Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Əlinin (r.a) xilafəti dövründə baş verən əsas hadisələr (Cəməl və Siffin döyüşləri)

1. Cəməl döyüşü (Hicri 36-cı il):
Əli ibn Əbu Talibə (r.a) beyət edildikdə Talha və Zubeyr (r.anhum) Məkkəyə getmək üçün Əlidən izn istədilər və Əli onlara icazə verdi. Talha və Zubeyr Məkkədə möminlərin anası Aişə (r.anha) ilə rastlaşdılar. O da Osmanın (r.a) qətli xəbərini eşitmişdi. Məkkədə toplaşıb Osmanının intiqamını almaq qərarına gəldilər. Yələ ibn Munəyyə Bəsrədən, Abdullah ibn Amir isə Kufədən gəlib onlara qoşuldu. Onlar Osmanın qisasını almaq fikrində idilər.
Beləliklə onlar öz tərəfdarları ilə Məkkədən çıxıb, Osmanın (r.a) qatillərinin ardınca Bəsrəyə getdilər. Onlar Osmanın (r.a) müdafiəsinə zəif yanaşdıqları üçün özlərini təqsirli hesab edirdilər. Bu zaman Əli (r.a) Mədinədə idi. Həmin vaxt Osman ibn Hənif Əlinin əmri ilə Bəsrəyə vali təyin edilmişdi. Onlar Bəsrəyə çatanda Osman ibn Hənif (r.a) adam göndərib gəliş səbəblərini soruşdu.
Onlar dedilər: "Biz Osmanın qatillərini istəyirik".
İbn Hənif "Gözləyin Əli gəlsin!" dedi və onlara şəhərə daxil olmağa imkan vermədi.

Sonra, Osmanın (r.a) qətlində iştirak edən Cəbələ adlı bir nəfər yeddi yüz nəfərlik bir dəstə ilə onların üzərinə getdi. Talha və Zubeyr onlara qalib gələrək əksər tərəfdarlarını öldürdülər. Bəsrə əhalisinin çox hissəsi Talha, Zubeyr və Aişənin dəstəsinə qoşuldu. Allah bütün səhabələrdən razı olsun!
Əli (r.a) Bəsrəyə rəhbərlik edən valisi Osman ibn Həniflə Talha, Zubeyr, Aişə və tərəfdarları arasında döyüş baş verdiyini eşitdikdə, Talha və Zubeyrə qarşı on minlik qoşun hazırlayıb Mədinədən Kufəyə yola düşdü.
Bu açıq-aşkar göstərir ki, onlar Əli (r.a) ilə döyüşməyə getməmişdilər. Əli (r.a) özü onların qarşısını kəsmək üçün Bəsrəyə gəlmişdir. Heç də iddia olunduğu kimi, Talha və Zubeyr Əliyə qarşı döyüşmək üçün toplaşmamışdılar. Əgər onlar Əliyə qarşı üsyan etmək istəsəydilər Bəsrəyə deyil, birbaşa Mədinə şəhərinə gedərdilər.

Talha, Zubeyr, Aişə və onlarla birlikdə olan camaat heç vaxt Əlinin (r.a) xəlifəliyindən imtina etdiklərini söyləməmişdilər. Heç ona qarşı mənfi fikirdə olmamış, haqqında nalayiq danışmamış, nə də başqasına beyət etməmişdilər. Onlar heç ona qarşı döyüşməyə də getməmişdilər. Çünki həmin vaxt Əli Bəsrə şəhərində yox idi. O, Mədinədə idi.

Əl-Əhnəf ibn Qeys deyir: Osmanın qətlindən sonra mən Talha və Zubeyrlə qarşılaşdım və dedim: Osman artıq qətlə yetirilib, mənə nə məsləhət görürsünüz? Onlar dedilər: Sənə Əlinin yanında olmağı məsləhət görürük.

Əl-Əhnəf ibn Qeys deyir: Osmanın qətlindən sonra Məkkədə Aişə (r.a) ilə qarşılaşdım və dedim: Mənə nə məsləhət verirsən? Aişə (r.a) dedi: Sənə Əlinin yanında olmağı məsləhət görürəm.




