Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

DUALARIN AÇARI - SALAVAT

Ərəb dilində salavat – “səlat” sözünün cəmidir. Bu söz həm namaz, həm də mərhəmət, bərəkət mənalarında işlədilir.



Dini termin olaraq, Allahın öz mərhəmətini və nemətlərini Həzrət Mühəmməd Peyğəmbərə (s) yönəltməsi üçün müsəlmanların etdiyi duaya salavat deyilir.

Islam ənənəsinə görə, Həzrət Mühəmməd Peyğəmbərin (s) adı çəkilərkən həm adını çəkən şəxs, həm də eşidənlər mütləq salavat söyləməlidirlər. Yalnız Peyğəmbərin adını söyləyəndə və eşidəndə deyil, sair şəraitlərdə də salavat demək böyük savabdır. Qurani-kərimdə salavatın vacibliyi və əhəmiyyəti barədə belə buyurulur: “Həqiqətən, Allah və Onun mələkləri Peyğəmbərə salavat göndərirlər. Ey iman gətirənlər! Siz də Ona salavat göndərib, layiqincə salamlayın!” (Əhzab, 56).

Salavatın qaydası barədə Əli ibn Əbu Talib (ə), Təlhə ibn Übeydullah, Əbu Səid Xüdri, Əbu Hüreyrə, Büreydə, Abdullah ibn Məsud kimi məşhur Islam şəxsiyyətlərindən və sair səhabələrdən çoxlu hədis rəvayət olunub. Həmin hədislərdən məlum olur ki, yuxarıdakı ayə nazil olandan sonra səhabələr Peyğəmbərə müraciət edərək, Ona necə salavat göndərmək barədə soruşmuş, Peyğəmbər də bunun qaydasını onlara belə öyrətmişdi: “Allahım! Ibrahimə və nəslinə salavat (xeyir-bərəkət) göndərdiyin kimi, Mühəmmədə və Mühəmmədin nəslinə də salavat göndər! Həqiqətən, Sən öyülməyə layiq və şərəflisən. Allahım! Ibrahimi və nəslini mübarək (bərəkətli) etdiyin kimi, Mühəmmədi və Mühəmmədin nəslini də mübarək et! Həqiqətən, Sən öyülməyə layiq və şərəflisən”.

Peyğəmbər buyurmuşdur ki, hər kim Ona və nəslinə bu şəkildə salavat göndərsə, qiyamət günündə həmin adamın imanı haqqında şəhadət verəcək və ondan ötrü şəfaət edəcək (Buxari. Əl-Ədəbül-müfrəd, I, 333-334 (641-ci hədis).

Adətən, salavatı qısa formada belə söyləyirlər: “Allahummə səlli əla Mühəmmədin və ali-Mühəmməd” (Allahım, Sənin salavatın olsun Mühəmmədə və nəslinə). Peyğəmbərin adı çəkiləndə isə “səlləllahü əleyhi və alihi vəsəlləm” deyirlər (Ona və nəslinə Allahın salavatı olsun). Yazıda bu ifadəni bəzən “s” və ya “səav” formasında mötərizə içində verirlər.

Əhli-sünnə məzhəbində Peyğəmbərdən sonra nəslinə, həyat yoldaşlarına və səhabələrinə də salavat söyləmək ənənədir.

Peyğəmbərin adı çəkiləndə salavat söyləmək o qədər əhəmiyyətlidir ki, hətta namazda da bu vacib buyurulub. Təşəhhüd kəlmələrində Həzrət Mühəmmədin (s) adı çəkiləndən dərhal sonra salavat deyilməlidir. Hətta şafii məzhəbinin banisi Imam Şafii salavatsız namazın batil olduğuna fətva vermişdir. Imam Şafii şeirlərinin birində yazırdı:

Ey Allah Rəsulunun Əhli-beyti! Sizin məhəbbətiniz

Allah tərəfindən nazil olmuş Quranda bizlərə fərz (vacib) bilinib.

Sizin qədr-qiymətinizin ucalığı üçün bu kifayət edər ki,

Hər kim Sizə salavat göndərməsə, onun namazı sayılmaz.

Islam Peyğəmbərinin özünün bu barədə belə buyurduğu rəvayət edilib: “Hər kim namaz qılsa, amma mənə və Əhli-beytimə salavat söyləməsə, namazı qəbul olunmaz” (Sünənü Darqutni, II, 171; 1343-cü hədis).

Peyğəmbər buyurub: “Mənə naqis salavat göndərməyin”. “Naqis salavat nədir?” – deyə soruşduqda həzrət belə cavab verdi: “Allahım! Mühəmmədə Sənin salavatın olsun” – deyib, susmaqdır. Gərək belə deyəsiniz: “Allahım! Sənin salavatın olsun Mühəmmədə və Mühəmmədin nəslinə!” (Ibn Həcər Heysəmi. Əs-Səvaiqül-mühriqə, səh. 128-129).

Hədislərdən bu da məlum olur ki, hər hansı duanın və istəyin qəbul olması üçün əvvəlcə Həzrət Mühəmməd Peyğəmbərə (s) və Onun nəslinə salavat söyləmək lazımdır. Həzrət Əli (ə) buyurub: “Mühəmmədə və AliMühəmmədə salavat göndərməyincə bütün dualar bağlı qalar (yəni müstəcab olmaz)” (Təbərani. Əl-Möcəmül-əvsət, I, 220 (721-ci sıra sayı)).


Tarix: 19.11.2013 / 04:21 Müəllif: Akhundoff Baxılıb: 131 Bölmə: Maraqlı melumatlar
loading...