40 minlik düşmən ordusunun üzərinə təkbaşına havadan atılan səhabə
Onun adı Bəra ibn Məlik idi. O Ənəs ibn Məlikin qardaşı idi.
Məşhur Yəməmə günü...
Yalançı Museyləmənin 40 minlik ordusu ilə müsəlmanlar arasında qızğın döyüş...
Döyüşün qızğın anında Bəra ibn Məlik müsəlmanlara tərəf çevrilib, qışqıraraq dedi:
- Ey Ənsar toplumu! Heç biriniz Mədinəyə qayıtmağı düşünməsin! Bu gündən Mədinə adlı şəhəriniz yoxdur. Ancaq tək olan Allahınız və bir də Cənnət vardır!
Sonra müsəlmanlar düşmən üzərinə hücuma keçdilər. Museyləmə ordusu ilə birlikdə qaçıb bir bağçaya sığındı. Həmin gündən sonra o bağça "Ölüm bağçası" adlanmağa başladı.
Bu vaxt Bəra ibn Məlik (radıyAllahu anhu) müsəlmanlara səslənib dedi:
- Ey müsəlmanlar! Məni bağçaya onların üzərinə atın!
Camaat dedi:
- Ey Bəra, belə etmə!
Bəra ibn Məlik (radıyAllahu anhu) dedi:
- Məni qalxanın üzərinə qoyub, mizraqlarla havaya qaldırın və qapıya yaxın bir yerə atın. Ya şəhid olaram, ya da qapını sizə açaram.
Müsəlmanlar onun israr etdiyini görüb, qalxan üstündə havaya qaldırdılar və bağçaya atdılar.Bəra onların üzərinə atıldı və bağçanın qapısına doğru onlarla döyüşdü. On düşmən öldürdü və bədənindən 80 yara aldı.
Nəhayət qapını müsəlmanlara açdı. Müsəlmanlar da bağçanın içərisinə hücum etdilər. Allahın düşməni Müseyləməni öldürüncəyə qədər onlarla döyüşdülər.
Beləcə, Bəra ibnul Məlik (radıyAllahu anhu) ağlasığmaz şücaəti ilə düşmən üzərində qalib gəlməyə ən böyük səbəbkar oldu.
Amma o hələ də "Ölüm bağçası"nda qaçırdığı şəhidliyi axtarırdı.
Və illər sonra bu axtardığını tapdığı döyüş gəldi.
Müsəlmanlar İranı fəth etmək üçün onların sığındığı qalanı mühasirəyə aldılar.
Düşmən ordusu isə qala divarlarından qızmar və iti uclu zəncirləri müsəlmanlar üzərinə atmağa başladı. Bu zəncirlər müsəlmanların bədənlərinə batdıqda ya onu öldürür, ya da ölümcül yaralayırdı.
Bu zəncirlərdən biri də Ənəs ibn Məlikin bədəninə tuş gəlir. Bəra qardaşının bu halını gördükdə, dərhal qala divarına qalxır və zənciri tutur. Zənciri qardaşının bədənindən çıxarmağa çalışarkən isə əllərinin əti yanır. Hətta sümüyə qədər dərisi soyulur.
Əllərindən tüstü çıxmasına məhəl qoymayıb, qardaşını xilas edir.
Bu döyüşdə Bəra ibnul Məlik (radıyAllahu anhu) şəhid olmaq üçün Allaha dua edir və Uca Allah da onun bu duasını qəbul edir.
__________________
Tərcümə: əz-Zubeyr
İstifadə etdiyim mənbələr:
◦ İbn Hibbən, Sıratun Nəbəviyyə
◦ Ahbərul Xuləfə, səh. 438
◦ əl-İsabə, 620
◦ əl-İstiab, 1/137
◦ ət-Təbəqatul-Kubra, 3/441
◦ Tarix ət-Təbəri
◦ əl-Kəmil fit-Tarix
◦ Həyətus-Sahəbə.
Tarix: 09.05.2013 / 13:23 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 137 Bölmə: Maraqlı melumatlar