Döyüşdən öncə sülh danışıqlarına cəhd:

Əli Miqdad ibn əl-Əsvəd və Qa`qa ibn Amrı Talha və Zubeyrlə danışığa göndərdi. Miqdad ibn əl-Əsvədlə Qa`qa ibn Amr bir tərəfdən, Talha və Zubeyr isə digər tərəfdən döyüşün baş verməməsi haqda yekdil rəyə gəldilər və hər iki tərəf məsələyə öz baxışını açıqladı.
Talha və Zubeyrin baxışına görə, Osmanın qatillərini boş buraxmaq olmazdı. Əli isə düşünürdü ki, hal-hazırda Osmanın qatillərinin izinə düşmək məsləhət deyil, bunu ara sakitləşdikdən və işlər yoluna qoyulduqdan sonra etmək lazımdır. Hamı Osmanın qatillərindən qisas alınmasının tərəfdarı idi. Sadəcə, bu işin icrasının vaxtı haqda səslənən fikirlər fərqli idi.
Hər iki tərəf arasında ittifaq əldə edildikdən sonra, qoşunlar ən xeyirli gecə yaşadıqları halda, Səb`ilər (Osmanın qatilləri) ən pis gecələrini keçirirdilər. Çünki hər iki tərəf qatillərdən qisas alınmasının zəruriliyi haqda ortaq rəyə gəlmişdilər. Bu fikir Təbəri, ("Məcmu əl-Fətava" 3/517. ),İbn Kəsir, ("Əl-Bidayə vən Nihayə" 7/2509.), İbn əl-Əsir, ( "Əl-Kamil fit-Tarix" 3/120.) İbn Həzm ("Əl-Fasl fil miləl vəl əhva vən nihəl" 4/293.) və həmin hadisəni qələmə alan başqa tarixçi alimlərin qeydlərinə əsasən deyilir.

Bundan sonra Səb`ilər (Osmanın qatilləri) bu ittifaqın baş tutmaması üçün bir araya gəldilər. Gecə yarı idi və hamı yatırdı. Səb`ilərdən bir dəstə adam Talha və Zubeyrin ordusuna hücum edərək bir neçə nəfəri öldürüb qaçdılar. Talha və Zubeyrin dəstəsi Əlinin onlara xəyanət etdiyini düşünüb səhər açılanda Əlinin qoşununa hücum etdilər. Əlinin qoşunu da elə düşündü ki, Talha və Zubeyr ona xəyanət ediblər. İki tərəf arasında çəkişmələr davam etdi və günorta üstü döyüş qızışdı.

Döyüşü dayandırmaq cəhdləri:

Hər iki qoşunun ağsaqqalları döyüşün qarşısını almağa çalışdılar, lakin buna müvəffəq olmadılar. Talha deyirdi: "Ay camaat, siz səsinizi kəsəcəksiniz ya yox!" Lakin onun dediyinə məhəl qoyan yox idi. Bunu görən Talha dedi: "Təəssüflər olsun! Ay oda nəsib olan qurd-quşlar, müvəqqəti tamah dalınca düşmüsünüz". ("Tarix Xəlifə ibn Xəyyat" 182. )

Əli onlara döyüşməməyi əmr edir, lakin onun sözünə əhəmiyyət verən yox idi. Aişə (r.a) döyüşün dayandırılması üçün Kəb ibn Sur adlı bir nəfəri əlində Quranla göndərir. Lakin səb`ilər onu oxla vurub öldürürlər.
Allah qorusun! Döyüş qızışanda heç kəs onu sovuşdura bilmir. Buxari İmriul Qeys adlı şairin şeirindən bu beytləri qeyd etmişdir:
Döyüş ilk baxışdan gənc görünər,
gözəlliyiylə cahilləri aşiq edər.
Qızışanda, od tutub yananda
ərsiz qarı kimi öndən qaçar.
Çallaşmış, gözdən düşmüş, köhnəlmiş
qoxulamağa, öpməyə ikrah oyatmış.
("Səhih əl-Buxari" Kitabul Fitnə, Bab əl-Fitnətulləti təmucu kəmovc əl-bəhr.)
Cəməl döyüşü hicrətin otuz altıncı ilində, yəni Əlinin (r.a) xilafətinin ilk çağlarında baş vermişdir. Döyüş günortadan sonra başlamış və həmin gün günəş batana qədər davam etmişdi.
Əlinin 9r.a) qoşununda on min nəfər toplaşmışdı. Talha və Zubeyr tərəfdə isə beş-altı min adam var idi. Əlinin bayrağı Məhəmməd ibn Əli ibn Əbu Talibdə, qarşı tərəfin bayrağı isə Abdullah ibn Zubeyrdə idi.
Bu gündə çox müsəlman qətlə yetirildi. Bu böyük bir fitnə idi. Allahdan səhabələr üçün rəhmət və razılıq diləyirik.

