müsəlman gənc oğlan və qızların bir qismi dünyəvi nikahdan əvvəl öz münasibətlərini halal şəklə salmaq üçün kəbin (daimi və ya müvəqqəti) kəsdirmək istəyirlər.
Amma qızın atasının buna razı olmayacağını bildikləri üçün ondan icazə almadan kəbini özləri oxumaq və ya oxutdurmaq fikrindədirlər. Bu barədə çoxsaylı sualları nəzərə alaraq, aşağıda 5 Islam məzhəbi baxımından məsələyə aydınlıq gətirməyə çalışacağıq.
Cəfəri məzhəbinə görə, ailə qurmaq istəyən bakirə qız hələ «rəşidə» deyilsə, yəni özünə xeyirli olanla ziyanlı olanı ayıra bilmirsə, başqa sözlə desək, həyat təcrübəsinə malik deyilsə və həyatı anlamırsa, atasından (babasından) icazə alması mütləqdir. Rəşidə qıza gəlincə, müctəhidlər bakirə və rəşidə qızın ailə qurarkən ehtiyata görə atasından (babasından) icazə almasını lazım bilmişlər. Lakin əgər qız şəriət və adət-ənənə baxımından özünə tay olan bir kişiyə ərə getmək fikrindədirsə, amma atası (babası) heç bir tutarlı sübut olmadan buna etiraz edirlərsə, qızın bu etiraza qulaq asması lazım deyil. Həmçinin, əgər qızın atası və ya babası yoxdursa (ölüblərsə), yaxud uzaqdadırlarsa və onlarla əlaqə yaradıb fikirlərini öyrənmək heç cür mümkün deyilsə, özü də qızın ərə getməyə ehtiyacı varsa, bu halda onun heç kəsdən icazə alması gərək deyil. Qızın ərə getməyə ehtiyaclı olması bu deməkdir ki, ərə getmədiyi halda harama düşmə ehtimalı olsun və ya ata (baba) səfərdən qayıdana kimi qızın ərə getmək yaşı keçmiş olsun. Mərhum Ayətullahül-üzma Təbrizi bakirə qızın hətta rəşidə olsa belə, atasından (babasından) icazə almasını mütləq mənada lazım bilirdi. Ayətullahül-üzma Sistani də eyni məzmunlu fətva vermişdir. Onun rəyinə görə, hətta əgər qız bakirə və rəşidədirsə, öz yaşayışına aid olan məsələləri (istər iqtisadi, istər ictimai, istərsə də psixoloji cəhətdən) həll etmək qüdrətinə sahibdirsə, yenə ehtiyata görə atasından (babasından) icazə almalıdır.
Geniş yayılmış təsəvvürün əksinə olaraq, qardaş, ana, əmi, dayı və ya başqa bir qohum bu halda qızın himayədarı kimi çıxış edə bilməz və bunların heç birinin icazəsi tələb edilmir. Hədislərə uyğun olaraq, icazə verənlərin arasında baba atadan əvvəl sayılır, yəni ilk öncə onun münasibəti əsas götürülür. Özü də baba – atanın atasıdır, ananın atası bu səlahiyyətə sahib deyil (Üsuli-Kafi, V, 395-396, hədis 1, 2, 4 və 5).
Ata və ya babanın icazəsi yalnız bakirə qızın izdivacı zamanı tələb edilir. Dul (ərindən boşanmış və ya əri ölmüş) qadın öz həyatını qurmaqda tam sərbəstdir, istədiyi adama ərə gedə bilər və bu zaman heç kəsdən icazə alması şərt deyil. Lakin qızın bakirəliyi bədbəxt hadisə (xəstəlik, yıxılma və s.) və ya şəriətə uyğun olmayan səbəb (zina, etibarsız nikah) üzündən itirilmişsə, o yenə də bakirə hökmünə tabedir.
Əhli-sünnə məzhəblərinin məsələyə münasibəti bir qədər fərqlidir.
