Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qadınlar haqqında hədislər

1.Üsamə bint Zeyddən (Allah ondan və atasından razı olsun!) Peyğəmbərin (s) belə deməsi rəvayət olunur: «Mən özümdən sonra kişilər üçün qadınlar kimi zərərli bir fitnə qoyub getmədim». Hədisi Buxari və Müslim rəvayət etmişdir.

2.Müaz ibn Cəbəldən (Allah ondan razı olsun!) Peyğəmbərin (s) belə deməsi rəvayət olunur: «Bu dünyada ərini incidən qadına ərinin cənnət hurilərindən olan arvadı: “Allah səni öldürsün, onu incitmə! O sənin yanında bir qonaqdır və tezliklə səndən ayrılıb bizə gələcəkdir” – deyər». Hədisi Tirmizi rəvayət etmiş və onu həsən adlandırmışdır.(Tirmizi, 1174-ci hədis, Əhməd, 5/242. Hədisin isnadı səhihdir)

3.Əbu Hüreyrədən (Allah ondan razı olsun!) Peyğəmbərin (s) belə deməsi rəvayət olunur: «Bir kimsənin başqa bir kimsəyə səcdə etməsini əmr etmiş olsaydım, qadının öz ərinə səcdə etməsini əmr edərdim». Hədisi Tirmizi rəvayət etmiş və onu həsən-səhih adlandırmışdır.

4.Əbu Əli Talq ibn Əlidən (Allah ondan razı olsun!) Allah elçisinin (s) belə deməsi rəvayət olunur: «Qadın təndir başında da olsa, əri onu öz ehtiyacından ötrü çağırdığı zaman mütləq getsin». Hədisi Tirmizi və Nəsai rəvayət etmiş, Tirmizi hədisin həsən-səhih adlandırmışdır.

5.Yenə də Əbu Hüreyrədən (Allah ondan razı olsun!) Allah elçisinin (s) belə deməsi rəvayət olunur: «Əri evdə ola-ola qadının ondan icazəsiz oruc tutması (fərz orucu xaric)və ondan icazəsiz kimi isə evinə buraxması halal deyildir». Hədisi Buxari və Müslim rəvayət etmişdir. Hədisin mətni Buxariyə aiddir.

6.İbn Ömərdən (Allah ondan və atasından razı olsun!) Peyğəmbərin (s) belə deməsi rəvayət olunur: «Sizin hər biriniz bir himayədarsınız və hər biriniz də öz əlinin altındakılara cavabdehsiniz. Əmir (dövlət və ya vilayət başçısı) də bir himayədardır. Kişi öz ailə üzvlərinin idarəçisidir. Qadın isə ərinin evi və övladları üzərində bir nəzarətçidir. Bir sözlə, sizin hər biriniz bir himayədarsınız və hər biriniz də öz əlinin altındakılara cavabdehsiniz». Hədisi Buxari və Müslim rəvayət etmişdir.

7.Əbu Hüreyrədən (Allah ondan razı olsun!) Allah elçisinin (s) belə deməsi rəvayət olunur: «Əgər kişi arvadını yatağına çağırarkən arvadı gəlməkdən imtina etsə və bunun nəticəsində kişi əsəbi bir halda gecələsə, mələklər səhərə qədər həmin qadına lənət oxuyar». Hədisi Buxari və Müslim rəvayət etmişdir.
Buxari və Müslimin digər bir rəvayətində isə Peyğəmbər (s) belə buyurur: «Qadın yatağını ərindən ayıraraq gecələsə, mələklər səhərə qədər həmin qadına lənət oxuyar».
Bir rəvayətdə isə Allah elçisinin (s) belə buyurduğu bildirilir: «And olsun canım əlində olana! Kişi arvadını yatağına çağırarkən arvadı gəlməkdən imtina etsə, səmadakı [hər şeydən uca və ulu olan Allahın] ona qarşı qəzəbi əri ondan razı qalanadək davam edəcək».

8.Abdullah ibn Amr ibn əl-Asdan (Allah ondan və atasından razı olsun!) Allah elçisinin (s) belə deməsi rəvayət olunur: «Dünya bütünlüklə nemətlərlə doludur. Bu nemətlərin ən xeyirlisi isə əməlisaleh qadındır». Hədisi Müslim rəvayət etmişdir.

9.Əbu Hüreyrədən (Allah ondan razı olsun!) Allah elçisinin (s) belə deməsi rəvayət olunur: «Möminlərin ən kamil imanlıları yüksək əxlaq sahibi olanlardır. Sizin ən xeyirliniz isə qadınlarına qarşı xoş davrananlardır». Hədisi Tirmizi rəvayət etmiş və onu həsən-səhih adlandırmışdır.

10.Müaviyə ibn Heydədən (Allah ondan razı olsun!) belə deməsi rəvayət olunur: «Allah elçisindən (s): “Ey Allahın elçisi! Bizim zövcələrimizin yanında borcumuz nədən ibarətdir?” – deyə soruşdum. Peyğəmbər (s) də mənə: «Özün yedikdə onu da yedizdirməyin, geydikdə onu da geydirməyin, vurarkən sifətinə vurmamağın, onu biədəb sözlərlə təhqir etməməyin [Allah səni rüsvay eləsin – deməməyin] və yatağını ondan ayırarkən evi tərk etməməyindir». Hədisi Əbu Davud həsən isnadla rəvayət etmişdir.

Yaşar Qurbanovun "İslamNuru" kitabından


Tarix: 03.06.2013 / 20:25 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 164 Bölmə: Maraqlı melumatlar
loading...