Talha və Zubeyrin qətli:
Həmin gün Talha, Zubeyr və Məhəmməd ibn Talha vəfat etdi. Zubeyr və Talha bu döyüşdə iştirak etməmişlər. Rəvayətə görə, Zubeyr (r.a) döyüş meydanına gəldikdə, Əli ibn Əbu Taliblə qarşılaşır. Əli (r.a) ona deyir: "Xatırlayırsan, Peyğəmbər (s.a.v) demişdi ki, sən haqsız yerə mənə qarşı döyüşəcəksən". Bunu eşidən Zubeyr meydandan çıxır və döyüşdə iştirak etmir.

Bəli, onun döyüşdə iştirak etməməsi doğrudur. Lakin onunla Əli arasında belə bir söhbət olubmu? Daha doğrusunu Allah bilir. Bu rəvayətin tarix kitablarında mövcud olmasına baxmayaraq, mötərbər isnadı yoxdur. Zubeyrin bu döyüşdə iştirak etməməsi daha məşhur rəvayətdir. Zubeyr, İbn Cərmuz adlı bir nəfərin əli ilə xəyanətkarcasına qətlə yetirilmişdir.

Talha isə, camaatı döyüşü dayandırmağa səslədiyi zaman, səhvən tuş gəldiyi oxla qətlə yetirilmişdir. Məşhur rəvayətlərə görə oxu atan Mərvan ibn əl-Həkəm olmuşdur. Ox onun ayağında olan köhnə yarasına girmiş və bu səbəbdən də vəfat etmişdir. Allah ondan razı olsun!

Döyüş başa çatdıqda çoxlu insan həlak olmuşdu. Xüsusilə döyüşün qızğın çağları Aişənin (r.anha) dəvəsinin qorunması ətrafında gedirdi. Bu dəvə onlarda simvolik xarakter daşıdığı üçün qoşun bütün qüvvəsi ilə onu müdafiə edirdi. Ona görə də dəvənin yerə çökməsi ilə döyüş səngidi və dayandı. Beləliklə, Əli ibn Əbu Talib (r.a) qələbə çaldı.
Əslində bu döyüşdə heç kəs qələbə çalmayıb. Əksinə həm İslam, həm də müsəlmanlar bu döyüşdən zərər görüblər.

Döyüşdən sonra:

Döyüş başa çatdıqdan sonra Əli (r.a) ölən insanların cəsədləri arasında dolaşdı. Talha ibn Ubeydullahın cəsədini gördükdə onu qaldırıb, üzündən torpağı təmizlədi və dedi: "Ey Əbu Məhəmməd, səni səma ulduzları altında atılmış görmək mənə çox ağırdır".

Bu sözlərdən sonra Əli (r.a) ağladı və dedi: "Bunu görməkdənsə iyirmi il əvvəl ölmək mənə daha əzizdir".

("Tarix Dəməşq İbn Əsakir əl-Müxtəsər", 11/207. "Usudul Ğabə" 3/88. Busiri demişdir: Sənədin rəvayətçiləri etibarlıdır. Onun bu rəvayətini Hafiz ibn Həcər "Mətalibul Aliyə" adlı əsərində (4/302) bu rəvayətin sözlərini azacıq fərqli şəkildə qeyd etmişdir.)

Həmçinin, Əli (r.a) Məhəmməd ibn Talhanı da ölmüş vəziyyətdə gördü və ağladı. Məhəmməd ibn Talha çox ibadət etdiyi üçün Səccad ləqəbi qazanmışdı. Allah ondan razı olsun!
İstisna olmadan bu döyüşdə iştirak edən bütün səhabələr onun baş verməsinə peşman oldular.

Zubeyri qətlə yetirən İbn Cərmuz, əlində onun qılıncını tutub Əlinin (r.a) yanına daxil oldu və dedi: "Zubeyri öldürdüm, Zubeyri öldürdüm!" Bunu eşidən Əli (r.a) dedi: "Bu qılınc bir çox məqamlarda Peyğəmbəri (s.a.v) qəm-qüssədən xilas etmişdir". Sonra Əli: "Səfiyyənin (yəni, Zubeyrin) qatilini cəhənnəmlə müjdələyin!" – deyərək həmin adamın onun yanına yaxınlaşmasına icazə vermədi.
("Tabaqat ibn Səd" 3/105. Sənədi həsəndir (məqbuldur).)

