Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ölmüş Qardaşın ətini Yemək - QEYBƏT

Bir kəsin mənfi xüsusiyyətlərini və ya açılmasını istəmədiyi eyiblərini onun olmadığı bir yerdə müzakirə etməyə qeybət deyilir. Diqqət yetirilməli məsələ budur ki, qeybətin mövzusu həqiqət olsa da, yəni qeybət olunan şəxsdə həmin mənfi sifətlər olsa da, onları faş etmək günahdır.

Əgər deyilən sifətlər həmin adamda olmasa, artıq bu, iftira sayılır və daha ağır günaha çevrilir. Bir kəsin həm zahiri görünüşü, həm xasiyyəti, həm əməlləri, həm ailə üzvləri, həm də yaşayış səviyyəsi, evi, peşəsi qeybətin mövzusu ola bilər.

Qeybət etmək İslam dinində çox məzəmmət olunur. Quranda bu barədə buyurulur: “Bir-birinizin qeybətini etməyin! Sizdən biriniz ölmüş qardaşının ətini yeməyə razı olarmı?!” ("Hücurat”, 12). Ayənin mənası budur ki, müsəlmanın ölmüş adam əti yeməsi nə qədər dəhşətlidirsə, qeybət etməsi də bir o qədər ağır günahdır.
Hədislərdə buyurulub ki, hər kim başqasının eyiblərini açıb ifşa etsə, Allah da onun öz eyiblərini açar və onu rüsvay edər. Qeybət söhbətində hətta susmaq şərti ilə olsa belə, iştirak etmək günahdır. Hər kim bir müsəlmanın qeybətinin edildiyini görüb-eşitsə, onu müdafiə etməli və qeybətçilərə etirazını bildirməlidir. Qeybət etməyin günahını həmin adamdan halallıq almaqla yumaq olar.

Rəvayətlərdə gəlib ki, oruc tutduğu halda qeybət edən adamlara Peyğəmbərimiz deyirmiş ki, onların orucları batildir. Çünki qeybət ediblər. Bundan əlavə, hətta insanın nəfəsinin ətrinin pis qoxu almasına səbəblərdən biri kimi qeybət göstərilir.

Bəzi istisna hallarda qeybət etməyə icazə verilir. Məsələn, adam bir kəsin əmanətə xəyanət etdiyini bilirsə, həmin adama əmanət vermək niyyətində olan insana bu barədə xəbərdarlıq edə bilər. Yəni, bir insanın başqa müsəlmanlara hər hansı zərər vura biləcəyini önləməyə başqa yol olmasa, xəbərdarlıq məqsədilə onun əməlləri deyilə bilər. Həmçinin, öz eyibləri və günahları ilə öyünən, bunların ifşa olunmasından utanmayan adamın qeybətini etmək günah sayılmaz.


Tarix: 19.11.2013 / 04:21 Müəllif: Akhundoff Baxılıb: 88 Bölmə: Maraqlı melumatlar
loading...