Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Mühəddislərin Hədislərə Verdikləri şərhlər

Mühəddislərin hədislərə verdikləri şərhlər
İmam Əbul-Abbas əl-Qurtubi – rahiməhullah – deyir:
“Qeyd etdiklərimizə əsasən qadağanın zahirindən anlaşılan bu əməlin haram olmasıdır. Əgər bunun zahiri haramlıq ifadə edirsə o zaman İslamdan başqa dinlər və ya Allahdan başqa ibadət olunan məbudlar və dumə[19], qanlar və nəsəblər kimi cahiliyyə zamanı and içilən şeylərdə baş verərsə sözsüz ki, haram sayılır. Bunun haramlığında şəkk ola bilməz. Lakin atalara, şərəfli insanlara, sultanlara, onların həyatlarına və nemətlərinə və buna bənzər şeylərə and içməyə gəldikdə isə hədisin zahirindən görünür ki, hökmün ümumiliyi ilə bu şeylərdə hədisə daxildir, bunun haram olmasında ixtilaf etmək doğru deyildir. Lakin şəriətin təzim etdiyi şeylərə, məsələn peyğəmbər – salləllahu aleyhi va səlləm - , Kəbə, Ərş, Kürsi və salehlərin hörmətinə gəldikdə isə, əshabımız bunun qeydsiz-şərtsiz məkruh olduğunu deyirlər. Bu hədisin zahiri və hədisin mənası barədə təqdim etdiyimiz görüş bunun da haram olmasını tələb edir. Doğrusunu Allahu Təalə bilir!”[20]
əl-Hafiz Əbu Hafs Ömər bin Əli İbn Muləqqin əl-Ənsari – rahiməhullah - deyir:
“Beşinci: Bu hədisin hökmləri haqqında:
Birinci: Allahu Təalədən başqasına and içmək qadağan olunmuşdur, çünki peyğəmbər – aleyhissalətu vassələm – bundan sonra demişdir ki, “kim and içəcəksə ya Allah and içsin, ya da sussun!” Əvvəldə “atalar” zikr olunmuşdur, çünki (peyğəmbərin bu sözünü söyləməsinə) səbəb olan bu olmuşdu. Şafi’ilərdəki məşhur görüşə görə bu qadağa tənzih üçündür[21], bəziləri isə bunun masiyət olduğunu deyiblər. Malikilər də bu görüşü nəql ediblər, əş-Şeyx Taqiyyud-Din[22] bunu malikilərdən başqa heç bir məzhəbə aid etməmişdir, beləki “ixtilaf malikilərdə mövcuddur” demişdir və bunda tabe olunmuşdur. İkinci görüşə peyğəmbərin – aleyhissalətu vassələm – “kim Allahdan başqasına and içərsə şirk etmişdir” sözü dəlalət etməkdədir. Bunu əl-Hakim “əl-Müstədrək”də İbn Ömərin hədisindən rəvayət etmiş və demişdir: “Hədis əl-Buxari və Muslimin şərtlərinə görə səhihdir.” Birinci görüş sahibləri isə hədisi, Allahu Təalə haqqında etiqad etdiyinə bənzər bir təzimi and içdiyi şey haqqında da etiqad edən kimsəyə aid edirlər.”[23]
əl-Hafiz Vəliyyud-Din Əbu Zura əl-İraqi – rahiməhullah – deyir:
“Məxluq ilə and içməyin haram yoxsa məkruh olmasında alimlər ixtilaf ediblər və bu ixtilaf malikilər ilə hənbəlilərdə mövcuddur, lakin malikilərdə məşhur olan görüş bunun məkruh olması, hənbəlilərdə isə haram olmasıdır, zahirilər də bu görüşdədirlər. Bu görüşə müvafiq olan İbn Abbas’dan gələn sözlərdir: “Allahu Təaləyə yüz dəfə and içib andı pozmağım başqasına and içib andıma sadiq qalmağımdan xeyirlidir.”...əş-Şafi dedi: “Allahdan başqasına and içməyin masiyyət olmasından qorxuram”. Onun əshabı dedi: “Yəni haram və günah olmasından qorxur” və dedilər ki, bununla məsələdə tərəddüd etməsinə işarə etmişdir. İmamul-Harameyn dedi: “Məzhəbin qəti görüşü budur ki, bu əməl haram deyil məkruhdur.” Buna görə də ən-Nəvəvi “Şərhu Muslim”də deyir ki, “əshabımıza görə bu əməl məkruhdur, haram deyildir.” ət-Tirmizi’nin kitabında açdığı babı “Allahdan başqasına and içməyin məkruh olması” şəklində adlandırması da bu görüşə müvafiqdir. Atam[24] – rahiməhullah - bu hökmü “ət-Tirmizi”nin şərhində bu hökmə əl-Lat, əl-Uzza və İslam millətindən başqa millətlərə and içməmək şərtini əlavə etmişdir. “Lakin belələri ilə and içməyə gəldikdə isə haramdır, sanki bu ona görə belədir ki, bu şeylər ibadət ilə təzim olunublar. Əshabımız deyib ki, and içən Allahu Təalə haqqında etiqad etdiyinin eynisini and içdiyi şeydə and içilən haqqında da etiqad edərsə küfr etmiş olar və peyğəmbərdən – salləllahu aleyhi va səlləm – rəvayət olunan “kim Allahdan başqasına and içərsə