Döyüş başa çatdıqdan sonra Əli (r.a) Möminlərin Anası Aişəni (r.anha) hörmət-izzətlə Peyğəmbərin (s.a.v) şəhərinə yola saldı. Bu bir vaxtlar Peyğəmbərin (s.a.v) Əliyə (r.a) verdiyi göstəriş idi.

Əli (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.v) ona belə demişdir: "Səninlə Aişə arasında bir hadisə baş verəcəkdir". Əli (r.a) dedi: "Ey Allahın rəsulu, bədbəxt olan mən olacağammı?" Peyğəmbər (s.a.v ) dedi: "Xeyr. O hadisə baş verəndə onu evinə geri qaytar".
(Əhməd: 6/393. İbn Həcər "Fəthul Bari" əsərində (13/60) hədisin sənədinin həsən olduğunu demişdir.)
Əli (r.a) də Peyğəmbərin  dediyini yerinə yetirdi.

Nə üçün Əli (r.a) Osmanın (r.a) qatillərindən qisas almadı?
Əli məsələyə xeyir və zərər prinsipi ilə yanaşırdı. O, fikirləşirdi ki, qisası birdəfəlik tərk etmək yox, gecikdirmək daha məqsədəuyğundur. Bu səbəbdən o, qisası gecikdirdi. Bir vaxtlar "İfk" hadisəsində Peyğəmbərlə (s.a.v) buna bənzər hal baş vermişdi. O zaman bəziləri Aişəyə (Allah ondan razı olsun) böhtan atmış və onun haqqında dedi-qodular danışmışdılar. Dedi-qodu aparanlar arasında Həssan ibn Sabit, Həmnə bint Cəhş, Mistah ibn Əsasə və ən böyük böhtançı olan Abdullah ibn Ubey ibn Səlul var idi. Həmin ərəfədə Peyğəmbər (s.a.v) minbərə çıxaraq dedi: "Ailəmə əziyyət verən insana qarşı edəcəyim hərəkətə görə məni kim üzürlü sayar? (O, bu sözləri ilə Abdullah ibn Ubey ibn Səlula işarə edirdi) Səd ibn Muaz ayağa qalxıb dedi: "Ya Rəsuləllah, mən səni üzürlü sayıram. Əgər o bizdən – Ovs qəbiləsindəndirsə, onu öldürərik. Yox, əgər qardaş Xəzrəc qəbiləsindəndirsə, əmr edərsən, onu da öldürərik".

Səd ibn Ubadə qalxıb Səd ibn Muaza, Useyd ibn Hudeyr isə Səd ibn Ubadəyə etiraz etdi. Peyğəmbər (s.a.v) onları sakitləşdirməyə çalışdı.
( "Səhih əl-Buxari" Kitabul Məğazi, Bab hədisul-ifk. ? 4141. Müslim; Kitab ət-Tövbə: ? 2770.)

Bundan sonra o bu işin çətinliyini başa düşdü. Hələ Peyğəmbər (s.a.v) Mədinəyə hicrət etməmişdən əvvəl Ovs və Xəzrəc qəbilələri Abdullah ibn Ubey ibn Səlulu özlərinə başçı təyin etmək qərarına gəlmişdilər. Ona görə də Abdulla ibn Ubey mədinəlilər arasında böyük hörmətə malik idi. O, Uhud döyüşündə Mədinə qoşununun üçdə bir hissəsini qoparıb geri döndərməsinə nail olmuşdu. Baxın bu məqamda Peyğəmbər (s.a.v) Abdullah ibn Ubey ibn Səlulu qamçılatmadı. Buna səbəb nə idi? Səbəb Peyğəmbərin (s.a.v) camaatın xeyrini düşünməsi idi. Çünki həmin adamın qamçılanması xeyirdən çox ziyana səbəb olardı.
Əli (r.a) də qisası gecikdirməyin daha xeyirli olduğunu düşünürdü. Əslində Əli (r.a) Osmanın (r.a) qatillərini öldürə bilməzdi. Çünki qəbilələri onların müdafiəsində durur, fitnələr davam edir və dövlətdə əminamanlıq tam təmin edilməmişdi. Kim deyə bilərdi ki, onlar Əlini (r.a) öldürməzdilər? Bundan sonra Əlini (r.a) də onlar öldürdülər.

