Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

“Körpə Adlanan Bir Varlıq"

Bismilləhir Rahmənir Rahim

Bir körpənin dünyaya gəlişini təsəvvür edək. Dünyaya gəlişilə ətrafdakı bütün yaxşı insanlara sevinc bəxş edir. Körpə böyüyür, məktəbə gedir, elmilə ətrafdakıları sevindirir. Gələcəyə nikbin baxır. Hamı da onun gələcəyinə nikbinliklə baxır. Bütün yaxşılar onun vücudundan ilham alırlar.

Amma gözlənilmədən qara buludlar bu balacanın üzərini alır. Yox, heç bir irsi və digər xəstəlik aşkar etmirlər onda. Yox, xasiyyəti də dəyişmir, zahiri də korlanmır. Sadəcə, o körpə dünyaya gələndə valideynləri və ya qəyyumları bu və ya digər səbəblər üzündən sənəd əldə etməmişlər. “Bu gün edərəm, sabah edərəm” deyiblər, “növbə böyükdür, vaxtım yoxdur, bəlkə sabah sənədalmanı asanlaşdırdılar – rahat alaram” kimi mülahizələrlə vaxtında sənəd almırlar. Birdən məşvərətçilər belə qərar gəlirlər ki, bütün körpələr mütləq sənədləşdirilməlidir. Hətta bəziləri deyillər ki, əvvəl gərək sənədləri qaydaya salasan, icazə alasan, sonra körpələri dünyaya gətirəsən. Camaat anlaşılmaz durumda: “Necə yəni?! Əsrlərlə belə olub ki, el-obanın xeyir-duası ilə ailə qurulur, körpə dünyaya gəlir. Sənəd-sünəd işi də sonradan əmələ gələn məsələdir. İndi nələr baş verir?!”.

Amma iş bununla bitmir. Məşvərətçilərin qəbul etdiyi qərar idarədən-idarəyə, təşkilatdan-təşkilata keçir, bir əcaib formaya düşür ki, gəl görəsən. Axırda görünməmiş bir hal baş verir. Körpələrin səliqəliyinə məsul olan idarə bizim bu körpəni verir məhkəməyə ki, sənədi olmadığı üçün gərək yaşamasın. İddia edir ki, körpənin sənədləri qaydasında olmadığı üçün, o, “qeyri-qanunidir”. “Nə danışırsınız, nə “qeyri-qanuni”, bu körpə zatən “qeyri-qanuni” ola bilməz , buna “qeyri-qanuni” demək günahdır” – amma kimə deyirsən...

Ən pisi odur ki, indidən o yana baş verənlərə yönəli ola bilən qanun, əvvəlkilərə də şamil edilməyə başladı. “Əcəba, tutalım indidən belə körpələr gərək icazəli dünyaya gəlsin. Bəs olanlara bir şey fikirləşin, sənədləri 5 dəqiqəyə qaydaya düşsün”. Amma səslər eşidilmir ki, eşidilmir.

Bu hələ harasıdır. “Qeyri-qanuni” deyərək təhqir etmələri bir yana, məhkəmə həmin körpələrin səliqəliyi idarəsinin iddiası ilə qərar verir ki, bizim bu körpə gərək öldürülsün. Beləcə, bu körpənin qətlinə qərar verirlər. Bu zaman hamı ortalığa çıxır və körpənin qətlinə qərar verənlərə sadə bir həqiqəti izah etmək istəyir: “Tutaq ki, lap elə bu körpənin sənədləri qaydasında deyil. Və lap fərz edək ki, bu körpənin qəyyumlarının səhlənkarlığından meydana çıxıb. Əcəba, bu yerdə körpənimi qətlə yetirərlər, yoxsa sənədləri “qaydaya” salarlar?! Lap uzağı, qəyyumları cərimə edərlər. Körpənin qətli niyə baş verməlidir ki?!” Və cavabında israrla “yox, bu “qeyri-qanuni” sənədli bir körpədir. Və bunula bağlı artıq qərar var. Qərar varsa, deməli “qeyri-qanunidir” və qətlə yetirilməlidir”, - deyə qətl qərarını verənlər, icra etmək istəyənlər, bu qərara bu və ya digər səbəbdən don geyindirmək istəyənlər bildirirlər. Nə yaxşı ki, körpənin qəyyumlarının yaxınları istənilən halda bu qətlin baş verməsinin əleyhinə çıxırlar. Əfsuslar olsun ki, körpələrin səliqəliyi idarəsinə digər idarələr də dəstək verərək, qəribə bir deyimlə yanaşır ki, “əgər qətlinə qərar verilibsə, deməli sənədləri “qeyri-qanunidir”. Belə isə buna körpə qətli demək olmaz, əslində bu “qeyri-qanuni sənədli körpə” adlanan bir varlığın qanunsuz mövcudiyyətinin qarşısının alınmasıdır”. “Bu, əslində körpə deyil. Körpə o zaman adlana bilər ki, körpəlik barədə sənədləri son tələblərə uyğun olsun”.

Çox-çox əfsuslar olsun ki, canlıların hüquqlarını təmin etməli idarə də burada heç bir problemli bir şey görmür. Hətta bir az da irəli gedir. “Ailənin mövcudluğu üçün körpənin olması şərt deyil”ə qədər söyləyir. Körpələrin də nə vaxt gəldi, necə gəldi dünyaya gəlişinin lazımlığını müzakirəyə çevirir. Beləliklə hamı sənədlərilə məşğulluğundan körpənin özünün müqəddəs varlığını unudur.

Yuxarıda təsvirə aldığım alleqorik yanaşma əslində bu günlərin acı gerçəkliyidir. Allah evinə “qeyri-qanuni tikili” deyənlər və buna görə də sökülməsinə haqq qazandıranlar İlahi dərgahda öz varlıqlarının qanuni olduqlarına əmindirlərmi?!

Allahım, əzizimiz-canımız Azərbaycanımızı bu kimi “körpə qətlləri”ndən Özün qoru. Amin!


*****


Ramazan ayının 26-cı gününün duasında olan nurani çalarlara diqqət yetirək.

- Bizləri səyləri bəyənilmiş, günahları bağışlanmış, əməlləri qəbul olunmuş və eybləri örtülmüşlərdən qərar ver! Ey, eşidənlərin ən gözəl eşidəni!


Hacı İlqar İbrahimoğlu


Tarix: 19.11.2013 / 04:20 Müəllif: Akhundoff Baxılıb: 158 Bölmə: Maraqlı melumatlar
loading...