BIR ÖMÜRƏ BƏRABƏR OLAN YUXU
O, haramlardan çəkinməyə, günah etməməyə çalışırdı. Gündəlik namazlarını qılır, Ramazan ayında oruc tuturdu. Halal yeməklər yeyir, zina etmir, yalan danışmırdı. Xülasə, əsl müsəlman həyatı yaşamağa çalışırdı.
Doğrudur, namaz qılırdı, amma vaxtın əvvəlində, azandan dərhal sonra deyil, vaxtın sonunda qılırdı. Günorta namazlarını yubadıb az qala məğrib azanına birləşdirirdi. Axşam namazlarını isə gecəyarısına kimi zorla sığışdırırdı.
Bu gün də həmişəki kimi institutdan qayıtdıqdan sonra yeməyini yemiş, bir az televizora baxmış, musiqi dinləmiş, internetdə sevimli saytlara baş çəkmişdi. Saata baxdı, məğrib azanına 15 dəqiqə qalırdı. Birdən-birə hərəkətə gəldi, hamama keçib tələsik dəstəmaz aldı, əllərini tez qurudub canamazın üzərinə keçdi, günorta namazlarını cəld qılmağa başladı. Vaxtı az olduğundan, rükunu və səcdələri tez yerinə yetirməyə çalışırdı. Namazını qılıb qurtardı, alnını səcdə yerinə dayayıb gözlərini yumdu. Bu vəziyyətdə qalmağı xoşlayırdı. Səcdə halında dua edir, günahlarının bağışlanması üçün yalvarır, gün ərzində etdiyi əməllər barədə özünə hesabat verirdi. Bugünkü yorğunluq özünü göstərirdi. Gözlərinin necə qapandığını, səcdə halında necə mürgülədiyini hiss etmədi...
Qiyamət qopmuşdu. Hamı kimi o da məhşərə gətirildi. Özündən əvvəlkilərin hesabını izlədi. Növbə onun özünə gəlib-çatdı. Əməllərinin hesabı gedirdi. Mizanın ağırlıq göstərən şkalası durmadan tərpənirdi. Tərəzinin xeyir əməllər olan gözünün ağırlığı gah artır, gah da azalırdı. Alnını soyuq tər basmışdı. Bütün varlığı ilə son nəticəni gözləyirdi. Içində dəhşətli qorxu ilə yanaşı bir ümid də vardı: “Yəqin ki, ibadətlərim, xeyir əməllərim nəzərə alınar. Qıldığım namazlar, tutduğum oruclar, verdiyim sədəqələr boşa getməyəcək ki”.
Budur, hesabın nəticəsi elan olundu. Qulaqlarına inana bilmirdi. Onu cəhənnəm əzabına məhkum etmişdilər. Qorxudan dili tutuldu, ayaqları qurudu, gözləri bərəldi. Iki mələk qoltuğundan tutub onu məhşərdən kənara çıxardı. Hərəkət etməyə, müqavimət göstərməyə taqəti yox idi. Tərslikdən dili də söz tutmurdu. Yalnız beynində bu fikir dolaşırdı: “Axı mən dürüst həyat sürməyə çalışırdım. Allaha şərik qoşmurdum, zina etmirdim, araq içmirdim, rüşvət yemirdim. Gündəlik namazlarımı da qılırdım. Bəs mənim namazlarım nə oldu? Onları nəzərə alan olmadı?”.
Mələklər onu cəhənnəmə sarı aparırdılar. Hər addımda hərarətin artdığını hiss edirdi. Get-gedə cəhənnəmin qaynar nəfəsi yaxınlaşırdı. Ümidsizlik içində idi: “Həyatım boyu bunu oxudum, bunu eşitdim ki, namaz qiyamətdə insanı qoruyacaq. Namaz, oruc cəhənnəm alovunun sipəridir. Bəs nə oldu? Niyə mənim namazlarımı puça çıxardılar? Niyə məni Allahı tanımayanlarla, ibadət etməyənlərlə, namaz qılmayanlarla bir sırada cəhənnəmə atırlar?”.
Qolundan tutan mələklərin üzündə mərhəmət nişanəsi görünmürdü. Qətiyyətlə cəhənnəmə sarı gedirdilər. Uçurumun kənarına çatıb durdular. Artıq çıxış yolu yoxdur. Taleyinə boyun əyməlidir. Diz üstə çökdü, aşağıya, cəhənnəmin qaynar alovuna baxdı. Qıldığı namazları, tutduğu orucları, oxuduğu ayələri son dəfə xatırladı. Möhkəm bir əl çiynindən itələdi. Artıq havada idi, qaynar ocağa doğru yuvarlanırdı. Istinin təsirini getdikcə daha artıq duyurdu. Ona elə gəlirdi ki, artıq bədənindəki tüklər də qarsalanıb.
Cəhənnəmin zəbanə çəkən tonqalına düşməyə lap az qalmış kiminsə əli onu havada tutub saxladı və bir an içində yuxarıya çəkib bayaq durduğu yerə qaytardı. Xilaskarını görməyə tələsdi. Onu cəhənnəmin astanasından çəkib qoparan ağ saqqallı, nurani bir qoca idi. Heyrətlə qocaya baxdı, soruşdu: “Siz kimsiniz?”. Qoca təbəssümlə cavab verdi: “Mən sənin dünya həyatında qıldığın namazam. Allah mənə əmr etdi ki, səni cəhənnəmdən xilas edim”. Oğlan həcəyanını gizlədə bilmədi, məzəmmət qarışıq səslə söyləndi: “Amma yaman gecikdiniz. Lap son anda özünüzü çatdırdınız. Bir an yubansaydınız, alovun içinə düşəcəkdim”. Cavabında qocanın eyni məzəmmətlə dolu səsini eşitdi: “Elə sən də yaman gecikirdin. Namaz vaxtının bitməsinə lap az qalmış son anda özünü çatdırırdın. Bir az da yubanıb namazları qəsdən qəzaya versəydin, artıq mənim köməyimin mənası olmayacaqdı
Tarix: 19.11.2013 / 04:21 Müəllif: Akhundoff Baxılıb: 218 Bölmə: Maraqlı melumatlar