Baxın sonralar xilafət Müaviyənin (r.a) əlinə keçəndə o da Osmanın (r.a) qatillərini öldürmədi. Buna səbəb nə idi? Çünki artıq o da məsələyə Əlinin (r.a) düşüncəsi ilə yanaşırdı. Əli (r.a) xəlifəliyi dövründə məsələyə reallıq baxımından, Müaviyə (r.a) isə nəzəri baxımdan yanaşırdı. Xilafətə gəldikdən sonra o da işin reallığını anladı. Doğrudur, Müaviyə (r.a) adam göndərməklə onların bəzilərini öldürtmüşdü, lakin digərləri isə Əbdülməlik ibn Mərvanın xilafətində Həccacın sərkərdə olduğu vaxta qədər yaşayırdılar. Nəhayət o zaman sağ qalan qatillər də öldürüldü.
Sözün qısası, Əli (r.a) qorxaqlıqdan deyil, ümmətin xeyirini düşündüyü üçün onları öldürə bilmirdi.

2. Siffin döyüşü (Hicri 37-ci il):

Müaviyə Osmanın qatillərindən qisas alınmayınca Əliyə beyət etməyəcində israr edirdi. Cəməl döyüşünü bitirdikdən sonra Əli (r.a) Müaviyənin beyətinin mütləqliyini qeyd edərək bildirdi: "Müaviyə ya beyət etməli, ya da döyüş olmalıdır". Əli yüz minlik qoşunla Şam torpaqlarına Siffin adlı yerə üz tutdu. Müaviyə Əlinin ona tərəf gəldiyini eşitdikdə minbərə çıxaraq dedi: "Əli İraq camaatı ilə sizin üzərinizə gəlir. Nə fikirləşirsiniz?" Məsciddə olanlar başlarını aşağı tutub dayanmışdılar. Zülkila əl-Himyəri adlı bir nəfər qalxıb dedi: "Səndən demək, bizdən etmək". Camaat isə hələ də susurdu.

Əli (r.a) də minbərə çıxıb Allaha həmd səna etdikdən sonra dedi: "Maviyə Şam camaatı ilə sizin üzərinizə gəlir. Nə fikirləşirsiniz?" Məscid camaatı arasında hay-küy yarandı. Hərə bir tərəfdən "Ey möminlərin əmiri, belə edək... filan cür edək..." – deyirdi. Əli yaranmış hay-küydən camaatın nə dediyini başa düşə bilməyib təəsüflənərək "İnnə lilləhi və innə ileyhi raciun" “Biz Allahınıq (Allahın bəndələriyik) və (öləndən sonra) Ona tərəf (Onun dərgahına) qayıdacağıq!” deyə-deyə minbərdən endi.
( "Tarixul İslam - Əhd əl-Xuləfə ər-Raşidin", səh 540.)
Baxın o Şam camaatı, bu isə İraq camaatıdır. Şam əhalisi döyüşkən və mübariz idilər. İraqlılar isə qarışıqlığı və özbaşınalığı sevən bir kütlə idilər. Sonralar Əliyə (r.a) qarşı döyüşənlər və onu öldürənlər də özləri oldular. Bu haqda sonra danışacağıq.
Hicrətin otuz yeddinci ili Səfər ayında Əli (r.a) Siffinə çatdı.

Müaviyə xilafətə qarşı çıxırdımı?

Əbu Muslim əl-Xovlani Müaviyənin yanına daxil olub dedi: "Sən Əliyə qarşı çıxırsan, sən özünü onunla bir tutursan?"
Müaviyə dedi: "Xeyr, Allaha and olsun, mən bilirəm ki, Əli daha fəzilətli və xilafətə ən layiq olandır. Lakin siz bilmirsiniz ki, Osman zülmə məruz qalaraq öldürülmüşdür? Mən onun əmisi oğluyam və onun intiqamını tələb edirəm. Gedin Əliyə deyin ki, Osmanın qatillərini mənə versin. Bu halda bütün rəhbərliyi ona təslim edərəm". Əli bu təklifi eşitdikdə, onunla razılaşmadı və qatilləri qaytarmaqdan imtina etdi. ( "Tarixul İslam - Əhd əl-Xuləfə ər-Raşidin", səh 540. Sənədi səhihdir.)
Müaviyə özünün xəlifə olduğunu demirdi və Əli ilə xilafət mübahisəsi aparmırdı. Ona görə də irəlidə qeyd edəcəyimiz kimi, döyüşdən sonra imzalanan müqavilədə "Möminlərin əmiri Əli ilə Müaviyə ibn Əbu Suyfan arasında ittifaq" – sözlərini yazdıqda Müaviyə dedi: "Möminlərin əmiri yazma! Əgər mən sənin Möminlərin əmiri olduğuna beyət etsəydim, sənə qarşı döyüşməzdim. Sadəcə özünün və mənim adımı yaz!" Sonra Müaviyə üzünü katibə tutub dedi: "Onun məndən üstünlüyünə və İslamı tez qəbul etməsinə görə, adını mənim adımdan öncə yaz!" ( "Əl-Bidayə vən Nihayə" 7/288.)

