Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ruhani Nəyə Lazımdır

Mikro-avtobusun gənc sürücüsü fit çala-çala yavaşca sükanı döyəcləyirdi. Kefi kök idi. Kənddəki fermerlərdən biri öz bağından yığdığı almaları şəhərə aparıb bazara təhvil verməyi ona tapşırmışdı. Alma dolu yeşiklər səliqə ilə avtobusun arxa hissəsində üst-üstə yığılmışdı.

Maşında xeyli yük vardı, buna görə də oğlan yolda qabağına çıxan çuxurların, daşların üstündən ehtiyatla sürüb keçməyə çalışırdı. Yükü mənzil başına çatdırandan sonra ona yaxşı pul verəcəkdilər. Həmin pulla nələr alacağını bu başdan planlaşdırır, xəyalların içində üzürdü.

Yolüstü kəndlərin birinə dönən cığırda qaraltı gördü. Qaraltı kim idisə, əlini qaldırıb maşın saxlamaq istəyirdi. Qabaqda gedən iki maşın saxlamayıb keçdi. Yaxınlaşdıqca oğlan yolda duranı daha aydın görürdü. Ruhani geyimində, əyni əbalı, başı əmmaməli bir adam idi. Oğlanın əhval-ruhiyyəsi yaxşı olduğu üçün ona yazığı gəldi, maşını saxlayıb soruşdu: “Hara gedirsən, molla əmi?” Ruhani qısaca: “Şəhərə” - dedi. Oğlan da qısaca: “Otur” - söylədi. Ruhani qapını açdı, “bismillah” deyib, sürücünün yanındakı qabaq oturacaqda əyləşdi.

Bir az getdilər. Axırda oğlan darıxdı, “yola nərdivan qoymaq” üçün səssizliyi pozub söhbətə başladı. Özündən danışdı, sürücülük peşəsini təriflədi: “Bəs necə, hamının sürücülərə işi düşür. Yolda qalanları mənzil başına çatdırırsan, yükü olanların yükünü daşıyırsan; həm onlara xeyir olur, həm də sənə”. Yük yerindəki alma yeşiklərinə əli ilə işarə edib dedi: “Bunları aparıb şəhərdə bazara verəcəyəm, pulumu alacağam”.

Sonra üzünü ruhaniyə tutub ərkyana soruşdu: “Sən nə işlə məşğulsan, molla əmi?” Ruhani cavab verdi: “Mənim vəzifəm camaata halal-haramı başa salmaq, din haqqında izahat verməkdir”. Oğlan onu dinləyib istehza ilə dedi: “Ondansa, başqa bir faydalı işlə məşğul olardın. Sənin işinin cəmiyyətə xeyri yoxdur, havayı çörək yeyirsən, qardaş”.

Ruhani ədəb xatirinə susub cavab vermədi. Əslində bu cür sözləri eşitməyə adət etmişdi. Ürəyində Allahdan oğlana hidayət dilədi.

Qəfildən maşın silkələndi. Həm oğlanı, həm də onun yanında oturmuş ruhanini sanki əvvəl qabağa, sonra arxaya sarı itələdilər. Sən demə, təkər daşa ilişmiş, sürücü də özünü itirib sərt tormoz veribmiş. Mikro-avtobusun arxasındakı yük yerinin qapısı taybatay açıldı, meyvə yeşikləri yola töküldü. Ətraf alma ilə dolmuşdu. Cavan oğlan dəhşət içində idi; bu qədər meyvəni təkbaşına necə yığıb yeşiklərə dolduracaq? Bazara hansı üzlə gedəcək? Almaların sahibinə nə cavab verəcək?

Yolda tıxac yarandı, arxadan gələn avtomobillər də durdu. Hamı mənzərəyə baxmaq üçün maşınlardan düşmüşdü. Əvvəlcə bir uşaq əyilib yerdən bir alma götürdü, dişinə vurub şaqqıltı ilə dişlədi. Ardınca başqa bir adam, daha sonra o birisi yerdən alma götürüb yeməyə başladılar. Isti hava hamının dil-dodağını qurutmuşdu. Adamlar alma yeməklə sərinləmək, susuzluqlarını yatırmaq istəyirdilər. Hətta bəziləri almaları ovuclayıb əllərindəki çantaya tökürdülər. Oğlan başa düşdü ki, bir neçə dəqiqədən sonra almalardan əsər-əlamət qalmayacaq. Bir anlıq itirdiyi pulun miqdarını hesabladı, həmin pulla nələr etmək istədiyini göz önünə gətirdi. Sonra öz-özünə dedi: “Əşi, mənə verəcəkləri zəhmət haqqı cəhənnəmə! Mən bu qədər almanın pulunu necə verəcəyəm? Burda neçə ton meyvə var. Bunları yoldan yığa bilməsəm, gərək kənddəki fermerin ziyanını ödəyim. Aman Allah, bu nə işdir düşdüm!” Gözləri qaraldı, başını tutub yerə çökdü.

Elə bu an səs eşitdi: “Ay camaat, Allahdan qorxun! Başqasının malını qəsb etməyin! Bu adam yediyiniz meyvələrin halallığını verməyib. Bu meyvələri yemək sizə haramdır. Özünüzü cəhənnəmə atmayın!” Cavan oğlan gözlərinə inanmadı. Yolboyu mübahisə edib acıladığı ruhanı yolun ortasında durub uca səslə adamlara nəsihət edirdi. Bu ruhani onun əmlakını qoruyurdu, onun haqqını müdafiə edirdi!

Yerdən götürdüyü almanı üstünə sürtüb tozunu alanların, əlindəki almanı dişləmək üçün ağzına aparanların əlləri havada dondu. Bayaqdan hərislik yayılan sifətləri qayğı bürüdü. Bəli, ruhani camaatı inandıra bilmişdi. Indi növbəti addımı atmağın vaxtı idi.

Ruhani çiynindən sürüşən əbanı düzəldib sözünə davam etdi: “Bu müsəlmanın köməyə ehtiyacı var. Təkbaşına bu qədər almanı yığa bilməyəcək. Ona kömək etmək bizim müsəlmanlıq borcumuzdur! Savab qazanmaq istəyən irəli gəlsin, yerdən bir alma götürüb bu yeşiyə atsın!”

Hamı bir nəfər kimi əyilib yerdən almaları yığmağa başladı. Bayaq havayı qənimət kimi çantalarına alma yığanlar hamısını yeşiklərin içinə boşaltdılar. Bir neçə dəqiqənin içində yol tərtəmiz oldu. Yeşiklər əvvəlki kimi dolu idi. Onları yenə avtobusun yük yerinə yığdılar. Hərə öz maşınına doğru qayıtdı. Mikro-avtobusun ardınca o biri avtomobillər də yerindən tərpəndi.

Cavan oğlanın bayaqkı lovğalığından əsər-əlamət qalmamışdı. Üzünü ruhaniyə tutub sakit və peşman səslə dedi: “Məni bağışla, qardaş. Indi başa düşdüm ki, sənin işin nə qədər lazımlı imiş”.


Tarix: 19.11.2013 / 04:22 Müəllif: Akhundoff Baxılıb: 140 Bölmə: Maraqlı melumatlar
loading...