Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İmam Əli (ə) Bir Ailəni Dağılmaqdan Necə Xilas Etd

Imam Əli ibn Əbu Talibin (ə) silahdaşlarından olan Səid ibn Qeys Həmdani deyir ki, o həzrətin xilafəti dövründə bir gün Kufədə zöhrdən sonra evdən çıxdım. Hava çox isti idi. Gördüm ki, Əli (ə) də evdən çıxıb, bir divarın kölgəsində durub.

Soruşdum: “Ya əmirəl-möminin, bu isti havada niyə evinizdən çıxmısınız?”. Cavab verdi: “Çıxdım ki, bəlkə bir məzluma yardım etməm, ya bir qəlbi sınıq adamı ovundurmam lazım olar”.

Bu zaman küçədə təlaş içində yürüyən bir qadın gördük. Qadın Imamı görən kimi özünü Ona yetirib dedi: “Ey möminlərin əmiri! Mənim ərimin çox pis xasiyyəti var. Mənə zülm verir. Yenə and içib ki, məni döyəcək. Zorla əlindən qaçıb qurtulmuşam. Evə qayıtmağa qorxuram. Xahiş edirəm, mənimlə birlikdə evimizə gəlin ki, ərim məni döyməsin”.

Imam bir müddət başını aşabı saldı, sonra başını qaldırıb buyurdu: “Vallahi, gərək təcili olaraq məzlumun haqqını zalımdan alım”. Imam qadınla birlikdə onun evinə yollandı. Evin qapısına çatanda Imam uca səslə salam verdi. (Islamda evin qapısına çatıb uca səslə salam vermək ev sahibini çağırmağın bir üsulu sayılır. O zamanlar evlər kiçik olurdu, qapı dalından çağıran adamın səsi asanlıqla evdə eşidilirdi). Içəridən əlvan rəngdə paltar geyinmiş bir oğlan çıxdı. Həzrət Əli (ə) ona buyurdu: “Allahdan qorx! Niyə arvadını incidirsən? Niyə onu qorxudub evdən qovmusan?”. Cavan Imamı üzdən tanımırdı, bilmirdi ki, xəlifənin özü ilə danışır. Imamı sıravi adamlardan biri sayıb qəzəblə qışqırdı: “Mənimlə arvadımın arasında olan bir işdən sənə nə? Işimizə qarışma, yoxsa sənə od vurub yandıraram!”. Imam buyurdu: “Mən səni yaxşılığa çağırıb pislikdən çəkindirirəm, Allahın əmrini sənə çatdırıram. Sən isə sözümü qulaqardına vurub Allahın əmrindən boyun qaçırırsan? Tövbə et”.
Bu zaman yoldan keçənlər Imamla görüşüb, “Əs-səlamü əleykə ya əmirəl-möminin” deyə o həzrəti salamladılar və oğlanı bağışlamasını xahiş etdilər. Oğlan başa düşdü ki, qarşısında duran adam xəlfədir. Ondan üzr istədi: “Ey möminlərin əmiri, məni bağışla, Allah da Səni bağışlasın. Sənə tabe oluram və söz verirəm ki, bundan sonra arvadımla mehriban rəftar edəcəyəm”.

Imam oğlanı bağışladı. Sonra ərlə arvada tapşırdı ki, evə keçsinlər. O həzrət də qapıdan qayıdıb getdi. Bu zaman Allaha bu şəkildə dua edirdi: “Həmd olsun Allaha ki, mənim əlimlə bir ər-arvadın münasibətini düzəltdi”. Ardınca Qurani-kərimin bu ayəsini oxudu: “Xeyir ancaq sədəqə verməyi, yaxud yaxşılıq etməyi və ya insanlar arasında sülh yaratmağı əmr edən kimsənin söhbətindədir. Allahın razılığını qazanmaq üçün belə işlər görən kimsəyə (axirətdə) böyük mükafat verəcəyik!” (Nisa, 114).

(Biharül-ənvar, IV, 113-114).


Tarix: 19.11.2013 / 04:21 Müəllif: Akhundoff Baxılıb: 86 Bölmə: Maraqlı melumatlar
loading...