Əli ilə Müaviyə arasında olan döyüş heç zaman iki xəlifə arasında baş verən müharibə sayıla bilməz. Bu döyüşün səbəbi yayılan şayiələrdə deyildiyi kimi, heç də xilafət mübahisəsi deyildi. Əsl səbəb Əlinin Müaviyəni vəzifəsindən azad etmək istəyi, Müaviyənin isə əmisi oğlunun qisasını almadıqca, yaxud qatillər ona verilmədikcə, rəhbərliyi təslim etməyəcəyində israrlı olması idi.
Əlinin qoşunu yüz min, Müaviyənin qoşunu isə yetmiş min nəfərdən təşkil olnmuşdu. Bu döyüşdə Əli tərəfdən vuruşan Ammar ibn Yasir adlı səhabə həlak oldu. Peyğəmbər  həmin səhabənin ölümü haqda belə buyurmuşdu: "Ey Ammar, səni zalım tayfa öldürəcəkdir".
(Buxari: Kitabus Salət, Bab ət-təavun fi binaəl məscid, ? 447. Müslim: Kitabul Fitnə: ? 2915.)

Əhməd ibn Hənbəl "Səni zalım tayfa öldürəcəkdir" hədisi haqda soruşulduqda demişdir: "Mən bu haqda danışmaq istəmirəm, susmaq daha yaxşıdır. Peyğəmbər (s.a.v) onun zalım tayfa tərəfindən öldürüldüyünü qeyd etmişdir", deyərək Əhməd susdu.
(Xəllal "Əs-Sünnə" səh 463, ? 722.)

Haqq kimin tərəfində idi?
İbn Həcər deyir ki, Bütün Əhli Sünnə alimləri mübahisələrdə Əli ilə birgə döyüşənlərin haqlı, Əliyə qarşı döyüşənlərin isə haqsız və zalım olduqları qənaətindədilər. Lakin bu qarşı tərəfin məzəmmət edilməsinə əsas vermir. Alimlər deyirlər ki, onlar ictihadlarında yanılmışdılar.
("Fəthul Bari" 13/72.)

Həmçinin İbn Həcər deyir ki, Əhli Sünnənin yekdil rəyinə əsasən, haqlı tərəf tanındığı halda səhabələrin etdikləri səhvlərə görə onlara qarşı pis danışmaq əsla yolverilməzdir. Çünki onların bu döyüşləri ictihaddan irəli gəlmişdir.
( "Fəthul Bari" 13/37.)

Təbəri Əliyə dəstək verənlərin haqlı olduqlarını göstərmək üçün deyir: "Müsəlmanlar arasında baş verən ikitirəli məsələlərdən daim qaçmaq və çəkilib evində oturmaq mövqeyini seçmək vacib olsaydı, heç bir qanun tətbiq edilməz və batilin batilliyi sübuta yetməzdi. Əksinə fasiqlər cinayət etmək üçün özlərinə fürsət tapardılar".
( "Fəthul Bari" 13/37.)

