BÖYÜK GÜNAHLARLA TANIŞLIQ
Həddi-büluğa çatan hər bir müsəlmana vacibdir ki, İslamda haram buyurulmuş əməllərdən, başqa sözlə günahlardan çəkinsin.
Hörmətli oxucuların nəzərinə çatdırmalıyıq ki, Allah-taala Öz yaratdığı bəndəsinin hansı əqidədə olduğunu və nə etdiyini yaxşı bilir. O müqəddəs kitabı olan Quranda belə buyurur:
«وَاتَّقُواْ اللَّهَ إِنَّ اللَّهَ عَلِيمٌ بِذَاتِ الصُّدُورِ»
«Allah qarşısında təqvalı olun! Şübhə yoxdur ki, Allah ürəklərdə olanları biləndir.» (əl-Maidə” surəsi, ayə: 7.)
Başqa bir ayədə belə oxuyuruq:
«إِنَّ اللَّهَ يَعْلَمُ مَا تَفْعَلُونَ»
«Həqiqətən Allah nə etdiyinizi bilir.» (ən-Nəhl” surəsi, ayə: 91.)
Allah-taala böyük günahlardan qorunanlara Qurani-Kərimdə Cənnət müjdəsi vermişdir:
«إِن تَجْتَنِبُواْ كَبَآئِرَ مَا تُنْهَوْنَ عَنْهُ نُكَفِّرْ عَنكُمْ سَيِّئَاتِكُمْ وَنُدْخِلْكُم مُّدْخَلاً كَرِيمًا»
«Әgər sizə qadağan olunmuş böyük günahlardan çəkinsəniz, Biz də sizin qəbahətlərinizin (kiçik günahlarınızın) üstünü örtər və sizi şərəfli bir mənzil olan Cənnətə daxil edərik.» ("ən-Nisa” surəsi, ayə: 31)
Bu kitab müxtəsər şəkildə yazıldığı üçün burada böyük günahların bir çoxunun adını çəkməklə kifayətlənirik. Bu günahlar haqqında Quranın mübarək ayələri, həmçinin Peyğəmbər və İmamların çoxlu hədisləri vardır. Bu haqda geniş məlumat almaq istəyən oxucuları Şəhid Ayətullah Dəstğeybin Azərbaycan dilinə tərcümə olunmuş «Böyük günahlar» kitabına müraciət etmələrini faydalı bilirik.
Aşağıda böyük günahların, bir neçəsini qeyd edirik:
1)- Şərab içmək;
2)- Oğurluq;
3)- Zina (kəbindən kənar, qanunsuz cinsi əlaqə);
4)- Qəzf: (iffətli qadına və kişiyə zina və ya ləvat töhmətini vurmaq;
5)- Ləvat (kişinin kişi ilə cinsi əlaqəsi) və müsahəqə (qadının qadınla cinsi əlaqəsi);
6)- İstimna (cinsi əlaqə olmadan, spermanın gəlməsinə səbəb olan hər hansı bir iş görmək);
7)- Qumar oynamaq; (məsələn: şahmat, nərd və s.)
8)- Әskik satmaq (tərəzidə aldatmaq);
9)- Nahaq yerə şəhadət vermək;
10)- Yalan danışmaq, eləcə də Allah, Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm), xanım Fatimeyi-Zəhra (salamullahi ələyha) və 12 İmam (əleyhimus-salam)-ın adından yalan danışmaq. Yəni olanların buyurmadığı sözləri onlara aid etmək;
11)- Yalandan and içmək;
12)- İsraf etmək;
13)- Təkəbbürlük etmək;
14)- Хəyanət etmək;
15)- Qeybət etmək;
16)-Allah-taalanın vacib buyurduğu əməllərdən hər hansı birini bilərəkdən tərk etmək;
17)- Ata və ananın üzünə qayıtmaq (və ya onlara qarşı hörmətsizlik etmək);
18)- Yetim malını mənimsəmək;
19)- Sələm (riba). (Faizlə pul və sair şeyləri almaq və vermək)
20)- Rüşvət almaq və vermək;
21)- Allahın rəhmətindən naümid olmaq;
22)- Allaha şərik qoşmaq;
23)- Adam öldürmək və yaxud cana qəsd etmək;
24)- Qəti rəhm (qohum əqraba ilə ünsiyyəti kəsmək);
25)- Әhdi sındırmaq;
26)- Haram şey yemək;
27)- Zalımlara kömək etmək;
28)- Məzlumlara kömək etməmək;
29)- Sehr-cadu ilə məşğul olmaq;
30)- Bilərəkdən vacib olan namazı tərk etmək;
31)- İmkan olan halda həccə getməmək və ya onu təxirə salmaq;
32)- Günaha israr etmək;
33)- Paxıllıq;
34)-Bidət (yəni İslam dinində buyurulmamış hər hansı bir əməli İslam dini adı ilə qələmə vermək);
35)- Nahaqdan hökm vermək;
36)- Allahın nemətlərinə şükr etməmək;
37)- Fitnə-fəsad törətmək;
38)- Böhtan;
39)- Murdar, qan və donuz əti yemək;
40)-Qurana, məscidlərə, müqəddəs ziyarətgahlara, xüsusilə Kəbəyə və habelə İmam Hüseyn (əleyhis-salam)-ın türbətinə hörmətsizlik etmək;
Qeyd: İnsan Allahın rəhmətindən naümid olmamalı, Allahın rəhmətinə ümid bəsləməli və etdiyi günahlardan peşman olub tövbə etməlidir. Çünki Allah-taala tövbələri qəbul edəndir. Allah-taala Qurani-Kərimdə bu barədə belə buyurur:
«وَاسْتَغْفِرُوا اللَّهَ إِنَّ اللَّهَ غَفُورٌ رَّحِيمٌ»
«Allahdan bağışlanmağınızı diləyin. Həqiqətən, Allah bağışlayan və rəhm edəndir.» (əl-Muzzəmmil” surəsi, ayə: 20)
Tarix: 08.06.2013 / 14:09 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 229 Bölmə: Maraqlı melumatlar