Hənəfi məzhəbinə görə, yetkinlik yaşına çatmış qız (istər bakirə olsun, istərsə də bakirə olmasın) istədiyi şəxsə ərə getmək hüququna sahibdir. Bununla belə, bəzi hallarda qızın atası və ya babası evliliyə qadağan qoya bilər. Bu iki halda mümkündür: a) qız sosial, dini və əqli cəhətdən özünə tay olmayan birisinə ərə getməyi qərara almışsa; b) qız üçün təyin edilmiş mehriyyə onunla eyni sosial statusa malik sair qadınların mehriyyəsindən azdırsa. Qızın üzərində ən çox haqqı olan vəlisi (himayədarı) yuxarıdakı səbəblər üzündən izdivaca razı deyilsə, kəbini pozmaq hüququna (yəni bu tələblə qaziyə müraciət etmək haqqına) malikdir. Bütün bu hökmlər həddi-büluğ yaşına çatmış həm bakirə qızlara, həm ərindən boşanmış və ya əri ölmüş dul qadınlara, həm də zina, xəstəlik, yıxılmaq və s. səbəblər üzündən bakirəliyini itirmiş qızlara şamildir.
Maliki, şafii və hənbəli məzhəblərinə görə, ata və ya baba yetkinlik yaşına çatmış öz bakirə qızını istədiyi adama ərə verə bilər; bu zaman qızın icazəsi tələb edilmir. Amma ata fiziki cəhətdən qüsurlu, cinsi baxımdan iqtidarsız, fasiq (əxlaqsız) bir adama qızı ərə verə bilməz; əks halda qız kəbini pozmaq haqqına sahibdir. Atanın (babanın) öz qızından razılıq alması sünnətdir. Maliki məzhəbinə görə, əgər ata (baba) himayəsi altında olan yetkin və bakirə qızı öz himayəsindən azad edərək ona müstəqillik verərsə, yəni onu rəşidə (müstəqil qadın) kimi tanıyarsa, qız tam sərbəstlik qazanır. Bu qız eynilə dul qadın kimi öz evliliyini təkbaşına həll etmək haqqına sahibdir və atasından (babasından) icazə alması gərəkməz.
Maliki məzhəbinə görə, zina, xəstəlik, yıxılma kimi hallarda bəkarətini itirmiş qız da əksəriyyətin fikrincə bakirə hökmündədir. Hənbəlilərə görə isə, bakirə o qızdır ki, heç bir cinsi əlaqədə olmayıb, yaxud bakirəliyi xəstəlik, yıxılmaq və sairə təbii səbəblər üzündən pozulub. Zina ilə bakirəliyini itirən qız isə dul kateqoriyasına aiddir və dul qadın kimi onu da ərə verərkən mütləq razılığını almaq lazımdır. (Əhli-sünnə məzhəbinin hökmləri Əbdürrəhman Cəzirinin «Dörd məzhəbə görə Islam fiqhi» kitabından götürülmüşdür).
Bakirə qızın izdivac zamanı atasından və ya babasından icazə alması barədə hökmün sənədlərinə gəlincə, bu barədə həm şiə, həm də əhli-sünnə mənbələrində xeyli hədis vardır. Məsələn, mötəbər hədis məcmuələrindən sayılan «Üsuli-Kafi»də Imam Cəfər Sadiqin (ə) belə buyurduğu rəvayət edilir: «Atası olan bakirə qız atasından icazəsiz ərə gedə bilməz. Əgər öz işlərini idarə edə bilirsə, onda istədiyinə ərə gedə bilər» (Üsuli-Kafi, V, 391-392, hədis 2). Yenə Imam Cəfər Sadiqdən (ə) belə bir hədis söyləyirlər: «Atası olan bakirə qızlar atalarının icazəsi olmadan ərə getməzlər» (Üsuli-Kafi, V, 393, hədis 1). Imam Mühəmməd Baqir (ə) isə buyurub ki, nikahı atadan başqa heç kim poza bilməz (Üsuli-Kafi, V, 392, hədis 8).