Mənim fikrimcə bu söz bir tərəfin açıq-aşkar haqlı olduğu məqamlara aiddir. Lakin qarışıq və anlaşılmayan məsələlərdə kənara çəkilmək lazımdır. Ona görə də çoxları bu döyüşdə iştirak etməkdən imtina etmişdilər.
Demək biz Talha, Zubeyr və Aişənin, habelə Əli və onun tərəfdarlarının bu döyüşə ictihada əsaslanaraq qatıldıqlarına etiqad etməliyik. Bu döyüşlər ortaya çıxan bir fitnənin təzahürü idi. Ələlxüsus Cəməl döyüşü hazırlıqsız və istəksiz baş vermişdi.
İbn Həzm və İbn Teymiyyə əksər alimlərin bu haqda danışmaqdan imtina etdiklərini nəql etmişlər. İbn Teymiyyə deyir: "Əgər kimsə desə ki, döyüşü Əli başlayıb, ona belə cavab verilir: "Əvvəlcə onlar Əliyə itaətkarlıq göstərməkdən və beyət etməkdən boyun qaçırmış, Əlini Osmanın qətlində əlbir olan zalım kimi qəbul etmişdilər və bu haqda şayiəni məqbul saymışdılar. Şam camaatı arasında Əlinin Osmanın qətlinə razılıq verməsi haqda şayiə yayılmışdı. Onlar bu şayiəni dörd şeyə görə qəbul etmişdilər:
• Osmanın qatillərindən qisas almamaq;
• Cəməl döyüşü;
• Mədinə şəhərindən çıxıb Osmanın qatillərinin sığınacağı sayılan Kufədə məskən salması;
• Osmanın qətlində ittiham olunan bəzi insanların Əlinin qoşununda yer alması.
Bu dörd səbəbə görə Şam əhlinin cahil təbəqəsi yayılan şayiəyə, yəni Osmanın qətlində Əlinin əlbir olmasına inanmışdılar. Lakin əslində Əlinin bu qətldə əli yox idi. Əksinə o, Osmanın qatillərini lənətləyirdi". Əgər kimsə desə ki, bu amil onlara qarşı döyüşməyə əsas vermir, onda ona belə cavab veririk: "Əli Osmanın qatillərindən qisas almaq iqtidarında olmadığına görə, Şam camaatının ona qarşı döyüşməyə haqları yox idi. Hətta, Əli aciz olduğuna görə yox, istər məsələni düşünərək, istərsə də günah iş tutaraq qatillərdən qisas almasaydı, yenə də bunlar şamlıların camaatı parçalamasına və beyətdən imtina etməsinə əsas vermirdi. Əksinə Əliyə beyət etmək İslam dini və müsəlmanlar üçün xeyirli olardı.

Hansı səhabələr bu döyüşlərdə iştirak etmişdi?
Cəməl və ya Siffin döyüşlərində iştirak edən səhabələr aşağıdakılardır:
Əli ibn Əbu Talib, Talha, Zubeyr, Aişə, Abdullah ibn Zubeyr, Həsən, Hüseyn, Ammar, İbn Abbas, Müaviyə, Amr ibn əl-As, Qeys ibn Səd, əl-Qa`qa ibn Amr, Cərir ibn Abdullah, Xuzeymə ibn Sabit, Əbu Qatadə, Əbulheysəm ibn Ət-Teyhan, Səhl ibn Səd, Cabir ibn Abdullah, Abdullah ibn Cəfər, Ədiy ibn Hatim, əl-Əşəs ibn Qeys, Cariyə ibn Qudamə, Fudalə ibn Ubeyd və Numan ibn Bəşir.
Bu döyüşlərdən imtina edənlər isə bunlardır:
Sə`d ibn Əbu Vaqqas, Sə`d ibn Zeyd, Abdullah ibn Ömər, Məhəmməd ibn Məsləmə, Usamə ibn Zeyd, Əbu Hureyrə, Zeyd ibn Sabit, İmran ibn Huseyn, Ənəs ibn Malik, Əbu Bəkrə əs-Səqafi, əl-Əhnəf ibn Qeys, Əbu Əyyub əl-Ənsari, Əbu Musa əl-Əşari, Əbu Məsud əl-Ənsari, əl-Valid ibn Uqbə, Səid ibn əl-As, Abdullah ibn Amir, Adbullah ibn Amr ibn əl-As, Əbu Bərzə əl-Əsləmi, Əhban ibn Seyfi, Sələmə ibn əl-Əkva. Ümumiyyətlə, səhabələrin əksəriyyəti bu döyüşlərdə iştirak etməmişdilər. Allah onlardan razı olsun!

