Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

FİLOSOFU OYADAN SUAL

Bismilləhir-Rahmənir-Rahim!

“Od qalayın. Tez bir zamanda od qalayın”. Uzun müddət cəmiyyətdən ayrı gəzən bir dühanın bunu tələb etmə səhnəsi çox heyrətlə qarşılanırdı. Bu tələbi edən şəxs - zamanının fikir və elm zirvələrindən sayılan filosof Əl-Kindi idi...


*****


Əl-Kindi. O, Bəsrədə dünyaya göz açmışdı. Bağdadın dünya şöhrətli “Hikmət Ev”ində çalışırdı. Mötəzilə xəttinə meylli xəlifələrin sevimlisi idi. Rasional düşüncənin xilafət sarayına qısamüddətli nüfuzundan sonra hakimiyyətə gələn Abbasi xəlifəsi Mütəvəkkilin dönəmində isə təqib olunan bir came alim və mütəfəkkir idi. Qərb fəlsəfi fikrində Alkindus kimi tanınmış Əl-Kindi, Aristotetilin ilk müsəlman tədqiqatçılarından olaraq, müxtəlif sahələrdə 250-yə yaxın elmi traktatın müəllifi idi. Fəlsəfə, məntiq, əxlaq, riyaziyyat, astronomiya, tibb, meteorologiya, optika, musiqi və sair sahələrdə akademik töhfələr sahibi idi. İnterdistiplinar yanaşmaya malik olan Əl-Kindi, pifoqoreizmin əsasında musiqi təlimin əsasını qoymuşdur və bu təlimdə müsiqi sənətilə makro və mikro nizamın bir çox fenomenleri əlaqələndirilmişdir.

Lakin, bir gün bu düha, öz vücui durumu üçün böyük təhlükə kəsb edən bir məşğuliyyətə əl atır. İnsanlardan ayrılaraq inzivaya çəkilmir. Evdə oturaraq “Quranın ziddiyyətləri” adlı bir kitabın tərtibi ilə məşğul olmağa başlayır. Əl-Kindi bir durumda idi ki, onun elminin və savadının qarşısında kimsə irəli şıxıb bir söz deməyə özündə cəsarət edən bir adam ətrafında tapılmırdı. Belə bir şəraitdə onun tələbələrindən biri oyandırıcı bir hadisə ilə üzləşir.

Kindinin şagirdlərindən birinə günlərin birində bir sual ünvanlanır: “Sizin aranızda müəlliminiz Kindiyə cavab verə bilən rəşadətli bir kişi yoxdurmu?”. “Biz hamımız onun şagirdiyik və müəllimin səhvinə etiraz edə bilmərik”, - deyə şagird cavab verir. Bu halda şagirddən: “Bəzi məsələləri sənə başa salsam, onu öz müəlliminə deyə bilərsənmi?”, - deyə soruşulur. Şagird “Bəli!” – deyə cavab verir. “Buradan qayıtdıqdan sonra müəlliminin yanına get və onunla ünsiyyətdə ol. Tamamilə ünsiyyət tapdıqdan sonra ona de ki, sənin üçün bir məsələ irəli çıxıb və onu ondan başqa heç kəsin həll etməyə səlahiyyəti yoxdur”, - deyərək, məsələnin və sualın qoyuluşunu ona öyrədir. Və yekunda: “O, ağıllı adamdır, bu məsələ onun səhvini özünə başa salmaq üçün kifayət edər”, - deyərək, şagirdə son sözünü deyir.

Şagird, ustadı Əl-Kindinin yanına gəlir. Bütün buyurulan məsləhətləri yerinə yetirir. Və müvafiq şərait hazır olduqda, verilən həmin sualla Əl-Kindiyə müraciət edir: “Ola bilərmi ki, bir nəfər bir söz deyib, onda müəyyən bir mənanı nəzərdə tutsun, ancaq həmin mənanı oxucu, yaxud dinləyici başa düşməsin? Başqa sözlə desək, bir sözü deyən şəxsin məqsədi həmin sözü dinləyən şəxsin başa düşdüyü məna ilə fərq edə bilərmi?”.

“Hikmət Evinin” parlaq ulduzu olan filosof Əl-Kindi sualı diqqətlə dinlədikdən sonra bir daha təkrarlanmasını istəyir. Şagird sualı təkrar edir. “Bəli, ola bilər ki, sözü deyən şəxs nəzərində müəyyən bir məna tutur, dinləyici isə onun nəzərində tutduğu mənadan başqa bir mənanı başa düşür”, - deyə filosof dərin düşüncədən sonra cavablandırır.

Əl-Kindi şagirdini tanıyırdı. Bu sualın onun zəkasının məhsulu ola bilmədiyini gözəl anlamışdı. “Səni and verirəm ki, həqiqəti mənə deyəsən. Bu sual haradan sənin fikrinə gəldi?” Şagird deyir: “Belə bir sualın mənim fikrimə gəlməsinin nə eybi var?”. Ustad: “Yoxdur, amma sənin bu məsələni başa düşməyinə hələ çox var. Bu sualı sənə kim deyib?” Şagird: “Doğrusunu bilmək istəyirsinizsə, bu sualı mənə İmam Həsən Əsgəri (ə) öyrədib”. Ustad: “Bax indi düz dedin”. Sonra əlavə edib deyir: “Bu cür suallar ancaq onların ailəsinə yaraşıb. Həqiqəti üzə çıxaran yalnız onlardır”.

Əl-Kindi öz səhvini anlayıb, həqiqəti başa düşür. O, anlayır ki, Qurani-Kərimdə ziddiyyət kimi başa düşdükləri məqamlar, əslində nəzərdə tutulan mənanın onun tərəfindən səhv başa düşülməsinin məhsuludur. Və dahi olduğu qədər də, səhvini etiraf etmək üçün kifayət edən böyükqəlbliliyə malik olan bu alim, bir ocaq qalanmasını əmr edir və öz başa düşdüklərinə əsasən “Quranın ziddiyyətləri” barədə yazdıqlarını oda atıb yandırır.

Uca Allahdan hər birimiz üçün gözəl aqibət diləyi ilə.


Hacı İlqar İbrahimoğlu


Tarix: 19.11.2013 / 04:20 Müəllif: Akhundoff Baxılıb: 164 Bölmə: Maraqlı melumatlar
loading...