küfr etmişdir” sözləri də bu hala aid edilmişdir.” Sitatın sonu. əl-Lat və əl-Uzza’nı təzim edən kafirdir, çünki onları təzim etmək yalnız ibadət məqsədi ilə ola bilər. Lakin peyğəmbərləri, mələkləri, Kəbəni, ataları, alimləri, saleh insanları ibadətdən başqa məna üçün təzim edənlərin halı fərqlidir, bunda haram olan heç bir şey yoxdur. Lakin bunlarla and içmək bu barədə gəlmiş qadağaya görə ixtilafdan asılı olaraq ya məkruhdur ya da haramdır. Hikməsi isə budur ki, əzəmətin, böyüklüyün həqiqəti yalnız Allahu Təaləyə məxsusdur, çünki Allahu Təalə deyir: “Böyüklüyüm mənim libasım, Əzəmətim mənim izarımdır.” Hətta ibadət olunan ilaha məxsus o əzəmət qəsd olunmasa belə sözlərdə başqasını Ona bənzətmək doğru deyildir. Xristianlığa və bənzəri dinlərə and içməyə gəldikdə isə bunun küfr olmasında şəkk etmirəm, çünki onu təzim etmək hansı halda olursa olsun xristianlığın haqq olmasını tələb edir, bu isə küfrdür. Lakin and içənin təvil edərək xristianlığın nəsxdən əvvəl haqq olduğu zamanını təzim etmək istədiyini söyləməsi istisnadır, bu zaman onu təkfir etmirəm, lakin bu sözün iyrəncliyi səbəbilə və sözündə küfr və zəlalət əhlinə bənzədiyi üçün onun asi olduğuna hökm edirəm. Doğrusunu Allah bilir!”[25]
əl-Hafiz İbn Hacər əl-Əsqalani – rahiməhullah – deyir:
“Hədisin zahiri mənası budur ki, and içməyi yalnız Allah ilə məxsuslaşdırmışdır, lakin fəqihlər ittifaq ediblər ki, Allah ilə, Onun zatı və ali sifətləri ilə yəmin etmək keçərlidir. Lakin daha əvvəl zikr etdiyimiz bəzi sifətlərlə and içməkdə isə ixtilaf ediblər. Sanki “Allaha and olsun” sözü ilə qəsd olunan “Allah” sözünün xüsusiliyi deyil, Allahın zatıdır.
Lakin bundan başqa şeylərə and içməyə gəldikdə isə bu barədə qadağa sabit olmuşdur, lakin qadağa haramlılıq ifadə edirmi? Bu barədə malikilərdə iki görüş vardır ki, bunu İbn Dəqiqil-İd zikr etmişdir, lakin onlardan məşhur olan görüş bunun məkruh olmasıdır. Hənbəlilərdə də ixtilaf mövcuddur, lakin onlarda məşhur olan görüşə görə bu, haramdır. Zahirilər də bu görüş üzərində qərar veriblər. İbn Abdil-Bərr dedi: “Allahdan başqası ilə and içmək icma ilə caiz deyildir.” Bunun caiz olmasını inkar etməklə tənzih və təhrimdən də ümumi mənada olan məkruhluğu qəsd etmişdir, çünki başqa yerdə demişdir ki, “Allahdan başqasına and içməyin məkruh olmasında, qadağan olmasında və heç kəsə onunla and içməyin caiz olmamasında alimlər icma ediblər.” Şafiilərdəki mövcud ixtilafın səbəbi isə əş-Şafi’nin “Allahdan başqası ilə and içməyin masiyət olmasından qorxuram” sözləri ilə bağlıdır, çünki tərəddüd etməsindən xəbər verir. Onun əshabının (şafiilərin) çoxuna görə bu, tənzihi məkruhluq[26] ifadə edir. İmamul-Harameyn dedi: “Məzhəbin görüşü bir mənalı olaraq məkruh olmasıdır.” Ondan başqa alimlər isə bunda təfsilin olduğuna qərar veriblər; əgər Allah haqqında etiqad etdiyi təzimi and içdiyi şey haqqında da etiqad edərsə onunla and içmək haram olar və belə bir etiqad ilə kafir olar və sözü gedən hədis bu hala şamil olunmalıdır. Lakin əgər and içdiyi şeyə layiq bir təzimlə ona təzim etməyə etiqad edərsə bununla kafir olmaz, nə də yəmini keçərli sayılmaz. əl-Məvardi dedi: “Heç kəsə Allahdan başqası ilə and içməsi caiz deyildir, nə talaq, nə qul azad etmə, nə də nəzər boyuna almaqla yəmin etmək caiz deyildir. Əgər hakim kimisə bunlardan bir şeylə and içdirərsə cahilliyi səbəbi ilə vəzifəsindən endirilməsi vacibdir.”[27]
Şeyx Muvaffəqud-Din İbn Qudamə - rahiməhullah – deyir:
“Allahu Təalədən başqası ilə və sifətləri ilə and içmək caiz deyildir, məsələn atasına və ya Kəbəyə və ya bir səhabəyə və ya bir imama and içməsi kimi...Bir də əgər Allahdan başqasına and içmək haram deyilsə, o zaman məkruhdur. Əgər başqasına and içərsə Allahdan bağışlanma diləsin!”[28]


Tarix: 19.11.2013 / 04:20 Müəllif: Akhundoff Baxılıb: 81 Bölmə: Maraqlı melumatlar
loading...