Təhkim (işin münsiflərə həvalə edilməsi) hadisəsi:
Siffin döyüşü təhkim hadisəsi ilə yekunlaşdı. Hadisə belə baş vermişdir. Döyüşün həddindən artıq qızışdığını görən döyüşçülər Quranları nizələrin ucuna taxıb göyə qaldırıldıqdan sonra döyüş dayandı. Əli (r.a) mübahisənin bitməsi üçün bu işin münsiflərə həvalə edilməsinə razılıq verdi. Təhkim hadisəsinin vaxtını Ramazan ayına təyin etdikdən sonra, Əli Kufəyə, Müaviyə isə Şama qayıtdı. Vaxt yetişəndə Əli Əbu Musanı, Müaviyə isə Amr ibn əl-Ası münsif kimi göndərdi. Bu məşhur hadisənin baş verməsi belədir.
Amr ibn əl-As və Əbu Musa əl-Əşari münsif təyin edildikdən sonra, Əli ilə Müaviyəni rəhbərlikdən azad etmək haqda yekdil qərar qəbul etdilər. Əbu Musa minbərə çıxdı və dedi: "Mən bu üzüyümü barmağımdan çıxartdığım kimi Əlini xəlifəlikdən azad edirəm". Sonra üzüyünü barmağından çıxartdı. Amr ibn əl-As da minbərə çıxdı və dedi: "Mən də Əbu Musa kimi, üzüyümü barmağımdan çıxartdığım kimi, Əlini xəlifəlikdən çıxarır, üzüyümü barmağıma taxdığım kimi, Müaviyəni xəlifə təyin edirəm. Bundan sonra hay-küy başladı. Əbu Musa qəzəbli halda oranı tərk etdi. Lakin Kufəyə Əlinin yanına deyil, Məkkəyə getdi. Amr ibn əl-As isə Şama qayıtdı.
( "Tarixut Təbəri" 4/51."Əl-Kamil fit tarix" 3/168. Amr ibn əl-As  görkəmli səhabələrdən idi. O məcburi şəkildə Məkkədən Mədinəyə hicrət etmişdi. Yəni "Mühacir" idi. Mühacirlərdə isə münafiqlik sifətləri yox idi. Çünki onların buna ehtiyacları da yox idi. Çünki onlar iman gətirdikləri üçün Məkkə böyükləri tərəfindən hər cür əzab-əziyyətə dözürdülər. Münafiqlər Mədinə camaatı arasında mövcud idi. Peyğəmbər (s.a.v) demişdir: "Əl-Asın hər iki oğlu, Amr və Hişam mömindirlər". (Əhməd: 2/304).

Bu hadisə uydurmadır, yalandır. Bu hadisəni digər uydurma hadisələr kimi, Əbu Mixnəf uydurmuşdur.
Həqiqətdə isə hadisə haqq əhlinin mötəbər yolla rəvayət etdikləri kimidir. Buxari öz tarix kitabında bunları qeyd edir: Təhkim hadisəsinin vaxtı yetişdikdə Amr ibn əl-As Əbu Musa əl-Əşari ilə görüşərək dedi: "Sən bu haqda nə düşünürsən?" (O, ortaq məxrəcə gəlməyi nəzərdə tuturdu.)
Əbu Musa dedi: "O, Peyğəmbər (s.a.v) ölərkən razı qaldığı kimsələrdəndir". ( O, bu sözləri ilə Əli ibn Əbu Talibi nəzərdə tutur.)
Amr ibn əl-As dedi: "Bəs, mənə və Müaviyəyə necə baxırsan?"
Əbu Musa dedi: "Əgər o sizi özünə köməkçi tutsa ona kömək edərsiniz. Əgər Əli sizə ehtiyac duymasa, siz olmasanız da Allahın dini yaşayacaqdır". ("Ət-Tarixul Kəbir" 5/398. Təhkim hadisəsi haqda Təbərinin "Tarix" kitabında Əbu Mixnəfin rəvayətləri fəslinə baxmaq olar.) Bununla məsələ bitdi və Amr ibn əl-As Müaviyənin, Əbu Musa əl-Əşari isə Əlinin yanına bu xəbərlə qayıtdı.
Birinci rəvayət isə üç şeyə əsasən uydurmadır:
Birincisi, rəvayətin isnadı zəifdir. İsnadda Əbu Mixnəf adlı yalançı var.
İkincisi, müsəlmanlarin xəlifəsini nə Əbu Musa əl-Əşari, nə də başqası vəzifədən çıxara bilməz. Əhli Sünnəyə görə, xəlifə bu cür asanlıqla çıxarıla bilməz. Necə ola bilər ki, iki nəfər adam möminlərin əmirini çıxarmaq üçün yekdil qərara gəlsinlər. Bu doğru söz deyil. Təhkim hadisəsinin nəticəsinə görə, Əli müsəlmanlarin xəlifəsi kimi Kufədə otursun, Müaviyə isə Şamda əmir kimi qalsın və bu şəkildə iki tərəf arasında müharibəyə son qoyulsun.

Üçüncüsü, qeyd etdiyimiz səhih rəvayət, Əbu Mixnəfin rəvayətinin uydurma olmasını aşkar edir.


Tarix: 04.05.2013 / 12:39 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 346 Bölmə: Maraqlı melumatlar
loading...