Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ateist həkimin sonu

Bismillahir Rəhmanir Rəhim...
Salam və Salavat olsun sonuncu peyğəmbərimiz Məhəmməd (s.a.a.) Peyğəmbərə və onun Ailəsinə, Pak Əhli-Beytə (ə).
Allahın Salamı olsun İslam Yolunu gedənlərə və İslama Doğru gələnlərə...

O, şəhərdə tanınmış həkim idi. Vaxtılə çox adama əl tutmuşdu. Maddi vəziyyəti aşağı olan xəstələrə çox zaman öz pulu ilə dərman alardı. Dəfələrlə olub ki, xəstəxanaya gələ bilməyən xəstələrin evinə özü gedib təmənnasız müalicə etmişdi. Sənətini sevdiyi üçün sonadək bu adı-həkim adını şərəflə daşıdı. Ömrünün 35 ilini xəstələrə sağlam həyat bəxş etməklə keçirdi. Artıq yaşı altmışı haqlayıb. İndi o özü xəstədir. Həm də çarəsiz xəstə. Böyrəkləri fəaliyyətini dayandırıb. Müalicə yalnız həyatını bir neçə il uzada bilər. Üç-dörd il, uzağı beş il ömrü qalıb.

Onu tanıyanlardan bir kimsə deyə bilməz ki, Doktor (tanışları ona sadəcə belə müraciət edirlər) nə zamansa onun xətrinə dəyib. Uşaqla uşaq, böyüklə böyük idi. Xəstəliyi haqqında kim eşidirdisə göz yaşını saxlaya bilmirdi. Fərqi yoxdur, uzaq tanışdır, ya çoxdankı xəstəsi. Müsbət insanı keyfiyyətləri çox idi. Ən əsası da etdiyi yaxşılıqları nə xatırlatmaz, nə də evdə deməzdi. Hətta ailəsi belə onun xeyirxah əməlləri haqda yad adamlardan duyardılar.

Bir sözlə Doktor bir başqa aləm idi. Amma... Heyf ki, bütün həyatı boyu Allahı inkar etmiş, dindən tam uzaq bir adamdı. Dinə mövhumat, uydurma bir inanc kimi baxırdı. Namaz qılanlara, xüsusən gənclərə məsləhət görərdi ki, ondansa elm öyrənsinlər. Boş-boş işlərlə məşğul olmasınlar.

Bu xəstəlik də vaxt tapdı gəlməyə. Hələ indiyədək nəvələriylə istədiyi kimi zaman keçirməmiş, özünə, ailəsinə vaxt ayıra bilməmişdi. İş vaxtı bitəndən sonra da bir neçə saat xəstəxanada qalardı. Öz şəxsi həyatı, ailəsi, sevdikləri haqda isə yalnız indi, amansız xəstəlik onu yaxalayanda düşünməyə başlamışdı. Hamıya məlumdur ki, həkimlər ağır xəstələri qorxutmaq istəmədiyi üçün ona yalan danışmağa məcbur olar, onları tez sağalacaqlarına inandırarmağa çalışırlar. Bu, bütün həkimlərin adətidir. Axı xəstə ancaq ona inanır. Hamıya ümid verən (bəzən belə ümidlər sayəsində xəstə həkimin diaqnozundakı vaxtdan da daha çox yaşayardı) həkimlərin özlərini isə inandırmaq ən çətin məsələ idi. Xəstəliyi haqda eşidən gündən ölümə, uzun bir səfərə gedirmiş kimi sakitcə hazırlaşırdı. Nə bir qorxu, nə təəssüf, nə üsyan vardı içində. Sadəcə ailəsiylə daha çox birlikdə olmadıqlarına, nəvələrindən hələ də doymadığına üzülürdü. Başqa heç nəyə.