Bu hökmün əqli (məntiqi) dəlilləri barədə bunu deyə bilərik ki, Islam şəriəti hər bir məsələdə müsəlmanların mənafeyini qorumağa, onları mümkün təhlükələrdən xilas etməyə, azad və firavan həyatlarını təmin etməyə çalışır. Ailə qurmamış, həyatın keşməkeşlərini görməmiş, həyatda bərkiməmiş bir qız uşağı asanlıqla aldana bilər. Xüsusilə, qız uşaqlarının bəzən təhsildən yayındırıldığı, cəmiyyətdən təcrid edildiyi, dünyagörüşünün süni surətdə daraldıldığı ailələrdə bu təhlükə özünü daha qabarıq şəkildə göstərir. Əgər qız ailə qurarkən öz seçimini özbaşına etmək səlahiyyətinə malik olarsa, onun səhv etmə ehtimalı çox olar. Gənc qızın səhv addımı gələcək həyatda ona çox ağır otura və xoşbəxtliyini bütünlükdə sual altında qoya bilər. Lakin atanın (və ya babanın) zəngin həyat təcrübəsi olduğu üçün, onlar qızın görə bilmədiyi cəhətləri asanlıqla duya bilirlər. Məhz buna görə şəriətimiz bakirə qızın evliliyi zamanı böyüklərin razılığını lazım bilir.
Saytımıza daxil olan sualların bir qismində gənclər qız atasından icazəsiz kəbin kəsdirmək arzusunda olduqlarına haqq qazandıraraq bildirirlər ki, onların heç bir pis niyyəti yoxdur; yalnıız bir-birinə məhrəm sayılmaq, ən uzağı əl-ələ tuta bilmək üçün bu addımı atmaq istəyirlər. Buna cavab olaraq bildiririk ki, Islam sair məsələlərdə olduğu kimi, burada da qəti və prinsipial mövqe nümayiş etdirir. Gələcəkdə baş verə biləcək bir çox fəsadların qarşısını birdəfəlik almaq üçün məsələ kökündən qadağan edilir. Çünki Quranda da deyildiyi kimi, insan unutqan, cahil və özünə qarşı zalım bir məxluqdur. Onun daxilində həmişə Allahla Şeytanın mübarizəsi gedir. Heç kim günahdan həmişə uzaq qalacağaına zəmanət verə bilməz. Həyatda tez-tez bunun şahidi oluruq ki, bircə şəhvətli baxış, bircə haram təmas böyük-böyük fəsadlara müqəddimə olur. Əxlaq pozğunluqları çox zaman kiçik bir məhrəmanə söhbətdən və işarədən başlayır. Ona görə də bu gün yalnız bir-birinə məhrəm olmaq xatirinə kəbin kəsdirmək istəyən gənclər sabah onların münasibətlərində heç bir məhdüdiyyətin və qadağanın olmadığını anlayaraq, bütün sərhədləri aşmaq və hüdudları keçmək arzusuna düşə bilərlər. Bu isə qızın yaxınlarının icazəsi olmadan baş verdiyi üçün gələcəkdə böyük problemlərə yola aça bilər.
Məsələnin ikinci tərəfi budur ki, heç də bir-birini sevən cütlüklərin hamısı ailə qurmur. Sevgi bağlılıqlarının heç də hamısı rəsmi evliliklə sonuclanmır. Ona görə də bir-birini həqiqətən sevdiklərini, evlənmək niyyətində olduqlarını və bu niyyətdə ciddi durduqlarını söyləyən gənclərin də hamısının sözünü ciddi saymaq düzgün olmazdı.
Islam hər bir məsələdə, xüsusilə, əxlaqi mövzularda çox ciddi prinsipial mövqe sərgiləyir. Məsələn, naməhrəm şəxslərin bağlı qapı arxasında ikilikdə qalmaları haramdır. Şahid olmayan bir otaqda naməhrəm qızla oğlan əxlaqa zidd olan heç nə etməsələr belə, onların öz istəkləri əsasında bu otaqda qalmaları günah sayılır. Burada əsas olan konkret bir hadisə, bir variant deyil. Islam belə bir vəziyyətdə yarana biləcək bütün varinatları nəzərə alır və mümkün günahların qarşısını almaq üçün prinsipial hökm çıxarır.
Tarix: 19.11.2013 / 04:21 Müəllif: Akhundoff Baxılıb: 203 Bölmə: Maraqlı melumatlar