)


Tarix: 19.11.2013 / 04:21 Müəllif: Akhundoff Baxılıb: 134 Bölmə: Maraqlı melumatlar
loading...