Zikr sözünün ərəb dilindən tərcüməsi "xatırlamaq" deməkdir. Bəndənin Allahı xatırlaması, Onun mövcudluğunu duyması və bu duyğudan zövq alması kimi mənalandırılır.
Zikr həm də Qurani-kərimin adlarından biridir. Çünki bu kitabda Allahın mövcudluğu, sifətləri və Ona iman gətirməyin zərurəti insanlara dönə-dönə xatırladılır: “Bu (Quran) nazil etdiyimiz mübarək bir zikrdir. İndi siz onu inkarmı edirsiniz?” (Ənbiya, 50).
Qurani-kərimdə Allahı tez-tez və hər an zikr etmək insanlara əmr olunur: “Ey iman gətirənlər! Allahı çox zikr edin!” (Əhzab, 41). “Siz məni zikr edin ki, mən də sizi zikr edim” (Bəqərə, 152). Məşhur təfsirçi İmam Fəxr Razi yazır ki, Allah-təalanın bu ayədəki məqsədləri aşağıdakılar ola bilər: Siz məni itaətlə zikr edin ki, mən də sizi rəhmətimlə zikr edim. Siz məni dualarınızla zikr edin, mən də o duaları müstəcab edim. Siz mənim verdiyim nemətlərə şükr və həmd edin, mən də nemətləri artırım. Siz məni bu dünyada zikr edin, mən də sizi axirətdə zikr edim. Siz məni şadlıq və rifah halında zikr edin ki, mən də sizi bəla və müsibət anında zikr edim. Siz mənim yolumda cihad etməklə məni zikr edin, mən də sizi hidayət etməklə zikr edim. Siz məni Rəbb kimi tanıyıb zikr edin, mən də sizə mərhəmət edib özümə bəndə saymaqla zikr edim... (Fəxr Razi. Məfatihül-ğeyb, IV, 159).
Hər an və hər vəziyyətdə zikr edən şəxslər Qurani-kərimdə ehtiramla xatırlanır: “O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı xatırlar, göylərin və yerin yaradılması haqqında düşünər (və deyərlər): “Ey Rəbbimiz! Sən bunları boş yerə yaratmamısan. Sən pak və müqəddəssən. Bizi cəhənnəm odunun əzabından qoru!” (Ali-İmran, 191).
Zikr insanın mənəvi rahatlığı üçün də böyük önəm daşıyır. Zikr edən şəxs özünü Allahın himayəsində hiss edir, çətinliklər və bəlalar onun gözündə rahat görünür: “Bilin ki, qəlblər yalnız Allahı zikr etməklə aram tapar” (Rəd, 28). Dini mənbələrdə Allahın adlarını, Həzrət Fatimənin (ə) təsbihatını zikr etməyin böyük savaba malik olduğu bildirilir.
Sufilərin ən çox yerinə yetirdikləri zikrlər “Allah”, “hu”, “la ilahə illəllah”, əsmaül-hüsnaya aid olan ayrı-ayrı müqəddəs adlar və onların müxtəlif kombinasiyalarıdır. Zikr oturaq halda və ya ayaqüstə yerinə yetirilir; ayaqüstü zikrlər də ya sabit vəziyyətdə, ya da dairəvi xətt üzrə hərlənərək icra edilir. Bəzən zikr məclisləri müsiqi alətlərinin (dəf, ney və s.) müşayiəti ilə təşkil olunur.
İmam Qəzzali “Kimyayi-səadət” kitabında yazır ki, bütün ibadətlərin, hətta namaz qılmağın və Quran oxumağın da məğzi və səbəbi Allahı zikr etməkdir. Quranda buyurulur: “Həqiqətən, namaz (insanı) çirkin və pis əməllərdən çəkindirər. Allahı zikr etmək, şübhəsiz ki, daha böyükdür” (Ənkəbut, 45).
Sufilər zikrin üç mərtəbəsini müəyyən etmişlər. Ümumi (çoxlarına müyəssər olan) zikr qəflətdən ayrılmaq və Allahı xatırlamaqdır. Xüsusi zikr hər cür fərq və təfavütü, hətta ağlı da ortadan götürmək və xalis qəlblə Allahın zikrinə məşğul olmaqdır. Lap xüsusi zikr isə özündən fani və Allahla baqi olmaqdır.
Tarix: 19.11.2013 / 04:22 Müəllif: Akhundoff Baxılıb: 142 Bölmə: Maraqlı melumatlar