Doktor əməliyyatdan az sonra evlərinin yaxınlığındakı dini kitablar satılan mağazaya tez-tez getməyə başlamışdı. Yaxınları, qonşuları, onun inancsız biri olduğunu bilənlər ondakı dəyişikliyi anlaya bilmirdilər. Budur, yenə gəlib. Həmişəki kimi kitabları bir-bir açıb baxır. Sanki nəyisə axtarır. Nə axtardığını hələ də bilmirmiş kimi. Nəhayət seçdiyi kitablardan birini, nisbətən daha qalın olanını, ərəbcə yazılı kitabı nəzərdən keçirir, axtardığı kitabın məhz o olduğuna bir daha əmin olduqdan sonra bu kitabı almaq istədiyini satıcıya bildirir. Kitabı aldıqdan sonra da mağazadan çıxmağa tələsmir, kimisə gözləyirmiş kimi gözü qapıya zillənmişdi. Ayaq üstə gözləməkdən ayaqları sızlayırdı. Onun xəstə olduğunu bilən satıcı qız ona əyləşməyə stul verdi. Stulunu qapıya yaxın bir yerə çəkib əyləşdi. Kitabın pulunu verib alsa da vərəqləməyə ehtiyat edirdi. Axı bu, adi kitab deyildi. Bu, “Quran” idi!... Həyatının 59 ilini ateist olaraq yaşadı. Bəs indi niyə fikrindən dönüb? Ölüm anı yaxınlaşdığı üçünmü? Cəhənnəm qorxusuylamı? Xeyr, o ateist olduğu üçün Cəhənnəmin varlığına, ümumiyyətlə ölümdən sonrakı həyata inanmırdı ki, qorxaydı da. Onun inancını, yanlış fikirlərini alt-üst edən, bütün varlığını sarsıdan, həyatını tamamilə dəyişən başqa şey idi. Bir neçə gün əvvəl kənddə yaşayan anası onunla əlaqə saxlaya bilməyincə bacısına zəng etmiş və onun sözlərini olduğu kimi oğluna çatdırmağı xahiş etmişdi. Doktorun anası yuxusunda çoxdan rəhmətə getmiş ərini (Doktorun atasını) görübmüş. Əri ona belə deyib: - “Get, oğlumuza de Allah da var, Axirət də var. Mən inandığım kimi o da inansın. Bunlar heç də uydurma deyil, həqiqətdir. Nə qədər gec deyil, inansın. Əbədi həyat burdadır.” Anasının yuxusunu eşidəndən sonra qəlbində Allaha qarşı əvvəllər duymadığı qəribə hisslər, yaxınlıq duydu. Xəstəliyi haqda ətraflı məlumatı olduğundan onu da anlayırdı ki, zamanı çox azdır. Nə qədər çox gecikməyib Ona tərəf bir addım atmalıdır. Bu dünyanı belə tərk edə bilməz. Elə o gündən tez-tez bu dini mağazaya gəlirdi. Axtardığı kitabı nəhayət tapdı. Amma gözlədiyi adam hələ gəlib çıxmamışdı. Kimi gözləyirdi? Hələ özü də bilmirdi. Bircə ərəbcə yazılı olan bu kitabı, “Quran”ı ona öyrədə bilən birini tapsaydı. “Quran” kitabını aldığı gündən bəri hər dəfə bura gələndə kitabı da özüylə gətirərdi. Ona bu kitabı öyrədəcək bir adamın mütləq bura gələcəyinə o qədər əmin idi ki. Yenə həmin günlərdən birində ora gələn bir qadının satıcı qızla söhbətindən Quran dərsi dediyini eşitdi. Gözlədiyi adam o idi! Qadına yaxınlaşdı, qısa və konkret istəyini bildirdi:
- Mənə Quran oxumağı öyrədərsinizmi?
Qadın:
- Əlbəttə öyrədərəm. Niyə də yox?
Doktor:
- Sizə zəhmət vermək istəmirəm. Elə bu mağazaya hər dəfə yolunuz düşəndə bir az öyrətsəniz bəsdir. Vaxtınızı çox almaram. Doktor ağır-ağır, sözlərinə xeyli ara verə-verə dedi.

Doktorla Quran müəlliminin bu qısa dialoqundan sonra dərhal dərslərə keçdilər. İlk həftələrdə elə oradaca, mağazada, hərdən bir məşğul olsalar da, sonra dərsləri doktorun yaxınlıqdakı evində davam etdirdilər. Həmin müəllim sonralar etiraf edirdi ki, Doktor dərsləri onun tələbələri içində, hətta ən gənc tələbələrindən də daha tez qavrayır, yüksək intellekti, diqqəti, yaddaşıyla onu heyran edirdi. Hətta bir neçə dəfə müəllimin diqqətindən qaçan kiçik “səhvləri” belə düzəltmişdi. Beləliklə də “Quranı” ən tez oxuyub başa vuran ilk və yeganə tələbəsi o oldu. Nəhayət dərslər bitmiş, Doktorla müəllim sağollaşıb, halallaşıb ayrıldılar. Bir neçə gün sonra həmin mağazaya sifariş etdiyi kitabın gəlib-gəlməməsi haqda maraqlanmaq üçün yenidən gələn müəllim satıcı qızı görmədi. Onu bir gənc əvəz edirdi. Satıcı qızın harda olduğunu soruşanda eşitdiyi cavab onu sarsıtdı: - “Doktorun yas mərasimindədir...”

Bu xəbərdən çox üzüldü. Bir neçə ay əvvələdək Doktor onun üçün tamam yad bir insan olsa da son üç ayı demək olar həftənin yarısını ünsiyyətdə olurdular. Bir neçə gün əvvələdək münasibətdə olduğu insanın qəfil ölüm xəbərini alması onu elə təsirləndirdi ki, göz yaşlarını saxlaya bilmədi. Doktorla ayrıldıqları günkü söhbətlərini ona atasının yuxusu barədə danışdığını xatırladı. ”Qəribədir, deyilmi? Həkimlərin diaqnozuna görə Doktor hələ bir neçə il də yaşaya bilərdi. Amma o bir neçə illik ömrünü üç aya sığışdırdı, haqq yoluna gəldi. ”Quranı” öyrəndi və dünyanı tərk etdi. Gözəl Allahımız bir ateisti məhz onun əliylə islama gətirmişdi. Onu təsirləndirən də daha çox bu idi. Doktor onun vasitəsilə ”Quranı” öyrəndi, namaza başladı. Və bir müsəlman olaraq bu dünyanı tərk etdi. Həyatının 59 ilini kafir olaraq yaşadı, müsəlman olaraqsa getdi.

Həqiqətən də Allah bütün bəndələrini nəzərində saxlayır. Hətta dinsizləri belə. Savadlı həkim olmaqla yanaşı, həm də xeyirxah, xeyriyyəçi insan kimi tanınan Doktorun yaxşılıqlarına qarşılıq olaraq onu bu dünyadan müsəlman olaraq köçürdü. Şərəflə yaşadığı kimi ölümü də şərəfli oldu.


Tarix: 04.06.2013 / 21:17 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 352 Bölmə: Maraqlı melumatlar
loading...