Aşura günü Kərbəla çölündə baş verənlər barədə 14 əsrdir ki, danışılır. Amma burada baş verənlərin dərinliyi o qədərdir ki, nə qədər danışılsa da, hər zaman yeni-yeni müstəvilər, yeni-yeni çalarlar üzə çıxır. Allah Təala bizə bu həqiqətləri başa düşüb, onlarda olan tofiqatlardan bərəkətlənməni nəsib etsin, inşəallah!
ƏN ÜSTÜN YAXŞI ƏMƏL
Əziz İslam Peyğəmbərinin (s) belə bir mübarək buyuruşu var: “Bütün varlıq aləmində Allah yolunda şəhadətdən daha üstün olan yaxşı bir əməl yoxdur”.
Peyğəmbərimiz (s) bəşərə çatdırır ki, yaxşı əməllərin içində ən gözəl, ən üstün əməl – Allah yolunda şəhadətdir. Əməllər çoxdur, onlar müxtəlifdir. Onlar keyfiyyətə görə, kəmiyyətə görə, ixlaslılıq dərəcəsinə görə və bir sıra başqa meyarlara görə təsnif oluna bilir. Amma sırf yaxşı əməlləri götürsək və onlar arasında ən yaxşısının hansı olması sualı ilə qayğılansaq, dinimiz bizə deyir ki, Allah yolunda şəhid olmaq vəziyyəti bunların ən üstünüdür.
Əlbəttə ki, burada dərin bir fəlsəfə vardır. İnsan öz yaradılışının hikmətini dərk edəndən sonra, elə bir mərtəbəyə yetişə bilir ki, yüksək amalların yaşadılması vəzifəsi onun üçün həyati əhəmiyyət kəsb edir. O, sanki öz həyatını bu amallara qatır, ömrünü bu kamallıqlar içində həll edir. Bu, olduqca yüksək bir dərəcədir.
Amma dinimiz bu sırada bir istisna verir. Şəhid qanından üstün olan bir kateqoriya var. Bu, alimlərin mürəkkəbidir. Mübarək dinimizin nəzərində, alimin mürəkkəbi şəhidin qanından daha üstündür. Yəni, o qələmlər ki, şəhid yeyişdirər, o mürəkkəblər ki, şəhidlik fenomenini ərsəyə gətirər – onlar şəhid qanından ağır gələr. O mürəkkəblər ki, İlahi hikmətləri insanlara çatdırmaq üçün istifadə edilər – dəyəri şəhid qanından daha üstündür.
DİRİ QANA SALAM
Ariflər bu 2 məsələyə - şəhid qanı və alimin qələminin mürəkkəbi məsələsinə dair təfəkkür etməyə dəvət edirlər ki, hansı mürəkkəbin hansı qandan üstünlüyü aydın olsun. Yəni, hər hansı mürəkkəbdən söhbət getmir. İnsanları haqqa dəvət edən, haqq yola yönəldən alimin zəhmətlərini əks etdirən mürəkkəbin söhbəti var burada.
Amma bəşər tarixində bir qan var ki, hər bir qandan da, hər bir mürəkkəbdən də dəyərlidir. Milyardlarla qələm, dəryalar qədər mürəkkəb nəinki bu qanla müqayisə edilə bilməz, hətta bu qanın dəyərini vəsf etmək iqtidarında deyil. Bu qan Əba Əbdillahın – İmam Hüseynin (ə) qanıdır.
İmam Hüseynin (ə) müqəddəs qanı, Kərbəla çölündə, Aşura gününün günorta çağı tökülən bu qan – xüsusi bir qandır. Bu, bir qandır ki, zəmanəmizin İmamı – Həzrət Mehdi Sahib-əz-Zaman (ə.f.) - bu qanı diri olaraq ünvanlayır. İmam Zaman ağa (ə.f.) buyurur: “Mən bu diri qana salam deyirəm”.
Diqqət edək, Mövla (ə.f.) demir ki, “Mən bu diri insanların qanını salamlayıram”. Belə demir. Mövlamız (ə.f.) açıq-aydın şəkildə məhz qanın özünün diriliyini çatdırır. Zəmanə Sahibi (ə.f.) Kərbəlada tökülən qanı diri qan olaraq təqdim edir. Ariflər bu nöqtəyə diqqət cəlb edirlər və nəzərə çatdırırlar ki, Mövla (ə.f.) bir qana salam verir ki, onun sahibi bütün alimlərin alimidir. İmam Hüseynin (ə) qanı həm şəhid qanıdır, həm də Qiyamətə qədər bütün həqiqətləri qələmə alan bir mürəkkəbdir. Qiyamətə qədər bütün həqiqətlər Əba Əbdillahın (ə) bu diri qanı ilə, bu həqiqi mürəkkəb ilə qələmə alınıb. Bütün yaradılışın fəlsəfəsi – insan kimdir, insan nə üçündür, varlıq niyə yaranıb kimi məsələlərin mövzuları İmam Hüseynin (ə) Aşura günündə tökdüyü mübarək qanı ilə əslində qələmə alınıb. Ən böyük, ən təsirli mürəkkəbdir bu qan.
Ariflərin bir maraqlı təfsiri var bu məsələ ilə bağlı. Buyurulur: “Şəhid qanından əfzəl olan mürəkkəb deyəndə, əslində bunun ən böyük nümunəsi – İmam Hüseynin (ə) qanıdır”. İmam Hüseynin (ə) qanı – həm şəhid qanıdır, həm alimin mürəkkəbidir. Tarix yazan, həqiqətləri aydınlaşdıran, bütün zamanlarda bilgilərin hamısından ən dolğununu çatdıran bir mürəkkəbdir.
Tarix: 19.11.2013 / 04:20 Müəllif: Akhundoff Baxılıb: 78 Bölmə: Maraqlı melumatlar